Birinci şəkil
Vaqe olur padşahın hərəmxanasında. Padşahın qızı, ətrafında neçə nəfər rəfiqələri
əyləşiblər. Rəqqasələr oynayırlar. Hamısının gözlərində fərəh, şadlıq əlaməti görünür. Tək
padşahın qızı məyus əyləşib. Rəqqasələr bir qədər rəqs etdikdən sonra padşahın qızı işarə
edir, hamı gedir, kənizdən başqa.
Padşahınqızı. Mehriban bacım, budur, iki aydır mən naxoşam, mərəzim gün-gündən şiddət etməkdədir. Məmləkətdə bir təbib qalmayıbdır ki, atam onu mənə müalicə etmək üçün gətirməmiş olsun. Heç biri mənim dərdimin dərmanını tapmayıb, əl çəkib gediblər. Axırda əcnəbi vilayətdən gəlmiş bir təbibin məsləhətinə görə, məni hər gün rəfiqələr arasında, çəmənlər səyahətinə və rəqslər tamaşasına məcbur edirlər. Bunların heç birisi mənim dərdimin əlacı deyildir. Nə rəqs, nə xanəndə, nə çəmənlərdə və nə çay kənarında səyahət, heç biri mənim ürəyimi açmır. Baş ağrısı, ürək ağrısı gün-gündən artmaqdadır. Amma tənha qalıb, bir qədər ağlayandan sonra rahat oluram. Rica edirəm məni yalqız burax.
Asiyə. Xanım, neçə ildir ki, mən sizin xidmətinizdəyəm, sədaqətim sizə məlumdur. Nə olar dərdinizi açıb mənə söyləyəydiniz. Sizin kənara çəkilib ağlamağınızdan bir şey anlamayıram. Əfv ediniz, açıq danışacağam. Mərəziniz məhəbbət mərəzidir. Nə olar ki, açıb padşaha deyəsiniz? Baxın, ətraf məmləkətlərin hamısından elçilər gəlir. Heç birinə atanız sizin xahişinizi bilməmiş cavab vermir... Görünür, sizing xahişiniz padşah xahişidir.
Padşahınqızı. Əziz bacım! Mənim mərəzimi dürüst anlayıbsan. Fəqət mən atama bir söz açıb demərəm. Çünki atam bilsə, onu yüz parça elər. Odur ki, danışa bilməyib günü-gündən şam tək əriyirəm. (Bir nəfər qara qul hərdən gəlib, xəlvət qulaq asır.) Burada ancaq bir nəfər mənim dərdimi bilir. Ondan savayı heç kəsə dərdimi açmaram. Get, bacı, sən də get, məni tək burax. (Asiyə gedir.)
Padşahınqızı (ahəstə gedib sol qapıdan çağırır). Xacə Firuz!
Xacə Firuz (qoca qara qul daxil olur). Əmriniz nədir, xanım?
Padşahınqızı. Gəlibdirmi?
Xacə Firuz. Bəli, gəlibdir, müntəzirdir.
Padşahınqızı. Göndər gəlsin. Özün qapıda ol, gördün ki, gələn var, fövrən xəbər ver.
Xacə Firuz. Baş üstə, xanım. (Çıxır, Rizvan – cavan, gözəl oğlan daxil olur).
Padşahınqızı. Ax Rizvan! (Boynunu qucaqlayır.)
Rizvan. Mən sizin aciz bəndəniz sizin məhəbbətinizə nail olmuşam. Mənim bu qaba ürəyimdə nazik hisslər gün-gündən artmaqdadır. Siz çəkən əziyyəti mən bilirəm. Fəqət mən iki-üç dəfə artıq çəkirəm. Nə gündüzlər iş görə bilirəm, nə gecələr gözümə yuxu gedir. Gecələr sübhə kimi ayla, ulduzlarla danışıram. Söz yoxdur ki, qibleyi-aləm size bağban oğluna verməyəcək və bizim məhəbbətimizdən xəbərdar olsa, yəqin nəticəsi həm sizin, həm mənim üçün yaman olacaq...
Padşahınqızı. Ölümdən yaman nəticə ola bilməz. Mən məhəbbət yolunda ölümdən qorxmuram. Bir vaxt ki, əlim yarımdan üzüləcək, əlbəttə, ölüm məsləhətdir. Sənin qorxmağın məni heyrətə gətirir. Mən səni belə aciz bilməzdim.
Rizvan. Xanım! Dünyada iki dəfə ölüm yoxdur. Hər dünyaya gələn bir dəfə dünyadan gedəcək. Ancaq geci, tezi var. Hamımız öləcəyik və sizin məhəbbətiniz yolunda can vermək mənim üçün eyni səadətdir. Mən ölümdən qorxmuram, ondan bədtərindən qorxuram.
Padşahınqızı. Ölümdən bədtər nə ola bilər?
Rizvan. Ölümdən bədtər ədalət qapısından keçməkdir. Ondan qorxuram.
Padşahınqızı. O necə qapıdır?
Rizvan. Bu təzə binadır! Bir qaranlıq mağaranın içində dörd dənə qapı var ki, onlara “Ədalət qapıları” deyirlər. Padşahın əmri ilə müqəssirləri gətirirlər o qapının bərabərinə və hökm edirlər ki, qapıların birini öz xahişi ilə açıb daxil olsun. Qapının birindən daxil olan əfi ilanlara düçar olur. O birisindən girən vəhşi canavarlara xörək olur. Üçüncüsündən daxil olan cəhənnəm tək nərə vuran alov içinə düşüb yanır. Bir tək dördüncü qapını açan, qadına düçar gəlir və o qadını almağa məcbur olunur, taqsırı bağışlanır. Ancaq hansı qapıda bəla və hansı qapıda qadın olduğunu müqəssir bilmir. Budur ədalət qapıları. Hər qapıdan daxil olsam, əlim səndən çıxacaq. Atəş içinə, ilan və canavarlar yığıncağına düşsəm, özümü bəxtiyar hesab edərəm. Amma axırıncısından qorxuram.
Padşahınqızı. Qorxma, Rizvan! Xacə Firuz hər tədbiri görübdür. Bu gecə biz buradan qaçarıq. Sübh açılmamış məmləkət sərhədini keçərik. Ondan sonra bizi heç kəs ələ gətirə bilməz. Bir kənar guşəyə çəkilib, istirahətlə ömür başa apararıq və lazım qədər özümlə cavahirat götürmüşəm. O da olmasa, əlimizlə işləyib dolanarıq.
Xacə Firuz (özünü itirmiş daxil olur). Amandır, qibleyi-aləm buraya gəlir. (Çıxır).
Padşahınqızı (tələsik). Get, get, əzizim, tez get. Gecə üçün hazır ol. (Rizvan çıxır.)
Padşah (daxil olur, qəzəbini saxlamış). Necəsən, qızım, başının ağrısı kəsilibdirmi.
Padşahınqızı. Bəli, ata, bir az yaxşıyam.
Padşah (istehza ilə). Sağalarsan, qızım, tezliklə sağalarsan. Sənin üçün təzə bir cüft gözəl at almışam. Çıx bir tamaşa elə. (Qız çıxır. Padşah qapıdan.) Xacə Firuz!..
Xacə Firuz (daxil olur). Bəli, Qurban!
Padşah (xacənin iki qolundan tutub dizi üstə çökdürür). Qoca məlun, sən ki mənim qızımın cəmi sirlərini bilirsən, İndiyədək niyə mənə xəbər etməyibsən?
Xacə Firuz. Qibleyi-aləm! Siz məni şahzadə xanımın xidmətinə təyin edəndə, əmr etdiniz ki, ona sədaqətlə xidmət edim və sədaqət də bundan ibarətdir ki, gördüyümü və eşitdiyimi bir kəsə söyləməyim.
Padşah (vurur). Mənədəmi söyləməyəsən?
Xacə Firuz. Şahzadə xanımın əmri olmasa, sizə də söyləməyim.
Padşah (vurur). Məlun! De görüm, bu saat burada kim var idi?
Xacə Firuz. Bilmirəm, qibleyi-aləm!
Padşah. Yalan danışma, ifrit! Sən bilmirsən, mən bilirəm. Buradan gedən tutulub həbsdədir və sabah ədalət qapısından keçəcək və səni də sədaqətlə xidmət etdiyin xanımın qarşısında parça-parça etdirəcəyəm. (Əl çalır, iki fərraş daxil olur.) Aparın bunu, möhkəm saxlayın.
Xacə Firuzu aparırlar.
Padşahınqızı (daxil olur). Ata, atlar çox əcəbdirlər.
Padşah. Bəli, gözəl heyvanlardır. Onları bir nəfər Məkkədən gəlmiş tacir töhfə gətirib. Di gəl, qızım, əyləş. Inşallah, iki günədək salamata çıxarsan. Sabah sənin üçün bir gözəl tamaşa tərtib etdirəcəyəm ki, İndiyə qədər görməyibsən. Sənə təzə bina etdiyim ədalət qapılarını göstərəcəyəm.
Padşahınqızı. Ax, eşitmişəm, eşitmişəm, istəmirəm. Nə gedərəm, nə tamaşa edərəm.
Padşah (istehza ilə). Gedərsən, qızım, sənin üçün xüsusi bir tamaşadır. (Padşah gedir.)
Asiyə (padşahın qızına yaxınlaşır). Sabah bir nəfər gözəl oğlanı ədalət qapısından keçirəcəklər. Padşah hökm verəndə eşitdim. Nədənsə, qoca Xacə Firuz da həbs edilmişdir.
Padşahınqızı (mütəğəyyir). Söylə, söylə!
Asiyə. Padşah hökm verdi ki, həbəşdən təzə gətirilmiş qara kənizi üçüncü qapının dalında qoysunlar. Bilmirəm yazıq nə taqsırın sahibidir. Deyirlər, ədalət qapısından keçirilmək böyük bir tənbehdir.
Padşahınqızı. Deyirsən Xacə Firuz da həbsdədir?
Asiyə. Bəli, şahzadə xanım! Nə oldu ki, rənginiz belə saraldı?
Padşahınqızı. Heç, bir şey yoxdur. Qoca nökərə yazığım gəldi. Mən gedib atamdan onun əfvini istərəm. Hə... hə... bilirəm... nə işdir... Deyirsən qapının dalında həbəş qızı qoyacaqlar?
Asiyə. Bəli, üçüncü qapının dalında.
Padşahınqızı (bir qədər fikir edir). Çox gözəl, çox gözəl. (Tələsik gedir.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-edalet-qapilari-birinci-sekil
Use ← → keys to move, R for a random poem
More by this author
Beş pərdədəİştirak edənlər:
Birinci pərdəCahangir ağanın evinin qabağında bir bağça. Neçə nəfər fəhlə işləyir. Arvadlar,*qızlar alaq edirlər.*
İkinci pərdəHəsən kişinin evi. Ortalıqda ocaq yanır. Küncün birinin qabağına çətən çəkilib,*divarlardan torbalar asılıb. Bir küncdə iki-üç dəst yorğan-döşək yığılmış. Həsən kişinin*
Üçünücü pərdəSəhnə iki parçadır: solda Cahangir ağanın evində bir otaq, sağda kənd meydançası.*Kəndlilər yolda o yan-bu yana ötürlər. Neçə nəfər kəndli, evin girəcəyində pillə üstündə*
Poems by other poets
Çəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Yine sabâ yilinün zülfün ile râzı nedürYine sabâ yilinün zülfün ile râzı nedürYine humâr gözünün bizüm ile nâzı nedür
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.