Page 2 of 2 · 50%

Mirzə Səməd. Budur, əlimdə yazıram. Dayan qurtarım, qol çəkdirim, apar.

Qoca çıxır.

İskəndərzadə (şikayətçiyə). Buyur görək sənin nə qulluğun var?

Şikayətçi. Mənim şikayətim, a yoldaş, mirabdandır. Bağım yanırdı, getdim, yalvardım, üçcə gecəlik ondan su istədim. Gör mənə nə deyirlər, deyir, avcıma qoy, avcına qoyum. Yəni pul ver, su apar. Verməyə pulum olmadı, ağaclarım yanır, bağa baxsan yazığın gələr.

İskəndərzadə. Mən mirabı çağırtdırmışam. Sən də get, arxayın ol, sabah bağın su içər. Hansı kənddənsən?

Şikayətçi. Quruqatlaq kəndindən.

İskəndərzadə. Adın nədir?

Şikayətçi. Behbud H ü s e y nqulu oğlu.

İskəndərzadə (yazır). Di get, xatircəm ol. (Katibə) Mirzə Səməd, mirab gəlibdirmi?

Mirzə Səməd (yazır). Bəli, gəlibdir. Iki nəfər çağırdığımız kəndlilər də gəliblər.

İskəndərzadə (qapıdakı milis nəfərinə). Çıx, mirabı da, onunla bir yerdə çağırılan kəndliləri də buraya gətir. (Milisioner çıxır. Şikayətçiyə) Sən, yoldaş, dayanma, get evinə.

Şikayətçi gedir. Mirab iki nəfər kəndli ilə daxil olur.

İskəndərzadə (miraba). Yoldaş, bu camaat sizi mirab seçib, sizə məvacib təyin edibdir ki, siz də qayda ilə camaatın əkənəcəyinə, bağına, bostanına su verəsiniz. Nəinki kəndlinin birindən rüşvət alıb, suyu tamam oraya buraxıb, qalan kəndlilərin əkinəcəklərini yandırasınız. (Mirab başını aşağı salır.) Niyə cavab vermirsiniz?

Mirab. Daha nə cavab verim?! Məgər mən camaatdan rüşvət istəyirdim? Öz xahişləri ilə mənə peşkəş veriblər. Budur, gətirmişəm, yenə özlərinə qaytar. (Pulu verir.)

İskəndərzadə (pulu alır). Bu hələ qalsın burada. Bunun yeri Mtapılar. (Birinci kəndliyə) De görüm bu pulu miraba kim verdi? (Katibə) Mirzə, qocanın kağızı hazır isə, ver, qol çəkim, onu yola sal getsin.

Mirzə Səməd. Bəli, hazırdır. (Təqdim edir. İskəndərzadə imza edir. Mirzə çıxıb, söhbət əsnasında yenə qayıdır.)

İskəndərzadə (birinci kəndiyə). Hə, söylə görüm, kim verdi rüşvəti?

Birincikəndli. Tamam camaat.

İskəndərzadə. Necə tamam camaat? Biz kəndə gələndə iki günlərlə camaatın hamısını bir yerə toplaya bilmirik. Nə oldu, mirab gələn kimi, hamı camaat birdən yığıldı?

Birincikəndli. Doğrusu, əkin-əkinəcəyimiz yanırdı. Camaatdan üç-dörd vəkil seçib göndərdik mirabın yanına. Mirab cavab verdi ki, su, budur, mənim əlimdə, cibimdə, atımın quyruğunda. Elə ki, iki gündən sonra kəndə gəldi, camaat hamısı “su mirabın atının quyruğundadır” deyib, hər yerdən axnaşdı. Kağıza bükülü pulu mənə verdilər, mən də buna verdim.

İskəndərzadə. Nə qədər pul idi?

Birincikəndli. Qədərini bilmədim, saymadım.

İkincikəndli. Mən pulu bunun əlindən alıb saydım, tamam yeddi yüz manat idi.

İskəndərzadə (pulu sayır). Düzdür. İndi, yoldaş mirab, sizi də, bu iki nəfəri də göndərəcəyəm şəhərə, prokurorun ixtiyarına.

Mirab. Qələt eləmişəm, yoldaş İskəndərzadə, mənə nə tənbeh eləyirsən özün elə. Məni prokurorun caynağına vermə.

İskəndərzadə. Yox, yoldaş. Şura idarəsində rüşvətxorun yeri yoxdur. Sizə tənbeh olmasa, özgələrinə də ibrət olmaz. (Milisionerə) Bunları apar saxla. (Milisioner aparır.) Mirzə Səməd, bir kağız götürün, bu həftənin seksiyalar iclaslarının siyahısını yazın.

Mirzə Səməd (kağızı götürür). Bəli, buyurun.

İskəndərzadə. Şənbə – abadanlıq seksiyası, bazar ertəsi – maarif seksiyası, çaharşənbə – təsərrüfat seksiyası. Elanları vaxtında göndərin.

Mirzə Səməd. Baş üstə.

Milisioner (qayıdır). Yoldaş İskəndərzadə, bir nəfər qoca kişi, budur neçə gündür səfil, sərgərdan kənddə gəzir. Nə adını deyir, nə yerini. İmdi gətiriblər buraya, onu nə eləyək?

İskəndərzadə. İçəri gətirin, görüm necə adamdır. (Milisioner çıxır. Bir nəfər beli bükülmüş, başı, saqqalı ağ kişini gətirir.) Dayı, gəl otur görək. (Qoca əyləşir.) Gəlişin nə yerdəndir?

Qoca. Soruşmasan yaxşıdır. Yerim yadımdan çıxıb. Dövlətim var idi, mülküm var idi. Hamısı əlimdən getdi. Üç dəfə məni Dustaqxanaya salıb çıxartdılar. İmdi ac, sərgərdan dolanıram.

İskəndərzadə (katibə). Mirzə, buna bir stəkan süd və çörək gətir. (Mirzə Səməd masanın dalındakı qapıdan gedib, danışıq əsnasında süd, çörək gətirib qocaya verir Qoca içir.) Dayı, mən də sənin kimi üç dəfə Dustaqxanaya düşüb çıxmışam. Deməli, dərdimiz birdir. Ancaq məni Dustaq eləyən hökumət səni Dustaq eləmədi. Necə ki, səni Dustaq eləyən hökumət məni Dustaq eləmir. Deməli, dövlətli, varlı bir bəy idin.

Qoca. Bəli, neçə para kəndim var idi. İlxılarımın, naxırlarımın hesabı yox idi. Yüz nəfər qonaq qəflətən qapıma düşsə idi, hamısını qonaq eləməyə məqdurum var idi. İmdi dilənçi sifətində gəzirəm.

İskəndərzadə (bir qədər fikrə gedir). Qoca, sən kim olduğunu mənə söylə. Mən də söz verirəm ki, bir kəsə açıb deməyəm. (Katibə) Mirzə, bizi tək qoyun. (Katib çıxır.) Burada İndi bir mənəm, bir də sən.

Qoca. Bala soruşma adımı. Çörək verdin yedim, evin abad olsun. Daha izin ver çıxım gedim.

İskəndərzadə. Bu ətrafda neçə nəfər mülkədar var idi. Birisi Süleyman ağa idi ki, öz rəiyyətləri öldürdülər. Birisi Ehsan xan idi...

Qoca (diksinir). Daha kifayətdir, dalını sadalama.

İsgəndərzadə. Sən Ehsan xan deyilsən. O, şura hökumətindən qabaq ölübdür. Diksinmə. İndi bildim sən kimsən? Sən Cahangir ağasan, belədirmi? (Qoca özünü yıxır skamyanın üstünə.) Mən səni tanıdım, İndi sən də məni tanı! Mən Həsən kişinin qızı Gülnisənin oğluyam. Gərək anamı yaxşı tanıyasan!

Qoca (qışqırır). Oğlum! (İstəyir qucaqlasın.)

İskəndərzadə (soyuq). Əyləş yerində. Mən sənin kimi vücudun oğlu olmağımı özümə əskiklik hesab edirəm. Sən mənim anamın sevgili adaxlısı Səfi oğlu İskəndəri öldürüb, anamı kef üçün aparıb, Ehsan xanın qızını alanadək saxlayıb, axırda qovdun. Mənim anamın ölənədək gözünün yaşı qurumadı. Mən də anamın təskini üçün özümə

İskəndərzadə adı qoydum. Əlində ixtiyar olan zaman camaatın qanını su yerinə axıtdığın vaxtlarda, öz kefin üçün özgənin qanını tökməyə ar etməyən zamanda, belə bir günün gəlməsini fikir etsəydin, bu halətə düşməzdin.

Qoca. Oğul, deginən məni burada öldürüb, əziyyətdən qurtarsınlar.

İs kəndərzadə. Yox, sənin üçün ölüm səadətdir. Səni öldürən sənə böyük iltifat etmiş olar. Özün fikir elə, gör sənin vücudun bir güllənin qiymətinə dəyərmi? Sənə böyük tənbeh, səni bu halətdə qoymaqdır ki, ömrüyün axırınadək avara dolanıb, köhnə hökumətin qayıtmasına müntəzir olasan. Get buradan, get, get. (Zəng çalır, milisioner daxil olur.) Bu kişini aparıb, qədim xanlıq meşənin ortasında yola buraxıb, qayıdarsan.

Milisioner. Baş üstə. Gedək, qoca.

İskəndərzadə (milisionerə pul verir). Götür pulu. Buna çörəkdən, yavanlıqdan al ver, özü ilə aparsın. (Qocaya) Di get, qoca! Sənin kim olduğunu heç kəs bilməz. Mən də arzuma çatdım. Qoca və milisioner çıxırlar.

İskəndərzadə onu yola salıb, yerində əyləşir. Sonra iki əli ilə başını tutub, özünü masanın üstünə yıxır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets