İstanbulda bir uşaq
Şair Arif Abdullazadənin xatirəsinə
Arif! Sən dünyadan köçəndən az sonra «Beynəlxalq Rəsul Rza mükafatı laureatının şeir antologiyası»nı gördüm. Aldım, baxdım. Burdakıların hamısı mənə doğma adamlardı. Birdən sənin bir şeirinə rast gəldim. Bu şeiri mən əvvəllər görməmişdim. «İstanbulda bir uşaq» adın altında mötərizədə «lövhə» yazılmışdı. Lövhə cansız şəkildir. Burada həyat aşıb-daşır. Odur ki, bu şeirin adının altında mötərizəsiz-zadsız «həyat» yazılmalıydı. Bugünkü dünya üçün çox aktual olan bu şeir bütöv bir dastana dəyər.
Keşkə, bu şeiri sən – dünyada olanda görəydim, Arif! Onda bu yazının adı «Bu şeirin təəssüratı» olardı, amma indi mən bu yazının adını «Mərsiyə» qoydum.
Uşaq öz aləmində, öz işindədir. Əlindəki malları atıb-tutur, tərifləyir, müştəri çağırır:
…Altın qaz çaxmaqları,
Sultanlıq toxmaqları.
…Qolbaq kimi qəndillər,
Məndədir, əfəndilər!
– Adın nədir, a bala?
Uşaq adını demir. Uşaq susur. Onun bu sükutu Sokratanadır. Uşaq – filosofdur. Bir müddət keçir. Uşaq deyir:
…Adımı neynirsən,
Bir şey al, ağabəy sən.
Pulun olsa dünyada
Adsız da keçinərsən.
– Bəs, qazancın nə qədər?
Uşaq – ağıllıdır. Cavab verir ki:
…Sənin verdiyin qədər,
Onun verdiyi qədər.
Allahın da verdiyi,
Bir candır, o da yetər,
Yetər ölənə qədər.
Uşaq – müdrikdir. Güclü müşahidəsi var. Dünya gör-götür dünyasıdır. Uşaq görüb-götürdüklərindən bilir ki:
…Pulun olsa dünyada
Ad-san da özü gələr.
Uşaq başından böyük danışmır,
Uşaq yaşından böyük danışır.
Elə bilirsən ki, böyük danışır.
Bazar, dükan, alver onu bu həyat girdabına atıb.
Bu şeirdə çox şey var. Soyulduqca soğan kimi qat-qat soyulur. Lap spektrə bənzəyir. Oxunduqca, rənglərə bölünür; yaşıl, narıncı, göy, qırmızı, mavi, sarı, bənövşəyi – yeddi rəng!
Bu rənglər bir də birləşəndə yenə də yenidən qayıdıb ağ olur. Elə bu rənglərin bir yerdə birləşməsi dönüb o, uşaq olur.
Bu şeirdə eyhamla tarixə qayıdış, adət-ənənəyə sədaqət, keçmişə hörmət var.
Bayramlıq hədiyyələr
Müdrik Ramazanlıq, –
Oğlunuza düyünlük,
Qızınıza nişanlıq.
«Nişanlıq» – sözündən sonra deyilən «gəlin, gəlin aparın» misrası başdan-başa cinasdır, həm «gəlin, gəlin aparın!» (yəni, gəlin, alın, aparın!), həm də «gəlin, gəlin aparın!» (yəni, nişanlıq alırsınızsa, nişandan sonra qız gəlin getməlidir. Gəlin, gəlin aparın!) – deməkdir.
Bu söz oyununu şair Arif uydurmayıb. Uşaq özü düzüb-qoşub.
Uşaq – şairdir. «Günəş yoruldu» – deyir. Özü yorulub, günəşi bəhanə eləyir. Evə əliboş getmək istəmir. Odur ki, «Yetişin, axşam oldu» – deyir.
Küçə alverçisinin ən yaxın dostu elə günəşdir. O, günəşlə bir oyanır, bütün günü qızmar günəşin altında ayaq üstə qalır, günəş batanda o da yatır.
Yeddiliklə yazılmış otuz üç misralıq bu şeir bir misra kimi oxunur. Vahid, geniş, dəniz kimi intəhasız, göylər qədər dərin bir misra! Bayaq deməliydim bu sözü, indi deyirəm.
Otuz üç misra, misra-misra mismarlanıb bir-birinə. Bu şeirdən bir vergülü də qoparıb ata bilməzsən, gücün çatmaz.
Bu şeir İstanbulun küçələrindən yığılmış, xırda daşlardan hörülmüş mozaik bir pannodur. Bu şeirin bütün misralarından həqiqət bar-bar bağırır.
Uşağın yaşı, gözü-qaşı, üst-başı istidən, susuzluqdan, bəlkə də aclıqdan qurumuş, çatlamış dili-dodağı göz qabağındadır.
Uşaq satdığı malların adlarını və qoşduğu bəzəmələri o qədər ustalıqla tələffüz edir ki, adam məəttəl qalır.
Ən kamil ədəbiyyat müəllimi də, ən yaxşı bədii qiraət ustası da bu sözləri eşitsəydi, ona həsəd aparardı. Dili çox şirin, aydın və rəvandır. Sözləri oxumuş adam kimi deyirdi. Halbuki, küçəyə çıxandan məktəbə getməmişdi. Onun məktəbi – bazar idi. Uşaq öz ana dilini gözəl bilirdi. Üstəlik, bu dildə işlənən ərəb, fars sözlərini də çox asan üyüdürdü. Sözlərlə bahəm özü də üyünürdü.
Ən ali qanunlar, ən gözəl kitablar, ən qüdrətli şeirlər bir qəpiyə dəyməz – əgər, bir uşaq səhərdən axşamadək bir qarın çörək üçün, beş-üç qəpik-quruş xatirinə ömrünü çürüdəcəksə!
Bu uşaq Vətən övladıdır, axı! Bu uşaq millətin gələcəyidir.
Ona sual verənlər küçədən keçən adi adamlar deyil, onlar bəlkə də heç adam deyillər, qəzavü-qədərdirlər, taledirlər. Onu dilləndirirlər, çətin suallar verirlər. Uşaq həmin çətin suallara asanlıqla cavab tapır. Axırda, məlum olur ki, Allah ona bir can verib, sonra da peşman olub, bu cür suallarla onun canını alır.
Arif! Sən də hardasa o uşağa bənzəyirsən. İstəmədən doğulan, bəxtinə şairlik düşən, söz bazarı kəsad olan, yalan söz alınır, doğru söz alınmır deyən, günəşin altında o uşaq kimi yorulan, alnına əzablı bir ömür yazılan sənin – o uşağa çox bənzərin var. Sən də «adın nədir?», «qazancın nədir?» suallarına o uşaq kimi müdrikcəsinə cavab vermisən:
…Fələk taleyimi içindən oydu,
Ömür tabutuma tərsinə qoydu.
Gəlişim matəmdi, gedişim toydu,
Tövbə, ömür adlı kəlməyə tövbə!
Tövbə, bu dünyaya gəlməyə tövbə!
Bu cürə ömrü heç kəsə qıymıram. Mən sənin tənhalığını görmüşəm. Taleyinin fəryadını eşitmişəm. Sənin evinə gəlin gəlmədi. Sənin evindən uşaq səsi eşidilmədi. Sənin evin qəm-qüssə güşəsi idi. Soyuq idi. Qış donub qalmışdı orda elə bil.
Sən Şəkidə doğuldun. Bakıya gəldin, şair oldun. Sonra İstanbula getdin, özünə bənzəyən o uşağı gördün.
O, məmləkət üçün lazım olan gərəkli şeylər satırdı.
Sən də həyat üçün lazım olan gərəkli şeirlər yazırdın.
O, dolana bilmirdi. Uşaq ağlı ilə üsyan eləyirdi, güzəranından narazı idi.
Sən də dolana bilmirdin. Şair ağlınla dünyanın min bir tapmacası qarşısında aciz qalmışdın.
Arif! Yazdığın bu kiçik şeir bir həyat hekayəsidir. Bir ibrət dərsidir. Bəlkə də çərxi-fələkdir. Bu çərxi-fələkdə, sadəliyi və təmizliyi ilə o uşaq – bir mələkdir. Onun mələk gözündə bu dünya ələkvələkdir.
Onsuz da bu dünya nəhəng ələkdir. Binnət olandan insanları ələyir. Yaxşısını pisindən ayırır.
Unu un üstə yığır, kəpəyi kəpək üstə. Hələ bu un əvvəl dən olub, sünbül olub, xırmanda döyülüb, dəyirmanda üyünüb, sonra gəlib, un olub, ələnib.
Sənin İstanbuldan gördüyün o uşaq – o, ələnmiş unun bir zərrəsidir. Bir zərrə un – bir zərrə qum kimidir. Külək onu qapıb, hara istəsə çırpacaq.
Şeir qaldı ancaq! Şeir qalacaq! Şerin axırında 1972-1975-ci illər yazılıb. Şeir üç ilə yazılmayıb. Şair gördüyünü üç il başında gəzdirib, ölçüb-biçib və bir gün oturub, birnəfəsə yazıb.
Bu şeirin böyüklüyü də elə bundadır.
Bu şeir İstanbulun küçələrində görünmüş, görünən və görünəcək, dünənin, bu günün və gələcəyin uşaqlarına uçulmaz bir abidədir.
«Ədəbiyyat» qəzeti, 30 senyabr, 2005
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-istanbulda-bir-usaq
Use ← → keys to move, R for a random poem