İkinci məclis
Page 1 of 3
Musiqi müqəddiməsi çalınır, sonra pərdə qadxır. Soltan bəyin evinin qabağıdır. Gülçöhrə, Asya və Telli oturub, biri tikiş tikir, digəri corab hörür.
G ü l ç ö h r ə (tikiş tikə-tikə oxuyur)
M u s i q i
Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir.
M u s i q i
Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir,
Pərişan olduğum, xəlqi pərişan etdiyimdəndir. (2 dəfə)
M u s i q i
Dili-zarimdə dərdi-eşq gün-gündən füzun olmuş,
M u s i q i
Dili-zarimdə dərdi-eşq gün-gündən füzun olmuş.
Yetən bidərdə tədbirilə dərman etdiyimdəndir. (2 dəfə)
Deyil bühudə gər yağsa fələkdən başıma daşlar,
Binasın tişeyi-ahımla viran etdiyimdəndir. (2 dəfə)
Ü ç ü bir yerdə
Ah, ah, ah…. Gəl yarım
Gəl yarım, gəl yarım, gəl yarım.
A s y a (ah çəkir). Ay Gülçöhrə, sən oxuyanda həmişə mənim ürəyim tutulur, bikef oluram.
G ü l ç ö h r ə. Görünür ki, oxumağım sənə xoş gəlmir.
A s y a. Yox, çox xoş gəlir, elə ona görə də məni bir sayaq qəm basır, qüssə eliyirəm.
G ü l ç ö h r ə. Ah, bizim ömrümüz başdan-ayağa kimi qəm-qüssə deyilmi?
A s y a. Hə, vallah, doğru deyirsən.
T e l l i. Ay xanımlar, nə olub ki, qəm-qüssə eləyirsiniz? Allah qoysa, Soltan bəy bu gün-sabah sizi ərə verər, gedib ev yiyəsi, oğul-uşaq sahibi olarsınız, onda qəminiz də olmaz.
G ü l ç ö h r ə. Ah, Telli, o cürə ki, bizi ərə verirlər, heç verməsələr yaxşı olar.
T e l l i. Nə üçün, ay xanım, niyə elə danışırsan?
G ü l ç ö h r ə. Doğru deyirəm, vallah, o cürə ərə getmək mənim xoşuma gəlməz ki, heç bilmirsən səni kimə verirlər, ərin kim olacaqdır, getdiyin adam cavandır, qocadır, keçəldir, qoturdur, adam döyəndir….
A s y a (təəccüblə). Bəs, ay Gülçöhrə, onda daha heç ərə getməyib evdə qalıb un çuvalına tay olacaqsan?
T e l l i. Allah eləməsin.
G ü l ç ö h r ə. Mən deyirəm ki, evdə qalıb un çuvalına tay olasan? Mən onu demək istəyirəm ki, belə adam əvvəlcə bir kərə ki, kimə gedəcəkdir. Baxa, bəyənə, təhəp-tövpünə bələd ola, sonra ərə gedə.
A s y a (gülür). Elə söz danışırsan ki, bişmiş toyuğun gülməyi tutar. Sən bu dörd divarın içində kimi görə bilərsən, a yazıq ki, (rişxəndlə) hələ baxıb bəyənəsən?
G ü l ç ö h r ə. Elə olanda, evdə qız qalmaq yaxşıdır.
T e l l i. Əşi, təki ağam sizi ərə versin, mən qaçıb, gedib nişanlını görərəm, evinə-eşiyinə baxaram, sonra gəlib hamısını sizə nağıl edərəm.
G ü l ç ö h r ə ilə A s y a gülürlər.
G ü l ç ö h r ə. Yaxşı, ay Telli, görünür ki, bizim adaxlımızı bir sən görsən kifayətdir, dəxi bizim görməyimiz lazım deyilmiş.
T e l l i. Yox, xanım, əvvəl mən görərəm, sonra siz görərsiniz.
A s y a. Yaxşı, Telli, qoy sən deyən olsun, təki bizi ərə versinlər, yerdə qalanı asandır.
G ü l ç ö h r ə. Yox, mənciyəz görüb bəyənməyincə ərə getməyəcəyəm. Amma siz elə görməmişdən ərə gedərsiniz.
T e l l i. Vallah xanım, elə görməmişdən ərə getmək lazımdır, yoxsa əvvəl görəndə daha sonra yaxşı olmur. Amma görməyəndə ürəyin tələsir ki, bir tez görəsən. (Oxuyur)
Sən o yanda, yar bu yanda,
Ceyran tək boynun buranda
Baxışın min canlar alır,
Məni qəmə-dərdə salır.
M u s i q i
Sən o yanda, yar bu yanda,
Hərdən qıyqacı baxanda,
Gözüm o gözlərdə qalır,
Məni qəmə-dərdə salır.
M u s i q i
Sən o yanda, yar bu yanda.
Saçların üzə salanda,
Göylərə ahım ucalır,
Məni qəmə-dərdə salır.
(Nağıl edir). Səni yaxşıca geyindirirlər, bəzəyirlər, sonra faytona mindirib allah-allahla aparırlar. Hələ desən ayağının altında qurban da kəsirlər, sonra otağa aparıb gərdək dalında oturdurlar, ürəyin döyünə-döyünə gözləyirsən. Bir də görürsən ki, qapı açılıb oğlan çıxdı….
Bu əsnada qapı açılıb S o l t a n bəy çıxır. Qızlar səslərini kəsib işlərinə məşğul olurlar.
T e l l i (kənara). Allah eləməsin ki, belə oğlan olsun.
S o l t a n b ə y (əsnəyir). Ay qız Telli, min kərə demişəm ki, mən yatanda gəl mənim üstümü basdır; indi üstü açıq yatmışam, deyəsən belimə soyuq dəyibdir. (Əsnəyir). Ay … rəhmətlik Sona sağ olaydı…. Qərəz ki, təklik bir sənət deyildir.
G ü l ç ö h r ə. Ay ata, bizə desəydin örtərdik, bilmədik.
S o l t a n b ə y. Demədim, demədim, keçibdir. (Əsnəyir). Di, durun gedin evə, mən də şəhərə çıxıram. Evdən yaxşı muğayat olun. Durun. (Qızlar hamısı durub içəri daxil olurlar.) Olmur, təklik mənə əl vermir. Beş ildir ki, gün-gündən geri gedirəm. Srağagün həkim Mirzə Hüseynə deyirəm ki, oram ağrıyır, buram ağrıyır, deyir ki, bir arvad al. Hanı bir elə arvad ki, uğruma gələydi alaydım. Əlbəttə, mənə qız verməzlər. Çünki yaşım çoxdur, pulum da yox. Və bir də təzədən top-tüfənglə evlənmək mənə yaraşmaz; mənimki bir hallıca, dulluca arvaddır ki, bir nəfər molla, üç manat pul və bir kəllə qənd ilə iş tamam ola. Ondan sonra arvad başlar gecələr saqqalıma həna yaxar, səhərlər də yuyar. Yatanda da belimə soyuq dəyməz. Qərəz, gedək, bazara, görək nə var, nə yox. (Gedir).
M u s i q i
Ə s g ə r pərdə dalında oxuyur.
Ə s g ə r.
Arşın mal alan. (2 dəfə)
Arşın mal alan.
Bafta, tafta, buxça hey….
Ə s g ə r qoltuğunda arşın malı və arşın səhnəyə çıxır.
Ə s g ə r. Tamam üç gündür, qapı-qapı dolanıb gəzirəm, amma axtardığımı tapa bilmirəm. Bu günü də başa çıxardım görüm nə olur. Ey bəxt səndən mədəd.
M u s i q i
(Yenə oxuyur).
Arşın mal alan. (2 dəfə)
Arşın mal alan.
Bafta, tafta, buxça hey….
Bu halda G ü l ç ö h r ə, A s y a və T e l l i bir tərəfdən və qonşu qızlar o tərəfdən bayıra çıxırlar. Qızlar Ə s g ə r i çağırır.
Q ı z l a r. Arşınmalçı, arşınmalçı bura gəl.
Q ı z l a r xoru. (Soprano)
Arşınmalçı mal göstər,
Bir-bir yerə sal göstər.
Göstər-göstər hər nə var,
Qızlar bəzənmək istər.
M u s i q i
H a m ı.
Ah, nə gözəl parçadır,
Gülləri də qonçadır,
Toy bəzəyi xonçadır, xonça, (2 dəfə)
Xonça….
Ondan bir paltar tikdirsəydim,
Oynardım mən doyunca-doyunca,
M u s i q i
Xor bir də təkrar olunur.
Ə s g ə r (gedə-gedə). Aha, deyəsən qız mədəninə düşmüşəm. Bir sürü birdən çıxdı. Görək necə şeydirlər. (Onlara). Deyin görüm, gözəl xanımlar, nə istəyirsiniz? Çit, ipək, məxmər, bafta, tafta, hər şeyim var.
G ü l ç ö h r ə. Aç görək xoşumuza gələn nə var.
Ə s g ə r. Bu saat, xanım. (Açır, Gülçöhrəyə diqqət yetirir).
A s y a (kənara). Batmış nə göyçək oğlandır.
Ə s g ə r. (yenə diqqətlə baxır). Bax, xanım, hər nə könül istəyən desən, hamısı burada vardır. (Kənara). Amma əcəb qızdır.
T e l l i. Ay xanım, o tumanlıq nə yaxşıdır.
A s y a. A, nəyə lazım olan şeydir ki….
G ü l ç ö h r ə (Asyaya). Sənə lazım olmaz, amma Telliyə lazım olar.
Ə s g ə r. Doğru buyurursan, xanım. (Kənara). Agıllı qızdır, ha!… (Ona) Neçə arşın buyurursan qulluqçunuz ünün kəsim.
G ü l ç ö h r ə. Arşını neçədəndir?
Ə s g ə r. Heç neçə, on iki qəpikdir. Amma sizə iki şahıdan hesab elərəm.
G ü l ç ö h r ə. Bu cürə çitin arşınını biz həmişə səkkiz qəpikdən alırıq, elə versən on arşın kəs.
Ə s g ə r. Zərər yoxdur, sizə qurban olsun. (Olcur). Bir … İki. (Kənara) Amma, deyəsən, axtardığımı tapmışam … üç … dörd … vallahi çox gözəl qızdır … beş … altı … yeddi … deyəsən elə qismətim bu olacaqdır … səkkiz … doqquz, görünür zahiri, gözəl olan kimi batini də gözəldir … on … on bir … on iki….
G ü l ç ö h r ə. On arşın bəsdir.
Ə s g ə r. Buy, hə. Fikrimdən çıxdı, budur elə on arşındır. (Kəsir qulluqçuya verir).
A s y a. Ah, bizə yaraşan heç zadın yoxdur.
Ə s g ə r. Xanım, sizə yaraşan şeyim çoxdur, ancaq evdədir. İnşallah gələn səfər gətirərəm. (Gülçöhrə pul verir). Xanım evin abadan, sənin əlinin bərəkəti mənə bəsdir.
G ü l ç ö h r ə. Nə bildin ki, əlimin bərəkəti vardır?
Ə s g ə r. Elə belə ürəyimə damdı ki, sənin əlin bərəkətlidir. (Kənara). Vallah, mən deyən elə budur ki, var. (Ona). Xanım, bura Soltan bəyin evi deyilmi?
G ü l ç ö h r ə. Özüdür.
Ə s g ə r. Abad olsun! Bəs Soltan bəyin qızı hansınızdır?
A s y a. Bu özüdür.
Ə s g ə r. Allah ömür versin. (Kənara). Çox gözəl qızdır.
A s y a. Ay Gülçöhrə gedək evə; yoxsa əmim gələr acığı tutar.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-arsin-mal-alan-ikinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Bir qədər qəzetəçilik dərsiM ü ə l l i m – Qəzetəyə hər cür şey yazmaq olarmı?
Ordan-burdan 24Yarım günlük səyahətim...qərəz mindik vaqona. Burada məndən savayı iki nəfər gəncəli ilə iki nəfər də bakılı və bir nəfər şamaxılı var idi. Başladıq söhbət eləməyə. Allah bunlardan razı olsun, çünki bunların söhbətindən bir çox bilmədiyim şeyləri qandım və öyrəndim. Məsələn, gəncəli dedi ki:
Ordan-burdan 25Yarım günlük səyahətim və yaxud üsuli-cədidtəlimi nəyə deməzlər!
Ordan-burdan 26İrana dair aşıq nağılıElə ki Təbriz “guruldadı”, Əmir Bahadır Cəng başılovlu yüyürdü Şeyx Fəzlullahın yanına, şeyx bunu görüb qorxdu və dedi: ya Əmir! Bu nə pəjmürdə haldır, əhvalın nə üçün belə pərişandır? Onda Əmir Cəng əlini qulağının dibinə qoyub bir Qarabağ şikəstəsi çağırdı və dedi: