Tamam bir ildir ki, vətəni əzizimiz Qafqaz öz balalarının qanına bulanmaqdadır. Tamam bir ildir ki, minlərlə ciyərlər qırğınlar atəşindən od tutub yanmaqdadır. Bu bir ilin içində neçə min canlar tələf oldu. Neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qaldılar. Evlər talan oldu, oda yaxıldı. Abad şəhər və köylərimiz xarabaya döndü. Yurd itdi, yuva dağıldı... Səbəbi də ermənimüsəlman davası oldu.

Belə bir-birinin iç və çölünü biləcək dərəcədə yek-digərinə yaxın olan qonşular, bir-birinin ehtiyacatı həyatiyyəsini rəf etməkdə heç bir müzayiqədə bulunmayan, münasibati-düstanə sayəsində ömürlərinin bir qədərini daim müzayiqə, müsahibə, mülatifə, mülabəsə və sairləri kimi səmimi dostluq və xeyirxahlığı izhar edən hüsni müamilədə keçirməkdə olan iki həmcivar tayfa öz içlərindəcə peyda olan ləin, bəğiz və xəbis nakəslərin hərəkatı-şeytanətkaranasinə uyub, xah-naxah bir-birinə yağı oldular. Bəs deyil, bir-birini tələf və yox etməyə bel qurşadılar... Top və tüfəng səsi asimanə bülənd oldu, iki dost bir-birinə atırdı, tiğ və xəncər parıltısı göz qamaşdırırdı. İki qonşu bir-birini doğrayırdı. Kəndlərdən, şəhərlərdən od və duman qalxır, hər yeri bir kuhi-atəşfişanə döndərirdi. İki həmcavar tayfa bir-birini atəş içində yandırırdı... Göz yaşı qana qatışdı, qan qurşağa çıxdı... Belə bir misli görünməmiş müdhiş faciə bir ildir ki, davam etməkdədir və bundan sonra da davam etsə, bu iki tayfanın biri bilmərrə fövt olub, yer üzündə bir adı qalacaq desəm xəta etmərəm, zənn edirəm. Lakin bəs bütün bu bir tayfanın bir takım ləin, insansevməz, fasiq və fasidlər ucundan badi-fənaya getməsi rəvamıdır? Bunu vicdanımız qəbul etməz və etməsin gərək və illa məsum və bigünah tökülən qanların günahı, yanmış ciyərlərin ahı bizi nahaq qoymaz. Buna bir əlac lazımdır. Əlac isə bu qital və qırğının müsəbbiblərini tapıb yox etməkdir. Bu müsəbbiblər də müxasimədə bulunan bu iki tayfanın hansı birində olduğu indi, hamıya məlumdur. Və bunu da bilməlidir ki, sadəlövh müsəlmanlar, heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər. Çünki belə bir nagüvarə iş icrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur. Və bir də müsəlmanlar – sörün açığı – elə bir mənəvi nəşvü-hüma və tərəqqi dərəcəsinə catmayıblar ki, bir məqsəd və yaxud bir fikir ilə ağılları məşğul ola. Min adam min söz desin – müsəlmanlar bu hadisati-müəssəfənin başlanmasına bais olmadıqlarından əmindirlər və ermənilər əleyhinə qəlblərində bir pis fikir pünhan deyildi. Bununla belə, həməvaxt, sülhə talib idilər, ermənilər dəxi nə mərtəbə sülhə mail olduqlarını bu məclisdə izhar edərlər. İnşaallah hər iki tərəf mətin bir sülh əqdi ilə xüsuməti kamilən rəf etmək üçün bəqədriimkan sərfi-müsai edərlər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü məclis

(Vaqe olur Keykavusun bargahında; təxtə əyləşmiş, vəzirlər yanında, musiqi çalınıb bazəndələr oynayırlar. Bir qədərdən sonra xor daxil olub təzim edir.)*Keykavus**

2 min
Dördüncü məclis

(Vaqe olur dava meydanında. Söhrab Hüceyri çəkib gətirir.)*Söhrab**

3 min
Pristav ağa

M... kəndində bir qəribə halətdir. Əhali bir-bir komalarından dışarı çıxıb, guya xof və vahimədən nəşət edən bir iztirab ilə o tərəfə bu tərəfə baxaraq, kəndin gen bir küçəsinə doğru gedirlər və burada toplaşıb dururlar. “Allah özü sovuşdursun” – deyirlər. Hər kəsin üzündə bir nişanəyi-xof, hərəkətində bir cürətsizlik, danışığında bir ehtiyat müşahidə olunur. Bunlar insanı bilaixtiyar titrəməyə məcbur edəcək mərtəbədə müdhiş bir hadisə vüquinə və yaxud mütəqəddim bir şəxsin vürudinə müntəzir idilər. Vaqiən belə idi: M... kəndinin əhalisi (Allah göstərməsin) pristav ağanın təşrifini gözləyirdilər. Dünən İran sərbazına müşabəhəti olan bir strajnik “bəy” kəndə gəlib, qabağına çıxan ağsaqqalları xubunca döyüb-söyəndən sonra, “sabah pristav ağa gələcək” dedi və gecə, döydüyü ağsaqqalların birinin evində qalıb, səhər atına minib, geri qayıtdı.Şayani-diqqət burasıdır ki, strajnik bəyin kəndə gələndə cibində beş-altı qəpik pulu var idi. Lakin gedəndə bu beş-altı qəpik bir gecənin içində beş-altı manata “istihalə” etmişdi. Bu “möcüzənin” sirri ev sahibi ilə cib sahibinə məlum idi.

4 min
Bir firəng ilə söhbətim

Günlərin bir günü, yəni bir neçə zaman bundan irəli nə tövr oldusa bir firəng ilə tanış oldum. Firəng məni, mən firəngi söhbətə tutduq, bir xeyli danışdıq, elədik; axırda firəng məndən soruşdu ki, bir de görüm bu Qafqazda nə qədər müsəlman vardır? Dedim, altı dəfə doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz və bir də altı müsəlman! Dedi, bu zəhməti çəkmə, altı milyon desə idin ağzın yorulmazdı. Dedim, mən müsəlmanam, doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzun mənə artıq təsiri olur, nəinki bir milyonun. Firəng bu sözə razı oldu və sonra yenə soruşdu ki, bu altı milyon müsəlmanın içində neçə qəzetə verilir. Dedim Allahdan gizli deyil, səndən nə gizli olacaqdır: bu altı milyon müsəlmanın içində bircə dənə qəzetə verilir; bunu dediyimi gördüm, firəng yerindən elə sıçradı ki, guya, kişini ilan dişlədi! Və üzündə elə bir heyrət və təəccüb əlaməti göstərdi ki, mənim özüm də quruyub mat qaldım və ürəyimdən keçirtdim ki, yazıq altı milyon müsəlman bir gör sənin içində bircə dənə qəzetə verilməsi yad firəngə nə pis təsir elədi və halonki, sənə qalsa istərsən ki, heç qəzet yerli-dibli olmasın! Amma sonra bildim ki, firəngi təəccübə gətirən altı milyon müsəlmanın içində bir qəzetə olması deyilmiş, çünki o məndən soruşdu ki, “Müsyo, indiyədək, nə təvarixdə, nə də heç bir abrazavannı yerdə görülməyibdir ki, bir dənə qəzetənin altı milyon müştərisi olsun!!! “Neujeli” sizin bir danə qəzetənizin altı milyon müştərisi var?! Firəng bu sualı mənə verdikdə, məndən bir qəhqəhə çıxdı ki, firəng elə bildi dəli olmuşam... dedi, nəyə gülürsünüz? Dedim: heç, onu deyirəm ki, qəzetəmizin altı milyon müştərisi yoxdur, bir qədər azdır.Dedi: Beş milyon?

2 min

Poems by other poets · Satire