Həmin otaqdır. Hacı Səmədağa, Mehrixanım və Mirzə Qoşunəli., qoltuğunda bir
mücrü, durublar otağın ortasında.

Hacı Səmədağa (Mirzəyə). Mirzə, bizim evimizin məhrəmi sənsən. Gərək şirin üstə özün gedəsən.

Mirzə Qoşunəli. Baş üstə, borcumdur.

Mehrixanım. İmdi bu alınanlar nə qədər şey oldu?

Hacı Səmədağa. Nə bilim, rəhmətlik uşağı. Adımı eşidib elə bilirlər ki, mən xəzinə üstündə oturmuşam, lap göydən gedirlər. On put şirni istəmişdilər, yeddi dəst iri xələt, on iki dəst xırda xələt, beş iri qənd kəllələri, bu mücrü də ki nişanlardır.

Mehrixanım. Dahı niyə darılırsan? Bircə qardaşın oğlu var. Belə şeyləri sən ona niyə çox görürsən?

Hacı Səmədağa. Yox, vallah, çox görmürəm. Fərha dın adı gələndə və gələn yerdə mən canımdan keçərəm. Ancaq dediyim odur ki, bir belə şeylər nəyə lazımdır? Beş put şirni də kifayət edərdi, xələtin də yarısı.

Mirzə Qoşunəli.. Nə sözdür! Fərhadın bu dünyada səndən savayı kimi var? Allah sənin oğlunu saxlasın, sən həmişə onun xoşbəxt olmağına çalışıbsan.

Hacı Səmədağa. Xudavəndi-aləm məni qiyamətə rəiyyət sifətində gətirsin, əgər mən onu öz oğlum Çingizdən artıq istəmirəmsə.

Mirzə Qoşunəli.. Yəqin belədir. (Kənara) Əlbəttə mənim də belə halva qardaşım oğlu olsa, onu nəinki öz oğlumdan, bəlkə canımdan da artıq istərəm.

Çingiz (yüyürərək daxil olur). Dədə, dədə! Budu Fərhad İmdicə gəldi, atdan düşdü. Mən onu tutub dartıram baqqal dükanına ki, mənimlə mərcləşsin, on beş girvənkə gilası bir oturuma yeyim, o elə bir ucdan soruşur ki, bu yüklü qatırlar nədir, burda durub?

Hacı Səmədağa (intizarla). Nə deyirsən? Fərhad doğrudan gəldi?

Çingiz. Vallah doğru deyirəm, bu saat gələcək buraya. (Gedir.)

Hacı Səmədağa. Bax, mirzə, cəmi taqsır səndədir, gərək bu iş dünən tamam olaydı. Mən sənə neçə dəfə dedim ki, kişi, işi təcili gör!

Mirzə Qoşunəli.. Mirzə başına nə daş salsın, ay hacı?! Qız evinə ayaq döyməkdən çustlarım dağılıb. Getdim, gəldim, elə dedilər ki, şənbə günü saat xoşdur, ayrı günü qəbul eləmədilər.

Mehrixanım. Əlbəttə gərək xoş saat ola, yoxsa bu şirni içmək zarafat deyil.

Hacı Səmədağa. Mən dediyim ayrı söhbətdir, sən bilməzsən.

Mehrixanım. Nə deyim?

Fərhad yorğun halda girir içəri.

Fərhad. Əmi, bu yüklü qatırlar nədir, qapıda dayanıblar?

Hacı Səmədağa (gülə-gülə). Qurbanın olum, şirnidir. Alıb göndəririk Məcnun bəyin evinə. Belə sənə şirni içirik.

Fərhad. Sizə kim tapşırmışdı mənə şirni içəsiniz? Məgər mənim evlənmək fikrim var idi? Siz özünüz bilirsiniz ki, mən bir-iki aydan sonra çıxıb gedəcəyəm.

Hacı Səmədağa. Qurbanın olum, sən gedəndən sonra mən də anan da, hətta Mirzə Qoşunəli. də yığılıb sənin səlahın üçün bu məsləhəti qoymuşuq və sənin getməyini də, hərçənd sən deyirsən, biz məsləhət görməmişik. Qurban olum sənə. Sən hələ uşaqsan, başa düşmürsən. Amma biz sənin böyüyünük, sənin məsləhətini səndən yaxşı biz başa düşürük.

Fərhad. Əmi, belə iş olmaz. Əvvəla, doğru buyurursunuz, bu heç vədə mənim məsləhətim olmaz, çünki mənim cəmi-cümlətanı on səkkiz yaşım var. Hələ evlənmək vaxtım deyil və bir də siz ki, bu işi görürsünüz, nə olardı mənə də xəbər eləyəydiniz.

Hacı Səmədağa. Başına dönüm, iş tələsiyə düşdü. Baxdım, gördüm, Səfərxanlı bəyləri elçi göndəriblər. Sən gedən gündən gedib qızı istəyəcəklər, doğrusu, qorxdum qız əldən çıxar. Məsləhət bilib, sənə xəbər eləməmiş, gedib qızı istədik. Bir yamanlıq ki eləməmişik?!

Fərhad. Dahı yamanlıq siz nəyə deyirsiniz? Insanı da özündən bixəbər evləndirmək olarmı? Məgər bu da sizlərdə adətdirmi? Doğrusu, utanıram, sizə də deyə bilmirəm. Ancaq mən heç kəsi vəkil eləməmişdim məni evləndirsin. Hərçənd siz bu işi görübsünüz, amma mən razı deyiləm.

Hacı Səmədağa. Yəni sənin dediyin bu deyil ki, sən bizi vücud hesab eləmirsən? Mənim xahişim budur, gərək də belə ola.

Fərhad. Mən bu günə cavabı sizdən eşitmək istəmirdim. Amma İmdi ki, iş məqama çatdı, mən də açıq deyirəm: heç kəs mənə vəkil deyil, hətta mənim əmim də olmuş ola. Mən evlənmək vaxtımı özüm bilirəm. Hər kəsi gözüm tutar, ürəyim sevər, alaram. Özüm də getməliyəm. Bu saat bir adam göndərəcəyəm, ya özüm gedəcəyəm, Məcnun bəydir, nə itdir, onun yanına və məlum eləyəcəyəm ki, onun qızı mənə lazım deyil və heç kəs də vəkil deyil mənim tərəfimdən kəbin kəsdirməyə.

Hacı Səmədağa. Ay balam, bu nə sarsaq sözlərdir danışırsan? Adamı görmüşük atası, anası evləndirər, əmisi evləndirər. Mən də camaat arasında bir abır sahibiyəm. Sən necə razı olarsan ki, sənə İmdiyədək ata yerində olan əminin abrısı tökülsün?

Fərhad. Mən bir nəfər şəxsin abrısı tökülməməkdən ötrü özümü bədbəxt eləyə bilmərəm.

Hacı Səmədağa. Artıq-əskik danışmaq lazım deyil. Sənin borcundur oturasan öz yerində və böyük nə desə itaət eləyəsən.

Me hrixala. Qurban ım olum, vallah, səni heç kəs dünyada əmincə istəmir. Sən niyə onun sözünə bərəks gedirsən?!

Fərhad. Bəli! Sən də məni çox istəyirsən, onu da görürəm. Belə məlum olur ki, sənin də beynini yeyiblər. Sən hərgah mənə ana olsaydın, mənim kimi oğlu tullayıb, dingildəyib ərə getməzdin. Heç kəsin sözü bu saat mənim qulağıma girməz. Mən uşaq deyiləm, bu dəqiqə gedirəm Məcnun bəyin evinə. (Getmək istəyir.)

Hacı Səmədağa (onun qolundan tutur). Dayan! And olsun Allaha, bu saat qiyaməti bərpa elərəm.

Fərhad. Əldən qoy məni! Qiyamət onda bərpa oldu ki, atam öldü və məni qəza saldı sənin qaynağına.

Mirzə Qoşunəli. Fərhad! Hər tərəfdən yüzədək qonaq çağırılıb, bəs onlar nə deyərlər?

Fərhad. Kəs səsini, qabyalayanın biri! Sən nə danışırsan? Sən nə Hacı Səmədağa üçün qaya olubsan! Ondan çıxan səs səndən çıxır. (Hacıya.) Burax qolumu!

Hacı Səmədağa. Yəni dediyin nədir?

Fərhad. Burax qolumu!

Hacı Səmədağa. Buraxmaram!

Fərhad. Sənə, əldən qoy deyirəm, yoxsa vallah, səni artıq bihörmət elərəm.

Hacı Səmədağa. Dahı bundan artıq nə bihörmətlik olacaq? Xahişin bu deyilmi ki, məni bir saqqallayıb da döyəsən? Gəl bəri! (Fərhad dartınır. Hacı onu itələyib sol tərəfdən otağa salıb, qapını bağlayır.) Nəməkbəhəram! Di get, hər nə bilirsən elə, nəməkbəhəram, məlun!

Fərhad (qapının dalından). Nəməkbəhəram mən deyiləm! Mən öz çörəyimi yeyib minnət götürmürəm. Nəməkbəhəram o adamdır ki, özgə çörəyi ilə adam olub, yolundan çıxa!

Hacı Səmədağa. Kəs səsini, məlun! And olsun Allahın birliyinə, bir il tamam bu otaqda Dustaq saxlaram, dilini kəsməyincə səni buradan buraxmaram. (Mirzəyə) Mirzə, sən dayanma, şirnini götür, düş yola! Özün də qabaqca get. Evin ağsaqqalısan. Mən də budur gəlirəm.

Mirzə Qoşunəli.. Baş üstə (öz-özünə). Inşallah, hər iki tərəfin xoşhallığı ilə iş əmələ gəldi. (Gedir.)

Hacı Səmədağa (Fərhada tərəf). Kəsərəm sənin nəfəsini!

Fərhad (dalınca). Mən bəlkə öləm, nəfəsim kəsilə! Polad sınar, əyilməz!

Hacı Səmədağa. Mən səni kürəyə salaram, altını zindan elərəm, üstünə çəkic, çox göyçək əyilərsən. Bir adamın ixtiyarı yoxdur mənsiz bunu buradan çıxartsın. (Mehrixanıma) Sən də get qonaqlarını götür, düş yola.

Mehrixanım sağ qapıdan və hacı orta qapıdan gedirlər. Otaq bir az vaxt boş qalır, sonra
Musa daxil olur. Musa. Bu ev niyə boşdur? Fərhad da deyəsən, yorulmuş adam, evdən çıxıb.

Fərhad (daldan). M u s a! M u s a!

Musa. Ay balam, oraya niyə giribsən?

Fərhad. Bircə gəl bu qapını aç, sonra bilərsən, deyərəm dərdimi sənə!

Musa (qapını açır, Fərhad çıxır). Bu nə gündür düşübsən, ay binəva? Gözümüz aydın olsun!

Fərhad. Mənə niyə gözaydınlığı verirsən? Gözaydınlığı o adama verginən ki, qanımı içməklə məramına yetir. Ziyafət eləyirlər, iki yüz qonaq çağırıblar, mənə nişan taxırlar. Bəs səni niyə çağırmayıblar?

Musa. Çağırıblar, amma özüm getmədim.

Fərhad. Niyə?

Musa. Bildim ki, bu işdən sən narazısan. Doğrusu, mənim də pisimə gəldi, getmədim... Hələ bir de görüm bu nə zindandır, səni salıblar?

Fərhad. Nə deyim, nə eşidəsən? Bu saat mənim ürəyim qandır, dünyanı gözüm görmür. Məgər yetim adamın gərək günü həmişə qara olsun? Mən öz bəxtimdən narazı oldum, məni zindana saldılar. Bilmirəm, vallah, nə qayırım, ya gərək özümü öldürəm, ya bir başqa adamı.

Musa. Məgər sənə heç məsləhət eləmədilər?

Fərhad. Deyirlər böyük bilən yaxşıdır. Yəni böyük hər nə çalsa, kiçik gərək oynasın.

Musa. İmdi bəs sənin fikrin nədir?

Fərhad. Mənim fikrim nə olacaq? Vallah özümü elə itirmişəm ki, bilmirəm gün haradan çıxır, harada batır. Qurbanın olum, Musa, mənimlə doqquz ildir ki, yoldaşsan, mənə qardaşlıq eləyibsən. Gərək mənə sən bir fikir çəkəsən.

Musa. Balam, mənə fikir çəkim, bu yerdə mənim əlimdən nə gələr?

Fərhad. Mu a, burada hamısı məni təkləyib, yeməyə çalışır. Barı sən məni tək qoyma. Gərək ya sən gedəsən Məcnun bəyin yanına, ya ikimiz də bir yerdə gedək Məcnun bəyə məlum eləyək ki, onun qızı mənə lazım deyil və deyək hamıya belə desin ki, guya özü məni bəyənməyib, qızını mənə vermək istəmir.

Musa. Bundan heç zad çıxmaz. Çünki sən bir nemətsən ki, göydən düşübsən Məcnun bəyin əlinə. O, deyəndə, bir ac adamdır. Elə bir sənin kimisini axtarır ki, qızını onun boğazına bağlasın. Axtardığı yar idi, yetirdi pərvərdigar! Məcnun bəy heç vədə bu təklifi qəbul eləməz.

Fərhad. Eləməz, cəhənnəmə qəbul eləsin! Biz ki öz sözümüzü deyərik.

Musa. O da mümkün deyil. Gərək bu əhlin adətinə çox yaxşı bələd olasan. Bəyin bir sürü ac qohum-əqrəbası və qardaşları var. Vallah, səni bir gün qoymazlar sağ qalasan. Zarafat deyildir...

Fərhad. Ay balam! Axır bir de görüm bəs mən nə eləyim? Axır bağrım çatladı, vallah, çatladı!..

Mu s a. Heç əlac yoxdur. Dinməz, söyləməz otur yerində. Müsibətə qatlaş, möhrü-xamuş vur dodaqlarına.

Çingiz, əlində kağıza bükülü şirni, daxil olur.

Çingiz. Fərhad! Ala sənə şirni verim! Vallah, bu saat öz payıma düz on girvənkə yemişəm. Bunu da sənə gətirmişəm.

Fərhad. Buraya ver görüm. (Alır, kağızdan şirnini çıxarır.) Bu nədir?.

Çingiz. Görmürsən nədir? Şirni!

Fərhad. Bunu nədən qayırıblar?

Çingiz. Elə bilirsən bilmirəm, şəkərdən!

Fərhad. Yağı da varmı?

Çingiz. Niyə yoxdur, var!

Fərhad. Un da qatırlarmı?

Çingiz. Qatırlar.

Fərhad. Gərək ki, halvanı da undan, şəkərdən, yağdan qayırırlar?

Çingiz. Hə!

Fərhad. Di onda, sən halvanı yeyinən, şirni pis şeydir, boğazın ağrıyar. (Şirnini çırpır Çingizin sinəsinə.) Di çıx çölə, çıx deyirəm sənə, çıx!

Çingiz. F ə r h a d! Mən sənə nə eləmişəm ki, məni qovlayırsan?

Fərhad. Çıx deyirəm sənə, çıx çölə! Sənin gözlərin məlun adamların gözlərinə oxşayır. Çıx...Möhrü-xamuş...Xa..xa...xa... (Ucadan gülə-gülə yıxılır, Musa onu tutur.)

Musa. F ə r h a d! Nə qayırırsan? Nə oldu sənə?!

Fərhad cavab verməyib əl-ayaq çalır. Musa onu yıxır kursunun üstə.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets