Ordan-burdan 23
Bir qədər qəzetəçilik dərsi
M ü ə l l i m – Qəzetəyə hər cür şey yazmaq olarmı?
Ş a g i r d l ə r – Xeyr, olmaz.
M ü ə l l i m – Necə olmaz? Bəs qəzetənin başında “Hürriyyət” yazılıbdır?
Ş a g i r d l ə r – Doğrudur, hürriyyət yazılıbdır, amma hürriyyət ondan ötrü yazılmayıbdır ki, hər kəsin ağlına nə gəlsə götürüb qəzetəyə vurdursun.
M ü ə l l i m – Çünki o halda qəzetə nə olar?
Ş a g i r d l ə r – O halda qəzetə zibil səbəti olar.
M ü ə l l i m – Çox yaxşı, bəs o surətdə kim kimdən inciməlidir, qəzetənin müdirimi yazı yazıb da yazdığı çap olunmayandan, yoxsa yazı yazıb da yazdığı çap olunmayan qəzetənin müdirindən?
Ş a g i r d l ə r – Qəzetənin müdiri yazı yazıb da yazdığı çap olunmayandan inciməlidir.
M ü ə l l i m – Nə üçün?
Ş a g i r d l ə r – Çünki yazı yazıb da yazdığı çap olunmayan müdirin qəzetəsini zibil səbətinə döndərmək istəyirmiş.
(Bəzi yazı yazıb da yazdıqları çap olunmayan şəxslərdən təvəqqe olunur ki, bu sözlərdən hələ tez inciməyib, dərsin dalına qulaq assınlar).
M ü ə l l i m – Bəs qəzetəyə nə tövr məqalə yazmalıdır ki, çap olunsun?
Ş a g i r d l ə r – Əvvəla, qəzetənin məsləkinə müvafiq olsun.
M ü ə l l i m – Məsələn, nə tövr?
Ş a g i r d l ə r – Məsələn, qəzetənin məsləki budur ki, tərəqqiyə mane olan şeylər rəf edilsin. Ona görə əgər birisi durub yaza ki, dəmir yolu şeytan əməlidir və gödək paltar geymək haramdır, o surətdə onun məqaləsi çap olunmayıb, zibil səbətinə düşər.
M ü ə l l i m – Və saniyən?
Ş a g i r d l ə r – Və saniyən mətbuat qanunlarına müğayir olmasın.
M ü ə l l i m – Nə tövr?
Ş a g i r d l ə r – Mirzə, onu müdir özü canının qorxusundan yaxşı bilir.
M ü ə l l i m – Və salisən?
Ş a g i r d l ə r – Və salisən, qərəzi şəxsi ilə yazılmasın.
M ü ə l l i m – Nə tövr?
Ş a g i r d l ə r – Məsələn, Əli Vəli ilə qumar oynaya, Vəli də Əlinin pulunu uda. O surətdə Əli götürüb qəzetəyə belə bir şey yaza: “Ay, cəhalət bizi basdı, qəflət yuxusu axırımıza çıxdı. Biz nə vaxtadək öz hüququmuzu anlamayıb, onun bunun əlində müztər qalacayıq? Bir insaf edin, özgə millətlərin cavanları elm və ədəb dalına düşüb millətə xidmət etmək yolunda can qurban edirlər. Amma bizim cavanlarımız, əz on cümlə, məsələn, cənab Vəli bəy, gündüz axşama kimi klublarda leylaclıq edib, qumar oynayır və xalqın pulunu udur. Möhtərəm müdir, təvəqqe edirəm ki, adımı yazmayıb, imzamı “Canı yanan” qoyasınız. Bu cürə kağızların da yeri zibil səbətidir.
M ü ə l l i m – Xub. Və rabəən?
Ş a g i r d l ə r – Və rabəən, şəxsi işlər yazılmasın.
M ü ə l l i m – Nə tövr?
Ş a g i r d l ə r – Məsələn, biri belə yaza: Müdiri möhtərəm, çox təvəqqe edirəm ki, mənim bu kağızımı çap edəsən. İsrağa gün mən çəkmə almaqlıq qəsdilə Məşədi Filanın dükanına getdim. Məşədi Filan məndən 12 manat nəqd pul alıb, bir cüt çəkmə verdi. Çəkməni geyib bir gün gəzəndən sonra gördüm çox dardır və ayağımı bərk sıxır. Əhvalatı Məşədi Filana nəql elədim. Dedi mən nə qayırım, dedim çəkməni geri al və ayrısını ver. Dedi olmaz, xarablamısan! Nə qədər elədim olmadı. İndi bu əhvalatı cəmi müsəlman qardaşlarıma bildirib sual edirəm ki, aya rəvadırmı ki, həmi pulum getsin, həm də çəkmə ayağımı çolaq eləsin! Bu da səbət malıdır.
M ü ə l l i m – Xub və xamisən?
Ş a g i r d l ə r – Və xamisən biməna şeylər yazılmasın.
M ü ə l l i m – Nə tövr?
Ş a g i r d l ə r – Məsələn, bu gün tək və tənha əyləşib öz-özümə fikir edirdim. Müsəlman millətinin xar və zəlil olmağı barəsində. Hansı ki, ayrı millətlər hamısı qabağa gedir, amma biz bədbəxtlər geriyə qalıb, hansı ki, gərək biz hamı millətlərdən qabaqda olub, yüzlərcə məktəblərimiz olub, uşaqlarımız dərs oxuya idi. Hansı ki, indi küçələrdə “əlməndə” oynayırlar. Müdir möhtərəm, təvəqqe olunur ki, çox tez qəzetənizdə çap eləyib, adımı da “Nalan” qoyasınız.
M ü ə l l i m – Müdiri möhtərəm, bu məqaləni tezmi çap edər?
Ş a g i r d l ə r – Deyir, müdiri möhtərəm, bu məqaləni cırıq-cırıq eləyib öz-özünə deyər: bunun əvəzinə bir əhvalat yazıla idi, yenə bir şey olardı.
M ü ə l l i m – Və sadisən?
Ş a g i r d l ə r – Və sadisən, fitnə və fəsad qovzayan olmasın.
M ü ə l l i m – Nə tövr?
Ş a g i r d l ə r – Daha onu burada yazmaq lazım deyil. Çünki məqalə yazan özü bilir ki, fitnə qəsdi ilə yazıbdır.
M ü ə l l i m – Çox gözəl, dərsinizi yaxşı bilirsiniz. Əgər müsəlman yazıçıları da bu dərsləri əzbərləsəydilər, nə olardı?
Ş a g i r d l ə r – Özlərinin və müdirin vaxtını zaye etməzdilər. 7 qəpiklik markanı, iki qəpiklik mürəkkəbi və bir qəpiklik qələmi kor qoymazdılar və zibil səbətini ağzınadək doldurub xidmətçinin də əziyyətinə səbəb olmazdılar.
İ d a r ə d ə n – Ay olaydı ha!
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-23
Use ← → keys to move, R for a random poem
More by this author
Duma yaxınlaşırBir “inteligentin” xəyalı
Ordan-burdan 79Budur, bir neçə ildir ki, bütün aləmi zəlzələ-vəlvələyə salan rusyapon davası və onun dalınca qucağa sığmaz olan Rusiyanı qucaqlayan bu azadlıq hərəkatı bizim bu xabi-qəflətə aludə olmuş aləmi-islamı dəxi titrətdi. Əzon cümlə bizim Bakını da titrətdi.Aləmi-islamın gözünü açdı; əzon cümlə bizim Bakının da gözünü açdı. Aləmi-islamda neçə-neçə firqələr, üzviyyətlər, “orqanizasiya”- lar, məclislər qurulmağa başladı. Əzon cümlə bizim Bakıda da həmin işlər vaqe olmağa başladı, yəni, bu bir iki ilin ərzində Bakımızda və “Hümmət” və “İttifaq” və “Hidayət” və “İxvani-səfa” və “Sədayimillət” və “Bəydəqi-nüsrət” və “Şəms” kimi cəmiyyətlər təşkil olunub, öz “ziyabəxş” və “tərəqqigöstər” və “mədəniyyətpərvər” və “maarifpərəst” olan əməlləri ilə Bakını bir hala qoydular ki, indi görən and içir ki, bu Bakı keçmiş Bakıya oxşamır. Belə ki, “Hümmət” öz hümmətilə, “İttifaq” öz ittifaqilə, “Hidayət” öz hidayətilə, “İxvanisəfa” öz səfasilə, “Sədayi-millət” öz sədasilə, “Bəydəqi-nüsrət” öz bəydəqilə və “Şəms” də öz tülui ilə Bakı camaatını hər bir pis və murdar hərəkətlərdən təmizləyib lap büllur kimi eləyibdirlər. Oğurluq, adam öldürmək, filan yoxdur, hər kəs desə ki var, yalandır, qulaq asmayın!
Ordan-burdan 80– Salaməleyküm, yoldaş!– O... Əbdülkərim... Əleyküməssalam... Necə varsınız? Keyf, əhval!.. Uşaqlar və kənd əhli necədirlər?
Halımıza dair 2Keçmiş məqalələrimdə yazdığım kimi, indi dəxi həmin o məsələ barəsində bir neçə söz demək istəyirəm ki, sairələr əjdaha qədəmi ilə irəliyə çapdığı halda, bizim “tısbağa addımı” ilə qabağa sürünüb bəzi vaxt dəxi qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bu bizim bilamülahizə və fikir meydana atılıb, yalançı pəhləvan kimi oyun çıxartmağımızdır.Mən, öz vicdanım sarıdan heç bir töhmət gözləməyib açıq-açığına qəti surətdə deyirəm ki, bizim bu camaat işinə qatışanlarımızdan heç biri öz tutduğu işi barəsində heç bir vaxt dərin fikir və mülahizələrdə bulunmayır, bu işi özü üçün ya bir oyuncaq, ya da ki, “ad-san” çıxartmağa bir vasitə bilir!
Poems by other poets · Satire
Qurma bihudə, a Molla, bu qəder hengamə sən,Bisəmərdİr hər qədər qılsan fəğan İslamə sən.
ƏrizəNazimi – Ümurati-məmalik cənab general-leytenant knyaz Bebutov hüzuruna*Qarabağ vilayətinin Cavanşir uçastokunda Xındıristan kəndinin sakini Qasım bəy Əli bəy oğlu tərəfindən*
Hacı Nemət kişiGözlərin aydın olsun, ay Hacı Nemət kişi!Sən daha bundan belə eyləmə xiffət, kişi!
Bir dədə axtarıramEldən gizli deyil bu, yetim böyümüşəm mən,Məşq edirəm qələmlə kağızlar üstdə hərdən.