I

Bu əhvalat çoxdan olub,
Ayaması Düznəqulu olan bir qoca
günlərin bir günü
cana doyub, yorulub,
deyib: «Bir şəhərin ki,
həkimi naşı,
hakimi zalım,
müəllimi nadan ola,
mən o şəhərdə qalmaram!»

II

Əlinə əsa alıb
Ayağına çarıq geyib,
Düşüb yolun ağına.
Nə qədər deyiblər ona, –
«Qoca, hər yer belədir».
Qulaq asmayıb, deyib –
İnanmaram, əsla!
Bu əsa əyilincə
Bu çarıq dağılınca
Gəzəcəyəm şəhər-şəhər.
Əgər başqa yerlərin də
həkimi naşı,
hakimi zalım,
müəllimi nadan olsa,
Məni gözləməyin,
Deyirəm sizə bəri başdan.
Qurd-quşa yem olaram, dağda-daşda,
Bir də qayıtmaram bura.

III

Az getdi, çox getdi,
ac getdi, tox getdi…
Dərələrdən keçdi,
təpələrdən aşdı,
çaylar addadı.

Gördü hər yerdə
naşı həkimlər,
zalım hakimlər,
nadan müəllimlər
xalqı aldadır.
Gedib dolandı
İranı, Turanı
Bitdə, bitdə…
Gördü burdakılar,
Ordakılardan betər.

Axır, yol gətirib çıxardı onu
Bağdada – müqəddəs şəhərə,
Xəlifənin yaşadığı yerə.

IV

Əvvəl gəldi xəstəxanaya,
Gördü burda bir həkim
Bir uşağın barmağın kəsir,
Dedi: «Allah amanı, əl saxla!
Bu ki, adi dolamadır, dolama.
Bir kəsdən gizli deyil bu sirr,
Bağa yarpağıdır bunun dərmanı.
Bir yarpağı dər, bağla,
Həm sənin canın rahat olsun,
Həm uşağın canı.
Buna baxanda
bizim həkimə min şükür.
Heç olmasa
yaradan başı çıxmayanda
yaranın üstünə üç dəfə tüpürür».

V

Qoca ordan
yollandı divanxanaya.
Gördü burda da bir hakim
bir yetimin qulağını kəsir,
Divan tutur bir kasıba.
Demə bu kasıb
bir xarabalıqdan
bir küp qızıl tapıbmış.

Bu gün son günüdür məhkəmənin,
«Cırıq çarıq geyən kəndçi,
Arpa cadı yeyən kəndçi,
Qızıl sənin harana yaraşır?
Sənə çatır bu küp, al, yaxşı saxla!
Küp diləkdir,
Bir də gördün sənə gərəkdir…»
Bizim hakimə min şükür!
Heç olmasa
bu qızılı bölərdi üç yerə.
bir pay özü üçün,
bir pay xəzinə üçün,
bir az da «itaparan olsun» –
deyib, verərdi kasıba.

VI

Qoca burdan gəldi məktəbə,
Gördü ana dili dərsidir.
Gördü burda da bir müəllim,
Sözlərin başını kəsir,
Danışır kəkələyə-kəkələyə.
Demə, müəllim ərəb deyil, gəlmədi,
Bu müəllimdən dərs alan oğul-uşaq
Ərəb dilini öyrənib,
Moltanıca danışacaq?!
Bizim müəllimə min şükür,
Heç olmasa özü türkdir.


Qoca baxdı əsasına,
gördü hələ yeyilməyib.
Qoca baxdı çarığına,
Gördü hələ dağılmayıb,
Elə bil heç geyilməyib,
Dedi: – nə ola, ola!
Üz tutdu yenə səhraya.

VII

Ayamast Düznəqulu olan
Bir qocanı
Sevindirməzmi bu qoca dünya?
Bir şəhər varmı ola –
Həkimi naşı olmaya?
Hakimi zalım olmaya?
Müəllimi nadan olmaya?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets