Deyirlər ki, opera dramanın evini yıxdı...

Qərəz, sözümüz bunda deyildir və bəhsimiz də özgə şey üstündədir.

Məqsədimiz budur ki, oxucularımıza bir qədər də teatr “məlumatı” verək. Çünki yəqinimdir ki, bizim oxucularımız:

– Drama, komediya, tragediya, opera – sözlərini özgə cürə başa düşürlər; halbuki bu sözlərin mənaları oxucularımızın bildiyi kimi deyildir.

Ay oxucu, taxsır səndədir! Hərgah keçən cümə günü teatra gedib “Qəzəvat” dramasına baxsaydın, o halda yuxarıdakı sözlərin əsil mənasını öyrənərdin!

İndi ki, sən getməyibsən, onda qulaq as deyim:

Deyirlər ki, opera dramanın evini yıxdı. Bağışlayın, bu sözlərin buraya dəxli yoxdur. Birdən-birə fikrimə gəlib dedim! Bəli, keçək mətləbə.

Gedib teatrda əyləşirsən, pərdə qalxır, oyun başlanır, tamaşa edirsən. Birdən görürsən ki, artist sözünü qurtarıb, o yana-bu yana baxır, sıxılır, qısılır, bilmir ki, nə eləsin: utanır, tərləyir, dodaqlarını gəmirir, camaat da gözlərini bunun üzünə dikib gözləyirlər ki, görək oyunun dalı necə olacaqdır. Binəva artist yalvarıcı bir nəzərlə gah qapılara, gah səhnə dalına, gah suflyor hininə göz dolandırıb, amma heç bir yerdən kömək görmür. Bu binəvanı camaat qabağında belə bir çətin hala salan onun öz yoldaşıdır ki, gərək çıxıb o da öz sözünü deyə idi; amma yoldaşı bivəfalıq edib çıxmaq istəmir... İndi səhnədə naəlac qalmış olan bu artistin əhvalına deyərlər – drama.

Bəli, deyirlər ki, opera dramanın evini yıxdı... Ax, genə bu söz dilimə gəldi dedim. Zərər yoxdur! Söhbətin dalına qulaq as.

Teatrda əyləşib tamaşaya qulaq asırsan. Birdən görürsən ki, söhbətin şirin yerində pərdə düşdü. Camaat qaldı məəttəl, sonra pərdə qalxdı; sonra yenə endi, sonra yenə qalxdı, sonra yenə endi, bu işin adına deyərlər – komediya.

Deyirlər ki, opera dramanı... Əşi tulla bu sözü! Onsuz da bu barədə dörd-beş ildir ki, danışırlar, qulaq as.

Bəli, teatrda artist səhnədə məəttəl və tamaşaçılar da oyunun dalına müntəzir qalıb, pərdə gah enir, gah qalxır, gah enir, gah qalxır. Camaat bu komediyadan xoşlanmır, ovqattəlxlik əmələ gəlir. Xalq narazılıq izhar edir. O halda teatr qoyan binəva başı yalovlu ora yügürür, bura yügürür, ona yalvarır, buna yalvarır, axırda naəlac qalıb iki əlilə başının tüklərini yolur; bunun da bu halına deyərlər – tragediya.

Camaat görür ki, işlər şuluxdur. Durub yavaş-yavaş dağılırlar və gedə-gedə yolda bu havanı “Heyratı” üstündə oxuyurlar:

Əvvəldən bilseydim, almazdım bu bileti;

Dramaçılara Allahdan ağıl istərdim.

Buna deyərlər – opera.

Bunlar hamısı keçəndən sonra qəzet oxuyanlardan və qəzet oxuyanlara qulaq asanlardan və qulaq asanların söhbətinə yığışanlardan, qərəz müsəlmanların hamısından təvəqqe olunur ki, qurban dərilərini cəmiyyəti-xeyriyyəyə versinlər ki, Qars fəlakət zədələrinin ehtiyacına sərf olunsun; başqa təmənnamız yoxdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Tənqidat

“İkinci il”Bu günlərdə çapdan tazə çıxmış “İkinci il” adlı dərs kitabı idarəmizə yetişdi. Biz bu kitaba çapdan qabaq dəxi aşna idik. Çünki keçənlərdə, müsəlman məktəbləri üçün təlim və tədris kitabları seçmək məqsədilə Bakı məkatib naziri Şəmsəddinov cənablarının təhti-sədarəti ilə Bakı müəllimləri bir neçə şuralar qurmuşlar, burada mövcud, mətbu və qeyri-mətbu kitablar məclisdən seçilmiş xüsusi komisyonların ətraflıca tənqidi sonunda məclisi ümuminin qərarı ilə qəbul və ya rədd olunurdu. Haman kitablardan biri də bu “İkinci il” idi. Komisyon üzvlərindən biri də biz idik. İştə o surət ilə biz haman kitabı hələ çap edilməmişkən tənqid edib, bu kitabın bəzi cüzi nöqsanları təkmil edilən surətdə, – bütün mövcud mətbu kitablara tərcih ediləcək dərəcə gözəl tərtib olduğunu məclisə ərz etdik, məclis bizim ərzimizi qəbul edib, bu kitabın təbindən sonra məktəblərdə qullanmasına qərar verdi.

5 min
Ordan-burdan 9

Xəbər çıxdı ki, Osmanlıda qanuni əsasi verildi. Əlbəttə, heç kəs inanmadı.Tanışlarımdan birisi deyir ki, “Tərəqqi”ni alıb, gördüm ki, başdan “Osmanlıda qanuni əsasi” yazılıbdır. Deyir: mən heç oxumadım. Elə bildim ki, bu ünvanda bir kitab elanıdır. Amma sonra gördüm, xeyr, kitab elanı deyilmiş, bəlkə əsli qanunı əsasi elani idi.

2 min
Ordan-burdan 10

İran ixtişaşına dairƏmir Bahadırı-Cəng və Şeyx Fəzlullah.

4 min
Ordan-burdan 11

Allah heç kəsə göstərməsin!Elə ki birisinin əcəli tamam olur, həkim-filan əl çəkir, əcəli tamam olan başlayır ölməyə. Sən də bikef oturub tamaşa edirsən.

2 min

Poems by other poets · Satire