Ata (təkcə). Kordur yurdum! Kor, kor! O günə daş düşeydi ki, mən evləndim; o günə ildırım düşeydi ki, mən belə nəslə rast gəldim! Kaş heç əvvəldən məni evləndirməyəydilər.

Arvad (daxil olur). A kişi, yenə nə var öz-özünə söylənirsən?

Ata. Kəs səsini, kəs; o günü olmayaydı ki, sən mənə düçar olub mənim üçün bala doğmadın, bir bəla doğdun!

Arvad. Axı, yenə bir de görüm nə olubdur, balam sənə nə eləyibdir?

Ata. Nə olacaq? Laməssəb oğlun məni soymaq istəyir!

Arvad. Nə üçün, məgər quldurdur?

Ata. Quldurdan da pisdir! Bayaq evdə namaz qıldığım yerdə adam göndərib ki, filan yerdə yığılıb qəraətxana açırıq, tez on manat pul versin. Acığımdan namazı da alayarımçıq qılıb, indiyə qədər acığımı soyuda bilmirəm...Vay, kor olan yurdum.

Arvad. Belə təxsir sənin özündədir! Kim sənə dedi ki, oğlunu dərsə qoy? Mən min dəfə sənə dedim ki, kişi uşağımı xarab eləmə, məktəbdə min cür biclik öyrənər, sən qulaq asmadın!

Ata. Əşi, Allah sənin qardaşına lənət eləsin ki, mən boyda yekə kişini yoldan çıxartdı, zorla gədəni aparıb məktəbə qoydu, yoxsa mən olam uşaq oxudam ki, axırda da belə laməssəb ola? Hərgah oxutmaq istəsəydim, İrana göndərərdim ki, gedib tələbə olub gəlsin. Mən heç yerli-dibli oxutmaq istəmirdim. Hər nə başıma bəla gəlirsə, səndən və sənin qohumlarından gəlir. Allah sizin nəslinizi üzsün.

Arvad. Yaxşı, pul verdin, yoxsa yox?

Ata. Lənət şeytana də! Ay heyvan nəslindən əmələ gəlmiş, mən xəzinəçiyəm?

Oğul (daxil olur). Yaxşı, pul vermədiyin bəs deyil, bir də göndərdiyim adamı söyürsən, o da gəlib xalqın içində mənə deyir ki, atan məni söydü, qovdu. Mən də xalqdan xəcalət oluram.

Arvad. Doğru deyir, pul vermədin-vermədin, daha niyə söyürsən?

Ata. Arvad, arvad! Ey məluni-xəsərətdünya! İndicə sən mənə tərəf dəyildin? İndi oğlunu görüb o tərəfə dönürsən, ay bimürvət? Sən o dünyada ruzi-məşhərdə nə cavab verəcəksən?

Oğul. Cavab verəcəkdir ki, ərim məni söyürdü!

Ata. Oğul, sən hər nə desən de, daha mənim dinimə, məzhəbimə sataşma.

Oğul. Mən din və məzhəbə sataşmıram. Ancaq onu deyirəm ki, hərgah sən o dünyada anamdan şikayət etsən, o da səndən edəcəkdir!

Ata. Deməli, sənin sözündən bu çıxır ki, heç o dünya yerli-dibli yoxdur? Bilirəm, bilirəm nə deyirsən, eşşək deyiləm, anlayıram.

Arvad. Oğul, başına dönüm, sən o cürə şeylərə sataşma, dilim qurusun, gözün tutular.

Oğul. Ay ana, məgər mən burda dinə bir pis söz dedim? Deyirəm ki, hərgah o dünyada...

Ata. Görürsən, arvad? “Hərgah o dünyada” yəni “əgər o dünya varsa” – demək istəyir! Əstəğfürullah rəbbi və tövbə ileyh. Bari pərvərdigarə, sən mənim günahımdan keç! Mən yazığam, bu cürə nacins ucundan məni cəhənnəm oduna yandırma.

Oğul. Ey on manat, sənsən bu kişini belə danışdıran!

Ata. Əstəğfürullah rəbbi və tövbə ileyh. Arvad pambıq gətir qulaqlarıma tıxıyım və bu cürə küfür sözləri eşitməyim. Bu laməzhəb deyir ki, məni danışdıran puldur, yəni pul Allahdır. Ay camaat, bu cürə küfrü mən heç yerdə eşitməmişdim, bu müşikdür, pulu Allaha şərik bilir.

Ravi rəvayət eləyir ki, bir dəfə bir kəs Musa peyğəmbərin hüzuruna gəlib dedi ki, ey Musa!.. Yox, mən bu kafirnən bir evdə ola bilmərəm, çıx, çıx mənim evimdən!

Oğul. Ay ata, mən nə vaxt o cürə küfür söz dedim. Nə üçün yalan deyirsən?

Ata. Vay, ilahi! Bu atasına deyir ki, yalan deyirsən! Bu görünür ki, bütün kafirlərin bidinidir. Hərgah mən yalan deyirəmsə, bil ki, molla da yalan deyir; molla yalan deyirsə, bil ki, müctəhid yalan deyir; müctəhid yalan deyirsə, bil ki, imam yalan deyir. İmam yalan desə, bil ki, peyğəmbər yalan deyir. Peyğəmbər yalan desə, bil ki, Allah yalan deyir. Çəkil, çəkil mənim bu müqəddəs evimdən, ey kafir! Bu saat, bu saat evimizdə olan bütün qablar, boşqablar, istəkanlar, samovar, qazan, kəfgir, aşsüzən – hamısı sənə lənətxandır. Onlar hamısı qiyamət günü hüzura çıxıb sənin cəzanı istəyəcəklər. Çəkil, kafir, çəkil! Murdarlama, bu pak olan yeri, çəkil, çəkil (yıxılır səcdəyə).

Oğul. Bu kişi dəli olubdur.

Arvad. Qoy, gedim bir dua yazdırım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şeyxülislam həzrətləri və maarif

Dünənki nömrəmizdə Şeyxülislam həzrətlərinin Ümum qafqaz mədrəsəyi-ruhaniyyəsi inşası haqqında layihə yolunda yazılmış olan təklifini qarelərimiz oxudular, zənn edirəm.İdareyi-ruhaniyyəmizin başçısı tərəfindən sadir olan bu təklif şeyxülislamlığımız tarixində ən mühüm və mənidar bir vəqədir. Xoşa ki, bu vəqə bizim əsrimizə təsadüf etdi! İştə, idareyi-ruhaniyyəmiz başında nəhayət, bir zat oturdu ki, dərdlərimizi görür, ah və naləmizi eşidir və çarəsinə də yol arayır. O yolun da nədən ibarət olduğunu düşünə də bilir.

3 min
Öz halımızdan

Millətpərəstlik sözü bir neçə zamandan bəridir ki, bizim ağzımıza düşüb yerli və çox vaxt yersiz yerə işlədirik. Görünür ki, millətpərəstlik nə olduğunu bir çoxumuz anlamır və ya tərsinə anlayır. Millətpərəst olmaq, yəni millətin xeyirxahı olmaq, millətin xeyirxahı isə millətin hər bir barədə tərəqqisini arzu edər; o tərəqqi ki, onun sayəsində Yevropa əhli dünyanın hər bir maddi, mənəvi, ruhani nemətlərinə naildirlər. Bundan başqa, həmişə biz kimilərə də ağa və sahibdirlər. Millətin tərəqqisini arzu edən şəxs, şübhəsizdir ki, yalnız bir arzu ilə iktifa etməyib, bu yolda iş də görməlidir. İş isə cürbəcürdür və bu işi bir adam da görə bilər, bir cəmiyyət dəxi görə bilər.Götürək bir adamı. Bu adam millətə hər nə cür xidmət edəcəksə, etsin, o adam bir köməyə, bir dayağa möhtacdır. Fərz edəlim ki, birisi millət yolunda can fədakarlığında bulundu, yəni öz canını millətin xeyri yolunda fəda etdi. O halda millət əfradına borcdur ki, bu adamın əhli-əyali varsa, ona himayət etsin, qeydinə qalsın. Bir ayrısı millət xeyri üçün mal fədakarlığında bulunur. Millət əfradı buna da bir kömək göstərməlidir. Yəni fəda etdiyi malı düz və dürüst yoluna sərf edib də bundan naşı millətə görkəmli bir xeyir olduğunu bildirməkdir. Bir qeyrisi məlum bir istedad və qabiliyyət sahibidir, məsələn, ədibdir, yaxşı müəllimdir, istedadlı bir rəssamdır, alimdir, bəs bunların millətə etdiyi fədakarlıq və xidmət nə ola bilər? Əlbəttə, sənətlərindəki məharət! Lakin məharət elə bir şey deyildir ki, hər bir vaxt ibraz oluna bilsin. İbrazi məharət üçün müəyyən şərtlər lazımdır. O şərt isə məharət sahiblərinə vüsət verməkdir, yəni məharətin biruzinə mane olacaq şeylərin rəf və dəf edilməsidir.

12 min
Müəllimlərimiz və mətbuat

Keçən sənələrdə yenə də heç olmasa bir para müəllimlərimiz qəzetələrdə nafe məqalələr yazmaqla oxuyanlara bir növü mənfəət yetirirdilər. Lakin bir neçə zamandan bəridir ki, müəllimlərimizdən heç bir səs və səmir yoxdur. Guya müəllimlərimiz ümumi işlərə daha müdaxilə etmək istəmirlər. Guya bunların mətbuat səhifələrində müzakirə olunacaq heç bir ehtiyacları, mühüm məsələləri yoxdur. Və guya oxucularımızın bunların məqalələrinə heç bir möhtaclığı dəxi yoxdur, halbuki həqiqətdə belə deyildir. Müəllimlər əhalimizin savadlıları və əhalimizə savad öyrədən olduqlarından onlar mətbuata daha artıq əhəmiyyət verməlidirlər. Əhalimizin övladı, mütəəllimlərimizin bilavasitə ağızdan söylədiyi sözlərə möhtac olduqları kimi övladların ataları da müəllimlərin onlara dair söyləyəcək olduğu sözlərə möhtacdır. Bu sözləri də ancaq mətbuat vasitəsilə söyləmək mümkündür. Bir çox məsələlər vardır ki, təlim və tədrisə dair bir müəllim bilən şeyi çox vaxt o biri müəllimlər bilmirlər. Bir çox məsələlər vardır ki, o barədə müəllimlərin fikri lazımdır. Ümum müəllimləri bir yerə yığmaq və orada təlim və tədris xüsusunda danışmaq, fikir verib fikir almaq nə qədər mühüm bir işdir. Amma müəllimlər ictimai bu halda həmişə mümkün deyildir. Halbuki belə bir ictimaə möhtac olmayıb da mətbuat vasitəsilə mübadileyi-əfkar etmək mümkündür. Bu isə zənn edirəm ki, çətin bir iş deyildir. Təlim və tərbiyə məsələlərindən başqa min cürə ümumi məsələlər vardır ki, onların həlli yolunu da bir çox müəllimlərimiz gözəlcə bilirlər.Ona görə də bu yolda dəxi qələmləri ilə çox kömək edərlər.

2 min
Kənd-kəsəklərimiz

Bəzi yevropalılar var ki, vətənlərində və ya həmcivar məmləkətlərdə əhalinin daim mədəni bir məişət sürmələrindən və hər yerdə yekrəng bir ömür ilə yaşamalarından təngə gəlib, elə bir yer axtarır ki, orada əhali mədəniyyətdən bixəbər olsunlar. Və ona görə də məişətləri başqa cür olsun. Başqa şərait üzrə yaşasınlar ki, yevropalı da oraları seyr etdikdə tazə qəribə şeylər görsün. Bir sözlə elə yevropalı, mədəniyyət cəhətincə “bakirə” yerlər axtarır, bunun üçün Amerika, Avstraliya qitələrinə və ya qitaati-xəmsədən uzaq olan cəzirələrə gedir ki, orada yaşayan vəhşilərin məişətlərini görsün. Əxlaq və adətlərinə diqqət yetirsin. Amma məncə avropalı əbəs yerə Amerika və Avstraliyanı niyyət edib də seyrə çıxır. Çünki oralarda vəhşilər tapılmağına şübhə vardır. Doğrudur, qədim zamanlarda Amerika və Avstraliya belələri ilə dəlu idi. Bunların doğrudan da xüsusi tərz məişətləri, başqa cür adətləri vardı, amma indi mədəniyyət oralarda o qədər təsir edibdir ki, o yerlərin vəhşiləri də avropalıların özləri kimi məişət sürüb heç bir şeydə fərqləri yox kimidir.Amma, əgər o yevropalı, Amerika və Avstraliyanı tərk edib də bizim bu Zaqafqaziyaya ayaq bassa və Zaqafqaziyanın müsəlman kəndlərini seyr etsə, – doğurdan da öz muradı istədiyini buralarda tapar. Çünki bu XX əsrdə mədəniyyət cəhətincə bəhəqq “bakirə” olan yerlər varsa, onların əhəmiyyətlisi bizim kənd və kəsəklərimizdir. Buralarda mədəniyyətdə cüzi də olsa, bir əsər axtarmaq, bir anbar buğda içində bir dənə darı axtarmağa bənzər.

3 min

Poems by other poets