Yazıq ermənilər!

Genə yazıq ermənilər!

Axı sizə kim qarğış etmişdi?

Kimin ahü-nəvası sizi tutdu?

Kim bəs sizə dua elədi ki, axırda siz də mübtəla oldunuz?

– Nəyə?

– Operaya, operettaya!

Yazıq ermənilər!

Genə yazıq ermənilər!

Axı siz görmədinizmi ki, necə bu “opera” müsəlman millətinin evini yıxdı?

Aya görmədinizmi ki, müsəlmanların “millətpərəst” jurnalçıları, operanın müsəlman millətinə vurduğu “zərərləri” bir-bir sadalayıb ağlaşma qurub, oxşayırlar, başlarını bulayırlar, ağızlarını açıb gözlərini yumurlar, gözlərini yumub ağızlarını açırlar.

Hələ millətpərəst və millətin tərəqqisini “səmimi-qəlbdən” arzu edən jurnalçılar dursunlar kənarda; aya siz özünüz görmürsünüzmü, eşitmirsinizmi ki, Qafqaz müsəlmanları bu “opera” meydana çıxandan bəri necə xarab olubdurlar? Müsəlman nə idi, musiqi nə idi! Müsəlmanın sənəti gərək il uzunu ağlamaq olaydı... ax-vay olaydı!..

Halbuki indi hara gedirsən – “Əsli və Kərəm” genə: dandırı, dandırı, dandırı, dan-dan ey; “O olmasın, bu olsun”un: “Məşədi İbad sən bizə xoş gəlib bizi şad elədin?”, “Arşın mal alan”ın: “Gündüz axşam fikrim-zikrim “Arşın mal alan”ın, “Leyli və Məcnun”un: “Söylə bir görüm ərəb, bu cavan nədən xəstə”.

Tacirimizə bax, eşidibdir ki, bu gün “Əsli və Kərəm” oynanılır, dükanı bağlayıb teatra yügürür! Halbuki əvvəllərdə tacirimiz musiqi səsi eşidəndə qulaqlarına pambıq tıxayırdı ki, eşitməsin!

Bəylərimizə bax, eşidibdir ki, bu gün “Arşın mal alan” oynanılır, tələsir ki, tez gedib bilet alsın! Halbuki əvvəllərdə bəylərimiz gecələrini qayda ilə şantanlarda keçirirdilər!

Qoçumuza bax, eşidibdir ki, bu gecə “O olmasın, bu olsun” oynanılır, qollarını ata-ata teatra gedir! Halbuki əvvəllərdə qoçularımız öz sənətləri olan qoçuluğa məşğul olub teatr-myatr bilməzdilər.

Bah, bah! Arvadlarımıza bax, arvadlarımıza! Dəstə çəkib teatra gedirlər! Halbuki əvvəllərdə arvadlarımız hamam ilə ağlaşmaqdan başqa özgə şey bilməzdilər!..

Yazıq ermənilər!

Genə yazıq ermənilər!

Bəs siz ki, bizdən ağıllı idiniz!

Məgər siz bilmirsinizmi ki, opera pis şeydir, musiqi ziyandır!

A yazıq ermənilər, nə üçün özünüzü bəlaya salıb “Arşın mal alan”ı, “Məşədi İbad”ı öz dilinizə çevirdiniz, a bədbəxtlər?!

Məgər sizin “tərəqqipərvər” və “millətpərəst” jurnalçılarınız yox idi ki, sizi bu “bəla”dan piş-əzvəxt xəbərdar edə idi!..

Ax yazıq ermənilər!

Genə yazıq ermənilər!

Hayıf, hayıf!

Əfsus, sədd əfsus!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Bəyani-məslək

“İrşad” və “Tərəqqi” qəzetələrində mühərrirlik etdiyimiz zaman bir takım qəzetəçi sənətindən layiqincə müxbir olmayan şəxslər məqalələrinin məzkur qəzetələrdə çap olunmadığından naşı, bizə etiraz edib “hürriyyəti-kəlamə yol vermirsiniz” deyirdilər. Lakin bu şəxslər orasını unudurdular ki, hər bir qəzetənin müəyyən bir məsləki olmalıdır. Ona binaən həman qəzetədə yazılan hər bir məqalə də haman məsləkə müvafiq olub, onun, yəni o məsləkin qarelərə təlqini yolunda xidmət etməlidir.Əks surətdə, yəni qəzetənin müəyyən bir məsləki olmadığı halda, o qəzetəni oxuyanlar ondan az mənfəət görürlər.

3 min
Oyan-buyan 1

Birdən fərz elə, Avropada bir məmləkətdə, məsələn, Firəngistanda qəzetələrin hamısı durduğu yerdə bağlandı.Onda nə olar?

1 min
Halımıza dair 1

Vətənimiz olan Qafqaziyada əhalimizin tərəqqisi cəhətindən qabaqda olan bir şəhərimiz varsa, o da Bakıdır. Doğrudur, Bakı şəhərində yaşayan və ədədcə müsəlmanlardan az olan sair tayfa əhlinin tərəqqisi onlardan ədədcə çox olan Bakı müsəlmanlarından iki-üç qat artıqdır. Amma genə də hər nə tövr olsa, sair şəhərlərimizə nisbətən Bakı şəhəri bu yolda çox qabaqdadır. Bu şəhərdə həm elm və həm hünər və sənayei-nəfisə get-gedə tərəqqiyə düşməkdədir və bu tərəqqi içində tərəqqiyi-məkusə bənzər bəzi hadisələr baş verirsə də, lakin bu hadisələrin nəticəsi yenə də həqiqi tərəqqinin müzəffəriyyətini bildirməyə başlayır. Doğrudur, bu şəhərdə hələ çox adam vardır ki, tərəqqini başqa bir rəngdə anlayır və bir çoxları da vardır ki, tərəqqinin nə olduğunu heç də anlamırlar. Bir çoxları da vardır ki, əhalinin tərəqqi etməsindən zərər və ziyanlarına düşdüklərini anlayıb apaşkara düşməni-tərəqqi olublar.Bir çoxları da vardır ki, anlamadıqlarından tərəqqiyə düşməndirlər – ürfi bu böyük şəhərdə hər bir cür fikir sahibi vardır. Amma yenə də həqiqi tərəqqi tərəfdarları getdikcə çoxalmaqdadırlar. Və bunların da həqiqi həyat və məişət haqqında qəbul etdikləri əqidə o qədər böyüyüb, o qədər tanınıbdır ki, onları hər vəch ilə olur olsun bu əqidədən daşındırmaq mahaldır. Bərəkət olsun ki, belə bir kamil əqidəni pozmaq və pozdurmaq xəyali-xamində olanlar da öz cəhalətləri ilə o qədər məşhurdurlar ki, daha bundan sonra onların sözləri heç kəsə təsir edə bilməz.

2 min
Əhvalımızdan

Tərəqqi yolu ilə mədəniyyət sahibi olmuş məmləkətlərdə əhalinin həyat və məişəti dəfələrcədəkindən rahat və tərəqqiyə hal olunması aşikardır. Odur ki, o xoşbəxt yerlərin əhalisinin rəfah hal ilə yaşayıb da rahatca öz kəsbkarlarına məşğul olmaları bizim üçün həsəd ediləcək əhvallardandır.O yerlərdə hər bir kəs insanlığın və insan kimi ömür sürməyin yolunu bilib, bu nəhv ilə sərbəst və müstəqil yaşayırlar. Və belə rahat və azadə yaşamaq sayəsində günü-gündən bir şey ixtira edirlər ki, özlərinə və bütün insaniyyətə mənfəət yetirir.

4 min

Poems by other poets · Satire