Tazə xəbər

Eşitdiyimizə görə şəhər idarəsi belə qərar qoyubdur ki, daha indidən belə müəllimlərlə alış-veriş eləsin. Məsələn, elə müəllim var ki, iyirmi dərsi əlli manata deyir, elə müəllim də var ki, haman iyirmi dərsi 40 manata deyir. İş belə olan surətdə daha şəhər idarəsinə nə düşübdür ki, 40 manat yerinə 50 manat versin? 10 manat təfavüt eləyir, zarafat deyil! O ki qaldı dərs yaxşımı olacaq, pismi – onun şəhər idarəsinə dəxli yoxdur.


Məlum olduğu üzrə, müsəlmanlar içində ən əvvəl danos yazanlar bəylər oldular. Sonra bu adət kənd yüzbaşılarına keçdi, sonra hacılarımız və qara və qırmızı və ağ saqqallarımız dəxi bu işi çox bəyənib adətkərdə oldular.

Əhvalat bu üzrə ikən müəllimlərimiz gördülər ki, adə, rusca bilən bunlar, zakona bələd olan bunlar, amma danos yazan özgələr!..

Yox, belə olmaz deyib, müəllimlərimiz dəxi bir-birlərindən danos yazmağa şüru edibdirlər. Ümidvar olmalıdır ki, bu “gözəl” adət əhalimizin sair sinifləri arasında da intişar tapıb, bir qədərdən sonra bütün Rusiya müsəlmanlarının hamısı danos yazan olacaqlar.


Gəncə müxbirimiz yazır: İrandan buraya bir adam gəlibdir, həm molladır, həm seyiddir, həm kərbəlayı, həm də məşədi. Məzkur “müqəddəs” şəxs Gəncəyə varid olan kimi, əhalinin orucluq günü qəzetə oxumaq kimi böyük məsiyətlərə mürtəkib olduğunu görüb çox acığı tutdu və moizə əsnasında şeytan barəsində camaata bir məlumat veribdir ki, eyni budur:

Dünyada iki cür şeytan vardır. Onların biri dəli və o biri də ağıllıdır.

Zəmani ki, dəli şeytan insanın qəlbinə girir, insan haman dəm dəli olur və zəmani ki, ağıllı şeytan insanın qəlbinə daxil olur, insan haman dəm...

Cənabi “müqəddəs” istəyir desin ki, ağıllı olur, amma onun əvəzində camaata üç dana səlavat çövürdüb, özü də fikrə gedibdir və sonradan sonraya deyibdir: dünyada nəki maşın, piraxot var hamısını icad edən ağıllı şeytandır, qəzetə yazanlar dəxi haman ağıllı şeytan cümləsindəndir. Ona görə onlara yaxın durmaqdan ictinab etməlidir.

İdarədən: Piraxot məsələsindən məlum olur ki, axund Arazdan keçib gələnlərdəndir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ordan-burdan 50

Deyirlər ki, opera dramanın evini yıxdı...Qərəz, sözümüz bunda deyildir və bəhsimiz də özgə şey üstündədir.

2 min
Erməni-müsəlman sülh məclisinə dair

Tamam bir ildir ki, vətəni əzizimiz Qafqaz öz balalarının qanına bulanmaqdadır. Tamam bir ildir ki, minlərlə ciyərlər qırğınlar atəşindən od tutub yanmaqdadır. Bu bir ilin içində neçə min canlar tələf oldu. Neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qaldılar. Evlər talan oldu, oda yaxıldı. Abad şəhər və köylərimiz xarabaya döndü. Yurd itdi, yuva dağıldı... Səbəbi də ermənimüsəlman davası oldu.Belə bir-birinin iç və çölünü biləcək dərəcədə yek-digərinə yaxın olan qonşular, bir-birinin ehtiyacatı həyatiyyəsini rəf etməkdə heç bir müzayiqədə bulunmayan, münasibati-düstanə sayəsində ömürlərinin bir qədərini daim müzayiqə, müsahibə, mülatifə, mülabəsə və sairləri kimi səmimi dostluq və xeyirxahlığı izhar edən hüsni müamilədə keçirməkdə olan iki həmcivar tayfa öz içlərindəcə peyda olan ləin, bəğiz və xəbis nakəslərin hərəkatı-şeytanətkaranasinə uyub, xah-naxah bir-birinə yağı oldular. Bəs deyil, bir-birini tələf və yox etməyə bel qurşadılar... Top və tüfəng səsi asimanə bülənd oldu, iki dost bir-birinə atırdı, tiğ və xəncər parıltısı göz qamaşdırırdı. İki qonşu bir-birini doğrayırdı. Kəndlərdən, şəhərlərdən od və duman qalxır, hər yeri bir kuhi-atəşfişanə döndərirdi. İki həmcavar tayfa bir-birini atəş içində yandırırdı... Göz yaşı qana qatışdı, qan qurşağa çıxdı... Belə bir misli görünməmiş müdhiş faciə bir ildir ki, davam etməkdədir və bundan sonra da davam etsə, bu iki tayfanın biri bilmərrə fövt olub, yer üzündə bir adı qalacaq desəm xəta etmərəm, zənn edirəm. Lakin bəs bütün bu bir tayfanın bir takım ləin, insansevməz, fasiq və fasidlər ucundan badi-fənaya getməsi rəvamıdır? Bunu vicdanımız qəbul etməz və etməsin gərək və illa məsum və bigünah tökülən qanların günahı, yanmış ciyərlərin ahı bizi nahaq qoymaz. Buna bir əlac lazımdır. Əlac isə bu qital və qırğının müsəbbiblərini tapıb yox etməkdir. Bu müsəbbiblər də müxasimədə bulunan bu iki tayfanın hansı birində olduğu indi, hamıya məlumdur. Və bunu da bilməlidir ki, sadəlövh müsəlmanlar, heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər. Çünki belə bir nagüvarə iş icrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur. Və bir də müsəlmanlar – sörün açığı – elə bir mənəvi nəşvü-hüma və tərəqqi dərəcəsinə catmayıblar ki, bir məqsəd və yaxud bir fikir ilə ağılları məşğul ola. Min adam min söz desin – müsəlmanlar bu hadisati-müəssəfənin başlanmasına bais olmadıqlarından əmindirlər və ermənilər əleyhinə qəlblərində bir pis fikir pünhan deyildi. Bununla belə, həməvaxt, sülhə talib idilər, ermənilər dəxi nə mərtəbə sülhə mail olduqlarını bu məclisdə izhar edərlər. İnşaallah hər iki tərəf mətin bir sülh əqdi ilə xüsuməti kamilən rəf etmək üçün bəqədriimkan sərfi-müsai edərlər.

2 min
Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik

Məktəblərimizdə ümumi tədrisəni ana dilində icra etmək üçün bizə müsaidə verildi. Lakin, hal-hazırda mövcud olan məktəblərimizin, yaxud şkolalarımızın nəgunə əsaslara məbni təsis edildiyini təhqiq və tədqiq etsək, bizə verilən müsaidənin öz ana dilimizi layiqincə öyrənmək üçün ən cüzi bir vasitə olduğunu müşahidə edə biləriz.Ana dilimizdən ibarət olan türk lisaninə mükəmməl surətdə vaqif olan zəvat biz Rusiya müsəlmanlarının ana dili sarıdan mən hələ “obed” eləməmişdim, “vizitni kartoçka” gəldi ki, madam Papkova səni “veçer”ə “priqlasit” eləyir. Gəlməsən “abijatsa” olar kimi belə bir əsəfli halımızı görsə, bizə verilən müsaidənin “dilimizi yuyub” təmizləməkdən ötrü bir damcı su mənziləsində olduğunu iqrar edib, buna çaylar, sellər lazımdır deyər.

9 min
Biz hamımız Qafqazlı balalarıyıq

Daha bəsdir, ağlımızı başımıza cəm edək, minlərcə illərdən bəri əşg ilə qan sellərinə qərq olan Vətənimizin belə bir dəhşətamiz mənzərəsini pozub, ittifaq gününün şəşəəsi altında nurlanmağa qeyrət edəlim.Biz hamımız qafqazlı balalarıyız, aramızda ülfət olsun, bir-birimizə üz tutaq, yek-digərimizə rast gəldikdə qəlbimiz məhəbbət, sevgi hissindən nəşət edən fərəh ilə məşhun olsun. Yek-digərimizin qəm və fərəhindən hissiyab olaq.

3 min

Poems by other poets · Satire