Bizim yerlərdə qumar oynamaq elm oxuyub adam olmaq kimi çətin bir şey deyildir.

Bir çox atalar elə ki, görürlər oğlanları oxuya bilməyirlər həmin saat məktəbdən çıxardıb qumarbazlığa qoyurlar.

Qərəz, sözüm bunda deyil, onu qandırmaq istəyirəm ki, ən məşhur qumar bizim yerdə “dördaşıq”dır; bu “dördaşıq” üstündə yaxşıca sərmayə qazanıb “adam” olanlar və həmin “dördaşıq” üstündə atadan qalma sərmayəni fənayə verib əli qoynunda qalanlar burasını yaxşıca bilirlər ki, “dördaşıq” oyunda da iki şey var: “toxan və alçı”.

Hərifin biri həmişə istər ki, aşıqlar “alçı” dursun, o birisi də gözünü dikib “toxanlara” müntəzir olar.

Bəzi vaxt olur ki, həmin “alçı” atmaq arzusunda olan hərif ümidini ələlxüsus baş aşığa bağlayıb aşıqları hündürdən tullar, amma aşıqlar yerə düşəndə gözləri pər-pər çalar. Görər ki, aşıqların üçü də “toxan” durub, baş aşıq da bir az əgri durubdursa, amma yenə də “toxana” oxşayır. Onda həmin hərifin əhvalı bizim indiki hökumətin əhvalına bənzər. Çünki hökumət dəxi bu ikinci duma üstə camaat ilə “dördaşıq” oynayırdı, aşıqlar dəxi duma vəkillərindən ibarət idi.

Hökumət tamam səkkiz ay səy və təlaşda idi ki, ikinci dumanın vəkilləri “alçı” dursun, yəni hökumət nökəri olsun.

Amma nə fayda, görünür ki, qumarbazlıqda hökumətin əli gətirə bilməyir, çünki necə ki, indi məlum oldu, duma vəkillərinin hamısı “toxan” durubdurlar və Peterburq ilə Moskva vəkillərindən ibarət olan “baş aşıq”lar da hərçənd bir qədər əyri düşübdürlər, amma yenə də “toxana” hesabdırlar.

İndi, ey “alçıya” ümid bağlayıb “toxan” atanlar!

Görünüz hökumət nə haldadır!

Hələ hökumət o yana dursun, bir baxın görün, Tiflisə gedən Bakı vəkili cənab Qarabəyov nə haldadır ki, buradan oraya qarpız ümidi ilə gedib, orada heç şorpa xiyarı da tapmayıblar. Görünür ki, cənab Qarabəyovu, yəni bütün Bakı camaatını teleqram vasitəsilə aldadıbdırlar və bunları aldatmağa məcbur olan şeyxülislam cənabları olubdur. Şeyxülislam cənablarını da aldadan canişin həzrətlərinin dəftərxanası olubdur. Canişin həzrətlərinin də dəftərxanasını aldadan erməni “daşnaqsaqanları” olubdur. Erməni “daşnaqsaqanları”nı aldadan da onların ürəklərini özünə paytaxt etmiş şeytani-rəcim olubdur.

İndi məzəli burasıdır ki, görək əsil yalançılara nə cür tənbih olunacaqdır.

Əgər baxıb görsə ki, bu cürə qırmızı yalançılığı zarafata salıb gülürlər, onda bəd olmaz ki, biz də işimizi irəli aparmaq üçün o cürə “hiyləyisiyasi”lərə əl ataq, çünki gündə on dəfə yediyimiz “hiyləyi-şər” ilə günah hesab olmayan halda, “hiyləyi-siyasi”lər bu günlərdə lap savabdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ordan-burdan 16

QanlılıqDanabaş kəndi – Teleqraf agentəsinə buradan çəkilən teleqrafa görə Kərbəlayı Hümmətəli ilə qonşusu Qoçbala kişi arasında soyuqluq vaqe olubdur. Qoçbalanın arvadı Məşədi Gülsüm xalanın sözlərinə görə bu soyuqluğun ümdə səbəbi çil toyuqdur.

3 min
Ordan-burdan 17

Eynüddövlə, yəni dövlətin gözü“Dövlətin gözü” Təbriz üstə gedib bir şey bacarmadı; ona binaən şah təkcə oturub fikir edirdi ki, bu səfər Təbriz üstə bir ayrı adam göndərib adını da Səmiiddövlə, yəni dövlətin qulağı qoysun. Çünki doğrudan da bəzi vaxt göz görə bilməyən işi qulaq çox yaxşı görür. Məsələn, deyib şah məsəl üstə fikir edirdi.

4 min
Rusiyaya dair

Dövlət duması açılmaq üzrədir. Hər bir vüzəratın gələcək sənə üçün mədaxil və məxaric hesablarından əmələ gələn ümumdövlət büdcəsi kimi adi məsələlərdən başqa, zaman və cərəyani-hadisat ilə meydana atılmış bir çox məsələlər var ki, Dövlət duması onları həll etməyə məcburdur.Məsələn, bu gün Peterburqda darülfünun işləri böyük bir böhrana uğrayıb, tələbələr universitet qapılarını üzlərinə bağlamağa məcbur oldular. Bu darülfünun pərişanlığının baisi olan maarif vəziri Şvarts 1905-ci sənədə 27 avqustda darülfünun istiqlaliyyəti xüsusunda verilmiş fərmana müqayir olaraq verdiyi əmrlərini Senat vasitəsilə izah etmək istəyir və bu əmrləri həman fərmana müvafiq olduğunu qandırmağa səy edir. Lakin maarif vüzəratı tərəfindən maarif işlərinə dair ixtiyar edilmiş bu məslək, nəinki bir darülfünunda, əhali arasında, duma əzaları arasında, bəlkə rus milləti ittifaqı ilə ifrat sağ məbuslardan başqa hökumət nümayəndələri arasında da hüsn-qəbul görməyib, vəzirin məqamını paxlatsın. İndi, maarif vəzirinin istefa edəcəyi xüsusunda müvəkkəd şayiələr dövran etməkdədir.

3 min
Ordan-burdan 18

Kimdən nə soruşdularLoğman həkimdən soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: – Bakının işkol uşaqlarından.

1 min

Poems by other poets · Satire