Page 2 of 2 · 50%

Hacı Səmədağa. Daha yaxşı, az söylə, götür pulun iyirmi manatını qoy cibinə, füzulluq lazım deyil.

Mirzə Qoşunəli.. Ha, belə ha!.. Allah oğlunu saxlasın, əvvəldən de də! Dahı məni niyə bir belə danışdırırsan? (Durub pulun yarısını hacıya verir.)

Fərhad toza bulanmış daxil olur.

Hacı Səmədağa (Fərhadın boynunu qucaqlayıb öpür). Ay oğlum, harada qaldın? Səni gözləməkdən gözlərimin kökü saraldı. Budur, dörd gündür ki, səndən tel gəlib. Bəs niyə gec gəldin?

Fərhad. Çay çox daşqın idi, əmi, elə iki gün ona məəttəl olduq. Axır bir tövr su yatdı, düşüb gəldik. (Mirzəyə) Ya Allah, mirzə, əhvalişərif? (Əl verir.)

Mirzə Qoşunəli. (ikiəlli onun əlini tutur). Sənin dövlətindən, Qurbanın olum, yaman-yaxşı, dolanıram. (Əllərini çəkir, öpür, qoyur gözü üstə.)

Hacı Səmədağa. Tək gəldin, yoxsa yoldaşın da var idi?

Fərhad. Xeyr, əmi can, tək gəlmədim, Musa ilə gəldim, Zeynal bəyin oğlu ilə.

Hacı Səmədağa. Bir de görüm gimnaziyanı yaxşı tamam eliyə bildinmi?

Fərhad. Bəli, yaxşı tamam elədim, hətta bir qızıl medal da ənam aldım.

Hacı Səmədağa. Mərhəba, oğlum! Mənim səndə zənnim var idi. Afərin, afərin!

Mirzə Qoşunəli.. Xeyr!.. Bu oğlan elə şəxsin yurdunda oturmayıb ki, axırın yetirməyə.

Fərhad. Mirzə, əyləş, işinə məşğul ol. Mirzə əyləşir.

Hacı Səmədağa. M u s a da yaxşı qurtardımı?

Fərhad. Bəli, o da yaxşı qurtardı.

Mirzə Qoşunəli.. Allaha şükür, Allaha şükür! Allah onun atasına rəhmət eləsin, kasıb kişidir, İmdiyədək borc, xərc onu oxudub. Gözlərinin tikənəcəyi bir odur, bəlkə bundan sonra oğlunun səbəbinə bir parça çörək sahibi ola.

Hacı Səmədağa. Xub, İmdi, bala, şükür olsun Allaha ki, biz də qeyddən qurtardıq. Bir belə zəhmətdən sonra oxuyub dərsini tamam elədin. İmdi mən də qocalıb əldən düşmüşəm. Oturarsan öz mülk-maaşının üstündə, mülkün də, Allaha şükür, ucu-bucağı yoxdur, əgər oturub abad eləsən, özündən də savayı neçə adam saxlarsan.

Fərhad. Doğrudur, əmi. Bu sözləri buyurursan, amma, məgər mən bundan ötrü sümük sındırmışam ki, axırı gəlib əkinçilik eləyim? Əgər belə idi, heç əvvəldən oxumazdım. Bir belə zəhməti çəkənəcən, gedərdim əkinçiliyə.

Hacı Səmədağa. Xub, bəs belə olan surətdə sənin fikrin nədir?

Fərhad. Bağışlayın, əmi, insan ki elm oxudu, gərək onun elmindən elmsizlər az-çox mənfəətbərdar olsunlar. Elm oxuyanlar gərək korlara göz, qaranlıqda qalanlara çıraq olsunlar. Elmli adamlar hamıdan artıq bizlərə lazımdır. Çünki camaatımız başsızdırlar. Bu vəzifəni yerinə yetirməkdən ötrü mənim elmim kifayət etməz. İmdi mənim fikrim budur ki, Musa ilə belə danışmışıq ki, bir yerdə gedək Xarkov şəhərinə. Orada həkimlik oxuyub qurtaraq.

Hacı Səmədağa. Ay balam, bu dilləri sənə kim öyrədib? Sən ki bir sadədil uşaq idin?! Oğlum, Fərhad, Qurbanın olum, bu fikirləri başından çıxart. İmdiyədək oxuyubsan, rusun dilini bilirsən, elə o sənə kifayətdir. Ömürlər olub gödək. Bundan sonra get təzədən oxu, zəhmət çək, pənah Allaha, ola ya olmaya! Get, əlbəttə bu fikirlərdən düş. Sənin başına dönüm, hələ sən uşaqsan, beynin dolu qandır. Amma biz dünyada saqqal ağardıb, diş tökmüşük. Heç sənin məsləhətin deyil ki, bizim sözümüzdən çıxasan.

Mirzə Qoşunəli.. Fərhad bəy! Hacı əmin düz buyurur. Bu kişi həmişə sənə atalıq eləyib. Əlbəttə, bu sənin pis olmağını istəməz və bu yerlərdə sənin ondan artıq xeyirxahın yoxdur.

Fərhad. Əlbəttə. Bu mənim məlumumdur ki, əmimin mənim boynumda çox haqqı var. Amma yenə əmimdən təvəqqe eləyirəm ki, İmdiyədək mənim zəhmətimi çəkib, bir beş il də bundan sonra zəhmətini müzayiqə eləməsin.

Hacı Səmədağa. İmdi ki belə möhkəm durursan, özün bil, bir sözüm yoxdur. Hələ get, bir ananla da görüş, söhbət elərik.

Fərhad gedərkən Çingiz nəfəsini dərə-dərə, yüyürərək daxil olur.

Çingiz. Bıy, sənin başına dönüm, ay əmioğlu! Xoş gəlibsən! (Fərhadın üzündən öpür.) Gəldiyini İmdicə bazarda eşidib burayadək yüyürmüşəm. Hələ de görüm, çörək yeyibsən, yoxsa acsan?

Fərhad. Yox, ac deyiləm. Bir az bundan irəli yolda, karvansarada,

Musa ilə ikimiz bir cücənin çığırtmasını bir çörəklə doyunca yemişik.

Çingiz. Xa, xa, xa!.. İki adam bir cücə yeyiblər. Xa, xa, xa!.. Mən də elə bilirəm, bir qoyun şaqqası yeyiblər. Xa, xa, xa!..

Fərhad (gülür). Bir qoyunun da şaqqasını yemək olarmı?

Çingiz. Vallah, dünən mərc eləmişdik, bir budu şişə çəkib, iki çörəklə tək yemişəm. İnanmırsan, mirzə gülbəsərdən soruş!

Mirzə Qoşunəli.. Bəy, yenə mənə sataşdın?

Çingiz. İmdi, sənə bir yol mirzə gülbəsər deyəndə nə olar? Mən ölüm, mirzə, yedim, yoxsa yox?

Mirzə Qoşunəli.. Bəli, doğrudur.

Çingiz. İmdi, mirzə, mən ölüm, de görüm, sən də bir budu yeyə bilərsən?

Mirzə Qoşunəli.. Xeyr, başına dönüm, mən bacarmaram. Sənin iştahına da heç kimin sözü ola bilməz.

Çingiz. Əlbəttə, heç kimin sözü ola bilməz.

Hacı Səmədağa. Ay gədə, sarsaq-sarsaq söyləmə. (Fərhada) Get, qadan alım, ananın yanına.

Çingiz (Fərhadın qolundan çəkir, atıla-atıla oxuyur): Gülbəsərdi, gülbəsər, Qocalsa başı əsər.

Mirzə Qoşunəli.. Bəli, bu da bizim qazancımız.

Hacı Səmədağa. Mirzə, bir dur yaxına gəl sənə sözüm var. (Mirzə gəlib hacının yanında əyləşir.) Mirzə, bu uşaq gəlibdir. İmdi mənim kürkümə birə düşüb. Sən gərək bir məsləhət töküb, mənim ürəyimi xofdan çıxardasan.

Mirzə Qoşunəli.. Bəli, qulluğunu buyur görək.

Hacı Səmədağa. Mirzə, mən imdiyədək bu uşağın xərcini çəkmişəm. Ayda otuz manat mən ona libasdan, kitabdan, şkoladan əlavə pul göndərmişəm. Vallah, elə bilirəm ki, bu pul mənim ətimdən kəsilib. İmdi də bir ayrı fikrə düşüb. Danışdığı dilləri də ki eşitdin. Mən bunu İmdiyədək əlimdə saxlamışam. İmdi qorxuram gedə oxuya, gələ, sonra öhdəsindən gələ bilməyim. Gərək mənə bir məsləhət tökəsən. Mən bir növ bu uşağı burada saxlayam. Əgər burada qalsa, mən onu elə əlimə dolaram ki, ömrü olanı qaynağımdan qurtara bilməz. Sən bilirsən ki, bunun atasının cəmi mülkü mənim əlimdədir, nə qədər mənfəət eləyirəm. Əgər bunu əldən buraxsam, bütün nəflər əlimdən çıxar.

Mirzə Qoşunəli. (baş barmağını alnına qoyub fikrə gedir). Necəsən, mən bir tədbir töküm ki, Əmr Asın da ağlına gəlməsin?

Hacı Səmədağa. And olsun Allaha, oğlum Çingizin canı üçün, səni dünya malından qəni elərəm.

Mirzə Qoşunəli. Dünya malı mənə lazım deyil, onca manat pul ver, bir donluq da mahud, bu saat deyim.

Hacı Səmədağa. Vallahi verərəm. İyirmi manat da verərəm, ancaq de.

Mirzə Qoşunəli. Sən gəl Fərhad bəyi bir neçə günlüyə göndər kəndə gəzməyə və o gedəndən sonra birisinin qızını özündən bixəbər ona istə, al. Elə olsun ki, gəlsin ki, şirni də içilib, tamam olub. Ondan sonra ilişib burada qalasıdır. Amma bəşərti ki, toyunu da tez eləyəsən, ha!

Hacı Səmədağa. Afərin, mirzə, sədd afərin! Həqiqət gözəl tədbirdir. Xub, bəs mən ona kimin qızını istəyim?

Mirzə Qoşunəli. Nə qədər fikir eləsən, Məcnun bəydən yaxşısının qızını tapmayacaqsan. Əvvəla onun qızı çox gözəldir və əlavə Məcnun bəy sənin müxlisİndir. Ayağından öpüb qızını verər.

Hacı Səmədağa. Sədd afərin, mirzə! Yediyin çörək sənə halal olsun. Mən bu gün-sabah Fərhadı göndərərəm kəndə və axşamı da Məcnun bəyin evinə elçi göndərərəm. Payız girməmiş də, inşallah, toyu elərəm. (Durur ayağa.) Çox sağ ol, mirzə. Məni qeyddən qurtardın.

Mirzə Qoşunəli. Bəs, hacı, bizim xələt?

Hacı Səmədağa. Belə mənim bu gözlərim üstə. And içmişəm, verəcəyəm. Amma bu söhbəti bir adam bilməyə ha!

Mirzə Qoşunəli. Hacı, nə buyurursan? Məgər sən mənə bələd deyilsən?

Hacı Səmədağa. Əlbəttə, əlbəttə... (Fərhad gedən qapıya yumruğunu göstərir.) Saxlaram səni!

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets