Xəbər çıxdı ki, Osmanlıda qanuni əsasi verildi. Əlbəttə, heç kəs inanmadı.

Tanışlarımdan birisi deyir ki, “Tərəqqi”ni alıb, gördüm ki, başdan “Osmanlıda qanuni əsasi” yazılıbdır. Deyir: mən heç oxumadım. Elə bildim ki, bu ünvanda bir kitab elanıdır. Amma sonra gördüm, xeyr, kitab elanı deyilmiş, bəlkə əsli qanunı əsasi elani idi.

Bu xəbər Osmanlının düşmənlərinə artıq təsir etmədi. Onlar güldülər və özlərini arxayın etdilər ki, bu bir boş sözdür ki, bu gün yazıb, sabah deyəcəklər ki, balam, yalan imiş, elə şey yoxdur.

Sabah oldu, yalan olmadı, bürsügün oldu, yalan olmadı. Bəlkə getdikcə bu xəbər doğrulaşıb hamını inandırmağa başladı.

Osmanlı düşmənləri bir qədər bikef oldular, sonra ümid elədilər ki, yəqin bu qanuni əsasidən sonra necə ki, qaydadır qırğınlar-filanlar başlar. Yevropada bir bəhanə tapıb Osmanlının içinə girib, beş-altı qapaz vurar və deyər ki, siz nəsiniz, qanuni əsasi nədir?

Düşmənlər gördülər ki, qırğın da olmadı. Təəccüb elədilər ki, aya bəs bunların xuliqanları, qara dəstələri, qırğın həvəskarlıları yoxdurmu? Gördülər ki, yoxdur. Çox bikef oldular. Hətta istədilər ki, bir dəstə xuliqan tərtib edib göndərsinlər! Amma baxdılar ki, ondan da kar olmayacaqdır. Dedilər: görək qoşun nə qayıracaq. Güman elədilər ki, qoşun qanuni əsasini qəbul etməyib camaatı gülləbaran edəcəkdir. Bir də gördülər ki, Qurana and içdi ki, qanuni əsasini mühafizə etsinlər! Zabitlər, jandarmalar qanuni əsasi haqqında nitqlər söyləməyə başladılar...

Düşmənlər lap bikef oldular və bu iş onlara çox giran gəldi, dedilər:

– Bir görün, dünən can verirdi, bu gün hamıdan səlamət oldu. Bari bir qədər qan da tökülmədi ki, yenə bizim üçün bir təskinlik olaydı.

Və başladılar ağlamağa. Bunların səsinə o qədər adam gəldi. Təəccüb elədi, dedi:

– Nə üçün ağlayırsınız?

Dedilər ki, Osmanlıda qanuni əsasi olubdur.

Buna lap təəccüb edib dedi ki, canım, siz gərək sevinəsiniz ki, Osmanlıda qanun əsasi olmuşdur.

Dedilər ki, nə üçün?

Dedi ki, Bəs siz həmişə deyirsiniz ki, qanuni əsasi məmləkəti xarab edər, milləti məhv edər!

Dedilər ki, ey binəva! Bər əks, qanuni əsasi milləti dirildər, əzəmətə mindirər.

Dedi ki, bəs yaxşı, siz ki, özünüzə vətənpərəst deyirsiniz, bəs nə üçün qoymursunuz ki, öz vətəninizdə də qanuni əsasi olub, millət dirilə və əzəmətə minə?!

Onlar buna bir söz demədilər, ancaq başlarını aşağı salıb daha bərk ağlamağa başladılar. Çünki bir tərəfdən də yalanları aşkar oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ordan-burdan 81

Uyma dünyaya ey dili-qafil Nə olur bu əcuzədən hasil!*Pəh-pəh nə gözəl sözdür və nə ali fikirdir ki, İranın hakimləri və bəzi üləma və ruhaniləri camaata oxuyub haqqın əl və ya ayağını yerdən-göydən üzürlər.

2 min
İkinci Duma

Bu gün ikinci duma açılacaqdır. Millətin ən birinci arzusu hasil olacaq, onlar öz vəkil etdikləri adamlar vasitəsilə öz-özlərini və öz məmləkətlərini dolandırmaq işlərində bu gündən belə iştirak etməyə başlayacaqdırlar. Bundan belə demək olur ki, mütləqiyyətə bir nəhayət çəkilib, təbii, azadə, insanca dolanmaq təriqin ikinci duma tapmağa qeyrət edəcəkdir və qoysalar axtarıb tapacaqdır.Bir o qədər tökülmüş qanlar və nisar edilmiş canlar bahasilə ələ gətirilmiş olan birinci (duma)nı dağıtdıqdan sonra, ikinci dumanı “ağzıboş” və “ifratçılıqdan” bilmərrə bəri etmək üçün hökumət əlindən gələn vasitələri müzayiqə etmədi.

3 min
Ordan-burdan 82

Bizim yerlərdə qumar oynamaq elm oxuyub adam olmaq kimi çətin bir şey deyildir.Bir çox atalar elə ki, görürlər oğlanları oxuya bilməyirlər həmin saat məktəbdən çıxardıb qumarbazlığa qoyurlar.

2 min
Təəssüflər olsun

Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu. Və lənət olsun bu uzun zamana ki, bu tulanı mürurilə bizim içmizdən millət, camaat qəhrəmanı olacaq bir dahi çıxara bilmədi. Bir dahi ki, həqiqi ömür sürmək üçün, qabağımızı kəsib duran sədləri nistü nabüd edəcək qədər qüvvəti-mənəviyyəyə və cismaniyyəyə malik olub, bizi zülami-cəhalətdən nuri-maarifə tuş edə biləydi!Onda biz indiki kimi yazıq olmazdıq. Başsız, rəhbərsiz, gələcəyi şək və şübhə ilə dolu qalmazdıq... Lakin olmuşuq və qalmışıq!

3 min

Poems by other poets · Satire