Üçüncü məclis, ikinci pərdə
Birinci məclisin otağı. Nəcəf bəy gəzinir. Cavad daxil olub, bir məktub verib çıxır.
Nəcəfbəy (məktubu oxuyur). Bəradərim Nəcəf! Kağız yazıb Cavadnan göndərmişdin, gəldi vüsul oldu, oxuyub məzmunundan xəbərdar oldum. Yazıb, xahiş etdiyin iki yüz manat mümkün olmadı. Çünki and olsun sənin canına... (Dalısını oxumayıb, cırır atır.) Cavad!
Cavad! (Cavad daxil olur.) Çıx bir tezcə məşədini geri qaytar. (Cavad çıxır.) Bu da Aslan bəy, mənim əziz dostum. Məlunlar, müftəxor məlunlar. Nə qədər mənim pulum var idi, mənə möhtac idilər, mənim başıma dolanıb, “qardaşım, əzizim” deyirdilər. İndi mənə pul lazım olanda özlərini çəkib dağın başına qoyurlar. Məluna dünən kənddən iki min manat gəlib, iki yüz manat mənə borc vermək istəmir. Qorxur batsın. Amma özü mənim çörəyimdən əlavə, iki min manatdan artıq peşkəşimi yeyib. (Məşədi Cəfər. daxil olur.) Məşədi, gəl əyləş. (Məşədi əyləşir yerdə, Nəcəf bəy kürsünün üstündə.) Məşədi, axı bu yaxşı iş deyil ki, sən görürsən. Məgər sənin pulun məndə batacaqdır? Nə vaxt sənin məndə iki quruşun batıbdır ki, yenə batsın? Sən mənə minmin pul borc veribsən. İndi iki yüz manat nə artıq puldur ki, ona məndən girov istəyirsən?
Məşədi Cəfər. Bəy, bağışla, qulluğunda axmaq-axmaq boşboğazlıq eləyirəm. Bayaq də sənə ərz elədim, əvvəla, görürsən mən qocalmışam, bu gün, ya sabah başımı qoyacağam yerə. Məndən sonra bir bölük yetim-yesir qalacaq. Onların əlləri gərək bir şeyə bənd olsun, ya yox? Bir də, Qurbanın olum, qəzəbin tutmasın, ruzigar elə dönübdür ki, qardaş-qardaşa etibar eləyib girovsuz bir qəpik borc verməyir.
Nəcəfbəy. Yaxşı, dayan, məndə ki sənin pulun batmayacaq, bu saat girovu də gətirib verərəm. (Gedir.)
Məşədi Cəfər.(tək). Mən ölüm bir buna bax! Bu ya özü axmaqdır, ya məni axmaq ələ salıb. Deyir, keçən vaxt min manatlarla borc verirdin, ha... ha... ha... Min manat da verirdim, iki min də, beş min də. Çünki verdiyim pulu da müamiləsi ilə alırdım, düşəndə bir at da bəndləyirdim. Amma İndi vermirəm, çünki görürəm elə günə düşübsən ki, az qalırsan it yeyən çörəyin də parasını itin ağzından alıb yeyəsən. Başına kül, Cəfər, hər belə yerə girovsuz pul versən, bir ildə milyon sahibi olarsan... vay-hay!..
Nəcəfbəy (daxil olur, əlində kağıza bükülmüş qızıl). Ala, bu da sənin girovun, ürəyin sakit olsun.
Məşədi Cəfər.(Cibindən təməssük kağızı çıxardır). Di, bəy, zəhmət olmasa, öz dəst-xəttinlə buraya bir neçə kəlmə yaz.
Nəcəfbəy (yazır və yazdığını oxuyur). Bu min iki yüz doxsan doqquzuncu ilin rəcəbül-mürəccəb ayının on yeddinci günündə, mən
Nəcəfbəy Murad bəy oğlu Çaybasarski bu təməssükü verirəm öz həmşərim Məşədi Cəfər mərhum Dadaş oğluna, bu üzrə ki, müşarileyhdən iki yüz manat məbləği-rusi qərz aldım. Hali-təhrirdən bir ilin müddətinə bir dəst qızıl çəprast, bir dəst qızıl yaxa düyməsi, bir ədəd mirvarid boyun bağı girov verib, qərzdar oluram ki, vədeyi-müəyyənənin tamamında məzkur məbləği məzbur müşar-ileyhə verib, təməssükümü və girovumu alım. Əgər vədə tamamında borcumu əta etməsəm, girovdan məyusam. Mən Nəcəf bəy Çaybasarski qol yazdım... Buyur, bu da sənin təməssükün.
Məşədi Cəfər. (təməssükü və girovu alıb qoyur cibinə, pul çıxarıb verir). Buyur, bəy, yüz yetmiş manat, müamiləsi ilə elər tamam iki yüz manat... Mürəxxəs olum qulluğunuzdan. Yenə nə vaxt qulluğun olsa buyur, həmişə qulluq eləməyə hazıram. Amma, bəy qəzəbin tutmasın, zəmanə yaman zəmanədir.
Nəcəfbəy (pulu qoyur cibinə). Çox sağ ol, məşədi. Xudahafiz.
Məşədi Cəfər baş əyib çıxır.
Sonaxanım (əlində boş mücrü, ağlaya-ağlaya daxil olur). Nəcəf, elə bu qalmışdı ki, mənim başıma gətirdin. (Mücrünü atır otağın ortasına.) Elə bu qalmışdı? Kənd-kəsəkləri tamam uduzdun, olubqalanı verdin bada, İndi əlini mənə ilişdiribsən? Evin yıxılsın, nə qayırdığındır, nə fikir eləyirsən?
Nəcəfbəy. Sən Allah, ovqatımın pis vaxtında məni rahat qoy. Tezliklə zəhrimarların qayıdar özünə.
Sonaxanım. Çox danışacağam, kiriməkdən görürsən nə hala düşmüşəm. Bədənim belə quruyub, yanımdan bir yel ötsə tamam olaram. Mən çox kirimişəm, amma daha səbr kasam dolub-daşır. Gərək danışam, o qədər danışam, bu sinəmdə qalan bir xırda quru nəfəs də çölə çıxınca. Di qulaq ver, Nəcəf! Bir qiyamət gününü, xudavəndi-aləm divanını yadına sal. O günü yadına sal ki, Allah divanının qarşısında titrəyə-titrəyə hesab verəcəksən. O vədə səndən iki şikayətçi olacaq ki, yer-göy onların dudiahlarından lərzəyə gələcək. O şikayətçiləri bu saat gətirim sənin gözünün qabağına. (Cəld gedir o biri otağa.)
Nəcəfbəy (tək). Bu nə iş idi mən tutdum?! Nə qələt idi elədim, pərvərdigara, özün mənim fəryadıma yet.
Sonaxanım (iki balaca uşağın qolundan tutmuş, daxil olur). Bax, bunlardı səndən şikayətçi. Sən bunların olub-qalanını güdaza veribsən. Bunlar əllərini Allah dərgahına qalxızıb deyəcək: “Pərvərdigara, biz nə günah eləmişdik ki, ac qalırıq, susuz qalırıq”. Balaca balalarım, gözəl balalarım. Bu gün-sabah ananız ölər, siz də atanızın dövlətindən, çiyninizə torba salıb, küçələrdə, yol üstündə gəlib-gedənə əl açarsınız ki, ay Allahı sevən, çörək pulu verin, acıq, susuzuq. Necəsən, Nəcəf! Niyə ürəyimi oxlayırsan?
Nəcəfbəy. Arvad, ürəyim od tutub alışır, məni daha artıq yandırma.
Sonaxanım. Belə olar, bəs necə, od tutar, hələ bir az da ötər. Bu azdır, sən gərək xudavəndi-aləmin öz oduna yanasan. Mən bu gün-sabah öləcəyəm, amma mənim ruhum, – sən bir qiyamətli, yağışlı, tufanlı gündə Allahın öz oduna yanınca, – sənin dalınca gəzəcək.
Eşikdən səs gəlir.
Cavad (daxil olur). Bəy, bir qapıya buyur.
Nəcəfbəy. Nə var, nə olub?
Cavad. Heç, bir ovçu gəlib, Süleyman bəydən bir para əhvalat söyləyir.
Nəcəfbəy. Ovçu kİmdir? Cəhənnəmə gəlib, gora gəlib, qov çıxsın getsin. Elə mənim dərdim-başım Süleyman bəy idi!..
Cavad (ciddi). Xeyr, bəy, özgə əhvalatdır, qapıya buyur.
Nəcəfbəy çıxır.
Sonaxanım. Cavad! Yoxsa Süleymanın başında bir iş var? Doğrusunu söylə.
Cavad. Xanım, başına dönüm, qorxma, heç bir şey yoxdur.
Sonaxanım. Yox, məndən danırsan. (Yüyürür Nəcəf bəyin dalınca.)
Cavad. Fəqir övrət, eşitsə, görəsən necə olacaq? (Uşaqların qollarından yapışıb o biri otağa ötürür.)
Sonaxanım (qışqırıqla qayıdır). Öldürüblər... Öldürüblər... Gözəl balam... Nazlı balam... Oy!.. (Yıxılır. Cavad istəyir durquzsun, görür ölübdür, hönkürüb ağlayır.)
Nəcəfbəy (ağlaya-ağlaya daxil olur). Allah, bu nə iş idi mən düşdüm?! Pərvərdigara, İndi mən nə çara qılım, başıma nə daş salım?! Öhö... öhö... öhö... Cavad, başına dönüm, bir arabadan-zaddan tut, get o binəvanın meyitini götür gəl. (Sona xanımın meyitini görüb.) Bu nədir, a başınıza dönüm, yoxsa Sona da öldü? (Gəlib çökür Sona xanımın başının üstündə.) Sona... Sona...Sona!.. Səni and verirəm, mənim evimi yıxma, Sona... Məni düzlərə salma, Sona!.. Qurbanın olum, gözlərini aç... Sona, balalarına yazığın gəlsin. Öhö... öhö... öhö... öhö...öhö... öhö... (Yıxılır. Sona xanımın nəşinin üstünə.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-dagilan-tifaq-ucuncu-meclis-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Musiqili səhnəcikİstəkli qardaşım Hüseynqulu Sarabskiyə
Ədalət qapılarıDram iki şəkildəİştirak edənlər
Birinci şəkilVaqe olur padşahın hərəmxanasında. Padşahın qızı, ətrafında neçə nəfər rəfiqələri*əyləşiblər. Rəqqasələr oynayırlar. Hamısının gözlərində fərəh, şadlıq əlaməti görünür. Tək*
İkinci şəkilQara, mağaraya oxşar bir mənzildir. Müqabilində dörd qapı var. Qapıların qabağında*qara libasda dərbanlar dayanıblar və sol tərəfdə padşah üçün taxt qoyulubdur. Şeypur çalınır.*
Poems by other poets
Müşkül işə düşəndə çağırram səni,Yetiş fəryadıma ya İsa mənəm
TəcnisDedim: gəl, dost, ikimiz həmdəm olalı,Ağı mən oxuyum, qarasan, qara,
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Göz alaBir gözəlin şövqü düşüb cahana,Yoxdur sənin kimi gözəl, göz ala.