Page 1 of 2

Millətpərəstlik sözü bir neçə zamandan bəridir ki, bizim ağzımıza düşüb yerli və çox vaxt yersiz yerə işlədirik. Görünür ki, millətpərəstlik nə olduğunu bir çoxumuz anlamır və ya tərsinə anlayır. Millətpərəst olmaq, yəni millətin xeyirxahı olmaq, millətin xeyirxahı isə millətin hər bir barədə tərəqqisini arzu edər; o tərəqqi ki, onun sayəsində Yevropa əhli dünyanın hər bir maddi, mənəvi, ruhani nemətlərinə naildirlər. Bundan başqa, həmişə biz kimilərə də ağa və sahibdirlər. Millətin tərəqqisini arzu edən şəxs, şübhəsizdir ki, yalnız bir arzu ilə iktifa etməyib, bu yolda iş də görməlidir. İş isə cürbəcürdür və bu işi bir adam da görə bilər, bir cəmiyyət dəxi görə bilər.

Götürək bir adamı. Bu adam millətə hər nə cür xidmət edəcəksə, etsin, o adam bir köməyə, bir dayağa möhtacdır. Fərz edəlim ki, birisi millət yolunda can fədakarlığında bulundu, yəni öz canını millətin xeyri yolunda fəda etdi. O halda millət əfradına borcdur ki, bu adamın əhli-əyali varsa, ona himayət etsin, qeydinə qalsın. Bir ayrısı millət xeyri üçün mal fədakarlığında bulunur. Millət əfradı buna da bir kömək göstərməlidir. Yəni fəda etdiyi malı düz və dürüst yoluna sərf edib də bundan naşı millətə görkəmli bir xeyir olduğunu bildirməkdir. Bir qeyrisi məlum bir istedad və qabiliyyət sahibidir, məsələn, ədibdir, yaxşı müəllimdir, istedadlı bir rəssamdır, alimdir, bəs bunların millətə etdiyi fədakarlıq və xidmət nə ola bilər? Əlbəttə, sənətlərindəki məharət! Lakin məharət elə bir şey deyildir ki, hər bir vaxt ibraz oluna bilsin. İbrazi məharət üçün müəyyən şərtlər lazımdır. O şərt isə məharət sahiblərinə vüsət verməkdir, yəni məharətin biruzinə mane olacaq şeylərin rəf və dəf edilməsidir.

Tərs kimi hər bir yerdə istedad və qabiliyyət sahibləri məişət cəhətincə təmin edilməmiş bir halda bulunurlar. Bu da təbiidir, bunların istedadı pul qazanmaq deyildir. Başqasıdır. Məsələn, gözəl şeirlər deməyə, müfid yazılar yazmağa, nafe şeylər icadına və sairə. Zatən bunlar özləri üçün anadan olmuyubdurlar. Bəlkə ümum-millət və hətta umuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıbdırlar.

Dünyanın hər bir qitəsində bütün millətlərin yazıçıları, alimləri, sənayeyi-nəfisə sahibləri, sahibi-fənniləri özləri üçün bir o qədər iş görmədilər. Lakin ümum-millət və hətta umuminsaniyyət üçün çox işlər gördülər, bir kəlmə, hər bir tərəqqi ancaq bunların sayəsində oldu. Halbuki özlərindən bir çoxu acından öldü, amma insaniyyət hələ indi də onlardan mənfəət görməkdədir və bundan sonra da çox görəcəkdir. Deməli, bu cürə adamlar nəinki sağlığında, bəlkə öldükdən sonra da camaata mənfəət verirlər.

Yevropanın özündən daha əvvəllərdə belə mənbəyi-mənafe olan şəxslərin qədr və qiymətini bilməzdilər. Onların halına etina etməzdilər. Onlara ibrazi-məharət üçün vüsət və böyük bir meydan verməzdilər. Lakin bir neçə zamandan sonra bunların xeyirli və lazımlı adam olduqlarını bilib, qəbirlərini ziynətləndirdilər. Lakin bu halda məhz bu adamların sayəsində Yevropa hər bir barədə o qədər tərəqqiyə çatıbdır ki, indi elə adamlara, onların məharətlərinə böyük qiymət qoyurlar və hər cür vüsət verirlər ki, daha da artıq məharət göstərə bilsinlər. Hər halda yaxşısını yamandan seçirlər. Bu gün bunun sayəsindədir ki, Yevropada cürbəcür istedad sahibləri mövcud olub tərəqqi və təməddünü getdikcə artırırlar.

Lakin bizlərdə millətin tərəqqi və təməddününə böyük bir ehtiyacı olan bu zamanda, bu cürə tərəqqi və təməddün mənbəyi olan şəxslərə heç bir qədr və qiymət qoyanlar yoxdur. Onlara vüsət verən, qabaqlarına tez bir meydan açan adamlar yoxdur, əksinə istedad sahiblərinin başından vururlar, həvəsdən salırlar, incidirlər, haqqında bir çox narəva və nagüvara işlər görürlər. Odur ki, hər bir istedad sahibi də bilmərrə sövq və həvəsdən düşüb, adi adamlar cərgəsinə girib də kəsbi-ruzi dalınca gedirlər və bunun üçün adi işlər, yəni özlərindən başqa heç bir kəsə mənfəəti olmayan işlərə girişirlər və belə bir mübarizeyi-həyatiyyə yolunda hər bir istedadlarını da qaib edirlər.

Təəccüb və təəssüf ediləcək yer burasıdır ki, maarif və tərəqqi nəşri üçün təşkil edilmiş cəmiyyətlərimizdən heç biri bu işə, yəni istedad sahiblərinin ibrazi-məharəti üçün lazım olan ehtiyacatını rəf etmək işinə heç bir diqqət yetirmirlər. Əksinə! Çoxlarını bil külliyə nəzərdən salıb, vücuduna belə heç bir qiymət qoymurlar. Qeyrilərinin də üzərinə min cürə təkliflər qoymaqla halını daha da ağırlaşdırıb, istedadını tamamilə məhv edirlər. Halbuki cəmiyyət başında duranların borcu bu cürə istedad sahiblərinə hər cür riayətlər göstərməklə onun ibrazi-məharətinə kömək yetirməlidirlər ki, əhali də o məharətdən istifadələr etsin. Zatən, bu məqamda xüsusi bir cəmiyyət təşkilinə böyük ehtiyac vardır.

Belə bir cəmiyyət ki, istedad və qabiliyyət və yaxud böyük elm sahiblərini ibrazi məharət üçün hər növ təşviqata girişsin. Həqiqətən – millət bir bağ yeridir, qabil və müstəid adamlar isə o bağın meyvəli ağacları və ətirli gülləri mənziləsindədir. Məsələn, ənvai elmlərə və fənlərə dara olanlar meyvəli ağaclar mənziləsindədir. Sənayeyi-nəfisə sahibləri isə ətirli güllər yerindədir. Ləziz meyvələr insanın bədəninə, müəttər güllər də insanın ruhuna ləzzət verən kimi, elm və fünun sahibləri əhalinin ağlını, sənayeyi-nəfisə sahibləri də camaatın ruhunu tərbiyə edirlər. Kim istəməz ki, onun bağında meyvəli ağaclar və ətirli güllər bitməsin? Əlbəttə, heç kəs! Kim istər ki, onun bağında çəpər və bisəmər ağaclar ilə bərabər ətirli gül əvəzinə də keçi tikanı və ələf bitsin? Əlbəttə, heç kim! Lakin meyvəli ağac və ətirli gül bitirmək üçün bunların bitib yetməsinə müsaid olan şərtləri hazırlamalıdır. Yoxsa ki, gülün hər bir tərəfini alaq basa, sən də heç bir kömək yetirməyəsən və özün də durub güldən ətir və təravət təmənna edəsən – insafsızlıqdır. Bəli, hər halda yaxşı bağbanı ola biləcək bir cəmiyyətə böyük ehtiyacımız vardır.


Keçən gün bu ünvan altında yazdığımız məqalədə istedad və qabiliyyət büruz edən adamlarımıza vüsət və meydan verilməsi lüzumunu ərz etdik. Bu səfər dəxi o məsələ barəsində bir neçə söz əlavə edək.

Zatən illər və əsrlərdən bəri cürbəcür işlərdə və əhvallarda peyda olan və biləxərə bu XX əsrdə dərəceyi-təkmilə çatmağa üz qoymuş olan tərəqqiyə səbəb kimlər olubdur? Şübhəsizdir ki, dahilər, yəni qabiliyyət və istedadi-xariqiladə sahibləri. Əcəba, bu qədər tərəqqiyə çatmış elm və fənlər, ərəstunların, nyutonların, arşmedlərin, uluqbəylərin, farabilərin və bunlardan sonra gələn dahilərin istedad və qabiliyyəti-xudadadisi sayəsində deyilmi? Hankı elmə, hankı fənnə, hankı sənətə əl aparsan, görərsən ki, tərəqqiləri yolunda bir dövrə və dahilərə borcludurlar.

Belə olduğu surətdə hər bir dahinin istedad və qabiliyyət sahibinin hankı işdə, hankı halda olur-olsun ümuminsaniyyətə və baxüsus öz millətlərinə böyük mənfəəti vardır. Ona görə bu cür adamlara qiymət qoymamaq olurmu? Bu gün mütərəqqi və mütəməddin Yevropa elə adamların mənfəətini və binaəlyeh qədrini çox gözəlcə bildiyinə görə həmişə onlara yol verir. Qabağını arıtdıyır, onun ibrazi-məharətinə mane olacaq hər bir əngəlləri rəf və dəfə çalışır. Çünki onun vücudundan mənfəət görülür. Hal-hazırda ki, havada uçmaq üçün mahir və qabil adamlar cürbəcür alətlər icad edirlər. Hər kəs bu işlərə ən böyük məharət göstərsə, bütün Yevropa ona sitayiş edər. İstər o adam hambal olsun, istər padişah.

Nədəndir ki, məsələn, İranda da elə hava gəmisi icad edəcək dərəcədə qabiliyyət və istedad sahibləri yoxdur? Xeyr, var! Lakin onların meydana çıxmağa vüsətləri yoxdur. Onların qabiliyyət və qüvvətləri hələ pünhan haldadır. Necə ki, bu gün İranın üst tərəfi fəqir və pulsuz olduğu halda, alt tərəfi cürbəcür mədəniyyət xəzinəsi ilə doludur. Həmçinin zahirdə bivec görünən adamların batində istedad və qabiliyyət xəzinələri vardır. Həmçinin bizdə. Elə zənn edilməsin ki, bizlərdən ancaq qaçaq və quldur çıxa bilər, xeyr! Zatən qaçaq və quldurluğun özü də xüsusi bir istedad və qabiliyyətə möhtacdır. O səbəbə görədir ki, bizim aramızda qaçaq və quldurluğa vüsət verildiyinə görə məşhur qaçaq və quldurlarımız da çox olubdur. Hələ tək Bakı şəhərinin özündə qoçuluq məharətinə böyük bir meydan verildiyinə görə şəhərdə cürbəcür məşhur qoçular əmələ gəlmişdir. Çünki əvvəldən qoçuluğa qabiliyyət və istedadı olan adamlar, qabaqlarında böyük bir meydan görüb və heç bir mümanət görməyib, öz istedadlarını ibraz ilə məharət göstərdilər. Lakin bizə bu cürəmi istedadlar lazımdır? Halbuki bundan bizim özümüzə və ümuminsaniyyətə zərərdən başqa mənfəət yoxdur. Xeyr. Bizə mənfəətli istedadlar lazımdır. İstedad, yəni meyvə! Lakin bizə zəhəralud meyvələr lazım deyildir ki, canımızı tələf etsin. Şirin və dadlıları lazımdır ki, bədənimizə mənfəət yetirsin... Mən öz içimizdən bir çox savadsız və elmsiz adamlara təsadüf etmişəm ki, bir də görürsən özündən cürbəcür şeylər icad edir. Yaxud ən ali və filosofanə məsələlər həllinə məşğul olur. Yaxud iti və müəssir bir dil ilə danışmaq qabiliyyəti var. Mən bu cur adamları gördükdə, həm onların özlərinə və həm də öz millətimizə və hələ ümuminsaniyyətə də yazığım və heyfim gəlir. Deyirəm ki, indi bax bu bədbəxtləri vaxtında oxutsaydılar və onları öz qabiliyyətləri iqtizasınca təlim etsəydilər, bunlardan məşhur adamlar çıxıb həm özlərinə və həm millətə və həm də ola bilsin ki, bütün insaniyyətə böyük xidmətlər göstərərdilər... Hələ onlar kənarda dursun, oxumuşlarımız içində də cürbəcür elm, fənn və sənətdə bir çox müstəid və qabil adamlarımız vardır. Amma nə etməli ki, onlar üçün şərait, məişət o qədər namusaid və o qədər müşküldür ki, asudə nəfəs almağa belə imkanları yoxdur. Məktəblərimizdə oxuyan şagirdlərə baxıram, onların içində elələrini görürəm ki, istedad və qabiliyyəti xariqüladələri özlərində, işlərində, danışıqlarında aşikardır. Və fikir edirəm, əcəba bunlara vüsət veriləcəkdirmi ki, öz istedadları iqtizasınca təlim görüb axırda işlərindəki məharətlə millətə mənfəətlər yetirsinlər. Yoxsa, ağır şərait içində hər bir qabiliyyətləri məhv və nabud olacaqdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ordan-burdan 104

Hər kəs istəyir ki, istibdadın və üsuli keyfi-mayəşanın əməlini gözü ilə görsün, buyursun gəlsin bizim Bakıya. Bakıya gələndən sonra, bilirəm ürəyi qısılacaqdır, çünki bu saat Bakı qızmağa başlayıbdır. Və ürəyi qısılandan sonra durub bayıra çıxacaqdır və qabağına gələn adamlardan soruşacaqdır ki, burada sizin gəzməli yeriniz haradır? Deyəcəklər ki, məsələn, “pasaj qabağı”. O da o saat gedəcək “pasaj qabağına” və görəcəkdir ki, doğrudan da pasaj qabağında o qədər adam var ki, “iynə salsan yerə düşməz”. Bir qədər burada gəzib görəcəkdir ki, xeyr ürəyi lap pis qısılır, çünki bir tərəfdən Bakının istisi, bir tərəfdən adamların istisi onu hal təbindən çıxardacaqdır. Belə olan surətdə onun yadına düşəcəkdir ki, Bakıda dərya var və bu dəryanın kənarı var ki, ona uşaqdan tutmuş böyüyə kimi hamı müsəlmanlar “naberejni” deyirlər. Gedəcək ora, bir qədər orada gəzəcəkdir, amma bir qədərdən sonra baxıb görəcəkdir ki, naberejnini hökumət qazaqları töylə qayırıb at saxlayırlar və pis iyi də başa çökübdür və özü də hiss edəcəkdir ki, günün hərarəti onun beynini bişirir, bir az da gəzsə, gic qoyun kimi fırlanmağa başlayacaqdır. İş belə olanda, qabağına gələn bir allah bəndəsindən soruşacaqdır ki, ay balam, bu sizin şəhərinizdə heç ağacdan, bağdan, zaddan yoxdur, adam gedib bir az kölgələnsin? Allah bəndəsi deyəcəkdir ki, var. Bu soruşacaqdır ki, hardadır? Allah bəndəsi cavab verəcəkdir ki, filan yerdədir. O da filan yerə gedib axırda bağı tapacaq. Amma görəcəkdir ki, qapısı bağlıdır. Gedəcək o biri qapısına, görəcək o da bağlıdır. Gedəcək üçüncü qapıya, görəcək o da bağlıdır. Soruşacaq ki, ay camaat bəs, bu bağa hardan girim? Deyəcəklər ki, matroslar zabastovka eləyibdirlər, deyəcək bəs, bunun bağa nə dəxli var? Deyəcəklər ki, nə bilək! Deyəcək, bəs bu bağı şəhər üçün kim saldırıb? Deyəcəklər ki, şəhər upravası. Deyəcək bəs şəhər upravası bağın bağlanmasına nə deyir? Deyəcəklər ki, heç zad demir. Deyəcəkdir ki, bəs, buna publika, camaat nə deyir? Deyəcəklər ki, camaatın başı qarışıqdır. Soruşacaqdır ki, nəyə? Deyəcəklər ki, öz işlərinə. Soruşacaqdır ki bəs, işləri nədir? Deyəcəklər ki, qara pul güdmək və bir də adam öldürmək. Onda binəva qərib əhvalatı bilib deyəcəkdir ki, bəs elə isə, görünür, burada hökumət əhlinin keyfi kökdür.

2 min
Birinci şadlıq

Divani-hərb (voenni-polevoy sud) qurtardı. Deməli, bir bu qədər zaman davam edən ədalətsiz mühakiməyə bu günlərdən belə xitam verildi. O məqsəd ki, divani-hərbin qoyulmasilə təqib edilirdi, əmələ gəlmədi. Haman məqsəd baş nazir Stolıpinin haman bu hərb xüsusunda dumada danışdığı sözlərə görə iğtişaşı qət edib, məmləkətdə sükunət bərpa etmək idi. Bu isə baş tutmadı. Divani-hərblər yüzlərcə qurbanlar apardı və dəryalarca qan tökdü, amma məmləkətin asayişinə zərrəcə nəf gətirə bilmədi.Əsasən divani-hərbi hökumət fəsx etmədi. Divani-hərb özü-özbaşına xitampəzir oldu, çünki bu məhkəmənin davamı aprelin 20-dək idi. Lakin bunu inkar etmək olmaz ki, burada dumanın bu barədə olan müzakirəsi dəxi əsərsiz qalmamışdır. Divani-hərbi saxlamaq hökumət üçün çətin bir iş deyildir. Fəqət görünür ki, hökumət özü dəxi Stolıpinin “müdafiə”sinə, filalına baxmayaraq, divani-hərbin davamını dəxi bundan sonra yersiz hesab etdi və bunun davamı üçün hələ bir tədbir görməyi lazım bilmədi. Gələcək hələ məlum deyildir, ancaq indi bütün Rusiyadan ötrü burası şayaniməsərrətdir ki, dəxi bundan sonra o sürətlə icra olunan divani-hərb mühakimələrində rəva görülən ədalətsizliklər bir müddət əhalini dilgir və mütənəfir etməyəcəkdir.

1 min
Ordan-burdan 105

Müsəlman kəndlisinin siyasi söhbəti– Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə zada da çox-çox gedib gəlirsən, bircə de görüm dünyada vəzir böyükdür, yoxsa vəkil?

1 min
Ordan-burdan 106

Bir şvesarlı ilə bir müsəlmanın söhbətiM ü s ə l m a n. Bircə de görüm, ay şvesarlı, sizin camaatınız da bizim camaatımız kimi adamdırlar, dayna?

4 min

Poems by other poets · Satire