İkinci pərdə
Page 2 of 2 · 50%
Həsən (pulu alır). Şəfaəti artıq olsun, ömrü uzun olsun. Allah onun kölgəsini bizim üstümüzdən götürməsin.
Namaz. Cahangir ağa bir söz də buyurur.
Həsən. Bəli?
Namaz. Buyurur ki, bu camaatın acığına gərək Həsəni öz döşümə çəkəm. Gərək onu elə bir adam eləyəm ki, baxanın paxıllığı tutsun.
Həsən. Ağa mənə bir yerdən üç yüz manat pul göndərib. Daha bundan artıq nə iltifat ola bilər?
Namaz. Xeyr, bu nədir ki? Belə xələtlərdən çox alacaqsan. Ağa buyurur ki, İmdi, ki İskəndəri özünə oğul eləyə bilmədi, camaatın gözünün qabağında özüm ona oğul olacağam.
Həsən. Nə dedi? Anlamadım. Yəni necə oğul olacağam?
Namaz. Daha niyə anlamırsan? Cahangir ağa məni sənin qızına elçi göndərib.
Həsən. Namaz! Bu danışığı sən elə burada qoy qalsın. Mən hara, Cahangir ağa hara? Rəiyyətlə də ağanın qohumluğu tutarmı? Qızımı aparıb beş gün, on gün saxlayıb, axırda bir murdar əski kimi gətirib üstümə atacaq.
Namaz. Nə danışırsan, a kişi, ağlını bir başına yığ. Cahangir ağa kimi nəcib ağa heç bir oymaqda tapılar? O səninlə niyə elə rəftar eləsin? O, Allahın əmri ilə sənin qızını istəyir. Məni də öz tərəfindən kəbin kəsdirməyə vəkil eləyib. Sən də öz qızıyın vəkili. Dur bu saata gedək axundun yanına, kəbinini kəsdirək, qurtarsın getsin.
Həsən. Dayan, ağlım başıma gəlsin, sonra.
Namaz. Ağlına nə oldu ki? Ağanın ancaq sənə yazığı gəlir. Deyir: “Ürəyin sınıqdır, düşmənin acığına, Həsənin qızını xanım, özünü qayınata eləyəcəyəm”. Budur, İmdi üç yüz manat göndəribdir, dalınca bir neçə sağmal inək verər, qapında saxlarsan. Ucu-bucağı tükənməz meşəsindən ağac-uğac verər, özünə bir yaxşı otaq tikdirərsən. Özünə və arvadına paltar alar. Bir beş adamın içində də təşəxxüslə özünü çəkib deyərsən ki, mən Cahangir ağanın qayınatasıyam. Pristav, görəcəksən, sənə əl verir. Bir hampa kişi olacaqsan. Yoxsa, deyirsən, qoy ağlım başıma gəlsin. Sənin ağlın başına gəlincə, görərsən ağanı da yerindən oynatdılar. Odur, Ehsan xan ayda bir ağanı evinə qonaq çağırır, neçə günlərlə yanında saxlayır. Mən də həmişə ağanın yanınca gedirəm. Gözüm də kor deyil, açıq görürəm ki, Ehsan xan istəyir Darab ağadan qızını boşadıb, bizim Cahangir ağaya versin. Ağa da deyir: “Mən dul arvad alan deyiləm”. Bir də görərsən Ehsan utandırdı, razı elədi və ya arvada cadudan-filandan düzəltdi. Fürsəti əlindən vermə, dur gedək mollanın yanına.
Həsən (bir qədər fikirdən sonra). Yəni sən zamın olursan ki, mənim qızım həmişəlik Cahangir ağanın evində arvad olacaq?
Namaz. Səhərdən bəri Quran oxuyuram, bu yenə öz dediyində durub.
Həsən. Yaxşı, sən get, mən də dalınca gələrəm. Deyirəm, qızın anasına da bir gənəşim.
Namaz. Daha nə gənəşmək? Arvadlıq burada nə iş var?
Həsən. Arvadlıq bir iş yoxdursa da, yenə elə yaxşı olar. Xülasə, sən get məni mollanın evində gözlə.
Namaz. Yaxşı, sən deyən olsun. Mən gedim, ancaq ləngimə, tez gəl.
Həsən. Ləngimərəm. Bu saat gəlirəm.
Namaz gedir.
Tubu (daxil olur). Namaz getdi? O heç bizi bəyənib buralara gəlməz. İmdi nə olmuşdu?
Həsən. Gəl bir yanını qoy, gör nə deyirəm.
Tubu (oturur). De görüm nə var?
Həsən. Şəhərdən biz yola düşəndə, bayaq sənə dedim ki, Namaz söz verdi ki, Cahangir ağaya desin, mənə bir yabı bağışlasın. İmdi budur, ağa Namaznan üç yüz manat pul göndərib ki, getsin özünə bir at alsın.
Tubu. A kişi, bu pullardan ağa irəlilərdə niyə göndərmirdi? Yadındadırmı, darın yanırdı, getdin ağadan üç günlüyə yarım baş su istədin, onu sənə pulsuz vermədi. Dedi: “Gərək darıyın dörddə birini mənə verəsən”. Sən vermədin, darı da yandı. İmdi üç yüz manat birdən göndərir. Burada yəqin bir kələk var.
Həsən. Kələk-mələk yoxdur. Ağa deyir ki, Həsənin əli İskəndərdən çıxıb, İmdi mən özüm ona, camaatın acığına, oğul olacağam.
Tubu. Bir belə mıs-mıs eləyincə, bir yolluq deginən Mustafa. Deginən
Namaz qızıma elçi gəlmişdi. Dur bu saat o üç yüz manatı at ağanın üstünə, soxsun gözlərinə! Bizə onun pulu lazım deyil. Mən üç yüz manata gül kimi qızımı satmaram.
Həsən. Arvad, dəli-dəli nə söyləyirsən? Səndən pulnan qız alan kimdir? Kişi Allahın əmri ilə məndən qız istəyir. Namazı da öz tərəfindən kəbin kəsdirməyə vəkil eləyib. İmdi Namaz məni mollanın evində gözləyir.
Tubu. Kişi, deyəsən, sənə qarğa beyni yediriblər, ağlın oynayıb. Ağa sənin tayın, tuşundur, ona qız verirsən? Qızını bir eləsinə ver ki, lazım olan vaxt qolundan yapışsın. Bircə de görüm, sən cüt əkən vaxt ağa gəlib sənin çargovuna minəcəkdirmi?
Həsən. Axmaq-axmaq nə danışırsan, ay arvad?
Tubu. Axmaq danışmıram, sözün gerçəyini mən deyirəm. Axmaq sənsən ki, bir az pul görmüsən, ağzıyın suyu axır. De görüm, sən darı cadını ayrana doğrayıb yeyəndə, ağa da bir qaşıq götürüb səninlə o doğramadan yeyəcəkdirmi? Sən boyunduruğu öküzlərin boynuna qoyanda, ağa da gəlib onun samı bağısını bağlayacaqdırmı?
Həsən. Ay axmaq qızı axmaq! Çürük-çürük nə danışırsan? Kişi məni gözləyir. Sən də burada vələzzalin oxuyursan. Bunlar məgər ağa işidirmi? Ağanın cibi pulnan doludur. Əsginazdan verib fəhlə tutub işlədər. Özü niyə çargova minsin, ya xırman döysün?
Tubu. Bizə özü işləyən lazımdır. Mən gedib günortayacan boynumu büküb ağanın qapısında işimdən avara ola bilmərəm ki, görüm ha vaxt ağa yuxudan oyanıb, mənim əlimə pul uzadacaq, mən də gedib muzdur tutacağam. Yox, ağa mənim tayım, yoldaşım deyil. Mən razı deyiləm.
Həsən. Mən səni xəbərdar eləmək istədim. Sənin razılığını soruşan kimdir? Mən öz xeyrimi hamıdan yaxşı görürəm. Razı olmursan, heç olma!
Tubu. Gedirsən get. Can sənin, cəhənnəm Tanrının. Sonra vaysınanda səninlən danışaram.
Gülnisə (yüyürək daxil olub, atasının ətəyindən yapışır). Ata, ayaqlarının altunda ölüm, otur evdə, getmə!
Həsən. Ay qız, sən nə deyirsən? Mən hara gedirəm ki?
Gülnisə. Hamısını eşitmişəm, Qurbanın olum, dədə, getmə! Ya gedirsən, qabaqca mənim başımı kəs, ondan sonra hara gedəcəksən, get!
Həsən. Axmağın qızı, çəkil o yana, qoy işimi görüm. Doğru deyiblər: “Rəhmət qapısı açıq olanda köpəyin yuxusu gələr”. Çəkil o yana! (İtələyib çıxır.)
Gülnisə (yıxılır qalır, qeyri-təbii qışqırtı ilə). Ana, Qurbanın olum, onu qoyma getsin! Ana, sənə yesir olum, qoyma!
Tubu. Anayın başına daş düşsün, öhdəsindən gələ bilirəmmi?
Gülnisə. Ana, sən qardaşımın əziz goru, qoyma gedə! (Hönkürtü ilə yıxılır yerə.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-baba-yurdunda-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Toy məclisi. Böyük bir otaqda kəndlilər halə vurub əyləşiblər. Yuxarı başda toybaşı*əyləşib, fərraş, əlində çubuq, ortalıqda dolanır. Balabanlar çalğısı təqibi iləşamlarla*
Beşinci pərdəBir kənddə Dairə icraiyyə komitəsi. Bir masa rubəruda sədr üçün və birisi də sağ tərəfdə*katib üçün qoyulmuşdur. Masaların yanında neçə taburet və divar boyu skamyalar*
Bəxtsiz cavanFaciə beş məclisdəİştirak edənlər
Əvvəlinci məclisƏvvəlinci məclis vaqe olur Hacı Səməd ağanın otağında. Otaq fərşlər, yumşaq stullar və*kürsülərlə Avropa qaydası ilə bəzənmiş. Otağın üç qapısı var: sağdan, soldan və*
Poems by other poets
Nə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Dedim mərqum edəm ol yarə kağızDedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.
Əmoğlu(Sabirə nəzirə)*Beş gündü cahan, dövləti neylərsən əmoğlu?