İki pərdəli komediya. Yaxud “Revizor”u yamsılamaq.

Əvvəlinci məclisdəki əfrad əhli-məclis

1) Hacı Qəmiş – tacirdir.

2) Cahil oğlu Qatil – işi məlum deyildir.

3) Şərmisar bəy – bəydir.

(Pərdə qalxır.)

Şərmisar bəy (əlində rus qəzeti). Həzərat, sizi buraya çağırmaqda məqsədim sizə bir pis xəbər verməkdir.

Hacı Qəmiş (kənara). Pis xəbər verən, evin yıxılsın!

Cahil oğlu Qatil. Nə pis xəbərdir?

Şərmisar bəy. Göydə quyruqlu ulduz görünübdür. Budur qəzetdə yazıbdır. Haman bu ulduz, bir neçə aydan sonra yerə düşüb, hər nə günahkar adam var, hamısını quyruğu ilə yandıracaqdır.

Hacı və Qatil (bir yerdə). Bəh, bəh!.. Bunu bizə nə üçün deyirsən?

Şərmisar bəy. Bəs kimə deyim?

Hacı və Qatil. O adama söylə ki, günah sahibidir, biz ki əlhəmdülillah müsəlmanıq.

Şərmisar bəy (özü də şad olur). Əlbəttə, mən özüm də müsəlmanam və o ulduzun nə quyruğundan və nə başından qorxuram. Ancaq bunu sizə deməkdən məqsədim yenə də, hər halda xəbərdarlıqdır ki, bəli, o vaxt ulduz yerə düşəndə vahimə etməyəsiniz.

Hacı Qəmiş. Ancaq mən bilmirəm ki, o ulduzun göydə durduğu halda yerdə nə işi var?

Qatil. Necə? Yoxsa öz müsəlmanlığından arxayın deyilsən?

Hacı. Arxayın olmasaydım, mən də sənin kimi həccə getməzdim! Ulduzun yerə düşməsinin o tərəfi xoşagələn deyil ki, yerdə olan günahkarları yandırıb müştərilərimizi azaldacaqdır.

Şərmisar bəy. Bax, Hacı sən deyirsən ki, arxayın olmasaydım, həccə getməzdim. Sənin bu sözün, bağışla, ancaq məni bir qədər şəkkə salır. Çünki mən, mən Şərmisar bəy öz müsəlmanlığımdan arxayınam ki, həccə getmirəm!

Qatil. Əlbəttə! Mən özüm də o cürəyəm! Mən öz müsəlmanlığımdan arxayın olmasaydım, başlardım həccə getməyə, ehsan verməyə, qurban kəsməyə.

Hacı. Şərmisar bəy, məgər sən öz müsəlmanlığından arxayınsan?

Şərmisar bəy. Arxayınam!

Hacı. Bəs nə tövr arxayınsan ki, əlinə qazut alıb oxuyursan, halbuki haman qazutu çıxardan kafirlərdir və o kafirlərdir ki, quyruqlu ulduz gəlib onları yandıracaqdır.

Qatil. Doğru deyir!

Şərmisar bəy. Ha, ha, ha, ha,... Bəs Hacı, sən burdan Məskova gedəndə nə üçün vaqona minirsən? Məgər bilmirsən ki, vaqonu çıxardanlar da kafirlərdir?

Qatil. Bu da doğru deyir.

Hacı. Mənim əlacım olsa, vaqona minmərəm. Amma sən nəinki qazut oxuyursan, hələ hətta çaxır da içirsən!

Qatil. Bu da yalan demir! Sən çaxır içirsən!

Şərmisar bəy. Doğrudur, mən çaxır içirəm və günah eləyirəm. Amma bəzi vaxt olur ki, ayıq da oluram. Bundan əlavə nə sənin kimi, Hacı dörd arşında arşınyarım kəf gedib, puluma haram qatmıram, hə də sənin kimi cəllad olub xalqın başını kəsmirəm.

Hacı. Doğrudan, birdən olur ki, arşında səhv düşür, çünki ölçüdə adam karıxa bilər. Amma sən onu de ki, hər cümə axşamı oruc tuturam və bir tələbə gətirib qarnını doydururam, amma sən qumar da oynayırsan.

Qatil. Doğrudur, mən az adam öldürməmişəm. Bunu da hər kəs bilir və polisiyaya da yəqindir, amma sən orasını da de ki, ömrüm olanı bir dəfə də üzümə ülgüc dəyməyibdir. Həddi-büluğa yetəndən bəri bir kərə də olsun ayaq üstə bovl eləməmişəm! Amma sən çaxır içirsən, qumar oynayırsan, üzünü qırxdırırsan və üzdən iraq soldat kimi də ayaq üstə divarın dibini gözləyirsən.

Hacı. Hələ təharət almağından da şəkkim vardır.

Şərmisar bəy. Mən hər nə eləyirəm öz nəfsimə eliyirəm. Amma siz xalqın evini yıxırsınız. Mənim ömrümdə əlimdən tək bircə dənə xəta çıxıbdır ki, bir gün keflənib butulka ilə Sərkis bəyin başını yarmışam və ayılandan sonra da çox peşiman olub ondan “izvineniya” istəmişəm. Amma siz... Ux, Allah heç kafir bəndəsini də sizə rast eləməsin, yamanca ev yıxansınız.

Hacı. Bəs sən özün qumar oynayıb, xalqın pulunu udub evini yıxmırsan?

Şərmisar bəy. O məni udmasın, mən də onu udmayım.

Qatil. Əcəb! Onda o məni öldürmək üçün gizlənməsin, mən də onu öldürməyim!

Hacı. Vallah, o adam ki, mən səhvən arşında ona kəf gedirəm ha... hərgah onu buraxsan, o saat mənim dükanımı yarar. Mən bilirəm bu camaatı.

Şərmisar bəy. Qərəz, adam gərək insaflı olsun. Əgər mən günahkaramsa, sən də günahkarsan, o da günahkardır. O biri də günahkardır. Dünyada günahsız adam yoxdur.

Hacı. Bəs günahı da savab yuyar! Odur mən bir günah buraxıramsa da iki savab edirəm. Çox vaxt üç rükət axşam namazı əvəzində mən qəsdən dörd rükət qılıram ki, biri də artıq olsun. İndi o artıq rükətin savabı bir köpükdən hesab olunsa, gör onun pulu hara vurar?

Qatil. Əşi, vallah öldürdüklərim adamların hamısının qanı mənim üçün dəryaca günah olsa da, bir adam öldürmüşəm ki, onun savabı hamısını yuyub aparar.

Məlun oğlu Qara Vəlini deyirəm ey, deyirlər istəyirmiş babı olsun.

Şərmisar bəy. Canım, günah eləmək bir günah, günahı da danmaq iki günah. Hamısından yaxşısı budur ki, şək-şübhədə və qorxuda qalınca, duraq burdan gedək axundun yanına, öz əhvalatımızı ona söyləyək və hər nə lazımdır, ona verək, baxsın görsün hərgah günahımız savabımızdan çoxdursa, o halda bundan sonra başlıyaq ulduz yerə düşənə qədər ibadətə məşğul olaq. Elə ki, ulduz gəlib bizdən ötdü, getdi, genə də öz işimizdə davam edərik.

Hacı və Qatil. Çox əcəb, artıq danışmaq nə lazım, gedək axundun yanına.

(Çıxıb gedirlər.)

Pərdə

İkinci məclis gələn səfər

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Oyan-buyan 2

Rus yazıçılarından Krılov deyir ki, vay o gündən ki, çəkməçi şəkərçörəyi bişirə, şəkərçörəyi bişirən də çəkmə tikə.Bizim işlərimizin axırından heç bir nəticə hasil olmamağının hikməti həmin bu sözlərlə məlum olur.

3 min
Öz qədrimizi bilmirik

50-60 il, daha doğrusu, bir yüz il bundan əqdəm Bakının ətrafı otsuz, ələfsiz bir düz olub, heç bir kəsə mənfəət vermirdi. Bu səbəbə görə oranın qədrini bilən, bu yerlərin içində yatan milyonlardan, qızıldan xəbərdar olan bir kimsə yox idi. Çox ola bilsin ki, içərisində milyonlar yatan bu yerlərin üstündə acından ölənlər də az deyildi. Amma bir gün oldu ki, bu yerlərin qədr və qiyməti bilindi.Bu yerlər artıq möhtərəm və əziz oldu. Hər bir parçaları qızıl qiymətinə bərabər oldu. Yer isə öz içindəki sərvət və samanini dişqarı çıxardıb milyonlar qazandırmağa başladı. Bu milyonlar sayəsində Bakı da, onun ətrafı da kəsb əhəmiyyət edib getdikcə abadlaşmağa başladı.

3 min
Cəmiyyət başçılarının nəzər-diqqətlərinə

Mədəniyyətli tayfalar içində bir cəmiyyət təşkil olunduğu vaxt bu cəmiyyətin bani və müəssisləri işin orasına diqqət yetirirlər ki, həmin cəmiyyətə əza olan şəxslər cəmiyyətin görəcəyi işlərdə ixtisas sahibi olsunlar, yəni əhli adamlardan olsunlar. Haman işi mütəxəssis və ətraflı surətdə bilsinlər. Söz yoxdur ki, əgər elə bir cəmiyyətin əzaları cahil və nadan olsalar, o cəmiyyətin işləri heç bir səmər verməz.Lakin bizlərdə camaatımız içində elmli adamlarımız az olduğuna görə cəmiyyətlərimizin əzalığına cürbəcür adamlar intixab olunur ki, cəhalət və nadanlıqları üzündən cəmiyyət və idarə işlərini ləngə salıb işin sürətinə, irəliləməsinə mümaniət göstərirlər.

3 min
Tazə il, tazə meydan

Pəncşənbə günü Qəməri il, cümə günü də Şəmsi il tazalandı.Köhnə il bizə nə verdi, tazə il nə verəcəkdir?

3 min

Poems by other poets