Page 1 of 3

S o l t a n b ə y i n evində vaqe olur. G ü l ç ö h r ə təkcə oturub oxuyur. Musiqi çalınır.

Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda.

M u s i q i

G ü l ç ö h r ə

Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda,
Tutiyi-laləm, şəkər nisbət məqalindən cüda. (2 dəfə)

M u s i q i

Der idim səbr eyləyim olsam cəmalından cüda.

M u s i q i

Der idim səbr eyləyim olsam cəmalindən cüda,
Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. (2 dəfə)
Ah … aman-aman … aman-aman!
Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. (2 dəfə)
Yar gəl, yar gəl, yar gəl, yar gəl!…

M u s i q i

Əqlimi tərk eylədim fəzlü kəmalindən cüda.

M u s i q i

Əqlimi tərk eylədim fəzlü kəmalindən cüda.
Dönmüşəm mən müflisə cahü cəlalından cüda. (2 dəfə)

M u s i q i

Tirə oldu ruzigarım zülfü xalindən cüda.

M u s i q i

Tirə oldu ruzigarım zülfü xalindən cüda,
Oldu səhra mənzilim vəhşi qəzalindən cüda. (2 dəfə)
Ah aman, aman, aman, aman!

M u s i q i

Oldu səhra mənzilim vəhşi qəzalindən cüda. (2 dəfə)
Yar gəl, yar gəl, yar gəl, yar gəl!…

M u s i q i

Üzünü örtüb ağlayır.

A s y a (daxil olub Gülçöhrənin yanına gəlir). Ah Gülçöhrə, sən allah, bir de görüm sənə nə olub ki, bu bir neçə gündür belə pərişan görünürsən?
G ü l ç ö h r ə. Vallah, heç özüm də bilmirəm. Yəqin naxoş olmuşam.
A s y a. Axı naxoş olanın bir yeri ağrıyar. Görünür ki, sənin heç yerin ağrımır, şükür allaha.
G ü l ç ö h r ə. Ah, Asya, neyləyirsən soruşub, sən allah qoy məni əldən.
A s y a. Yox, Gülçöhrə, bu bir neçə gündür ki, sən bilmərrə dəyişilibsən. Eyzən fikirdə, kefsiz, dinməz, yəqin burda bir hikmət vardır…. Ay qız, bəlkə bir adama bənd olubsan, hə?
G ü l ç ö h r ə. (Hərəkət edir). Kimə bənd olacağam….
A s y a. Yox-yox, qızardın. Görürəm ki, bir adama bənd olubsan, ancaq o adam kimdir? Bizə arşın malsatandan başqa heç kəs gəlməmişdi. (Birdən). Yəqin o gədəyə bənd olubsan?
G ü l ç ö h r ə. Gədə nə üçün olsun?!
A s y a. Aha, bildim. Arşınmalçıya gözün düşübdür. Ay qız, heç sənə yaraşan işdirmi? Sən bəy qızı, bəy balası bir gədənin birinə bənd olubsan…. Nədir-nədir bir qədər sir-sifəti var. Vallah, istər lap çıraq kimi yansın, heç bir belə də məhəl qoymaram; o hara, mən hara….
G ü l ç ö h r ə. (təqsirli kimi). Vallah özüm də başa düşmürəm ki, bu nə haldır. (Ağlamsınır və əlləri ilə üzünü örtür.)
A s y a (nəsihətyana). Sən yekə qızsan, elə şeyləri başından çıxart. Sən hara, bazarın gədəsi hara? Barı bənd olursan, elə adama bənd ol ki, sənə yaraşan olsun. İkinciyə qalan yerdə bənd olmaq özü qız üçün çox pis şeydir. Bax, mən sənin kimi bir qızam, amma heç gör mən bir adama bənd olurammı? Bir də vallahi, işdir, birdən atan bilsə, yəqin bil ki, səni tikə-tikə doğrar.
G ü l ç ö h r ə. Qoy atam bilsin, bir kərəlik məni öldürsün ki, canım qurtarsın.
A s y a. Axmaqlama, axmaqlama! Gəl bəri, gedək o biri otağa, gör sənə nələr söyləyəcəyəm.

G ü l ç ö h r ə n i aparır, gedirlər.

S o l t a n b ə y (daxil olur, tək). Zalım oğlu arşınmalçının xalası yaxşı girimə keçmişdi, olmadı. Əsl mən deyən arvad elə o idi ki, hallıca, dul, əndamlı. Bir nəfər molla, üç manat pul və bir kəllə qənd, şüt-tamam, vəssalam. Amma di gəl ki, məndə bəxt yoxdur…. Qudurğan oğlu qudurğan, bir dul xalasının əvəzində gözəl-göyçək qızımı istəyir. Guya ki, mən qızımdan əl çəkmişəm, bazarın gədəsinə verəm…. Mən bir bəyəm ki, bütün tanışlarım adımı əzbər bilir. Əşi, xanla aş yemirəm ki, bığım yağa batar, bir gədənin birisi mənə göyə olmaq istəyir…. Amma xalasını alardım və bir söz deyən olsaydı, deyərdim ki, bir fəqir dul arvad idi, rəhmim gəldi, aldım…. Əlqərəz, arvad elə öz ayağı ilə yanıma gəlmişdi, şeytan oğlu şeytan işə pərxaşlıq saldı. Qoymadı işimizi görək…. Ah, gedək bir az dincələk; yenə belimin ağrısı tutdu…. (Gedir o biri otağa, bu biri otaqdan Telli çıxır.)
T e l l i (tək). Of, yenə ağam getdi uzanmağa. Kişi lap zəhləmi tökübdü, indi yenə çağıracaqdır ki, ay qız Telli, gəl üstümü basdır. (Soltan bəyin səsi gəlir: "Ay qız Telli, gəl üstümü basdır"). Çor, zəhrimar…. (Mülayim) Gəlirəm, gəlirəm. (Gedir.)A s y a (daxil olub, tək). Ha öyüd, nəsihət edirəm olmur. Görünür ki, qız gədəyə çox bənd olubdur. Ağlayır, ağlayır, gözünün yaşını dolu kimi tökür; adamın rəhmi gəlir: bilmirəm hayandan gəldi çıxdı bura arşın malsatan…. Yenə bir bəy balası ola, ya bir tacir oğlan ola, yeri var. Halbuki bazarın gədəsi…. (Pənçərəyə tərəf baxır). O kimdir bizə gəlir? Buy, nə yaxşı oğlandır, vallah lap bəy balasına oxşayır. Bax adam bənd olanda da beləsinə ola. Görəsən bu bizə niyə gəlir, xeyir xəbər ola. Gəlir, gəlir, düz bizə gəlir, qoy gəlsin qaçmayacağam. Gəldi….

Q a p ı döyülür. A s y a qapını açır. S ü l e y m a n daxil olur. Asya əli ilə üzünü gizlətmək istəyir.

S ü l e y m a n. Soltan bəy evdədirmi?
A s y a. Bəli, evdədir. Bir qədər burada əyləşin, gedim çağırım. (Gedir.)
S ü l e y m a n (tək). Yəqin ki, Soltan bəyin qızıdır, amma əcəb gözəl qızdır, bərəkəllah, Əsgər! Görünür ki, kişinin ruhu var ki, özünə bu cür qız seçibdir. Mən belə bilmədim ki, Soltan bəyin qızı gözəl imiş, yoxsa əvvəldən bilsəydim özüm alardım. Heyf. Amma yaxşıca qızdır. Vallahı çox böyük səhv eləmişəm. Gərək bu qızı mən alaydım. Halbuki indi gəlmişəm qızı Əsgər üçün istəyəm. (Fikir). Yoxsa, bəlkə elə gəlmişkən, elə özüm üçün istəyim?… Yox, bu yoldaşlıq haqqında namərdlik olar. Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir, necə ola bilər ki, onu məyus eləyim, lənət şeytana. Adam gərəkdir dostluqda düz ola. Nə eləmək? Mən də axtararam, özümə bir gözəl qız taparam, xainlik pis şeydir.

S o l t a n b ə y daxil olur.

S o l t a n b ə y. Paho, Süleyman, sən hara, bura hara? Xeyir xəbər olasan, əyləş görək nə var, nə yox? (Əl-ələ verib, otururlar).
S ü l e y m a n. Bəy, xeyir olmamış nə olacaq? Şükür allaha, hər şey öz yerində sazdır.
S o l t a n b ə y. Çox gözəl, indi söylə daha nə var, nə yox?
S ü l e y m a n. Bəy, bilirsən bu dünyanın işi elə belə gəlibdir ki, insan insana lazım olur, adam adama gərək olur. Görürsən ki, əvvəlcə bir adamı heç tanımırsan, sonra tanış olrusan, ondan sonra lap qohum olursan. Ancaq bir iş var ki, qohum olanda, gərək elə olasan ki, sənə yaraşan ola, özü də varlı ola, adlı-sanlı ola…. Məsələn, götürək bizim cavan tacirimiz Əsgəri….
S o l t a n b ə y. O kimdir?
S ü l e y m a n. Bəy, sən onun özünü tanımasan da, atasını yaxşı tanıyırsan. Mərhum bəzzaz Mürsəli deyirəm ki, bir gözəl kişilərin birisi idi.
S o l t a n b ə y. Hə, yaxşı tanıyıram; həqiqət, mərhum çox gözəl kişi idi.
S ü l e y m a n. Bəli, indi Əsgər dediyim oğlan onun oğludur ki, o da hər bir barədə atası kimi gözəl adam və ağıllı oğlandır. Özünün də şükür allaha, yaxşı varı, malı. Alveri də çox böyük tərəqqidədir.
S o l t a n b ə y. Yaxşı, Əsgər nə deyir?
S ü l e y m a n. Əsgərin dediyi odur ki, səninlə qohum olmaq istəyir.
S o l t a n b ə y. Balam, mənim qızım uşaqdır ki….
S ü l e y m a n. Bəy, gərək uşaq olmasın. Amma onu bil ki, Əsgər özgə adamdır, bəy. O sayaq oğlanın qohumluğu sənə hər bir barədə yaxşı olar.
S o l t a n b ə y. San orasını doğru deyirsən; həqiqət tacir tayfası mənim xoşuma gəlir. Yoxsa bu incinar-mincinar, doxtur-moxtur, vəkil-məkil, uçitel-muçitellər ilə mənim işim olmaz. Və xoşuma da gəlməzlər. Ancaq burası var ki, Əsgəri mən görməmişəm. Hərçənd bilirəm ki, atası yaxşı kişi idi və dövləti də çox idi, ancaq bəzi vaxt yaxşı kişinin pis övladı olur.
S ü l e y m a n. Xeyr, bəy, Əsgər çox gözəl oğlandır. Çox ağıllı, yaraşıqlı və çox da şüurlu oğlandır. O barədə təvəqqe edirəm ki, mənə etibar edib, sözümə inanasan. Hərgah allah eləməmiş Əsgər pis adam olsaydı, mən sənin qızını ona istərdimmi?
S o l t a n b ə y. Elə isə, allah xeyir versin, razıyam….
S ü l e y m a n (əl tutur). Allah xeyir versin, allah hər ikisini xoşbəxt eləsin. Oğul-uşaq sahibi olsunlar.
S o l t a n b ə y. (durur). İndi buyur də, buyur, gedək o biri otağa çaydan-zaddan içək, söhbətimizi də orada edək. (Durub, o biri otağa keçirlər.)
A s y a (daxil olur, tək). Vallah, heç belə gözəl oğlan olmaz. Ömrümdə də görməmişəm. Qoy indi də bu qapının deşiyindən baxım, (Əyilib qapının deşiyindən baxır.) Mən də bu oğlana bənd olacağam. (Acıqla). Nə qayırım? Gülçöhrə gədənin birinə bənd olanda, mən niyə bəy oğlu kimi bir cavana bənd olmayım? Elə olaram ki, hələ Gülçöhrəni də ötərəm…. (Aşiqanə). Of, həqiqət, adamın adama gözü düşəndə əhvalı necə pərişan olur! (Oxuyur).

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ovzaımız

Bir neçə zaman bundan əvvəl məqalələrimizin birində millətimizə rəhbər və başçı olmalı adamlar lazımdır məalında bir şey yazmışdıq. Bugünkü halımız camaatın adamsız qaldığını və adama əşədd möhtac olduğunu ən müəssir bir surətdə göstərməkdədir. Bir tərəfdən zemstvo məsələsi, digər tərəfdən məktəb və ələlümum maarif məsələsi, bir yandan da qərəzi-şəxs həvəsilə iş görməyə atılıb da, camaatın zərər və fəlakətindən mənfəət aparmaq istəyənlərin əmal və hərəkatimüzürrəsinə qarşı məmaniət göstərmək məsələsi. Bunların hamısı həll və fəsilsiz qalmaqla nə qədər zərərləri movcib olur.Bu zərər və ziyanları görüb də dinməmək, danışmamaq məhz xəyanət və vicdansızlıqdır. Axırda camaatın fəlakətini mövcib ola bilən bu zərər və ziyanları dəf etməklə işlərimizi düzəltmək və hər bir işi öz yoluna qoymaq üçün adamlar lazımdır. Oylə adamlar ki, qəlbləri pak, niyyətləri xalis olmaqla bərabər qüvayi-ruhaniyyələri möhkəm və mətin olsun. Hissiyyat sahibi deyil, əqli-səlim sahibi olsunlar... Zira hər bir böyük işdə insan ancaq əqlini özünə rəhbər tutmalıdır. Yoxsa hissiyyata təvəssül edilərsə, işi batırar, yaxşı nəticə görməz. Doğrudur insanın hissləri iki cürədir: yaxşısı da var, yamanı da. Yaman hisslərin insanın qəlbindən bilmərrə məhv və nabud olmasının lüzumu şübhəsizdir. Yaxşı hisslərə dəxi o qədər nəşvü nüma verməməlidir ki, əqlisəlimə qalib gəlsinlər.

3 min
Tələbələr məsələsi

Qəzetəmizin dünənki nömrəsində ədib və müəllim möhtərəm Firidun bəy Köçərli cənabları oxuyan uşaqlarımızın müşkül halından bəhs edib, onlara bir çarə arayırlar. Ədadı məktəblərdə və seminariyalarda oxumaq istəyən, lakin pulsuzluq ucundan böylə nemətlərdən məhrum qalmış uşaqların halı nə qədər müşküldürsə, “student” namilə ali məktəblərdə oxuyan və ya oxumaq istəyən cavanlarımızın əhvalı daha ağır, daha müşküldür.Bundan əvvəl studentlərimizə ianə verib kömək edənlər yenə azçox olurdu, amma hal-hazırda bu ianə mənbəyi hər yerdən quruyubdur, odur ki, təhsili-ali şövqündə olan tələbələrimizin ədədi gündən-günə artmaq əvəzinə gündən-günə azalmağa üz qoyubdur. Bu xüsusda “Kaspi” qəzetəsində müsəlman tələbələrindən Hacınski cənabları öz zavallı yoldaşlarının ağır halından bəhs edib, camaatı ianiyə təklif eləyir. Lakin iş burasındadır ki, belə ianələr ilə bu mühüm işə əncam vermək olmaz. Burada elə bir iş görməlidir ki, mövcud tələbələrimiz maddi cəhətdən arxayın olub, təhsillərini bitirməklə bərabər, ali məktəblərə girmək istəyən cavanlarımız dəxi bu yolda maddi cəhətdən məmaniyət görməsinlər.

3 min
Ordan-burdan 44

Dünən vədə verdik ki, məşhur xuliqanların adlarını yazaq; hərçənd bu xuliqanlar onsuz da camaata məlumdur, amma burada təkrar söyləsək mənfəətdən başqa heç bir ziyanı olmaz.Əvvəlinci, bu bir xuliqandır ki, bunun dili budur:

1 min
Ayrı söhbət

Rəmazan günü, bir nəfər “bizim adam” ilə bir nəfər yevropalı bir müsəlman şəhərin Quba meydanı və ya bazarbaşı kimi bir yerinə tərəf gedirlər.Və görürlər ki, orada bir xeyli camaat dövrə çökübdür. Yevropalı güman edir ki, burada mitinq qurulubdur.

1 min

Poems by other poets