Ordan-burdan
Şah söz verdi ki, altı günlük sülh olsun. Amma yalançı çıxdı...
Rus konsulu.
Komediyalar
I
Camaat arasında
Camaat (çığırır). Ay Avropa, ay insaf əhli, ay insaniyyətdən dəm vuranlar, şah bizi qırır, qoymayın!
İngilis səfiri. Əşi, nə danışırsınız. Belə də iş olarmı, onun nə haqqı var insan övladını qırsın?
Camaat. A başına dönüm, şah haqqı-maqqı nə tanıyır. Bizi qırır, qoymayın. Axı biz də sizin kimi insanıq.
Səfir. Həzərat, mən bu saat onun yanına gedib bir əxtar verim ki, heç dadı da damağından çıxmasın.
Camaat. Balam, Allah səndən razı olsun, bizə əlac elə!
Səfir. Bu saat, bu saat. (Gedir.)
II
Şah hüzurunda
Şah. Gərək İranın yarısını qan dəryasına döndərəm!
Əmir Bahadır. Qurban olum bu kəlamə!
Lyaxov. Bəli, qorxutmaq, qorxutmaq lazımdır bu asiyalıları.
Səfir (daxil olur). Şah, Allah saxlasın!
Əmir Bahadır. Xoş gördük, a kirvə!
Şah. Sağ ol ingilis, əyləş qonaq ol!
Səfir. Çox sağ ol, şah!
Əmir Bahadır. Nə var, nə yox?
Səfir. Hər şey var və heç zad yoxdur... he-he-he!
Əmir Bahadır. Xa-xa-xa, nə nazik, mətləbdir.
Səfir. Şah, camaatın hamısını birdən qırdıracaqsınız, yoxsa yarısını saxlayacaqsınız?
Şah. O mənim qəzəbimə bağlıdır. İstəsəm hamısını qırdıraram!
Əmir Bahadır. O, şahın öz əmrinə bağlıdır. Bu gün hökm eyləsə hamısını öldürdər, istəsə hamısını bağışlar. Bu cür işlər şahın özünə məxsus işdir. Onu heç kəs bilməz və heç kəs soruşmaz.
Səfir. Xeyr, siz elə güman etməyin ki, mən şahın xüsusi işlərinə müdaxilə etmək xəyalındayam. Əstəğfürullah, ancaq dediyim odur ki... yəni hamısını birdən-birə qırdırmaqdansa, yarı-yarı bölmək...
Əmir Bahadır. Bəli, başa düşürəm, nə deyirsiniz. Xeyr, o babətdən arxayın olun!
Səfir. Bəli, çünki mənim borcum gəlib-getmək... Özünüzə məlumdur.
Əmir Bahadır. Xeyr, xeyr, xatircəm olun, başa düşürəm...
Səfir. Xudahafiz!
Əmir Bahadır. Xoş gəldin, sağ ol. (Nökərə) Ay gədə, səfirin başmaqlarını cütlə!
III
İngilis parlamanında
Bir məbus. Yaxşı, bəs nə oldu? O yazıq iranlıların dad və fəryadına qulaq verən oldumu? Bu barədə hökumətimiz nə qayırdı?
Vəzir Kirey. Əlbəttə! Bizim səfir şaha şiddətli bir əxtar göndərib, dövlətimiz naminə tələb etdi ki, emal və hərəkəti mərdimazaridən çəkilsin.
Məbuslar. Bərəkallah, sonra?
Kirey. Daha sonrası yoxdur, çünki biz İran işlərinə müdaxilə edə bilmərik.
Məbuslar. Çox yaxşı, indi vicdanımız əziyyətdən xilas oldu.
IV
Yenə şah hüzurunda
Səfir (tələsik daxil olur). Sözün doğrusu, bunun adına həddən artıq zarafat deyirlər.
Şah. Nə olub, nə olub?
Əmir Bahadır. Allah saxlasın kirvə?
Səfir (acıqlı). Xeyr, saxlamasın!
Şah. Baba, in çe zərbo zenk əst. Məgər mən şah...ney...
Əmir Bahadır (şaha). Dinmə, dinmə, bu ingilisdi. Zarafat deyil, qoy görək nə olubdur. (Səfirə) Babacan nə olubdur?
Səfir. Nə olacaqdır! Sizin yerinizdə bizim mənafeyimizə toxunulubdur. İsfahan tərəfində bir ingilisin iki şahi pulu itibdir və biri də yıxılıb burnu qanayıbdır. Bu saat buna bir tədbir tökün.
Əmir Bahadır. Paho! Bu saat əmr yazaram İsfahan qubernatoruna ki, həmin pulu itmiş ingilisə əhalidən yüz o qədər pul alıb versin və o burnu qanayanın da yıxılmağı əvəzinə həmin yıxıldığı yerin sahibini iki il həbsə salsın, bəsdirmi?
Səfir. Yaxşıdır. (Mülayim səslə)... Bəs eşitdim ki, məşrutə vermək istəyirsiniz?
Əmir Bahadır. Bəli, verəcəyik!
Səfir. Nə vaxt?
Əmir Bahadır. Nə vaxt şah lazım bilsə.
Səfir. İndi vermirsiniz?
Əmir Bahadır. Xeyr, indi olmaz!
Səfir. Neyçün?
Əmir Bahadır. Çünki bizim şəraitdə məşrutə-qəşrutə net rabatay. Və bir də bu bizim daxili işimizdir.
Səfir. Əlbəttə, mənim müdaxiləyə heç bir haqqım yoxdur, xudahafiz!
Axırıncı komediya
Yenə şah hüzurunda
Səfir. Təbrizdə bütün adamlar və bütün əcnəbilər qorxurlar ki, aclıq davası düşsün. Atlılarınıza əmr edin ki, bir neçə gün möhlət versinlər ki, şəhərə azuqə getsin.
Əmir Bahadır. Xeyr, elə iş mümkün deyildir.
Səfir. Onda sözün doğrusu Təbrizə qoşun göndərəcəyik, bizdən inciməyin.
Əmir Bahadır. Bəs onda...
Şah. Vallah mən bunların işini heç başa düşmürəm!
Lyaxov. Zərər yoxdur, 6 gün möhlət verərik.
Səfir. Doğrudan?
Lyaxov. Doğrudan. (Meyitini görüm.)
Səfir. Onda gedim deyim ki, qoşun gəlməsin. Xudahafiz!
Əmir Bahadır. Xudahafiz (acıqlı), başıma daş salasan! Elə bizim çalışdığımız odur ki, Təbriz acından qırılıb təslim olsun. Bu da deyir ki, möhlət verin azuqə gəlsin! Ay yazıq!
Lyaxov. Bəli, Təbrizə azuqə gəlsin, onlar da yeyib qızsınlar, ondan sonra gəl tazadan dava elə.
Əmir Bahadır. Mən burda şəhəri mühasirə elətdirib, aclıq qorxusu ilə şəhər alıram, bu da gəlibdir ki, onlara möhlət ver. Guya ki, oyun oynayırıq, “siçan yolu” ver deyir!
Şah. Vallah mən bunların işlərini heç başa düşmürəm!..
Bir neçə gündən sonra
Şah (iztirab ilə). Bəs deyirlər ki, Təbrizə rus qoşunu gəlir.
Əmir Bahadır. Bəli, gəlir!
Şah. Bəs nə tövr olsun?
Əmir Bahadır. Nə təfavütü vardır? Təbriz bizim deyildi ki, məncə, rus qoşunu məşrutəçilərdən min pay yaxşıdır.
Şah. Axı bəs... onlar gəlib İranı alarlar.
Əmir Bahadır. Bəli, alarlar.
Şah. Bəs, onda biz...
Əmir Bahadır və Lyaxov. Onda (çırtıq vururlar), onda...
Biya berəvim əzin vilayət məno to.
Şah xodra be “baq” əndaz!
Şah xodra be “baq” əndaz!
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur Səməngan padşahının evində. Padşah oturub, vəzirlər də yanında. Bu əsnada bir qoşun nəfəri daxil olub rast oxuyur.*Bir nəfər**
Şah Abbas və Xurşid BanuİŞTİRAK EDİRLƏRŞ a h A b b a s--35 yaşında.
Birinci pərdəB i r m e ş ə d ə vaqe olur. Müqəddimə çalındıqdan sonra pərdə qalxır. O d u n ç u öz i k i o ğ l u ilə odun yığırlar.O d u n ç u (rast üstə)--
İkinci pərdəP a d ş a h ı n o t a q la r ı n d a n birində vaqe olur. Müqəddimə çalındıqdan sonra pərdə qalxır. Ş a h A b b a s və ü ç n ə f ə r k e ç ə ç i keçə qayırmaqla məşğuldurlar. Keçənin biri hazır olub bir miz üstə sərilib, camaat tərəfindən görünür. O biri də fərş üstə sərilib, ora-burası düzəldilməkdədir.Ş a h A b b a s (keçədən əl çəkib)
Poems by other poets
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.