İkinci məclis
Page 2 of 3 · 33%
Gedirlər.
Ə s g ə r. Sağ olun, var olun!
G ü l ç ö h r ə (gedə-gedə). Sən də sağ ol!
Ə s g ə r (tək). Sözün doğrusu, bundan yaxşı qız görmədim və ola bilsin ki, heç görməyim. Gəl Əsgər, ya qismət de, bunu al. Soltan bəy məni görməyibdisə də, adımı eşidibdir. Bilir ki, dövlətli tacir oğlanam. Yəqin qızı istəsəm verər. İndi görəsən, qız bilsə ki, mən doğrudan da arşın mal satanam, mənə gələrmi? Qızı bilmirəm, amma Soltan bəy bilsə ki, mən arşın mal satanam, min il də qalsa, qızı mənə verməz. Allahın altında qız bir də çıxaydı, yenə bir görəydim, danışdıraydım. Dayan…. (Qapıya baxır). Deyəsən, gələn var. Qoy gizlənim görüm kimdir. (Gizlənir, qapı açılıb Gülçöhrə çıxır).
G ü l ç ö h r ə. Asya demişkən, arşınmalçının sir-sifəti yaxşı idi. İndi Asyaya desən ki, gəl səni ona ərə verək, bir həşir qatar, deyər ki, mən arşınmalçının tayıyam? Amma məncə, arşınmalçılıq pis iş deyil ki. O da tacir kimi bir şeydir. Vallah, atam razı olsa mən ona ərə gedərəm. Çünki nə sayaq olsa, yenə də üzünü görmüşəm, bilirəm ki, şil deyil, kor deyil, keçəl deyil, sifəti də xoşuma gəldi. Üzü nəcib adamın üzünə oxşayır. Vallah onu qəşəng geyindirəsən, bir oğlan çıxar ki, bəy balası kimi…. Mənə deyir ki, yəqin sənin əlin bərəkətlidir. Özü də elə baxırdı ki, guya tək məni görür…. Bir də görsəydim, yaxşıca diqqət edərdim…. Ah, gör nə danışıram, kim bilir, bəlkə onun arvad-uşağı vardır…. (Fikrə gedir).
Ə s g ə r (çıxır hüzura, arşın ğoltuğunda). Xanım, bağışla….
G ü l ç ö h r ə (səksənir), Uy, qorxdum a….
Ə s g ə r. Qorxma, xanım, deyəsən mən arşını burada qoyub getmişəm.
G ü l ç ö h r ə. Olsa burada qalardı….
Ə s g ə r. Zərər yoxdur, evdə alahı arşınım vardır.
G ü l ç ö h r ə (kənara). Yenə o sayaq baxır, gözü-gözümə sataşanda elə bil ki, ildırım kimi məni vurur.
Ə s g ə r. Xanım, allahın altında Soltan bəyin on iki nəfər sən kimi qızı olaydı.
G ü l ç ö h r ə. Yəni nə demək istəyirsən?
Ə s g ə r. Onu demək istəyirəm ki, bir qızını bəyə, birini xana, birini tacirə, birini mollaya, birini də seyidə verib, axırda birini də mənə verəydi….
G ü l ç ö h r ə. Nə olar ki….
Ə s g ə r. Amma yox, verməz, əlbəttə verməz. O bir bəy adamdır, amma mən arşınmalçı. O mənə qız verməz…. (Kinayə ilə) və bir də versə də, qız gəlməz….
G ü l ç ö h r ə. Görünür ki, sən subaysan.
Ə s g ə r. Lap subayam, allahın bərəkətindən işim də çox yaxşı gedir. Bir parça çörəyim var, ac deyiləm.
G ü l ç ö h r ə. Bəs nə üçün indiyə qədər evlənməyibsən?
Ə s g ə r. Nə sayaq evlənim; görmədiyim qızı almaram; gördüyüm qızlardan da xoşuma gələn, ürəyimə yatan bir nəfər olubdur ki, onu mənə verməzlər….
G ü l ç ö h r ə. Qız özü sənə getməzmi?
Ə s g ə r. Yəqin ki, getməz, çünki o bəy qızıdır.
G ü l ç ö h r ə. Sən əvvəlcə qızdan soruş, sonra de. Nə bilirsən getməz?
Ə s g ə r. Doğru buyurursan, xanım, bəs, elə isə de görüm mənə gələrsənmi?
G ü l ç ö h r ə (təəccüblə). Kim? Mən?
Ə s g ə r. Bəli sən, mənim xoşladığım qız bircə sənsən.
G ü l ç ö h r ə. Mən elə bildim ki, özgə qızdır….
Ə s g ə r. Səndən başqa özgəsi ola bilməz.
G ü l ç ö h r ə. Bəs sən məni bir kərə görməklə xoşladın?
Ə s g ə r. Əlbəttə, xanım, göz gördü, könül sevdi. Gözüm səni görən kimi, qəlbim sevindiyindən çırpınmağa başladı.
G ü l ç ö h r ə (kənara). Vallah mənimki də elə oldu.
M u s i q i
Ə s g ə r.
Öyrənib pürfənd oldum,
Özgəyə rüşxənd oldum. (2 dəfə)
Hər bir dərdə mən doldum,
Səni gördüm, bənd oldum. (2 dəfə)
Elə bənd oldum, elə bənd oldum,
Elə bənd oldum, dilbər!
Dura bilməm mən sənsiz.
M u s i q i
G ü l ç ö h r ə.
Heç kəsi mən görməzdim,
Sirrimi söyləməzdim. (2 dəfə)
Nədir aşiq bilməzdim,
Səni gördüm bənd oldum. (2 dəfə)
Elə bənd oldum, elə bənd oldum.
Elə bənd oldum, dilbər!
Dura bilməm mən sənsiz.
M u s i q i
İ k i s i b i r y e r d ə.
Kömək etdi çün ol bəxt,
Gəldi çatdı axır vəxt. (2 dəfə)
Ömrümü bildim xoşbəxt,
Səni gördüm bənd oldum. (2 dəfə)
Elə bənd oldum, elə bənd oldum,
Elə bənd oldum dilbər. (2 dəfə)
Dura bilməm mən sənsiz.
M u s i q i
Ə s g ə r. Xanım, mən sənə yaraşan deyiləm.
G ü l ç ö h r ə. Bilmirəm, amma xoşlamışam.
M u s i q i
Ə s g ə r. Görünür, doğru deyirlər ki, qəlb qəlbi istər, xanım….
G ü l ç ö h r ə. Mənə xanım demə, adım Gülçöhrədir.
Ə s g ə r. Gülçöhrə, bəs nə sayaq edək ki, atan səni mənə versin?
G ü l ç ö h r ə. Məni atamdan istə, verər, verər, verməz--mən özgəsinə ərə getmərəm….
Ə s g ə r (kənara). Çox əcəb. (Ona) Atan səni güclə verər.
G ü l ç ö h r ə. Güclə də getmərəm.
Ə s g ə r. Səni zorla apararlar.
G ü l ç ö h r ə. Özümü boğaram.
Ə s g ə r. Allah eləməsin. İndi ki, belə oldu, qoy bir yaxşı fikir edək görüm bəlkə bir əlac taparam. İndi sən get evə, yoxsa bizi görərlər, xudahafiz.
G ü l ç ö h r ə. Xudahafiz. Amma onu bil ki, sözüm sözdür. (Gedir).
Ə s g ə r (tək). Deyirəm vallah, ürək elə bir olur. Yazıq qız məni xoşlayıbdır. Özü də bilmir ki, dövlətli tacirəm. Mən də qəsdən demədim ki, qoy axıra kimi qızı sınayım. Çox əcəb. İndi mən gedim bir bəhanə ilə xalamı dəxi buraya göndərim ki, baxsın, görsün necə qız seçmişəm.
Gedir.
G ü l ç ö h r ə çıxıb ora-bura baxır və sonra oturub fikrə gedir.
G ü l ç ö h r ə. Bu nə iş idi mən elədim. Yad oğlanla nələr danışdım ki, heç qıza yaraşmaz…. Bilmirəm haradan gəldi çıxdı. Özü yaxşı, sözü yaxşı…. Heç fikrimdən çıxmır…. Ah, necə könlüm pərişan olubdur (Oxuyur).
M u s i q i
Aşiq oldum necə bir tazə güli-rənayə.
M u s i q i
Aşiq oldum necə bir tazə güli-rənayə
Ki salıbdır məni ol işvə ilə qovğayə. (2 dəfə)
Aşiq oldum, aşiq oldum, aşiq oldum,
Necə bir tazə güli-rənayə. (2 dəfə)
M u s i q i
Gözümün qanı ilə sinəmi al etdim kim, (2 dəfə)
Səbəbi-sənət ola ol büti-bipərvayə, (2 dəfə)
Pərvayə, pərvayə.
Bu bir işdir ki, məni iynə kimi incəldib, (2 dəfə)
Salır iplik kimi hərdəm bir uzun sövdayə,
Aşiq oldum, aşiq oldum, aşiq oldum,
Necə bir tazə güli-rənayə. (2 dəfə)
A s y a və T e l l i çıxıb oxuyurlar.
A s y a və T e l l i.
Nə pərişandır halın
Gülçöhrə, Gülçöhrə?!
Nədir bu ahı-zarın?
Tez söylə, tez söylə.
Niyə solmuş rüxsarın?
Gülçöhrə, tez söylə.
Qıza layiq olmaz kim,
Dərd etsin, qəm çəksin. (2 dəfə)
Nədir bu ahı-zarın?
Gülçöhrə, tez söylə,
Gülçöhrə, tez söylə. (2 dəfə)
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-arsin-mal-alan-ikinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Bir qədər qəzetəçilik dərsiM ü ə l l i m – Qəzetəyə hər cür şey yazmaq olarmı?
Ordan-burdan 24Yarım günlük səyahətim...qərəz mindik vaqona. Burada məndən savayı iki nəfər gəncəli ilə iki nəfər də bakılı və bir nəfər şamaxılı var idi. Başladıq söhbət eləməyə. Allah bunlardan razı olsun, çünki bunların söhbətindən bir çox bilmədiyim şeyləri qandım və öyrəndim. Məsələn, gəncəli dedi ki:
Ordan-burdan 25Yarım günlük səyahətim və yaxud üsuli-cədidtəlimi nəyə deməzlər!
Ordan-burdan 26İrana dair aşıq nağılıElə ki Təbriz “guruldadı”, Əmir Bahadır Cəng başılovlu yüyürdü Şeyx Fəzlullahın yanına, şeyx bunu görüb qorxdu və dedi: ya Əmir! Bu nə pəjmürdə haldır, əhvalın nə üçün belə pərişandır? Onda Əmir Cəng əlini qulağının dibinə qoyub bir Qarabağ şikəstəsi çağırdı və dedi: