Səhhət və Mərəz
Page 4 of 4 · 75%
Ruh dedi:
– Ey səhv göstərişli Eşq! Ey rəyi düzgün olmayan azğın! Bu qədər avara dolaşdım, söylədiyin Hüsn cilvəgahına çatmadım?
Eşq dedi:
– Ey qafil! Və ey mərifət ləzzətindən bixəbər! Gördüklərin (hamısı) Hüsnün cilvəgahı idi; o (Hüsn) bunların hamısında özünü göstərdi. Sənin bəsirətin olmadığından Hüsnün nə olduğunu bilmədin. Əgər onu anlamaq istəyirsən (əvvəlcə) gərək nəzərini saflaşdırasan. (Qabaqca) özünü korluqdan qurtar, gözlərini dostluq sürməsinə yetir! O sürmədən Məşuqluq mülkündə yoxdur, onun mədəni Aşiqlik diyarındadır. Lakin Məşuqluq mülkünü səyahət etməyincə Aşiqlik ölkəsinə çatmaq olmaz.
Xülasə, Məşuqluq mülkündən keçib Aşiqlik diyarına tərəf yola düşdülər. Əvvəlcə Məlamət bostanına çatdılar. Burada şövq və həvəs çiçəyini və ayrılıq göyərtisini bitmiş gördülər. Oradan Bəla, Möhnət və Şiddət şəhərinə yola düşdülər. Oradan da Acizlik səhrasına ayaq basdılar. (Səfər) cilovunu şeydalıq əlinə tapşırdılar. Oradan da gedib Hicran guşəsində yurd saldılar, gah Heyrət ilə yoldaş, gah da Ümidsizliklə həmsöhbət oldular. Gah Nalə və Zar ilə sirdaşlıq etdilər, gah da ürəkyandıran Ağlamaqla həmahəng olmağa başladılar. Qərar və Taqət sərhədini aşdılar, Xarlıq vadisində xeyli dolaşdılar. Məşuqluq ölkəsini gəzdikdən və aşiqlik işinin sonunu gördükdən sonra bir ölkə zahir oldu. Ruh Eşq ilə bərabər oraya girdi, gördü ki, Bədən ölkəsidir.
Dedi:
– Doğrudan da bura mənim yerimdir!
Gördü ki, Könül şəhəri xaraba qalmış, duyğular qoşunu dağılmış, Sevda od qalayıb, Ciyər və Dimağı yandırmış, Qan göz yaşı ilə qarışıb daxili hərarətdən xaricə qaçmış, Səfranın üzü saralmış, Bəlğəmin bazarı soyumuş, (bədənin) əsas üzvlərində heç bir qüvvət qalmamışdır. Təbiətlərdə nizam qalmamış, Zəf qüvvət tapıb Səhhətə xələl yetirmişdir. Ruh bu haldan iztiraba düşdü və Eşqə acıqla xitab etdi:
– Ey mənim xanimanımı dağıdan, məni ruzigarın avarası edən, yalan vədlər verib məni həlak etmək qəsdində duran! Bu nə hiylə idi ki, mənimlə oynadın! Məni xanimandan ayırdın! (Halbuki) rayət, zödvq və şadlıqla dolu azad mülküm var idi. Bir müddət məni Məşuqluq mülkü ilə aldatdın! Oradan üzümə bir qapı açmadın; bir zaman Aşiqlik ölkəsində qərib etdin və başıma cürbəcür bəlalar gətirdin. O ölkələrdə də abrımı apardın və yenə ümidsizliklə vətənə qaytardın. Bura da xarab olub, sarsılmağa üz qoyubdur. Allah, Allah, bu nə zülmdür! Sənin əlindən min fəryad!
Eşq Ruhun sözlərini eşidib, onun səbirsizliyini görüncə dedi:
– Ey Ruh, sənin şikayətin kimdəndir? Həqiqətən, bu afət və bəla özündən başqa heç kimdən deyildir. İdrak xəzinəsindəki surətə bir bax! O surətin həqiqətindən ibrət al!
Ruh o surəti gətirməyi əmr etdi. Gətirdilər. Haman möhrü üzərində idi. Elə ki Səfa aynasının möhrünü götürüb qarşısına tutdu, orada zəif bir bədən və çox arıq bir surət gördü.
Ruh dedi:
– Ey Eşq, bu surət o surət deyildir! Mənə bildir görüm, o nə idi, bəs bu nədir?
Eşq dedi:
– Ey Ruh, bu lövh səfa aynasıdır. Nəzər əhlinin şəklini özündə əks etdirəndir. Burada gördüyün birinci surət sən idin, indi də gördüyün surət sən özünsən. Əvvəlcə özünə baxdığın zaman qafil idin! Özünü tanımayıb öz arzunla yüyürürdün. Axırda özünə çatdın! Həm Aşiqliyə məzhər sənsən, həm də Məşuqluğa zinət sənsən! Mərifət, aşinalığın (həqiqəti tanımağın) sürməsidir və bu mənzilə yaxınlaşmaq (üçün) əlaqələrdən ayrılmaq lazımdır.
Ruh gözlərinə aşinalıq sürməsini çəkib vücud aynası olmadan özünə baxınca elə bir gözəl gördü ki, surət və mənadan ehtiyacsız, qüdsi Ruh ilə həmahəng olaraq vəhdət xəlvətində oturmuş, kəsrətin (çoxluğun) üzünə qapıları bağlamışdı. Nə Əql gözünün ona baxmaq imkanı, nə də təbiət və duyğuların ona bir yolu, nə Hüsnün ona bir nazı, nə də onun Eşqə bir ehtiyacı qaldı.
Ruh bu məqama yetişəndə “Cəbərut” və “Lahut” aləmlərini gördü. Əsl mənzilinə çatdı və yolkəsənlərin qeydindən qurtardı. İşin sonunda özünü özünə çatdırdı, Məşuqluq və Aşiqlik o xəlvətdən xaricdə qaldılar.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-sehhet-ve-merez
Use ← → keys to move, R for a random poem
More by this author
Ol səbəbdən farsi ləfzilə çoxdur şe’r kim,Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Mən kiməm?- Bir bikəsü biçarəvü bixanimanMən kiməm? – Bir bikəsü biçarəvü bixaniman,Taleim aşüftə, iqbalım nigun, bəxtim yaman.
Fariğ idim cümlə aləmdən, bilir aləm məniFariğ idim cümlə aləmdən, bilir aləm məni,Eyb edərdi bixəbər sanıb bəni-adəm məni.
Bülbüli-zarəm, güli-rüxsari-alindən cüdaBülbüli-zarəm, güli-rüxsari-alindən cüda,Tutiyi-laləm, şəkərnisbət məqalindən cüda.
Poems by other poets
Mən cavandım, sən də uşaqSevincimiz qucaq-qucaq,
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəvaYoxdur aləmdə bir aşiq kim, ola kami rəva,Gər olub, aşiq degil, aşiqdir kami narəva.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Dostum Abbasın qəbir daşınaÇox cavan oldum mən... torpaq yığınıMin-min görüləsi işlərim vardı.