Öz halımızdan
Page 2 of 2 · 50%
Bəli, istər oxumuşlarımız, istər oxumamışlarımız, istər oxumaqda olanlarımız arasında istedad və qabiliyyəti-xariqüladə sahibləri heç yox dəyildir və gələcəkdə də olacaqdır. Bu cürə adamların da millət üçün və hətta ümumi insaniyyət üçün mənfəətli olduğunu söylədik. Ancaq bunlardan istifadə etmək lazımdır. Biz məqaləmizin hamısında bu növ adamları meyvəli ağaclara və ətirli güllərə bənzətmişik. Və demişik ki, bir bağın bir guşeyi behişt-asa olmasına səbəb, içindəki meyvəli ağaclar ilə ətirli güllərdir. Həmçinin bir millətin hər bir barədə tərəqqi və təməddününə səbəb də onun dahiləri, yəni istedad və qabiliyyəti-xarüqiladə sahibləridir. İndi fərz edəlim ki, sən bir bağ salmaq istəyirsən, onun üçün əvvəlcə münbit bir yer hazırlayırsan, yəni o qədər qüvvətli torpaq tökürsən, hər bir əkdiyin bitki yaxşı bitsin. Sonra başlayırsan meyvəli ağaclar əkməyə və güllər toxumu səpməyə, meşədə olan “cır” ağaclardan gətirib bağında əkirsən, sonra onu calayırsan (peyvənd eyləyirsən). Yaxud gətirdiyin “cins” ağacın yerini o qədər rahlıyırsan ki, meşədə qalıb da xarab olmağa üz qoyan cins ağac sənin bağında təravətlənib gözəl meyvələr yetirir: əkdiklərini vaxtında suluyursan, vaxtında torpaqlıyırsan, vaxtında alağın alırsan, qışda soyuqdan gözləyirsən, qurd-quşunu tələf eliyirsən. Qərəz hər nə lazımdır, onu eliyirsən – əvəzində də gözəl, dadlı meyvələr və geniş ətirli güllər görüb ağzın da dadlanır. Ruhun ləzzət aparır. Bağın içinə girdikdə guya dərdi-qəmdən azad olursan.
Həmçinin sən dərd və qəmdən azad olursan, nə vaxt?
Qafqaz şəhərlərinin müsəlman hissəsini gördükdə, yoxsa xaricilər hissəsini? Əlbəttə, xaricilər hissəsini. Yaxud:
Ərdəbil, Həmədan şəhərlərini gördükdə, yoxsa Paris, Berlin şəhərlərini?
Əlbəttə, Paris və Berlin kimi şəhərləri.
Nə səbəbə? Nə üçün?
– O səbəbə ki, o hissələr və o şəhərlər bu hissələr və bu şəhərlərdən gözəldir. Təmizdir, ruhəfzadır, adamları salamatdır, əlil, miskin yoxdur...
– Bunun səbəbi nədir?
– Əlbəttə tərəqqi və təməddündür.
– Tərəqqi və təməddünün səbəbi isə – istedad və qabiliyyət sahibləridir ki, o barədə qabaqda çox danışmışıq. Bəs aşikardır ki, bağın gözəlliyini arzu edən adam cins ağaclar axtardığı kimi, millətin tərəqqi və təməddününü arzu edən adam da müstəid və qabil adamlar axtarmalıdır. Cins ağac tapan bağban o ağacın başına dolanan kimi, yəni onu hər bir zərərdən gözləyib, hər bir ləvazimatını hazır edən kimi, bu da haman müstəid və qabil adamın başına dolanmalıdır.
Amma... İş bu məqama gəldikdə bir çox adamlar xorluyurlar və deyirlər: mənə nə düşübdür ki, məsələn, Məmmədcəfərin başına dolanam? Əcəba, bəs bağbana nə düşübdür ki, alma ağacının başına dolanır? Əgər bunun məqsədi ağac başına dolanmaqdırsa, bəs nə üçün qaraağacın başına dolanmır? Görünür ki, bunun məqsədi ləzzətli almalar görməkdir ki, alma ağacının başına dolanır. Və madam ki, Məmmədcəfər bir elmdə, bir fənnidə və ya bir sənətdə qabil və müstəiddir və sən də özünü millət tərəqqisini arzu edənlər cümləsinə verirsən, o halda, əlbəttə, sənin də borcun Məmmədcəfərin başına dolanmaqdır ki, bu Məmmədcəfər, öz istedadı və qabiliyyətini düz yolunda işlətməyə məqduru olsun ki, içindən millətə mənfəət çıxsın...
İndi sən deyəcəksən ki, nə üçün Məmmədcəfər özü millət əfradı olduğu halda, öz-özünə millətə mənfəət yetirmir.
Mən başına dolanmasam olmazmı?
Xeyr, olmaz! Alma ağacının vaxtında altında həmişə münbit torpağı, üstündə şəfəqli günü, vaxtında suyu və başqa ləvazimatı olmasa, alma verməz. Versə də “cır” alma olar. Həmçinin Məmmədcəfərin də məişət ehtiyacatını rəf edəcək ləvazimatı hazır olmasa, o, öz qabiliyyət və istedadını lazım olan surətdə işlədə bilməz. O, ancaq bütün var qüvvəsini məişət mübarizəsinə sərf edər və axırda hər bir istedad və qabiliyyətini də bu yolda məhv və nabud edər. Məsələn, Məmmədcəfərdə böyük bir ədiblik istedadı var imiş, lakin onu vaxtında oxudan, onun bu istedadını nəşvü-nüma edən olmayıbdır. Odur ki, indi Məmmədcəfər də acından ölməmək üçün hamballıq edir, yaxud çörəkçidir, yaxud Məmmədcəfər oxuyubdur və qabiliyyətini ibraz edir, xalq da o qabiliyyətdən mənfəətbərdar olur, lakin əvəzində Məmmədcəfərə bir şey verilmir ki, məişət keçirə bilsin. Ona görə Məmmədcəfər də millət üçün mənfəət gətirən qabiliyyətindən əl çəkməyə məcbur olub, özü üçün mənfəət verən başqa bir sənət dalınca gedir və yaxud burada qabiliyyətinin sui-istifadə olduğunu görüb, başqa bir məmləkətə getməyə məcbur olur. Necə ki, məşhur təbib Meçnikov Rusiyada buna heç bir etina olunmadığını görüb, indi bu saat əcnəbi bir məmləkətdə ibrazi məharət etməkdədir. Və xalq da qədrini bilir. Ruslar isə indi başa düşüblər ki, o kişi mənfəətli adammış. Yaxud keçənlərdə qəzetəmizdə tərcümeyi-halını dərc etdiyimiz məşhur müstəşəriq Vamberi öz məmləkətində buna heç bir qədir qoyan və etina edən olmadığını görüb, İngiltərəyə getməyə və orada ibraziməharət etməyə başladı. Ağıllı ingilislər bunun nə qədər mənfəətli bir adam olduğunu o saat duyub onun məişətini təmin etdilər ki, mənfəətindən də layiqli surətdə istifadə etsinlər. Vətəndaşları isə öz hərəkətlərindən peşiman olub sonra Vamberiya əldən gələn hörmət və ehtiramı müzayiqə etmədilər. Bu cürə misallar millətlər tarixində nə qədər desən çoxdur. Polyak milləti öz istedad və qabiliyyət sahiblərinə əldən gələn qədər ehtiram və kömək edirlər və adamların sayəsindədir ki, bu gün polyaklar ruslardan mütərəqqi və mütəməddin olub da bu qədər təzyiq və pərişanlıq altında qalmaqla belə öz milliyyətlərini gözəlcə mühafizə edib, bir gün müstəqil bir millət olacaqlarından ümidlərini kəsmirlər...
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-oz-halimizdan
Use ← → keys to move, R for a random poem
More by this author
Hər kəs istəyir ki, istibdadın və üsuli keyfi-mayəşanın əməlini gözü ilə görsün, buyursun gəlsin bizim Bakıya. Bakıya gələndən sonra, bilirəm ürəyi qısılacaqdır, çünki bu saat Bakı qızmağa başlayıbdır. Və ürəyi qısılandan sonra durub bayıra çıxacaqdır və qabağına gələn adamlardan soruşacaqdır ki, burada sizin gəzməli yeriniz haradır? Deyəcəklər ki, məsələn, “pasaj qabağı”. O da o saat gedəcək “pasaj qabağına” və görəcəkdir ki, doğrudan da pasaj qabağında o qədər adam var ki, “iynə salsan yerə düşməz”. Bir qədər burada gəzib görəcəkdir ki, xeyr ürəyi lap pis qısılır, çünki bir tərəfdən Bakının istisi, bir tərəfdən adamların istisi onu hal təbindən çıxardacaqdır. Belə olan surətdə onun yadına düşəcəkdir ki, Bakıda dərya var və bu dəryanın kənarı var ki, ona uşaqdan tutmuş böyüyə kimi hamı müsəlmanlar “naberejni” deyirlər. Gedəcək ora, bir qədər orada gəzəcəkdir, amma bir qədərdən sonra baxıb görəcəkdir ki, naberejnini hökumət qazaqları töylə qayırıb at saxlayırlar və pis iyi də başa çökübdür və özü də hiss edəcəkdir ki, günün hərarəti onun beynini bişirir, bir az da gəzsə, gic qoyun kimi fırlanmağa başlayacaqdır. İş belə olanda, qabağına gələn bir allah bəndəsindən soruşacaqdır ki, ay balam, bu sizin şəhərinizdə heç ağacdan, bağdan, zaddan yoxdur, adam gedib bir az kölgələnsin? Allah bəndəsi deyəcəkdir ki, var. Bu soruşacaqdır ki, hardadır? Allah bəndəsi cavab verəcəkdir ki, filan yerdədir. O da filan yerə gedib axırda bağı tapacaq. Amma görəcəkdir ki, qapısı bağlıdır. Gedəcək o biri qapısına, görəcək o da bağlıdır. Gedəcək üçüncü qapıya, görəcək o da bağlıdır. Soruşacaq ki, ay camaat bəs, bu bağa hardan girim? Deyəcəklər ki, matroslar zabastovka eləyibdirlər, deyəcək bəs, bunun bağa nə dəxli var? Deyəcəklər ki, nə bilək! Deyəcək, bəs bu bağı şəhər üçün kim saldırıb? Deyəcəklər ki, şəhər upravası. Deyəcək bəs şəhər upravası bağın bağlanmasına nə deyir? Deyəcəklər ki, heç zad demir. Deyəcəkdir ki, bəs, buna publika, camaat nə deyir? Deyəcəklər ki, camaatın başı qarışıqdır. Soruşacaqdır ki, nəyə? Deyəcəklər ki, öz işlərinə. Soruşacaqdır ki bəs, işləri nədir? Deyəcəklər ki, qara pul güdmək və bir də adam öldürmək. Onda binəva qərib əhvalatı bilib deyəcəkdir ki, bəs elə isə, görünür, burada hökumət əhlinin keyfi kökdür.
Birinci şadlıqDivani-hərb (voenni-polevoy sud) qurtardı. Deməli, bir bu qədər zaman davam edən ədalətsiz mühakiməyə bu günlərdən belə xitam verildi. O məqsəd ki, divani-hərbin qoyulmasilə təqib edilirdi, əmələ gəlmədi. Haman məqsəd baş nazir Stolıpinin haman bu hərb xüsusunda dumada danışdığı sözlərə görə iğtişaşı qət edib, məmləkətdə sükunət bərpa etmək idi. Bu isə baş tutmadı. Divani-hərblər yüzlərcə qurbanlar apardı və dəryalarca qan tökdü, amma məmləkətin asayişinə zərrəcə nəf gətirə bilmədi.Əsasən divani-hərbi hökumət fəsx etmədi. Divani-hərb özü-özbaşına xitampəzir oldu, çünki bu məhkəmənin davamı aprelin 20-dək idi. Lakin bunu inkar etmək olmaz ki, burada dumanın bu barədə olan müzakirəsi dəxi əsərsiz qalmamışdır. Divani-hərbi saxlamaq hökumət üçün çətin bir iş deyildir. Fəqət görünür ki, hökumət özü dəxi Stolıpinin “müdafiə”sinə, filalına baxmayaraq, divani-hərbin davamını dəxi bundan sonra yersiz hesab etdi və bunun davamı üçün hələ bir tədbir görməyi lazım bilmədi. Gələcək hələ məlum deyildir, ancaq indi bütün Rusiyadan ötrü burası şayaniməsərrətdir ki, dəxi bundan sonra o sürətlə icra olunan divani-hərb mühakimələrində rəva görülən ədalətsizliklər bir müddət əhalini dilgir və mütənəfir etməyəcəkdir.
Ordan-burdan 105Müsəlman kəndlisinin siyasi söhbəti– Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə zada da çox-çox gedib gəlirsən, bircə de görüm dünyada vəzir böyükdür, yoxsa vəkil?
Ordan-burdan 106Bir şvesarlı ilə bir müsəlmanın söhbətiM ü s ə l m a n. Bircə de görüm, ay şvesarlı, sizin camaatınız da bizim camaatımız kimi adamdırlar, dayna?
Poems by other poets · Satire
Deyirler, çıxdı bir gün Tura Musa,Minacat etdi: “Ey məbudi-yekta,
Hacı Nemət kişiGözlərin aydın olsun, ay Hacı Nemət kişi!Sən daha bundan belə eyləmə xiffət, kişi!
Vilayətin məğşuşluğu haqqındaMirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
Şeyx əmi!Üstünə sal tazə əba, şeyx əmi,Saqqala yax rəngü həna, şeyx əmi!