Beş il
On doqquzuncu ilin fevral ayının soyuq bir sübhü idi. Saat səkkizdə məni ev sahibinin telefonuna çağırdılar. Telefonu qulağıma tutub qabaqca ağlar bir səs eşitdim. Qolum boşaldı, ürəyim döyünməyə başladı.
Ağlamaq arasından bu sözləri eşitdim:
– Əlbəttə, bu saat gələsiniz, bu gecə Əliqulu Nəcəfzadəni öldürüblər. Mən, doğrusu, inanmadım, çünki onun nə düşməni var idi və nə də ola bilərdi. Fövrən bir fayton tutub Moskovski küçəyə çatdım. Yolda xəyalıma gəldi ki, bəlkə onu “Molla Nəsrəddin” düşmənlərindən mütəəssibin biri öldürmüş ola, bu da başqa yerdə mümkün olsaydı da, o vaxt Tiflisdə mümkün deyildi.
Mənzilə daxil olub, mərhumun qardaşı Rzaqulunu və dostu Zeynal Məmmədovu – hər birini bir küncə qısılıb ağlayan gördüm.
O biri otağa keçib gördüm: döşəmənin üstündə Əliqulu Nəcəfzadənin beşaltı güllə ilə deşilmiş nəşi düşüb, onun həmişə gülər dodaqları ki, lətifələr mənbəi idi, həmişəlik yumulub; onun həmişə fərəhlə dolu və gələcəyə ümidvar gözləri bir nöqtəyə dayanıb baxırlar, guya ki, mərhum, dünyaya, fələyə, təbiətə və cəmi məxluqata mühüm bir sual verib, cavab gözləyir: – Əcəba, məni nə üçün öldürdülər?!
Menşevik Gürcüstan qaradovoyunun bir nəfər aciz, zəif, şikəst Azərbaycan mühərririnin bədənində öz tapançasının zorunu sınamaq fikri olub!
Ömründə Əliqulu səhnə görməmiş, ilk dəfə səhnəyə çıxıb tamaşaçıları heyrətə gətirdi. Bakı teatr sevənlərindən onu hər kəs “Ölülər” komediyasında Şeyx Nəsrulla rolunda görüb, İndi də xəyalından çıxartmayıb. Gözəl natiq, şirin zəban, dərin fikirli, geniş məlumat sahibi və
Qeyd: jurnalın cəmi bircə nömrəsi çıxmışdır
insanı təəccübə gətirən hafizəli bir vücud idi ki, uşaqlığından axır gününədək hər nə əşar oxumuş idisə, hamısı hafizəsində idi.
Əliqulu Nəcəfzadəyə dəyən güllə “Molla Nəsrəddin” məcmuəsinin ürəyinə dəydi. Ona mən “Molla Nəsrəddin” məcmuəsinin ürəyi adı qoymaqda səhv etmirəm və cürətlə də bu sözü deyirəm.
Heyf olsun bivəxt əlimizdən gedən rəfiqimizə ki, həmişə qədirşünas dostlarının ürəyində diridir. Bununla onun nəcib ruhunu təmin edirik.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-bes-il
Use ← → keys to move, R for a random poem