Birinci pərdə
Vaqe olur məktəbdən kənarə bir ç ə m ə n d ə. M ə c n u n bir kənarda durub, L e y l i n i n yolunu gözləyir. Pərdədən qabaq musiqi çalınır, xor və cəmi əhli-məclis "Şəbi-hicran" havası oxuyurlar.
(M u s i q i)
H a m ı (xor)--
Şəbi-hicran yanar canım,(2 dəfə)
Tökər qan çeşmi-giryanım, (2 dəfə)
Oyadar xalqı əfqanım, (1 dəfə)
Qara bəxtim oyanmazmı?! (2 dəfə)
(M u s i q i)
Güli-rüxsarına qarşu (2 dəfə)
Gözümdən qanlı axar su, (2 dəfə)
Həbibim, fəsli-güldür bu, (1 dəfə)
Axar sular bulanmazmı?! (2 dəfə)
PƏRDƏ
(Hamı dağılır, Məcnun qalır)
M u s i q i: mahur-hindi.
M ə c n u n--
Yandı canım hicr ilə, vəsli-rüxi-yar istərəm,
Dərdməndi-firqətəm, dərmani-didar istərəm.
Bülbüli-zarəm, deyil bihudə əfqan etdiyim,
Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm.
L e y l i (gəlir, mahur-hindi üstə)--
Eşq daminə giriftar olalı zar olubam,
Nə bəladır ki, ona böylə giriftar olubam.
Qüdrətim yox ki, qılam kimsəyə şərhi-qəmi-dil,
Öylə kim, arizeyi-hicr ilə bimar olubam.
(Musiqi şikəsteyi-fars çalır, M ə c n u n L e y l i y ə yavuqlaşıb oxuyur).
M ə c n u n--
Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı,
Sayə tək bir yerdə durmağa qərarım qalmadı.
Rahi-eşq içrə mənə ancaq fəna məqsud idi,
Şükr kim, məqsudə yetdim, intizarım qalmadı.
L e y l i--
Dili-zarimdə nə kim, var bilirsən, bilirəm,
Yar, hali-dilimi zar bilirsən, bilirəm,
Mən, nə hacət ki, qılım şərh sənə hali-dilim,
Dili-zarimdə nə kim, var bilirsən, bilirəm,
(M u s i q i: təsnif)
L e y l i v ə M ə c n u n (bir yerdə)--
Ah eylədiyim sərvi-xuramanın üçündür, (2 dəfə)
Qan ağladığım qönçeyi-xəndanın üçündür. (2 dəfə)
Sərgəştəliyim kakili-mücganın ucundan, (1 dəfə)
Aşüftəliyim zülfi-pərişanın üçündür. (1 dəfə)
(M u s i q i: segah)
M ə c n u n--
Payibənd oldum səri-zülfi-pərişanın görüb,
Nitqdən düşdüm ləbi-ləli-dirəxşanın görüb.
Oda yandım şəmvəş canım baxıb rüxsarına,
Çərxə çəkdim dudi-dil sərvi-xuramanın görüb.
L e y l i--
Könlüm açılır zülfi-pərişanını görcək,
Nitqim tutulur qönçeyi-xəndanını görcək.
Baxdıqca sənə qan saçılır didələrimdən,
Bağrım dəlinir navəki-mücganını görcək.
(M u s i q i: segah)
M ə c n u n--
Qəddin həlakiyəm, düşə bilməm əyaqinə,
Bir eşqə düşmüşəm ki, bulunmaz nəhayəti.
Bildim təriqi-eşq xətərnakdır, vəli
Mən dönməzəm bu yoldan, ölüm olsa qayəti.
L e y l i--
Ey hər təkəllümüm xəti-səbzin hekayəti,
Virdim həmişə məshəfi-rüxsarın ayəti,
Mən kim, səni görəndə gedir əldən ixtiyar,
Gəlməz bəyanə möhnəti-eşqin şikayəti,
(Bu halda q ı z l a r L e y l i y ə tərəf gəlib oxuyurlar).
(M u s i q i)
Q ı z l a r--
Nagah olur, Leyli, atan agah (2 dəfə)
Kim, qeyrilə aşina olubsan, ay Leyli! (2 dəfə)
(M u s i q i)
Layiq deyil, Leyli, sənə bu üslub, (2 dəfə)
Yaxşı nəzər eyləsən yamandır, Leyli! (2 dəfə)
(M u s i q i)
(L e y l i n i aparırlar, M ə c n u n tək qalıb, bikef oturur. Bu halda M ə c n u n u n a t a s ı gəlir).
M ə c n u n u n a t a s ı (çahargah üstə)--
Ey bülbüli-bustani-bidad!
Hali-dilini mənə bəyan et,
Əsrari-nəhanini əyan et.
Kim aldı əlindən ixtiyarın?
Kim eylədi tirə ruzigarın?
Nə seyrdəsən, sənə tələb nə?
Bu naleyi-zarinə səbəb nə?
Dəryadə isə sənə düri-kam,
Sən söylə, mən eyləyim sərəncam.
(M u s i q i: çahargah)
M ə c n u n--
Ey piri-şikəstə hali-naşad,
Tanrıyçün əlimdən eyləmə dad.
Demə ki, nədir bu macəralar,
Səndən mənə yetdi bu bəlalar.
Mən bilməz idim qəmi-cahanı,
Təşvişi-zəminü asimanı.
Bilməzlik ilə xoş idi halım,
Nə hüsnü, nə eşq idi xəyalım.
(M ə c n u n u n a n a s ı gəlir və müxalif üstə oxuyur)
M ə c n u n u n a n a s ı--
Ey rahəti-canü nuri-didə!
Fərzəndi-yeganeyi-güzidə!
Sən sərvsən, olmagil giranbar!
Azad ola gör, nə kim giriftar!
Sən ləlsən, olmagil səbüksəng,
Döndərmə günəş görüb rəvan rəng!
Bizdən bu nəsihəti qəbul et!
Hər ləhzə bizi, yetər, məlul et!
M ə c n u n--
Ey ruhi-rəvanım ata, ana!
Kami-dilü canım ata, ana!
Bildim bu işi özümə layiq,
Leyli sənəmə mən oldum aşiq.
Sonra olubam bu işdən agah,
Amma nə deyim, nə söyləyim?
Ah! Yoxdur bu işimdə ixtiyarım,
(Çahargaha enir)
Əql oldu zəifü, eşq ğalib,
Xatir nigəran, nigari cazib.
A t a s ı (çahargah üstə)--
Can vermə ğəmi-eşqə ki, eşq afəti-candır.
Eşq afəti-can olduğu məşhuri-cahandır.
Yaxşı görünür surəti məhvəşlərin, əmma
Yaxşı nəzər etdikdə sərəncamı yamandır.
Eşq içrə əzab olduğun ondan bilirəm kim,
Hər kimsə ki, aşiqdir işi ahü fəğandır.
(M u s i q i: təsnif)
A t a s ı--
Durun gedək evimizə! (2 dəfə)
A n a s ı--
Qeysim, Qeysim!… (1 dəfə)
M ə c n u n--
Ata, ana, eşqin həvası
Məni məcnun edəcəkdir,
Məni məcnun edəcəkdir!…
(M u s i q i)
A t a s ı--
Mən sənə Leylini gedib, alıb istərəm, (2 dəfə)
A n a s ı--
Oglum, oglum!… (1 dəfə)
M ə c n u n--
Ata, ana, eşqin həvası
Məni məcnun edəcəkdir,
Məni məcnun edəcəkdir.
(M u s i q i)
PƏRDƏ
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-leyli-ve-mecnun-opera-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Biz gözləyirdik ki, bugün-sabah vəzirlərin istefa verməyi xəbərini eşidəcəyik. Amma onun əvəzində (işə bax!) dumanın buraxıldığı xəbəri gəldi...Yazıq Duma! Qovulandan bəri hər dəfə vəzirlərə üz tutub o qədər atstavka təklif etdi ki, axırda özü atstavka verməyə məcbur oldu. Duma buraxıldı...
Ordan-burdan 77Belə rəvayət edirlər ki, Dövlət dumasının buraxılması müsəlman vəkillərinə çox artıq təsir edibdir. Belə ki, duma buraxılandan sonra, onlar bir yerə cəm olub bikef və bidamaq oturubmuşlar. Bir qədər sükutdan sonra bunların birisi başını qalxızıb sairələrinə deyibdir:– Allahın altında, adam gələcəyi bilə idi!
Dövlət Dumasının buraxılmasına dairMəlum olduğu üzrə, Dövlət dumasının bu tez zamanda buraxılmasına ümdə səbəb bu olubdur ki, dumanın vəkilləri hökumətlə bir ay müddətində olan mübahisə və mübarizəyi binəticədən sonra istəyirlərmiş ki, bir xitabnamə yazıb əhali arasına buraxsınlar. Bu xitabnaməni yazmaqda dumanın qəsdi o imiş ki, öz vəzifəsinin ifa edilməsini camaata bildirsin, söz yoxdur ki, duma bu xitabnaməni yazıb da belə zənn edirmiş ki, xitabnamə əhali arasında heç bir iğtişaşa və ya inqilaba səbəb olmaz; lakin hökumətin zənni ayrı imiş. Görünür ki, hökumət belə güman edirmiş ki, bu xitabnaməni yazıb da əhali arasına intişar etmək istədikdə dumanın qəsdi böyük bir inqilab çıxartmaq imiş. Odur ki, hökumətin bu zənni dumanın buraxılmasına səbəb oldu; şübhəsizdir ki, hökumət bunu dəxi nəzərdə tutubmuş ki, dumanın buraxılması da, ehtimal, şuriş və ya inqilaba səbəb ola bilər. Ona binaən Peterburqda və bəzi yerlərdə iğtişaş vüquunu qabaqlamaq üçün bir taqım tədbirlər ittixaz etmişdi, lakin anlaşılır ki, hökumətin bu ikinci zənni ki, dumanın buraxılması inqilaba səbəb ola bilər, əvvəlki zənndən zəif imiş. Zahirən bu zənnin zəifliyi doğru olmaqdadır; çünki teleqramlardan anlaşıldığına görə, dumanın buraxılması xəbəri heç bir yerdə, heç bir şəhərdə elə görkəmli həyəcana və ya şuriş və inqilab əlamətinə səbəb olmayıbdır və Rusiyanın və Rusiya inqilabının mərkəz yeri olan Peterburq və Moskvada duma buraxıldı. Axırı bizim Bakıdakı kimi böyük bir sakitlik ilə eşidilibdir. Əlbəttə, gələcək bizə məlum deyildir, fəqət hal-hazırda şəhadət verə bilərik ki, dumanın buraxılması Rusiyada ümumiyyət etibarilə heç bir təəssürata hələ ki bais olmadı.Dumanın sabiq üzvləri, yəni vəkillər, dumanın buraxılmasına dair hökm aldıqdan sonra hamısı Peterburqdan çıxıb Fillandiyaya gedibdirlər.
Üçüncü Rusiya müsəlman ictimainə dairQəzetələr verdiyi xəbərə görə (Nijni Novqorod) da Rusiya müsəlmanlarının üçüncü məclisi olacaqdır. Bu məclisə Rusiyanın hər tərəfindən müsəlmanlar cəm olub, əz hali-hazırələrini mövqeyi-müzakirəyə qoyacaqdırlar. Bu, müsəlmanların ictima qurub, əz ümumi dərdlərinə dərman aramaq üçün icra etdikləri üçüncü təşəbbüsdür. Müsəlmanların keçmiş ictimalarına dövlət izn vermişdisə də sonra nədənsə mane olub qoymamışdı ki, ictima bir müəyyən qərardad tərtib edə bilsin. Ümid var ki, müsəlmanların bu üçüncü təşəbbüsü dövləti heç bir suifikrə salmayıb “bilaməmani”ə icra olunar. Şəksizdir ki, Rusiya müsəlmanlarının bu gələcək ictimai ümumi olacaqdır. Yəni bütün Rusiyanın hər yerindən və bizim Qafqazdan da oraya vəkillər gedib, ehtiyacati-ümumiyyəmizin müzakirəsində iştirak edəcəkdirlər. Bu ictimaın biz Ümumrusiya müsəlmanları üçün ən böyük faydası olacaqdır ki, Rusiyanın müxtəlif yerlərini iskan edən müsəlmanlar öz nümayəndə və vəkilləri vasitəsilə bir-birilə görüşüb, danışıb, öz aralarında əbədi bir irtibat qoymağa səy edəcəkdirlər. Bu halda Sibirya və Orta Asiya müsəlmanları ilə Orta Rusiya müsəlmanları arasında olan irtibat biz qafqazlılar ilə ora müsəlmanları arasında yoxdur desəm yalan olmaz. O vaxt ki, Rusiyada ümum müsəlmanların yalnız bir qəzetəsi var idi və o qəzetə də Qafqazda, Bakı şəhərində nəşr olunurdu. Qafqaz müsəlmanları ilə Rusiya müsəlmanları arasında ittifaq və irtibat əlamətləri dəxi var idi. Qafqazlı və rusiyalı müsəlmanlar bir-birinin ehtiyacatından xəbərdar, bir-birinin qəm və fərəhindən hissəyab olurdular: Birinin ittifaq və ittihadı andıran sözlərinə digəri can və dil ilə haman sözləri cəvabən deyirdi. İndi isə Rusiyada müsəlman qəzetələri çoxaldıqdan sonra, hər kəs “öz əli öz başı” olub bir-birlərinə baxmaq da istəmirlər. Ümum müsəlmanlara münasibəti olan ehtiyaclar bütün qəzetə sütunlarında yazılır, müzakirə edilir. Lakin nə o tərəf və nə də bu tərəfin yek-digərinin xüsusi ehtiyacatını nəzərə almayır, bu ehtiyacatların rəfi xüsusunda dil bulamayır, bildiyi çarələri təklif etməyir...Zənnimcə, Qafqaz, Rusiya qəzetələrindən ötrü böyük və əhəmiyyətli bir sərmayəyi-mübahisə və mükalimə olan kimi, bizim Rusiya müsəlman qəzetələrindən ötrü də oylə olmalıdır. İki-uç ildir ki, Qafqazda vaqe olan hadisat ənzari-əçanabi özünə cəlb etməyə bilmədi. Rusiya müsəlman qəzetələri isə guya Qafqazdan üz döndəribdirlər. Yaxud qan meydanına dönmüş Qafqaz barəsində bir şey yazmağı, bir təsəvvür izhar etməyi lazım bilməyirlər. Doğrudur, Qafqaz qəzetələri dəxi Rusiya müsəlmanlarının xüsusi ehtiyacatı haqqında bir o qədər qələm çalmayırlar. Lakin iş buradadır ki, Rusiya müsəlmanlarının xüsusi ehtiyacatı, Ümumrusiya müsəlman ehtiyacatına qərib bir halda olarkən Qafqaz müsəlmanlarının xüsusi ehtiyacı bir bəlayi-nagəhandan ibarətdir. O bəla ki, onun üstündə binəva Qafqaz müsəlmanlarının əleyhinə bütün Rusiyada və hətta məmaliki-əcnəbiyyədə dəxi min cürə böhtanlar, iftiralar yazmaqla onsuz da hər bir hüquqdan məhrum olub yazıq qalmış müsəlmanları daxildə gözdən saldılar və axırda o məqamə yetirdilər ki, Rusiyada sakitlik sevən və rahatlıq tərəfdarı ədd olunan sadədil müsəlmanlar fəsadçılara layiq olan tənbihatə giriftar oldular...