Page 1 of 2

Bir kənddə Dairə icraiyyə komitəsi. Bir masa rubəruda sədr üçün və birisi də sağ tərəfdə
katib üçün qoyulmuşdur. Masaların yanında neçə taburet və divar boyu skamyalar
düzülmüş. Skamyalar üzərində neçə nəfər qadın və kişi əyləşmiş. Katib yazıya məşğuldur.
Sədr hələ gəlməmiş.

Qoçaşikayətçi. (katibə). Ay oğul, bəs İskəndərzadə yoldaş nə vaxt gələcək? Çoxdandır gözləyirəm.

Mirzə Səməd. Bir azca dayan, əmican, İndicə gərək gəlsin. Mərkəzdən şkolaların böyüyü gəlibdir. Bu gün kənddə şkola binası qoyacaqlar.

Qoca. Görünür, xeyir işə gedibdir, ziyanı yoxdur, gözlərəm. Axşamacan da gəlməsə incimərəm.

Mirzə Səməd. Yox, bu saat gələr, məəttəl olmazsan.

Qoca. Ay oğul, mənim başım çəkməyən bəla yoxdur. Gedirdik pristavın qapısına, deyirdilər ağa yatıbdır, gözlə, oyanıb işinə baxar. Günorta olurdu, ağa yatıb, gün əyilirdi, ağa yatıb. Deyirdik, ay canım, yolumuz uzaqdır, qaranlığa düşərik, yolda atımızı əlimizdən alarlar, burada yatmağa yerimiz yoxdur. Deyirdilər, nə çoxdur bağlarda ağac, get birinin altında yat. Ağa bu gecə səhərəcən filan bəyin evində qumar oynayıb, gün çıxandan sonra evə gəlibdir. O, gün batınca durmayacaq. Dursa da səni sənin işinə baxası olmayacaq, çünki çox pul uduzub, sağ-solunu qapır. Çıxıb gedirdik işimizə. Çox vaxt olurdu ki, bir iş düşəndə beş ağsaqqal çağırırdıq, gəlib işimizi barışdırırdılar. Deyirdik, qoy ziyan çəkək, pristavın sifətini görməyək. İmdi, budur, təzə hökumət gələndən bəri pristavların piyan sifətlərindən qurtarmışıq. Gəlirsən, altına kürsü çəkirlər, səninlə insan kimi danışırlar. İşinə də də oyanlıq, bu yanlıq, insafla baxıb yola salırlar. Bu İskəndərzadə yoldaş gələndən bəri işlər gün-gündən yaxşılaşır. Yaxşı oğlandır, ona mənim belə bu qoca canım Qurban olsun.

Mirzə Səməd. Əmican, pristavı padşah təyin eləyirdi. O da padşahın tərəfini gözləyib, camaatın belində qamçı işlədirdi. İmdi hökuməti camaat seçir, o da camaata qulluq eləyir.

Qoca. Düzdür, Qurbanın olum, elədir. (Hamı əyləşənlərə) Elədir?

Hamıəyləşənlər. Elədir, elədir. Yoldaş mirzə düz buyurur.

İkincişikayətçi. Ay kişilər, mən sizə bir gülməli şey nağıl eləyim. Bir az bundan qabaq Xədicə oğlu Kərbəlayı Əhmədin evinin yanından keçirdim. Gördüm çox adam yığılıb. Soruşdum nə var, dedilər, təzə şkol açırlar. Yoldaş İskəndərzadə orada idi. Bir də baxdım ki, Molla Talıb yanından küsmüş uşaq kimi, qıraqda boynunu bükmüş oturub bir daşın üstündə. Yeriyib salam verdim. Dedim: molla əmi, dəstgahı görürsənmi? Dedi görürəm, Allah bu Şura hökumətinin cəzasını versin, tamam uşaqlarımızı dindən çıxardacaq. Hər kənddə bir belə şeytan yuvası tiksələr, işlər düzələr. Dedim nə baxırsan, niyə vurub dağıtmırsan? Deyir məgər bu kafirlər məndə hərəkət qoyublar? Ancaq başımın milçəyini qoruyuram. Keçmiş vədə olaydı, şkolun altında od qoyub yandırmışdım. Deyir başımın milçəyini qoruyuram... ha!.. ha!.. ha!..

Hamı gülüşür.

Mirzə Səməd. Onun kimi başlarının milçəklərini qoruyanlar çoxdurlar. Daha onların dövranı qurtardı.

Qoca. Çox yaxşı olur. Qoy hamısının aclarından ağızlarına qurd düşsün, qırılsınlar. Hamımızı bisavad, dünyadan bixəbər eləyən onlardırlar. Bəylərin plovların yeyib, camaatı da onların xatiri üçün qaranlıqda saxladılar. Deyir: hər kəs rus elmi oxusa, rusca danışsa, qiyamətdə dilinə əqrəb yapışacaq. Biz də inanırdıq. Ay sizin diliniz düşsün.

Mirzə Səməd. Əlbəttə, onlara elə sərf elərdi. Qoyun ağıllanarsa südünü öz balasına verər. Odur ki, qoyunun ağıllanması çobana ziyandır. İmdi budur, məktəb açırlar, uşaqlarınız oxuyarlar. Əkini elmlə əkərlər, barama qurdunu elmlə saxlarlar, bağlarını elmlə becərərlər. Görərsən biri mənim kimi katib oldu, biri komitə sədri oldu, biri üzv oldu... Savadlı kəndliyə həmişə iş tapılar.

İkincişikayətçi. Qardaşlar, təzə hökumətin işinə nə söz ola bilər? Bundan qabaq bəy min çuvalın yerini əkirdi, rəiyyət bir çuval toxum səpməyə yer tapmırdı. Buradan durub, gedib Əzizsultanlı yerində əkin əkirdik. İmdi isə yeri öküzünə tök, nə qədər gücün çatır, ək. Pul lazım olardı, gedərdin həftəbazar kərbəlayıların, hacılarının yanına, adamın qulaqlarının dibindən kəsib buraxırdılar. Ölənəcən onların borclarının altından çıxmırdıq. İmdi budur, gözəlcə bankımız var. Pul lazım olanda, gedib yüngülcə müamilə ilə götürürük. Vaxtında da aparıb veririk. Mirzə Səməd. Bəylər də, hacılar da, kərbəlayılar da, hamısı cəzalarına çatdılar. İmdi də onlar geridən baxırlar.

Qoca. Şamçıraqlı Cahangir ağanı eşidibsənmi?

İkincişikayətçi. Necə?

Qoca. Camaatın başına nə oyun qaldı gətirməsin! Öz rəiyyətindən birinin qızına aşiq olub, yazığın nişanlısını öldürüb, sonra da arvad adına aparıb evində dörd il saxlayandan sonra, qucağına bir uşaq verib evindən qovdu. Padşah taxtdan düşəndən sonra o qızın nişanlısını öldürəni buraxdılar, gəldi evinə. Gələndən sonra, tamam camaatı durğuzdu Cahangir ağanın üstünə. Camaat tökülüb ağanın evini yandırdı. Namaz adlı bir darğası var idi, onu tikə-tikə elədilər. Ağa da o vaxtdan başını götürüb qaçıb. Yerini də bilən yoxdur.

İkincişikayətçi. Haqq olub, ona o da azdır, gərək özünü də evi kimi yandıraydılar.

İskəndərzadə (daxil olur, xalq ayağa qalxır). Əyləşin, yoldaşlar, zəhmət çəkməyin, köhnə, paslanmış adətləri buraxın getsin. Mən sizin hamınızdan cavanam, gərək mən sizin ayağınıza duram. Sizə bu gün bir yaxşı məktəb açdıq. Bu kənd bina olunandan məktəb görməyibdir. Bir azdan sonra məktəbsiz bir kənd qalmaz. Gərək məmləkətimizdə bir bisavad olmasın. Hamı oxusun. Qızlar, oğlanlar, hələ qocalar da gərək oxusunlar. (Katibə) Mirzə Səməd, doğrudan da, məktəbimizin binası çox gözəl binadır, otaqlar böyük, işıq!

Mirzə Səməd. Heyf ki, mən dəftərxananı buraxıb gedə bilmədim. Yəqin gözəl nitqlər söyləndi.

İs kəndərzadə. Bəli, mərkəzdən gələn inspektor göyçək danışdı. Mən də bir neçə söz dedim. Danışdığım yerdə gözüm Molla Talıba sataşdı. Bir kənardan durub dəvə nalbəndə baxan kimi tamaşa eləyirdi. (Əyləşir yerində, şikayətçilərə) Di gəlin görüm, dərdiniz nədir? (Qadına) Bacı, qabaqca sən gəl.

Qadın (qabağa yeriyir). Ay oğul, mənim, ayıb olmasın, bir qızım var, on yaşı ola, ya olmaya. Özünü də kənddə məktəbə qoymuşam. İmdi mənim kişim deyir, gərək qızı ərə verim. Deyirəm, ay kişi, bir insafın olsun, mürüvvətin olsun. Qoy bir az oxusun, böyüsün. On yaşında uşağı sən hara ərə verirsən? Deyir, olmaz ki olmaz. İmdi, budur, neçə gündür, ağacın birini itdə eləyib, birini məndə. Axır labüd qalıb, yanına gəlmişəm.

İskəndərzadə. Haralısan, bacı?

Qadın. Çuxurkəndliyəm.

İskəndərzadə. Ərinin adın nədir?

Qadın. Onu görüm adı batsın. Ramazan Ilyas oğlu.

İskəndərzadə (katibə). Yoldaş Mirzə Səməd, Çuxurkənd komitəsinə bir əmr yaz, sabah Ramazan Ilyas oğlunu buraya göndərsinlər. (Qadına) Məgər sənin ərinin gözləri kordur? O demirmi ki, mən bu balaca uşağı hara verirəm? Bundan nə arvad olacaqdır?

Qadın. Qurbanın olum, elə mənim də dediyim odur. Mən deyib, mən eşidirəm. Deyir qırxdır, biri əksik deyil. Deyir şəriətə baxsan, gərək qızı doqquz yaşında ərə verəsən. Bu qızın yaşı, deyir, az qalıb on bir olsun. Ərə verməsəm, məni cəhənnəm oduna yandırarlar.

İskəndərzadə. İndi, bacı, istəyirsənmi ərinə tənbeh olsun?

Qadın. Onun boğazından da assalar ürəyi soyumaz.

İskəndərzadə. Çox yaxşı, sabah gələr buraya, mən ona bir yaxşı şəriət dərsi verərəm. (Katibə) Mirzə Səməd, kağızı yazdınız?

Mirzə Səməd (məktubu təqdim edir). Buyurun.

İskəndərzadə (oxuyub imza edir). Bu kağızı bir atlınan göndər. (Qadına) Bacı, bu gecə burada qalmağa yerin varmı?

Qadın. Var, qadan alım, bacım evi var.

İsgəndərzadə. Çox yaxşı, sən get. Sabah ərin buraya gələr, onda sən də gələrsən.

Qadın. Ömrün uzun olsun, cavan qəddin yerə dəyməsin. (Gedir).

İskəndərzadə (qocaya). Dayı, gəl görüm sənin qulluğun nədir?

Qoca (qabağa gəlir). Ay oğul, mənim, ayıb olmasın, üç oğlum var, üçünü də evləndirmişəm. İmdi əkin yerimiz azlıq eləyir. Kənd komitəsinə neçə dəfə getdim-gəldim, əlac olmadı. İmdi səni deyib gəlmişəm. Yazasan qonşumuzdakı xali yerdən bir az kəsib bizə versinlər.

İs kəndərzadə. Əlinizdə nə qədər yer var?

Qoca. Olar bir üç çuvalın yeri.

İskəndərzadə. (katibə). Yoldaş Mirzə Səməd, götürün bunların kənd şurasına yazın ki, buna, arvad və uşaqlarına nüfuz hesabı ilə nə qədər yer düşürsə, müəyyən edib versinlər. (Mirzə başlayır yazmağa.) Dayı, sən get, arxayın ol.

Qo c a. Ömrün uzun olsun. Sənə bu qoca canım Qurban. (Katibə) Mirzə, kağızı yaz ver, elə özüm aparım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets