Dünyadan qaçan adam
Bu adamın –
illərcə üstünə qəm daman,
səbr kasası aşdı-daşdı.
Bir səhər ayağıyalın, başıaçıq,
baş götürüb evdən qaçdı.
Bir loru söz var elarası –
yaşa ömrü başa çıx!
Bununku boşa çıxdı,
Ayağıyalın, başıaçıq
gəlmişdi bu dünyaya
yenə də elə
ayağıyalın, başıaçıqdı.
Qaçdı uzaqdan görünən,
ağ dumana bürünən
dağlara sarı.
Arxasınca dabanbasma
ata-ana,
bacı-qardaş.
qohum-qonşu,
bütün məhlə adamları.
Yerindən hövlanak qalxmışdı,
Qarayuxu görmüşdü, nədi?!
Durdu, bir kimsəyə baxmadı,
Bir kəslə bir kəlmə kəsmədi.
Yuxulu-yuxulu,
yıxıla-yıxıla
obaşdan qaçdı.
Başı daşdan-daşa dəyə-dəyə,
başına gələn bəlalardan,
qoruna-qoruna,
başını əyə-əyə,
dünyanı söyə-söyə qaçdı.
Dövrandan qaçdı,
Güzarandan qaçdı.
Yerin əzablarından
Cana doyub göyə qaçdı.
Həkimi naşı,
Hakimi zalım,
Müəllimi nadan olan
Zamandan qaçdı.
Yaxşını görmədi,
Yamandan qaçdı.
«Qaç canını qurtar» deyib atalar.
Bu canını qurtarmaqçün candan qaçdı.
Qaçdı, elə qaçdı ki,
lap qanad açdı.
Cana doymuş Tolstoy da
bu cür qaçmışdı evdən.
Daha kim qaçdı, hara qaçdı,
hardan qaçdı,
necə qaçdı,
nə bilim mən?!
Amma, az-çox bilirəm,
Haya-küyə düşdü çoxu.
Kimi xaricə qaçdı,
Kimi kəndə qaçdı.
Kimi kefindən qaçdı,
Kimi dara düşəndə qaçdı.
Kimi əsgərlikdən,
Kimi təklikdən,
Kimi həbsxanadan.
Bu adam dünyadan açdı,
Upuzun dəhşətli bir röyadan qaçdı.
Dünyanı başına götürən yalandan,
Ola-ola olmayandan,
Olmaya-olmaya olandan.
Sürünə-sürünə yarpaqlayandan,
Ayaq üstə solandan açdı.
Hamar yolda sağa dönən, sola dönən,
divarlara toxuna-toxuna,
burum-burum burulan,
əyim-əyim əyilən,
neçə-neçə kor dalandan qaçdı.
Gözünün ucuyla da baxmadı
bir varlı ona,
baxmadı bir zəngin ona,
baxmadı bir tox ona.
O, da toxdan qaçdı,
Aca əl tuta bilmədi,
baxa-baxa qaldı,
əlacı kəsildi,
dönüb acdan qaçdı.
«Var» var olsaydı,
O, da var olardı.
«Yox» var oldu ki,
O, da yoxdan qaçdı.
Ehtiyacdan qaçdı.
İndi qaçmışdı, bəyəm,
Əslində o, çoxdan qaçdı,
Evindən-eşiyindən,
İtindən-pişiyindən.
Oğul-uşaqdan qaçdı,
Yaxına yaxın düşə bilmədi,
uzaqda dayandı, uzaqdan qaçdı.
Qaçdı atadan-anadan,
Bacıdan-qardaşdan,
Nənədən-babadan,
Bütün qohum-əqrabadan.
Soyuq kürəkəndən, gəlindən,
Ögey obasından, elindən,
TV-lərin pəltək dilindən,
Düzü-dünyanı tutmuş şeir selindən,
bu qədər yalançı şair əlindən,
paxılların qeybətindən,
xəbislərin söz-söhbətindən qaçdı.
Azadlığın azadlığından,
Firqələrin çoxluğundan qaçdı.
Bu parça-parça olmuşlarda
Birliyin yoxluğundan qaçdı.
Ömrü-günü qaçhaqaçda keçsə də,
Ömür boyu astagəldi o,
xeyli astagəl,
bunları da üstə gəl!
Al lalədən, tər bənövşədən,
Sarı zəmidən, yaşıl meşədən.
Qarlı qışdan, barlı payızdan,
İsti yaydan, güllü yazdan,
Aylı-ulduzlu gecədən,
İşıqlı, nurlu gündüzdən,
Daşlı-kəsəkli küdrüdən,
Tikanlı, biyanlı düzdən qaçdı.
Başıçənli, sisli dağdan,
Üfüqsüz arandan qaçdı.
Heç nəyə baxmadı,
bir anda qaçdı.
İşıqlı dünyadan
kor zülmətə qaçdı.
Təbiətdən gəlmişdi, təbiətə qaçdı.
Kimi dərddən qaçdı,
Kimi dərsdən qaçdı,
Kimi əhd-peymandan, sözündən,
Kimi bədnəzər gözündən,
Kimi özündən qaçdı.
Bu dünya belə dünyadı,
Kimi ağlaya-ağlaya,
Kimi gülə-gülə qaçdı.
Kimi bilməyə-bilməyə,
Kimi bilə-bilə qaçdı.
Qaçdı qarşı qayalığa,
Sofi Həmid məzarlığı, – boyunca,
Qəbirlərin arasıyla
Əsdi külək kimi.
Naxışlı daşların
Lal-dinməz sırasıyla,
Keçdi güllə kimi.
Ayağıyalındı,
Yalın ayağı birdən
Yalın qılınc qəbzəsinə ilişdi.
Üzüqoylu yerə düşdü,
Qolları yana düşdü.
Bu qılıncı kim bilir, kim
Haçaq sancıbmış yerə,
Yaralayıbmış torpağı.
Sızım-sızım sızıldayır,
hələ də yarası.
Ana yurdun oyum-oyum, qəlbidağlı
Bir parçasıdır – burası.
Qalxdı hirslə o,
Bir uzun «hu» çəkdi.
Özü nə çəkdisə bir Allah bilir,
Əyildi, dartdı, çıxartdı
Qılıncı torpağın bağrından.
Torpağı qurtardı
O boyda ağrıdan.
Bu qılınc yüzillərcə,
elə-beləcə,
necə var
qalmışdı yerin altında.
Zərrəcə pas atmamışdı tiyəsi,
Burda qədim bir hikmət var:
Mərdin üzü pas atmaz,
Namərdin üzü pas atar,
Lap Taleyin özü imiş,
Bu qılıncın yiyəsi,
Çərxi-fələyin göy dəmirçixanasında,
Göy dəmirindən döyülüb,
Suvarılıb, ovxarlanıb,
naxışlanıb,
Göy daş-qaşlarıyla.
Bu adam əlindəki qılıncı
qaldırdı başından uca.
Yıxıla-dura,
qaça-qaça,
Gəlib çatdı Qobustana,
bundan oyanası bənzədi dastana,
Qəbzəsindən iki əliylə
bərk-bərk yapışıb,
göydən gələn
göydəmir qılıncı
zərblə endirdi
çopur bir qayaya.
Səsindən dağ-daş titrədi,
Qaya iki bölündü.
döndü iki parça Aya,
oldu iki Aypara.
Qaya bölündü tən ortadan
iki yerə,
oldu iki yarımkürə,
oxşadı bizim Yerə.
Sonrası oldu gözbağlıca –
bir göz qırpımındaca,
qapı kimi
kürələri aralayıb,
qeyb oldu qayanın içində.
Qayanın hər iki parçası,
bərabərdi, təndi.
Nə o qapı, nə bu qapı qürbət deyil,
Hər parası – Vətəndi.
Açıldı taybatay,
Örtüldü taybatay.
Yenə bütöv oldu Ay.
Birləşdi iki yarımkürə,
Döndü yenə bütöv Yerə.
İki parça qaya
açıldı iki qol kimi,
oğlunu basdı bağrına,
Ana torpaq – torpaq Ana.
Bəhram-Gür şahı da
elə-beləcə çağıra-çağıra,
çəkmişdi kamına
torpaq – mağara.
Arxasınca gələnlər
Gəlib çatdılar ona.
Ata-ana,
bacı-qardaş,
qohum-qonşu,
bütün məhlə adamları.
Haray-həşir saldılar,
daş götürüb,
Qaval daşı çaldılar.
«Çıx» – dedilər!
«Çıx» – dedilər!
Orda-burda dayanmış
Qara, çopur qayalar da
Qoşuldular insanlara
Dilə gəldi əks-səda
Qayalar da birər-birər
«Çıx» – dedilər!
«Çıx» – dedilər!
Daşdan çıxmadı səs-səmir,
Bəlkə bizi eşitmir,
bəlkə çıxmaq istəmir?!
Gələnlərin matı-qutu qurudu,
İnsanlar da,
qayalar da
mat-məəttəl qaldılar,
daş götürüb Qaval daşı çaldılar.
Qurğuşundan ağır anlar
silkələdi ürəkləri.
Peşman-peşman
qayıtdılar üzü bəri…
birdən kimsə: «Durun!» – dedi.
Açıq-aşkar, apaydın.
«Sözüm vardır, qayıdın!»
Səs uzaqdan gəlirdi,
Səs deyildi,
Boğuq bir qəhər idi.
Dedi: – Mənim şərtlərim var,
Əməl edin, qayıdaram.
Bəxtəvər ağlayanda,
Bədbəxt güləndə,
İnsan insanı insan biləndə,
İnsan ölə-ölə yaşamayanda,
Yaşayıb-yaşayıb öləndə, qayıdaram.
Qulaq asın, atam-anam,
bacım-qardaşım,
qohum-qonşum,
siz ey məhlə adamları!
Qoy eşitsin bilsin hamı,
Qış-qış kimi gələndə,
Yaz-yaz kimi gələndə,
Qəlblərdən çən çəkiləndə,
Gözlərdə dan söküləndə qayıdaram.
Dəli-dolu çaylarımız yox,
Sevincimiz aşıb-daşanda qayıdaram.
Qarabağlılar qayıdıb
doğmaca yurdlarında
yenə məskunlaşanda qayıdaram.
Dedilər: – Yox, yox!
Sən saydıqların,
Sadaladıqların
Hələm-hələm
düzələn deyil.
Dedi: – Onda, bu adam da
bu dünyaya gələn deyil!
Gəlməsəm də, qəm etməyin,
O dərdlərim ötən deyil!
O dərdlərim ölən deyil!
O dərdlərim diri qalır,
mən gedirəm.
Dedilər: – Dayan, rəhmə gəl,
Bu daşı tök ətəyindən.
Dedi: – Yaxşı-yaxşı baxın,
Ətəyimdə daş yoxdur ki,
Özüm daşın ətəyində –
başdan-başa daşam mən.
Siz də bilin, indən belə
Kiməsə qardaş deyiləm,
Kiməsə sirdaş deyiləm,
Kiməsə yoldaş deyiləm,
Hətta vətəndaş deyiləm.
İndi ruhlar arasında
Adi bir ruhdaşam mən!
Avqust, 2004
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-dunyadan-qacan-adam
Use ← → keys to move, R for a random poem