Şirvannəşr – 2006

Ələkbər Salahzadə. «Xocalı xəcilləri».

42,5 səhifəlik kiçik bir kitabdır bu. Üz qabığı ilə birlikdə 48 səhifə.

Kitab əlimə sığır, amma aləmə sığmaz. Bu yumşaq cildli kitabın içində sərt bir dillə yazılmış bir faciə var! Xatın, Xirosima, Xocalı. Fikir verin, bu bədbəxt məkanların üçü də «X» hərfi ilə başlayır. «X» həm də «iks» deməkdir. Şair deyəndə ki, «X» ilində, «X» elində, Xocalı adında bir yer xarabalığa döndü yağı əlində. Hamı başa düşür ki, söhbət nədən gedir. Burada «X» da, il də, el də məlumdur! Bircə məlum olmayan budur ki, bu boyda qəddarlıq hardandır?

Bu ikslərin ikisi yan-yana duranda XX əsr olur. Bu iyirminci yüzilin gətirdiyi bəlaların sayına görə tarixdə ən qəddar yüzillərdən biri olmağına işarədir. Xocalı o bəlalardan biridir. Bu bəlanı törədənlər dünyaya məlumdur. Hələ indiyədək onlara «gözün üstə qaşın var» deyən olmayıb. Rusiya 366-cı motoatıcı polkun tanklarıyla kömək eləyib. Avropa ara qızışdırıb. Amerika göz yumub. Sonra da, 11 sentyabrdan sonra qapı-qapı gəzib, terrorçu axtarır. Bəs bu bizim yaxın qonşumuzu niyə görmür. Yoxsa, onlar xristiandır, ona görə?! Yəni dünya bu boyda fəlakəti görmədi?

«O körpələrin o gecə çəkdiyini, nə çəkdiyini, necə çəkdiyini» heç kim bilmir məgər? Bilirlər axı?!

Çingiz gəlib gördü, onları çəkdi. Çəkdi onların çəkdiyini. Onsuz da, söz var ki, Yerdə nə hadisə baş verirsə, birbaşa göyə çəkilir. Göy üzünə çəkilir. Bitdə-bitdə yazılır. Ah-nalə, fəryad səsləri də göyə yazılır. Donub qalır orda. Kainatın əbədi maqnitafonunda! Sonra zaman keçdikcə yenidən əriyib Yerə qayıdacaq. İnsan ağlının gözü ilə təkrar-təkrar oxunacaq. Bu çox sonra olacaq. Amma bizim əlimizdə Çingizin çəkdiyi şəkillər, yazdığı səslər var. Onun kamerası danışan Tarixdir! Yaddaşdır! Sənəddir! Həqiqətdir! Bəs bu həqiqəti niyə görmədilər? Bu həqiqəti niyə dünyaya göstərə bilmədik? Göstərməyinə göstərdik, amma inandıra bilmədik.

Dünya güclünün tərəfini saxlayır. Fağırı saymır.

Bu kitabda Xocalı var. Şair özü orda olmayıb, amma bizim əlimizdən tutub. Hamımızı əzab yurdu – Xocalıya aparır. O dərdləri ki, Çingiz kamerası ilə çəkmişdi, Ələkbər söz-söz, səs-səs çəkir. Misralarda gəzdirir bizi – qarış-qarış.

Körpələrin donub buz heykəllərə döndüyü qan ağlayan torpaqda ayağımızı yer yandırır.

Əlimdə bir kitab var. Əlimin içində əlimi yandırır. Ağrı baş barmağımdan süzülüb beş barmağıma yayılır.

(Beşbarmaq – ifadəsi. Şair Ələkbərin çox sevdiyi surətlərdən biridir).

Dağ-daş ayılır, ölü buzlar əriyir. Amma insan hələ də düşünür. Məgər bu ağrını, bu fəryadı görmədilər, eşitmədilər?! Xaçiklər xaça arxalandılar. Tanklarına xaç çəkdilər. Xəcalət çəkmədilər!

Rusiya – tank verdiyinə görə xəcalət çəkmədi.

Ermənistan – elədiyi vəhşiliyə görə xəcalət çəkmədi.

BMT – dörd dəfə qərar çıxartdı. Sözü yerə düşdüyünə görə xəcalət çəkmədi.

ATƏT – sülh danışıqlarını süründürdüyünə görə, saqqıza döndərdiyinə görə xəcalət çəkmədi. (Hələ də süründürür, hələ də saqqız çeynəyir).

Amma Çingiz bu «xəcaləti» çəkdi. Dünyanın gözü var. Amma görmədi bu dəhşəti, özünü görməməzliyə vurduğuna görə Dünya da xəcalət çəkmədi.

Burda iki il bundan əvvəl yazdığım «Sındırıldı sükut buzu» adlı şeirim yada düşdü. (Bu yazını oxuyanlardan üzr istəyirəm ki, özümdən misal çəkirəm).

«Gör BMT, nə BMT

Gör bu ATƏT, nə ATƏT-dir.

Bizdən mini qurban gedir,

Dünya susur.

Ondan biri getsə əgər

Qiyamətdir».

Bu kitabın mürəkkəbi o gecənin qatı qaranlığı ilə o qanlı qarın qarışığıdır. Bir az da Ay işığı qatılıb bu mürəkkəbə.

Çoxdandır Ələkbərin kitabı çıxmırdı. Bu kitab yuyub apardı giley-güzarı, umu-küsünü, niskili.

Bu kiçik kitabın ağırlığı dünyanı əyər. Bu kitab – dünyaya dəyər. Aqil adamın əlinə düşsə əgər. Cahil nə bilir ki, Vətən nədir?! Cahil də elə düşməndir.

Babamız Füzuli deyib: «Şeir elmli olmalıdır».

Ələkbər bu kitabda bədbəxtliyimizin tarixini – tarixi bədbəxtliyimizi mərhələ-mərhələ yazıb, yadımıza salıb.

Təkcə bizim yox, dünyanın da başına gələn faciələri bir-bir sadalayıb. Xatın, Xirosima, Sonqmi, Liditsa.

Bu kiçik kitabda böyük mətləblər var. Zəngəzur, Göyçə, Qarabağ. 1905, 1918, 1988 və bütün 90-cı illər ta bu günədək xatırlanır.

Kitabda neftdən də danışılır. O tanklar ki, Xocalını tapdalamışdı, onların yanacağı Bakı nefti idi.

Kitabın dili aydın, yığcam, sadə və düşündürücüdür. Kitabda rast gəldiyimiz alliterasiyalar çox məharətlə tapılıb. Ələkbərin bu özünəməxsus üslub özəlliyi hər yerdə yerinə düşüb. Gözəlliyi ilə seçilir. Bu sözü mum kimi oynadan şairin kamillik məqamıdır.

Kitabda elə misralar var ki, adam oxuyanda ayağa qalxır və o misralar düz sənin gözünün içinə baxıb deyir: «Qisasını qiyamətə qoyma!»

Biz – qiyaməti elə burda gördük.

Kitabda «sos» – «sus»la qafiyələnir. Bu da istehza ilə fəlakəti görəndə «susma» deməkdir. «X» hərfi ilə başlanan sözlərin çoxu burdadır. Xain də bu sözlərin içindədir.

Kitab başdan-başa eyhamla doludur. Gecənin gecəliyini nə necəliyini görüb şair.

O gecəni çəkən, qəzəbindən od tutub, alışıb-yanan Çingizi tapıb.

«Dəni – dəni dinsizlər dənlədilər Çingizi. Görəsən hər yetənə bəlliydimi çünkisi».

Kitabdakı şeirlər sərbəstdir. Qafiyələri təbiətin özü kimi al-əlvan, pərakəndə, gözlənilməz və qayımdır.

Kitabda iki surət gözümüzün qabağında dağ kimi ucalır. Həm fiziki mənada, həm də məcazi mənada. Sinəmizə çalın-çarpaz çəkilən dağlardan ikisi! Hər ikisi hər tərəfdən görünür.

Xocalı – çöllərə səpələnmiş ölüləriylə yerlə-yeksan.

Çingiz – ayaq üstə kürəyindən yaralanmış sərt və kövrək insan.

Bu kitabın ən təsirli yeri Çingizin hönkürtüsüdür. Bu hönkürtünü hamımız eşitmişik. Bu hönkürtü təkcə Çingizin içindən gəlmirdi.

Bu, başı bəlalı bir torpağın, əli-qolu bağlanmış bir millətin hönkürtüsü idi.

Görəsən bu hönkürtünü əmin-amanlıqdan dəm vuran demokratiya alverçiləri eşitdimi?!

Dünya ölkələrindəki səfirlər, dünyanı gəzib-dolaşan məmurlar, boş danışıqlardan yorulmayan həmsədrlər bildilərmi görən bu hönkürtü nə hönkürtüdür?

Bu kitabda qəddar sözü qat-qat qəddar mərtəbəsində işlənir. O qəddarlar bu hönkürtünü həzm etdilərmi, görən? 366-cı diviziyanın tankçıları eşitdimi bu hönkürtünü? Yoxsa, o gecədən sonra; tırtılların səsindən onların da qulaqları kar olmuşdu? Ya özlərini karlığa vurmuşdular?

Eşitməyiblərsə, qoy eşitməsinlər!

Qoy onda şairin kitab boyu dediyi gün kimi aydın bir həqiqəti eşitsin onlar.

On bir sentyabra gedən yol 26 fevraldan başlayır, cənablar!

«Ədəbiyyat» qəzeti, 24 mart, 2006

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets