Qəlbimin parçası hər şerim ki, var,Ürək ağrılarım, ürək qanımdır.Oxusun qəlbimi şair olanlar,Görsün şeirlərim ruhum, canımdır.

Ömrümü bəzəmiş vərəqparələr,Gecə də, gündüz də könül həmdəmim.Həyat gülzarından qayıdıb gələr,Min çiçək qoxlamış ilhamım mənim.

Vuruşar, çarpışar, yıxılar, durar,Riya duyğusuna qarışmamış o.Vuruş meydanında vurular, vurar,Namərdlə, alçaqla barışmamış o.

Axşam yuvasına uçan quş kimiSəhər uçub getmiş ilhamım gələr.Bəzən sıxıntıdan yorulmuş kimiYenə də köksümdə qalıb dincələr.

Ən yaxın həmdəmim, yoldaşımdır o,Qədəhim bircə gün onsuz dolmamış.Sevgilim, həsrətim, sirdaşımdır o,Hələ ondan yaxın kimsəm olmamış.

Hər gecə onunla baş-başa qalanXoşbəxt bir insanam, bir insanam mən.Mənimlə, ey həyat, qəlbincə dolan,Onsuz da hər dərdə bir loğmanam mən.

Ürəklər dərdini oxuyan mənəm,Mənimdir könüldən qopan arzular.Diləklər yelkəni toxuyan mənəm,Mənim öz dənizim, öz yelkənim var.

Hər şerim bir arzu, bir istək bağı,Onu küləklərdən qoruyar zaman.İlhamla dağ üstə qoyaram dağı,Təki qoy dayaqsız olmasın insan.

Arzular qədəhi sözlərim ki, var,Ömrün içilməmiş piyaləsidir.Nəğmələr yuvası gözlərim ki, var,Ömrün öz haləsi, öz haləsidir.

Sinəm bir dənizdir, tufanlı dəniz,Bəlkə bircə sözüm olacaq inci.Elə bu biri də bəsimdir yalnız,Qəlbim, bir kimsədən nə küs, nə inci.

Şerim bu dünyada çiçəkli bir bağ,Sözlərim söyüdün salxımlarıdır.Şəninə söz qoşdum, ey ana torpaq,Bəlkə ömür bitmiş, bəlkə yarıdır.

Narazı deyiləm, nə olur-olsun,Bu dünya dünyaya qalacaq tamam.Qoy həyat badəsi sevinclə dolsun,Mən gəlib gedənlər sırasındayam.

Gəlməyə bilərdim mən yerli-dibli,Gəlmişəm, dünyanı gəzib görmüşəm.Kimsədən deyiləm zərrə gileyli,Doğulub, yaşayıb, ömür sürmüşəm.

Hamı yüz yaşasın qoy məndən sonra,Olmasın kimsənin səadəti kəm.Vaxtsız bir ölüm də qoy indən sonra,Olmasın, olmayım mən özüm, nə qəm.

Yaratdın, yaşatdın məni, a dünya!Yüz kərə, min kərə minnətdaram mən.Vurğunam özünə, adına, dünya,Çiçəklən həmişə, novbahar ol sən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring