Birinci məclis
Page 1 of 2
Əsgərin evində vaqe olur. Otaq yaxşı bəzənib, fərş ilə döşənibdir. Stol və səndəllər dəxi vardır. Pərdə qalxmazdan qabaq Əsgər sağ tərəfdə və xalası sol tərəfdə oturublar. Qapının ağzında nökər Vəli hazır durubdur. Musiqi müqəddiməsi çalınır.
Pərdə qalxır. Ə s g ə r oxuyur.
Ə s g ə r
Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,
M u s i q i
Nalədəndir ney kimi avazeyi-eşqim bülənd.
Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd.
M u s i q i
Nalə tərkin qılmazam, nalə tərkin qılmazam,
Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd.
M u s i q i
Qıl mədəd, ey bəxt, yoxsa kami-dil mümkün deyil.
M u s i q i
Qıl mədəd, ey bəxt, yoxsa kami-dil mümkün deyil.
Böylə kim ol dilrüba bidərddir, mən — dərdimənd.
M u s i q i
Nalə tərkin qılmazam, nalə tərkin qılmazam,
Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd.
M u s i q i
Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb.
M u s i q i
Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb,
Açar ol gülrüx təbəssüm birlə ləli-nuşxənd,
M u s i q i
Nalə tərkin qılmazam, nalə tərkin qılmazam,
Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd.
M u s i q i
C a h a n. Xalan sənə qurban, nə olubdur ki, belə qəmli-qəmli oxuyursan, adam eşidəndə ürəyi yanır?
Ə s g ə r. Ürəyin yanırsa görünür ki, sənin ruhun var, ay xala!
C a h a n. Qanmadım nə dedin, xalan sənə qurban, bir də de, başa düşüm.
Ə s g ə r. Heç, bir elə söz demədim ki, bir də təzədən deyim…. İndi sən bura bax, ay xala. Bircə mənə de görüm axı belə olmaz ki, belə də qalsın, bu dünya belə gəlib belə getsə, bəs axırı nə olsun, onda işimiz necə olsun?
C a h a n. Xalan sənə qurban, Allaha şükür, dünyaya nə olubdur ki?
Ə s g ə r. Belə deyirəm ki, axı bunun axırı necə olsun, nəticəsi necə olsun, məsələn, biz, bəli, böyudük, başa çatdıq. Allaha şükür, mal-dövlət hamısı var, amma yenə də bilirsən, bununla adamın işi düz olmur, ürəyi toxtamır, nə isə bir şeyə yenə ehtiyac görünür. Düz deyirəm, yoxsa yalan deyirəm?
C a h a n. Xalan sənə qurban, əlbəttə, düz deyirsən, amma yenə də əməlli başa düşmədim ki, nə deyirsən.
Ə s g ə r. Dediyim aşkar söhbətdir, ay xala! Belə sözün doğrusu o tərəfə, bu tərəfimə baxıb göz yetirirəm, görürəm bir şeyim çatmır.
C a h a n. Bay!… Çatmayan bir şey varsa, gədəni göndər bazardan alsın, onda nə fikir var ki?
Ə s g ə r. Sən mən deyəni başa düşmədin. Əşi, mən səninlə böyük şeyin söhbətini eləyirəm, sən bazardan danışırsan. Belə deyirəm ki, bu cürə dolanacağın axırı nə olsun? Malım var, pulum var, amma pul sahibi gərək bir özgə şeyin də sahibi olsun. Vəhalün ki, heç malı, pulu olmayanların görürsən ki, bir sürüsü var.
C a h a n. Xalan sənə qurban, sən bir tacir adamsan, sürünü nə eləyirsən?
V ə l i başını bulayır.
Ə s g ə r. Of, ay xala. Yenə bilmədin nə istəyarəm?
V ə l i (birdən-birə). Mən bilirəm ağam nə istəyir….
Ə s g ə r (ona tərəf yönəlir). Ədə, sən də burdasan? Hə, de görüm nə istəyirəm….
V ə l i (irişə-irişə). Mən bilirəm sən nə istəyirsən….
Ə s g ə r və C a h a n. Di bilirsən de, nə dayanıbsan?
V ə l i. Sən istəyirsən…. (Birdən hırıldayıb tez qapıdan çıxır, Əsgər gülümsünür).
C a h a n. Bay, elə bil ki, gədənin dəliliyi var. (Əsgərə) Xalan sənə qurban, bircə məni yaxşıca başa sal görüm nə istəyirsən?
Ə s g ə r. Ay xala, bura bax, ağlınca mənim neçə yaşım var?
C a h a n. Boy, bu ramazan yox, gələn ramazan gəlib ötəndən sonra sənin iyirmi səkkiz yaşın tamam olacaqdır. Nəyin dərdin çəkirsən? Sən ki, hələ uşaqsan, səni görüm yüz yaşayasan!
Ə s g ə r. Çox əcəb. Axı nə qədər uşaq olsam da yenə də ayaq üstə dura bilərəm ki?
V ə l i daxil olub haman sayaq dayanır.
C a h a n. Əlbəttə, dura bilirsən, allaha şükür, sağ-salamat cavansan.
Ə s g ə r. Yaxşı indi bu sağ-salamat cavan bəs neyləsin, elə yeyib-yatsın?
C a h a n. Əsgər, sən allah, gəl mənimlə açıq danış ki, mən başa düşüm; axı mən türkəsayəcə bir arvadam, ərəb dilini nə başa düşürəm, xalan sənə qurban.
Ə s g ə r (kənara). Əşi, daha utanmaq yeri deyildir. (Cahana). Belə bilirsən nə var, xala? (Bərkdən). Mən arvad almaq istəyirəm ey, arvad, arvad!…
V ə l i. Bax, mən deyən oldu…. (hırıldayır).
C a h a n. Bay … ay xalan sənə qurban, habeləcə de ki, mən də başa düşüm, daha bunun nə çək-çeviri var ki?!
Ə s g ə r. Hə, bəs bunu bil ki, arvad almaq istəyirəm.
C a h a n. Belə çox yaxşı eləyirsən, xalan sənə qurban. Allah o günləri eləsin ki, belə toyunda oynayım. (Vəli oynayır). Bax, Əsgər, xalan sənə qurban, gördün ki, axırda sən gəldin mən deyənə. Neçə vaxtdır mən sənə deyirəm ki, Əsgər, gəl evlən, ev-eşik yiyəsi ol, oğul-uşaq sahibi ol, amma nə fayda ki, sən qulaq asmırdın deyə, mən də daha dinmirdim. İndi görünür ki, mən deyənə getdin. Əlbəttə, arvad al, toy elə, dost sevinsin, düşmən yansın. (Vəli ah çəkir). Bax, istəsən günü bu güncə gedərəm, sənə qız axtararam. Rəhmətlik bacım canı ağzından çıxana kimi mənə deyirdi: Cahan, bax, Əsgəri sənə qoyub gedirəm; onu tək qoyma, evləndir. (Ağlayır. Vəli bərk ah çəkir).
Ə s g ə r. Əşi, daha bura ağlamaq yeri deyildir ki? Qoy, söhbət açmışıq, görək axırı necə olur.
C a h a n. Xalan sənə qurban, evlən.
Ə s g ə r. Axı nə sayaq evlənim, iş elə burasındadır ki, evlənmək asan iş deyildir.
C a h a n. Xalan sənə qurban, evlənmək su içmək kimi asan şeydir, onda nə çətinlik var ki? Ələlxüsus sənin kimi cavana ki, allaha şükür, həmi pulun var, həmi dövlətin var, həmi cavansan. Vallah, lap padşahın da qızını istəsən sənə verər. Bax, burda çox fikir lazım deyildir, qoy elə bu güncə çadramı başıma salıb gedim sənin üçün qız bəyənib seçim. Ya özün, istəsən mənə de, hansı bəyin və ya tacirin qızını istəsən, gedim sənə alım.
Ə s g ə r. Axı mən nə bilirəm ki, hansı bəyin və ya tacirin qızı yaxşıdır ki, deyim get al; mən ki, onları görməmişəm.
C a h a n. Buy. Xalan sənə qurban, bəs mənim gözlərim kordur? Vallah, gedərəm, dolanaram, gəzərəm, baxaram, bəyənərəm, seçərəm, bir qız alaram ki, adam baxanda ağlı gedər.
Ə s g ə r (gülür). Ay xala, bəs elə olsa ağlım gedər, dəli olaram ki…. Yox, xala, bu, əl verməz. Mən gərək əvvəlcə özüm qızı görəm, xoşuma gəldi alam, gəlmədi almayam.
C a h a n. Sən bir ağıllı-başlı mənə nağıl et görüm necə qız alarsan? (Oxuyur və oynayır).
Çadramı sallam başıma,
Üz-gözümü bəzərəm. (2 dəfə)
Gedib sənə qız axtarıb,
Hər tərəfi gəzərəm. (2 dəfə)
M u s i q i
Bəyin, xanın və tacirin
Qızlarını düzərəm. (2 dəfə)
Çəməndəki o güllərin
Ən gözəlin üzərəm. (2 dəfə)
M u s i q i
Xalan sənə qurban ola,
Zəhmətinə dözərəm. (2 dəfə)
Toyunda da sənin, bala,
Bax, beləcə, süzərəm. (2 dəfə)
M u s i q i
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-arsin-mal-alan-birinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
B i r m e ş ə d ə vaqe olur. Müqəddimə çalındıqdan sonra pərdə qalxır. O d u n ç u öz i k i o ğ l u ilə odun yığırlar.O d u n ç u (rast üstə)--
İkinci pərdəP a d ş a h ı n o t a q la r ı n d a n birində vaqe olur. Müqəddimə çalındıqdan sonra pərdə qalxır. Ş a h A b b a s və ü ç n ə f ə r k e ç ə ç i keçə qayırmaqla məşğuldurlar. Keçənin biri hazır olub bir miz üstə sərilib, camaat tərəfindən görünür. O biri də fərş üstə sərilib, ora-burası düzəldilməkdədir.Ş a h A b b a s (keçədən əl çəkib)
Üçüncü pərdəBİRİNCİ ŞƏKİLŞiraz şəhərinin böyük bir b a z a r ı n d a vaqe olur. Səhnənin sol tərəfində aşpaz M ə s t a v ə r i n dükanı görünür. Məstavər dükanının qabağına yığılmış olan adamlara xörək satır; o biri tərəfdə cürbəcür dükanlar vardır; bir tərəfdə qaraçılar oynayırlar. Müqəddəmədən sonra pərdə qalxır. Q a r a ç ı q ı z ı oynayır. Böyük qaraçı oxuya-oxuya qaval vurur. Sair qaraçılar da yerində oxuyurlar.
Dördüncü pərdəBİRİNCİ ŞƏKİLŞ a h ı n s a r a y ı n d a vaqe olur. V ə z i r və b e ş n ə f ə r əyan məclis qurubdurlar. Müqəddəmədən sonra pərdə qalxır.
Poems by other poets
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Cır arılarGültək arılar gülləri şəfqətlə gəzərlər,Gizlincə pətək gözlərinə inci düzərlər.
OlaydıA gül şaxı, yaşıl yarpaq açmısan,Nə xoş olur, qönçələrin olaydı.
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çəkŞadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.