Gözlərin sözlüyü
I
Sənə min göz baxıb, alışa-yana…
Bir cütü yadında qalıbmı görən?
Hamıya bir gözlə baxma, sonala,
Axı, onlar kimi baxmamışam mən.
Bu göz tünlüyündə qarışıq düşüb,
Gözünə dəyməyib gözlərim, yəqin.
Gözündən könlümə bir işıq düşüb,
Sönüncə yolunu gözlərəm sənin.
II
Saralıb hicrandan gözümün kökü,
Yoxsa gözə gəldin, gözə görün bir!
Üstümə bir həsrət dumanı çöküb,
Gözümə bu boyda dünya görünmür.
Gözüm yolda qalıb, yol intizarda…
Gəl məni sevindir, yol kama çatsın.
Bir gözün bir gözə hökmü çatar da,
Bir soyuq ürəkdə sevgi oyatsın.
III
Bir an olmamısan gözümdən iraq,
Sənə səndən yaxşı göz olub eşqim.
Göz görüb bəyənsə, ürək susacaq,
Gözə yazılanı dəyişməz heç kim.
Gözündən könlümə nur sapı düşüb,
Onu yığıb-yığıb taparam səni.
Bircə arzum qalıb bir də görüşüb,
Sevda dünyamıza aparım səni.
Bakı, 1967
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-gozlerin-sozluyu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Bir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
Dəli könül, gəl əylənmə qürbətdəDəli könül, gəl əylənmə qürbətdə,Bir gün olur vətən deyib ağlarsan.
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.