Boyat kəndində bir Qıtı vardı,
Ağıldan kəm idi bir az.
Dəli deməyə
kimsənin dili gəlməzdi ona,
elə-beləcə Qıtı deyərdilər adına.


Çəməndə solmuş bənövşə,
ləçəyi qırılmış lalə görəndə
ağlayardı hönkür-hönkür.
Dindirmək üçün
neçə piyadanı yoldan eləyərdi,
neçə atlını əyləyərdi hər gün.
Əlindən tutub qaldırardı,
sürüşüb yıxılanı.
Ayaqqabısını ayağıyalına verərdi,
özü qalardı ayağıyalın.
Uzaqdan tanıyırdı adamın toxunu, acını,
Uşağı, qocanı
körpüdən addadardı.
Boyat kəndində bir zamanlar
bu qırımda, bu nişanda
bir Qıtı vardı.


Günlərin bir günü
evləndirmək istədilər onu,
dedilər «bəlkə bir az həsliyə».
Elçi getdilər, kəndin dilbər qızı Əsliyə.
«El məni Qıtıya ad eləyir,
mənim üçün toy-bayramdı».
…Amma, Qıtı toyu aldadıb qaçdı.
Sarıqayada bir daş tapıb,
gedib durdu yanında.
Soruşdular: «Qıtı, bu nə daşdı?
Ay evi dağılmış, neylədiyindi?»
«Mənim istədiyim bu daşdı» – dedi.

Bərk-bərk qucaqladı daşı:
«Bunu alın mənə, bundan yaxşı
gəlin olmaz Dünyada.
Dönlügün hanı demir,
don istəmir,
su içmir, çörək yemir».


Qıtı belə Qıtı idi,
Onun qəlbi sirr dolu
qutu idi.

Ta ömrünün sonunadək
açılmadı bağlı qaldı.
Bu dünyaya çoxları gəlib-gedib,
Bir gün Qıtı da köçdü,
amma Qıtı nağılı qaldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets