Eynüddövlə, yəni dövlətin gözü

“Dövlətin gözü” Təbriz üstə gedib bir şey bacarmadı; ona binaən şah təkcə oturub fikir edirdi ki, bu səfər Təbriz üstə bir ayrı adam göndərib adını da Səmiiddövlə, yəni dövlətin qulağı qoysun. Çünki doğrudan da bəzi vaxt göz görə bilməyən işi qulaq çox yaxşı görür. Məsələn, deyib şah məsəl üstə fikir edirdi.

Dəlallüddövlə içəri daxil olub dedi:

– Padşah sağ olsun, ərzim var!

Və bu əhvalatı nəql etdi ki, Bakı şəhərində olan iranlılar budur iki gündür ki, tətil edib, konsulxanaya yığılıblar və deyirlər ki, şah məclisi açır açsın – və illah açmasa tətilə davam edib, konsulxanadan çıxmayacağıq.

Şah vahiməyə düşdü və barmağını yuxarı qaldırıb dedi:

– Görünür ki, bunların bir xatası var!

Dəlallüddövlə də şahın sözünə qüvvət verib dedi:

– Mən də o cürə anlayıram. Görünür ki, bunların bir xatası var.

Şah soruşdu ki:

– Sən nədən elə anladın?

Dəlallüddövlə cavab verdi:

– Teleqramın zahirindən!

Şah dedi:

– Mən də teleqramın zahirindən. – Və sonra soruşdu: – Teleqramın zahiri nə tövrdir?

O cavab verdi:

– Şah sağ olsun, teleqramın zahiri çox məzəlidir. Məsələn, ya mənə bir tümən pul ver, ya budur ki, ağaca çıxacağam!

Şah dedi:

– Afərin, mənə də elə görünür. Amma batini qorxuludur.

Dolallüddövlə yenə təsdiq etdi ki, batini qorxuludur.

Şah soruşdu:

– Bəs nə bilirsən ki, batini qorxuludur?

O dedi:

– Əgər Bakı iranlıları bu teleqramla yalnız bir protest göstərmək istəyirdilərsə, lap nahaq yerə zəhmət çəkirlər. Çünki onsuz da biz bilirik ki, məclisin açılmağının nəinki bir Bakı, bəlkə bütün Qafqazda olan iranlıların çoxuna xoş gəlmir və bu da bizdən ötrü birdir. Əgər xoşagəlməməkdən və quru protestdən qorxsaydıq, məclisi çoxdan açmışdıq.

Ş a h – Amma biz qorxmadıq!

O – Bəli! Ona görə də məclisi açmadıq.

Ş a h – Bunu da hamı bilir.

O – O cümlədən Bakı iranlıları da.

Ş a h – Bəs?

O – Bəs, deməli, bunların fikri protest deyil.

Ş a h – Və illah xalqı güldürürlər! Eləmi?

O – Əlbəttə! Bəs görünür ki, bunların fikri ayrı cürdür və necə ki buyurdunuz bunun yaman xatası var.

Ş a h – Bizim də qoşunumuz yox.

O – Olsa da, yığmaq üçün pul yox!

Ş a h – Pul tapmaq üçün də etibar yox!

O – Etibar qazanmağa da üzümüz yox!

Ş a h – Eynüddövlə, boynunu yerə soxduğum da, bişüur çıxdı! Xub, sən de görüm nədən anlayırsan ki, bu teleqram qorxuludur.

O – Şah sağ olsun, mən bu teleqramın batini məzmununu belə anlayıram: “Biz tətil etdik”, – yəni o günü qazandığımız puldan əl çəkib cibimizə qoymadıq, bəlkə bir ayrı yerə qoyduq ki, sonra onu... Səttarxana göndərək! Şah sağ olsun, heç bilirsinizmi ki, Bakıda neçə min iranlı var!?

Ş a h – Afərin, mən də o cürə qanmışam! Bəs konsulxanaya yığılmaq nədir?

O – Şah sağ olsun, “konsulxanaya yığılmaq”, yəni deyirlər ki, hamımız cəm olub, Təbrizə getmək istəyirik ki, Səttarxana kömək edək. Şah sağ olsun, heç bilirsinizmi ki, Bakıda nə qədər iranlı var?

Ş a h – Doğrudur! Bəs bunların xatası var! Aya görək nə etməli?

O – Şah sağ olsun, o biri vəzirləri də, Əmir Cəngi də çağıraq, görək nə deyirlər!

Hamını çağırdılar, şura quruldu. Şah əhvalatı onlara elan etdi. Vəzirlər bu xəbəri eşidib bikef oldular və dedilər:

– Xəbər gətirən evin yıxılsın!

Şah dedi:

– Ya bir əlac tapın, ya da ki, məclisi açıram.

Əmir Cəng qorxub, dedi ki, şah sağ olsun, bir qədər səbrini bas, hövsələ elə, görək nə əlac var? Və əmr verdi Lyaxov da gəlsin görək, o yenə bu cürə işlərə yaxşı bələddir.

Lyaxov gəldi. Şah dedi ki, Bakı iranlıları teleqraf vurub məclisin açılmağını tələb edirlər. Əgər məclis açılmasa, onlar neçə gün “tətil” edib, yəni o günləri qazandıqları pulları yığıb Səttarxana göndərəcəklər. Özləri də ona köməyə gedəcəklər.

Lyaxov başını buladı və dedi:

– İşlər xarabdır, – və dinmədi. Heç kəs danışmadı. Bir neçə dəqiqə xamuşluq oldu. Sonra Lyaxov teleqramın surətini istədi ki, oxusun, verdilər.

Lyaxov baxıb dedi ki, bu o teleqram dəyildir.

Şah dedi:

– Xeyr, odur.

Lyaxov dedi:

– Burada Təbriz-məbriz yazılmayıb.

Onda şah ilə Dəlallüddövlə dedilər:

– Doğrudur, zahirdə yazılmayıb, amma batində yazılıbdır.

Lyaxov başa düşmədi. Güclə onu başa saldılar. O halda Lyaxov şahdan izn istəyib, başladı qəhqəhə ilə gülməyə! Güldü, güldü, axırda özünü toxtadıb dedi:

– Ay padşah! Heç təşvişə düşmə, bu bir quru protestdir, vəssəlam! Burada ayrı bir fikir yoxdur!

Şah dedi:

– Canım, axı Bakı iranlıları bilirlər ki, mən belə şeylərə qulaq asmaram, bəs nə üçün hələ özlərinə zərər də vurub, nahaq yerə zəhmət çəkirlər?

Lyaxov qandırdı ki, buna “Yevropa qaydası” deyərlər, doğrudur, o cürə protestlər Avropada nəzərə alınar, amma İran üçün o cürə şeylərin mənası yoxdur.

Şah və vəzirlər çox şad oldular və Lyaxovun ağıl və kəmalına heyrət etdilər və dedilər:

– Qoy Bakı iranlıları qiyamətə kimi tətil eləsinlər!

Şura dağıldıqdan sonra vəzirlərdən birisi gedə-gedə belə zümzümə edirdi.

Saqi, benur bade bər əfruz came-ma

Motrob bequ ke, kare-cəhan şod bəkame-ma.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ordan-burdan 54

Sülh!.. Bu bir-iki ilin ərzində çox davalar oldu, çox da sülhlər oldu. Rus yapon ilə dalaşdı, axırda sülh oldu, erməni müsəlman ilə savaşdı. Qafqaz hökuməti də gürcülər ilə savaşıbdır. Amma sülh etmək istəmirlər ki, istəmirlər... Hökumət gürcülərin üstünə yaman düşübdür: özlərini döyür, kənd kəsəklərini viran edir, qəzetələrini də çıxdıqca bağlayır, çıxdıqca bağlayır. Neçə gün bundan irəli mən bir “peyğəmbərlik” edib demişdim ki, gürcülər digər bir qəzet çıxarsalar, hökumət onu da bağlayacaqdır. Dediyim doğru oldu. “Sovremennik” qəzetəsindən sonra gürcülər artıq bir fikir etməyib, “Na povorota” adında digər bir qəzetə çıxartdılar. Hökumət isə, o da artıq bir fikir etməyib, sabahı günü qəzetəni bağladı. Bu səfər gürcülər fikrə getdilər, – “yox, dedilər, belə olmaz, gəliniz gedək canişin həzrətlərinə şikayət edək və köhnə senzorun təkrar təyin edilməsini rica edək”.Hm!.. Bu nə oldu? Köhnə hamam, köhnə tas? Nə etməli? “...hər şeyin tazası, dostun köhnəsi”; senzor da məlum olduğu üzrə mətbuatın köhnə “dostudur”.

2 min
Ordan-burdan 55

Qəzetəni oxuyan müsəlman qəzetədən məlumat qazanır, biliyi artır. Ona görə: “Qəzetə oxumaq müsəlmana haramdır”.Qəzetəni oxuyan müsəlman bütün aləmin əhval və ovzaindən xəbərdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü hadisa və vaqiələri bilir. Ona görə: “Qəzetə oxumaq müsəlmanlara haramdır”.

1 min
Ordan-burdan 56

Strajniklərmi? Quldurlarmı?Həm strajnik, həm də quldur. Yəni, əvvəla strajnik hökumətdən bica yerə məvacib alır və saniyən küçələrdə quldurluq edib xalqın cibini soyur. Lakin strajnik-quldur ilə sadə quldur arasında bir fərq vardır. Sadə quldur gəlib-gedəni bəhanəsiz, filansız soyur. Strajnikquldur isə hər vaxt bir bəhanə tapır. Əsləhə axtarır, tapdığı 3-4 manat alıb, geri verir, tapmadı – yenə 3-4 manat alıb buraxır. Deməli, srajnik – yəni rəsmi quldur!

1 min
Ordan-burdan 57

Teleqraf xəbər verir ki, Peterburq şəhər hakimi qət edibdir ki, polis məmurlarına, yəni qaradavoylara, sairlərinə zireh geydirsin, zirehpuş etsin ki, güllə və sairə qaradavoyun canına əsər etməsin! Doğrudur, zirehpuş qaradavoyun Rüstəm pəhləvana bir qədər müşabəhəti olar, amma... görünür ki, Peterburq şəhər hakiminin bomba və dinamit zərbi zəngindən xəbərdarlığı yoxdur ki, bunun müqabilində dəmirdən qayrılmış qaradavoyun da canı davam gətirməz.Qaradavoy deyəndə – bizim Bakı qaradavoylarıdır. Şücaət, bəsalət, cəsarət – hamısı bunlarda var. Qaranlıq gecələrdə küçələrə çıxmazlar, aydınlıq və işıq gecələrdə ayaq altında piləsək vururlar. Davaşava ilə işləri yoxdur. Qoy camaat dalaşsın, onlara nə? Amma küçələrdə sərxoş və kefli adamların gəzməyinə razı deyillər. Keflini görən tək haman saat tutub çıxdığı şərabxanaya təkrar salırlar və özləri də bir qədər şərabxanada oturub gözləyirlər ki, bir “pis” iş-filan əmələ gəlməsin.

1 min

Poems by other poets · Satire