İkinci pərdə
Page 1 of 2
Həsən kişinin evi. Ortalıqda ocaq yanır. Küncün birinin qabağına çətən çəkilib,
divarlardan torbalar asılıb. Bir küncdə iki-üç dəst yorğan-döşək yığılmış. Həsən kişinin
arvadı Tubu əyləşib cəhrə əyirir, qızı Gülnisə tikiş işinə məşğuldur.
Tubu. Ay qız, atanla bir yerdə şəhərə gedənlər hamısı qayıtdılar, İmdicə atan da gələcək. Qalx ayağa, ocağın üstünə bir qazan qoy. Bir az düyü arıtla, atana bir dövrə sütlü yayma bişir.
Gülnisə. Bu saat duraram, ana. Tikişimin bir azca yeri qalıb, onu da qurtarım.
Tubu. Bilmirəm bu bir arxalıq nə olubdur ki, budur beş gündür onu tikib qurtara bilmirsən. Mən evə girəndə tikişi alırsan əlinə, mən çıxanda dəm verirsən gözlərinə. Axır, ay bala, nə vaxtacan sən ağlayacaqsan? İmdiyəcən oğlu ölən kiridi, qardaşı ölən kiridi, amma sən kirimək bilmirsən. İskəndər sənin ərin deyildi, nişanlın deyildi. Öldürüblər, yəqin öldürənə də bir cəza verərlər. Daha sən niyə gözlərini kor eləyirsən?
Gülnisə (qalxıb orta ocağı düzəldir). Ana, mən ona ağlamıram. Məni yandıran odur ki, onu Sadıq mənim üstümdə öldürdü. Atam vaxtında məni Sadığa versəydi, İmdi o bədbəxt sağ idi.
Tubu. Onda da İskəndər vurub Sadığı öldürəcəkdi. Yenə elə sənin üstündə bir qan olacaqdı. Nahaq yerə, qızım, ölən ölüb, sən də öz canını puç eləmə. Nə çoxdur kəndimizdə yeniyetmə cavanlar. Onlardan da yaxşısına gedərsən. Bu ölüm də yadından çıxar. Özün də xoşbəxt olarsan.
Gülnisə. Ana, məni daha öldürsələr də heç kəsə getməyəcəyəm. Bir də, atam gələndə deginən məni aparsın Qızıləhmədliyə, xalamgilə.
Tubu. Çox yaxşı olar. İmdi atan gələndə deyərəm. Bir neçə gün orada qalarsan, qəmin-qüssən dağılar.
Gülnisə. Doğrusu, ana, daha mən oradan buraya qayıtmayacağam. Mən buradan qorxuram.
Tubu. Nədən qorxursan, qızım?
Gülnisə. Özüm də bilmirəm nədən qorxuram. İskəndər ölən gündən gecələr rahat yata bilmirəm. Ürəyimə min cür qara-qara fikirlər gəlir. Gecə yuxuda gah məni qayadan atırlar, gah quyu dibinə salırlar. Axır ki, mənim başımın bir bəlası var.
Tubu Bunlar hamısı İskəndərin fikridir. Bacar, yadından çıxart. Ondan sonra pis yuxu görməzsən.
Gülnisə. Ondan deyil, ana, ürəyimə özgə fikirlər gəlir. Amma demək istəmirəm.
Tubu. A qızım, bəs sən dərdini anana deməyib kimə deyəcəksən?
Gülnisə. Ana, düyü torbası haradadır?
Tubu. Orada, çətənin dalında göydən asılıb. (Gülnisə gedib düyünü gətirir). Di bircə de görüm dərdin nədir?
Gülnisə. Ana, südlü yaymanı cılxaca süddən bişirim, yoxsa su da qatışdırım? (Düyü arıdır.)
Tubu. Yarı süd elə, yarı su. Di tez ol dərdini söylə.
Həsən (yorulmuş daxil olur). Bir belə əzab olar ki, bu ölmüş yabı mənə verdi. Budur, tamam bir ildir, deyirəm aparım bu çər dəymişi satım, məni qoymursan. Şallaq vurmaqdan qollarım, təkan vurmaqdan ayaqlarım az qalıb düşə. Zalım oğlunun satdığı, deyir, canın da çıxsa yerişimə bircə tikə haram qatmayacağam.
Tubu. Yabı, yenə hər nədir, ayaqlarını yerdən götürür. Satanda ona nə pul verəcəklər ki, bir yaxşı at ala biləsən?
Həsən. Yoldaşlar nə vaxtdır gəlib, evlərindədirlər, amma mən İmdi gəlib çıxıram. Hamıdan dalda qalmışam. Yolda Namaz deyir: “A Həsən kişi, özünə niyə bir əməlli at almırsan?”. Dedim: “A səni pir olasan, əməlli ata əməlli də pul istəyirlər. Haradan alım?”. Deyir: “Sən bunu sat, başdan elə, Cahangir ağaya mən deyərəm kəhər yabını sənə bağışlasın, quş kimi uçan bir atdır”. Deyirəm: “Yaxşı, Cahangir ağa mənə nə üçün at bağışlasın?”. Deyir: “Ağanın sənə çox iltifatı var”. (Bu yerdə Gülnisə düyü boşqabını əlindən salıb hönkürtü ilə ağlayır.) Ay qız, sənə nə oldu, niyə belə ağladın?
Gülnisə. Heç, ata, elə sənə ürəyim yandı. Axır sən niyə elə olasan ki, özgələrin rəhmi gəlib, at bağışlayalar.
Həsən. Ağlama, qızım, ağanın məgər rəiyyətinə şəfaəti olmaz?
Gülnisə. Istəmirəm, bağışlamasın, lazım deyil. (Hönkürərək evdən çıxır.)
Həsən. Bilmirəm bu yazıq qıza nə olub, dİndirirsən gözlərindən yaş tökülür.
Tubu. İskəndər vurulandan bəri, elə günü budur. Nə qədər nəsihət eləyirəm, olmur. İmdi deyir atam məni xalam evinə aparsın. Sabahda-zadda onu apar qoy xalasının yanında, bir-iki ay orada qalsın, bəlkə fikri dağıla.
Həsən. At məni çox incidib. Bir-iki gün dincimi alım, götürüb apararam, yaxşı olar.
Gülnisə daxil olub, qazanı gətirir.
Tubu. Ay qız, qazanı haraya aparırsan?
Gülnisə. Aparıb qapıda bişirəcəyəm. Burada ocaq tüstü elər, bəlkə atam yatacaq. (Çıxır.)
Tubu. Yazıq qız saralıb, zəfərana dönüb.
Həsən. Qara torpağın üzü soyuq olar. Ağlayıb, ağlayıb, axırda sakit olub, oturacaq yerində.
Tubu. Bircə de görüm, Sadığın işi hancarı oldu?
Həsən. Ay kişi, cümlə dünyanı axtarsan Cahangir ağa kimi ağa bir də özüdür. Şahidləri necə var doydurmuşdu. Namazın sözü ilə şahidlərə beş yüz manatacan pul paylayıbdır və tapşırıbdır ki, bacardıqca o kafir oğlunun peyini vursunlar. Şahidlər də, qoçaqlarım, necə ki lazımdır danışdılar. Gör kafir oğlu sudlara nə deyir? Deyir: “Mənim İsgəndərlə bir ədavətim yox idi, məni yoldan çıxardıb, onu öldürən Cahangir ağanın darğası Namaz oldu”. Guya Namazın İskəndərlə bir karası var idi. Axmaq oğlu axmaq, danışmağa söz də tapmadı. Axırda yeddi il Sibir kəsdilər.
Tubu Bəs İskəndər kimi cavanın qanı yerdə qalacaq idi?
Gülnisə daxil olub, düyü gətirir və danışığı eşidib, dayanır.
Həsən. Xülasə, Cahangir ağa olmasaydı, şahidlərin çoxu sözlərini dəyişdirəcəkdilər. Ağa deyir: “Mənim İskəndər kimi qoçaq rəiyyətimi öldürəni gözümün qabağında tikə-tikə doğrayalar, uf da demərəm”. Sağ olsun Cahangir ağa, əsl ağadır.
Çöldən Namazın səsi gəlir.
Namaz. Ay H ə s ə n, ay H ə s ə n!
Həsən (qalxır). Bu, Namazın səsidir. (Cavab verir.) Bəli! Bəli!
Namaz (çöldən). Bir çıx, bu itlərin qabağında dur.
Gülnisə. Ata, o buraya niyə gəlir?
Həsən. Nə bilim, ay bala, əlbət bir işi var ki, gəlir. Gələndə nə olar?
Gülnisə. Yox, gəlməsin, gəlməsin! O buraya gəlsə, mən özümü boğub öldürəcəyəm.
Həsən. Axmaq qızı axmaq. Başına hava gəlməyib? Özünü niyə boğursan? Namaz buraya gələndə qiyamət qopmaz ki? Mən durub ağanın darğasını evimdən qovacağam? (Qapıya tərəf gedir.)
Gülnisə (onun ətəyindən yapışır). Ata, Qurbanın olum, o kişini evinə qoyma. Mən ondan qorxuram.
Həsən. Axmağın biri, əl çək görüm a!..
Gülnisə ağlayaraq o biri qapıdan gedir.
Tubu. Bu qız başını götürüb haraya getdi? Dəli oldu, nədir? (Durub dalınca çıxır.)
Həsən (çöldən). Buyur içəri, buyur!
Namaz (daxil olur, dalınca Həsən). Bəs bu evin adamları haradadırlar?
Həsən. Yəqin bayırdadırlar. Gəl otur görək. Bizi belə yada salmaqda xeyirdirmi?
Namaz. Nəhlət şərrə! Xeyir olmamış nə var? Elə bir əhvalat var idi, onu sənə söyləməyə gəldim... (Çubuğunu çıxardıb doldurur.) Hələ qabaqca bir de görüm, nənəsi ölmüş Cahangir ağanı necə gördün? Nərdi, nər!..
Həsən. Doğrusu, mən onu belə bilmirdim. Kişi nəcib nəsildən olduğunu hamıya apaçıq göstərdi.
Namaz. Zarafat deyil, ona Pərviz xanın nəvəsi deyərlər. Pərviz xanın adı İmdi də dillərdə danışılır. Necə ola bilər ki, onun rəiyyətini gözünün qabağında öldürsünlər, o da tamaşa eləsin? Yox, Cahangir ağa özgə kişidi. Sən bir o axmaq oğlu Sadığa bax, deyir: “Məni öyrədən ağanın darğası
Namaz oldu”. Yaxşı, İskəndər Namaza nə eləmişdi? Namazın atasını öldürmüşdü? Namazın çörəyini əlindən alırdı, Namaz onu öldürtsün? Namaz ki, bir adamın toyuğuna daş atmayıb.
Həsən. Bir az bundan qabaq elə mən də həmin sözü arvada deyirdim. Səni kim tanımır? Axmaq sözlərdi, ağzına gəlib danışırdı, elə bilirdi onunla canını qurtaracaq.
Namaz. Hamı bilir ki, o sənin qızına nə qədər elçi göndərib. Axır baxıb gördü ki, sənin könlün İskəndərdədir, vurdu yazığı öldürdü.
Həsən. Həqiqət, ədalət divan oldu. Yeddi il Sibir ona azdır, gərək onu boğazından çəkəydilər.
Namaz. Cahangir ağaya deyirəm: ağa, doğrudan, böyük iş gördün. Deyir: “Bəs insafdır ki, oğulsuz, yiyəsiz Həsənin əlindən onun axır ümidini alıb, yazıq kişini əli qoynunda qoysunlar?”. Deyir: “Gərək mən əlimdən gələn yaxşılığı Həsənə eləyim, ta İskəndərin ölümü onun yadından çıxınca”. Mən dedim: ay ağa, Həsən kişinin yabısı heç zada yaramır, İndi ki, ona şəfaətin var, elə kəhər yabını ona bağışla. Buyurdu: “Yox, al bu üç yüz manatı, apar ver Həsənə, deginən özünə yaxşı at alsın. Artığına da bir muzdur tutub, işini gördürsün”. (Pulu verir.)
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-baba-yurdunda-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Toy məclisi. Böyük bir otaqda kəndlilər halə vurub əyləşiblər. Yuxarı başda toybaşı*əyləşib, fərraş, əlində çubuq, ortalıqda dolanır. Balabanlar çalğısı təqibi iləşamlarla*
Beşinci pərdəBir kənddə Dairə icraiyyə komitəsi. Bir masa rubəruda sədr üçün və birisi də sağ tərəfdə*katib üçün qoyulmuşdur. Masaların yanında neçə taburet və divar boyu skamyalar*
Bəxtsiz cavanFaciə beş məclisdəİştirak edənlər
Əvvəlinci məclisƏvvəlinci məclis vaqe olur Hacı Səməd ağanın otağında. Otaq fərşlər, yumşaq stullar və*kürsülərlə Avropa qaydası ilə bəzənmiş. Otağın üç qapısı var: sağdan, soldan və*
Poems by other poets
Nə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Dedim mərqum edəm ol yarə kağızDedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.
Əmoğlu(Sabirə nəzirə)*Beş gündü cahan, dövləti neylərsən əmoğlu?