Süleyman padşahın xəzinəsi 2
Page 3 of 3 · 67%
Çox şey deyəcəm mən sənə, qadası.
O avariya günü bir yaradı, bu gün yeddi il səkkiz aydı qövr eləyir o yara bu sinədə. Vaxtı çatıb, kəsib atmalıyam daha yaranı. Bu gün danışsaq, bu gün atacam, sabah danışsaq, sabah atacam. Onda özün görəcəksən, kimlər vururlar bu yaranı, necə vururlar, nə üçün vururlar. Bir az dedim bayaq. Əmbə hər şeyi açmaq olmur. Zəmanə çox dəyişib, qadası. Kim qarantiya verə bilər ki, bu plaskart vaqonun ora-burasına səs yazan şey-mey qoyulmayıb?! Xüsusi gələcəm yanına, xəlvət bir guşədə danışaq, açım töküm sənə bu zəmanənin iç üzünü. Hə. Əmbə, dediyim kimi, əvvəlcə Məsimgilə gedəsən gərək. Gülbəniznən kəlmələşəndən sonra o şəkk-şübhələrin hamısını özün çıxardıb tulluyacaqsan ürəyindən, özün axtarıb tapacaqsan məni, danışmaq istiyəcəksən hökmən.
Kənddə olacam. Getmiyəcəm heç yana. Oturub səni gözlüyəcəm. Həm də çax-çuxum var orda bir az. Kişinin çax-çuxu olanda köhnə arvad da xoş baxır üzünə. Elə onun yanında qalıram indi, Badsəbanın daxmasında.
Dörd otağım var Bakıda. İyirmi səkkiz aprel küçəsində. Qismət olacaq, inşallah, görəcəksən. Qonşum da elə Məhərrəm Abbasoviçdi. Köməkləşib şərait düzəltmişik ikimizə də. Əmbə Badsəbanın o cırıq daxmasını min elə şəraitə dəyişmərəm. Ağzımın dadı da ordadı, can rahatlığım da. Səhv eləmirəmsə, sən özün də meylliydin o cırıq daxmaya. Görürdüm, qadası, görürdüm hər şeyi. Bizim Gülbəniz çox istəyirdi sənin xətrini. Nə danım, açığı, mən özüm də ayrı göznən baxırdım sənə. Sonra o cığalı qız gəldi ortalığa. Əlləzoğlunun Gülgəzi, qaraçı gözəli. Bir dəfə istədim risq eləyim açım sənə ki, o Göbələk Məmiş deyilənə yazmaq, oxumaq öyrədiblər “mekbez”də – savad kursunda, donos yazandı, ev yıxandı o cırtdan kişiciyəz, alma onun qızını. Sonra gördüm lap pis çıxır axı, – ata qızına elçilik eləyir. Danışmadım onda. Nə isə... Bağışla, çox açıqlıq eləyirəm. Məcburam da, neyləyim! Hə!.. Oturub gözlüyəcəm. Bax, bir də deyirəm, Gülbəniznən danışandan sonra özün başa düşəcəksən ki, mənnən də danışmalısan hökmən. Təkrar eləyirəm, çox şey deyəcəm mən sənə, qadası. Sirnən doludu bu sinə. Əslində, bir də elə buna görə qaçırdım səndən. Çünki əminə aiddi sirrin çoxu, əmin də ki, elə yarımallahıydı. Nə qədər səndən qorxurdum, hesab elə ki, beş o qədər ondan qorxurdum. Sənə sirr açsaydım, o saat gedəcəydin onun üstünə, çünki çox dəhşətli sirrdi, qadası. Açsaydım, əmin yapışacaydı yaxamdan ki, de görüm Səməd hardan bilir qəsd işidi?! Odu ki, qaçırdım, qadası. Hə!..
Mayda o iş olanda birinci elə mən bildim ki, başqasının istəklisini gətirib evinə o yarımallah, başa düşdüm ki, axırı çatıb daha, sənnən görüşmək olar indi. Hə. O vaxtdan bu günü gözləyirdim. Avqustun iyirmi üçüdü bu gün. Yadında saxla: iyirmi üç avqust, min doqquz yüz əlli dördüncü il, axşam saat səkkiz. Stansiyada dayanhadayanda, altıncı vaqonun kupesində Çax-çux Xalıq sənə deyir: “Gözün elə şeylər görəcək ki, bu gün, ömründə görməyibsən! Qulağın elə sözlər eşidəcək ki, ömründə eşitməyibsən!” Falçı sözü deyil bu. Əsasım var. Çətin gündü bu gün səndən ötrü, qadası. Ata gözündə gördüyün əmin düşəcək gözündən, adamlıqdan çıxacaq, murdar əskiyə dönəcək nəzərində. Dözümlü olmalısan bu gün. Çox dözümlü!.. Bir dəfə sınıbsan. Bir də sınsan düzəlməzsən. Odu ki, unutma məsləhətimi: qabaqca, deməli, Məsimgilə getməlisən, Gülbəniznən görüşməlisən hökmən. Sonra da, deməli, məni görməlisən. Gözlüyəcəm ha!..
Trubkanın qətran iyi və qatı tüstüsü ilə birgə, kupeyə anlaşılmaz və anlaşılmaz olduğu qədər də dəhşətli xof dolub, Səmədin sinəsini tutub nəfəsini daraltmışdı. İllərlə səndən gizlənən, şəksiz-şübhəsiz qatil, belə birdən-birə, belə sərbəstcə üzə çıxıb, atasının müsibətindən sonra ata əvəzi əziz əmini də böyük müsibətlər gözlədiyini xəbər verib, “gözün elə şeylər görəcək ki bu gün, ömründə görməyibsən” deyirdisə, “falçı sözü deyil bu, əsasım var” deyirdisə və sən bu adamın doğrudan da nəyəsə əsaslandığını duyurdunsa, bundan necə xoflanmayasan?!
Çax-çuxu kupedə qoyub düşməyə tələsəndə Səmədə aydın olan bircə bu idi ki, o əvvəlki üzü palçıqlı adam, o cinayətkar – qatil yoxa çıxmışdı, yaşıl şlyapanın altında qara məxmər üzünün qətiyyəti ilə, dəyirmi fənər gözlərinin cəsarəti ilə tamam başqa hisslər oyadan, “sinəsi sirlə dolu”, çoxbilən bir adam peyda olmuşdu və bu adam, bildiyinin yüzdə birini də açmayıb, hər şeyi nədənsə sonrakı görüşə – Badsəbanın daxmasına saxlayıb, ancaq bunu lap aydın demişdi ki, Səməd öz doğma, əziz əmisini, ata əvəzi himayədarını heç də yaxşı tanımırdı, əmisinin ətrafında baş verən hadisələrdən xəbərsizdi və bilmirdi ki, “Stalin ölən günü əmisi də ölüb, stolun dalında qaraltısı qalıb”, üstəlik, dörd ay bundan əvvəl – may ayında başına nə gəlibsə, necə sarsılıbsa, “Sultan Əmirli deyiləm mən daha, arşınmalçıyam” deyib, “Gedək axtaraq bir Gülçöhrə tapaq gətirək bu evə” deyib, əmma uğuru xeyir olmayıb”, “Gülçöhrə əvəzinə kiminsə – “başqasının istəklisini” gətirib!..” Qətran iyi ilə, tüstü ilə birgə sinəsini tutub Səmədin nəfəsini daraldan da, əslində elə bu evlənmə xəbəri idi ki, “canavara dönüb” və “dünyadan kam alır” sözləri ilə birləşib onu tamam çaşdırmışdı.
Necə yəni “canavara dönüb?!”
Sultan əmi hara, belə bayağı sözlər hara?!
Sultan Əmirlini Sultan Əmirli eləyən elə bu deyildimi ki, “özünü fədai sayıb”, “oğul-uşaq istəməyib”, “həm gözəllikdə, həm də ağılda-kamalda tayı-bərabəri olmayan Qıymatı” da ailə səadətindən məhrum qoyandan sonra məhz fədai kimi yaşamışdı. Bu barədə atasından eşitdiyindən əlavə Səməd özü də yaxşı bilmirdimi ki, əmisinin ailə ilə bərabər şəxsi ev-eşikdən də imtina eləyib, “inventar RKP” içində qalmağının böyük, ciddi səbəbi vardı?
Nə olub, nə baş verib ki, saç-saqqalının ağaran vaxtında “birdən-birə” “dünyadan kam almaq” xəyalına düşüb?
İnsanın “birdən-birə” bu dərəcədə metamorfozaya uğraması mümkündürmü? Əgər metamorfoza yoxdursa, bəs Sultan Əmirlini “Sultan Əmirli deyiləm mən daha” deməyə vadar edən nədir? Bəlkə heç deməyib? Nəyə görə təsdiq olunmalıdır ki, Sultan əminin dilinə, təfəkkürünə bu qədər yad-yabançı “arşınmalçı” məhz onun öz dilindən çıxıb? Bu kəlmə ilə birgə bu evlənmə əhvalatının özündən də anekdot iyi gəlmirmi və elə anekdot iyindən məlum deyilmi ki, Çax-çuxun dili ilə düşmən danışır? Belə çıxmırmı ki, Xudiyev rədd olub rayondan getsə də, Xudiyevin dəstəsindəkilərin “hərəsinə bir töhmət yapışdırılsa”da, “bezobraziye” heç də fəaliyyətdən qalmayıb, vaxtilə Əmir məzarstanından qəbirlərin başdaşılarının şəkilləri vasitəsilə ittihamnamə düzəltdiyi kimi, indi də başqa cür bir vasitə ilə – qadın filanla, “başqasının istəklisi” ilə ittihamnamə düzəldib? Azmı olub belə şeylər? Hələ müharibədən əvvəl Qudalıların ağsaqqalı Rəhim, Cəfər əmi – Lüt Cəfəri partkomluqdan çıxartdırmağa çalışanda, Qudalılar Cəfəri möhkəm içirdi, otaqda tək qoyub, yanına qarmonçu Şənbə – gəzəyən Şənbə adında bir qız salmışdılar və taxtda Şənbə ilə yanaşı lüt-üryan yatan Cəfəri cəmaata göstərib: “Baxın görün kimdi böyüyünüz”, – deyib kişini hörmətdən salmışdılar. Doğrudur, Cəfər əminin adının böyründəki “lüt” kəlməsi köhnə şeydi. Hələ iyirminci ildə, Bakıdan təzə gəldiyi vaxtlar “dünya inqilabı”ndan danışanda “proletariat” əvəzinə “lümbülümlüt proletariat” deyirmiş. Bir ay hər gün belə danışıb, ayın axırında – maaşını alan günü kəndin ortasında, yığnaqda deyib: “Kim lap lümbülümlüt proletardırsa, əlini qaldırsın”. Maaşını əllərini qaldıranların arasında tən bölüb paylayıb. Deyiblər: “Özünə bir şey qalmadı axı”. Deyib: “Sanadım. Düz otuz nəfərsiniz. Arvadım yox, uşağım yox, hər gün birinizin evində qismət kəsəcəm, heç kəsə zor düşmüyəcək, otuz günün tamamında təzə maaşımı yenə sizə paylıyacam”. Sonra gülüb, utananda həmişə boynunu qaşıyıb yerə baxdığı kimi, onda da boynunu qaşıya-qaşıya: “Ayna adında bir yetim gözəliniz var burda, onu mənə alsanız, daha hər gün birinizin qapınızda oturmaram”, – deyib və elə o günü Aynadan söz alıblar ki, “Get, ay qız. Belə insan yoxdur dünyada...”. Hələ o vaxtdan partiya özəyi katibi Cəfər Qaryağdı oğluna “Lüt Cəfər” deyirmişlər. “Aləmi bəzər, özü lüt gəzər” deyirmişlər və Cəfər əmi özü də bu lütlüyü ilə fəxr edirmiş. Şənbə əhvalatı “lüt” kəlməsinin mənası ilə birlikdə partkomun özünü də birdən-birə dəyişdirmişdi. Və Səməd gözünü açıb dünyaya baxanda o dilavər kişinin əvəzinə, tez-tez dili-dodağı əsən, susqun, sınıq, çoxuşaqlı bir adam görmüşdü. Yadında idi ki, Şənbə əhvalatından atası da çox pozulardı: “Cəfəri yox, Qudalılar partiya təşkilatını soyundurublar”, – deyərdi. “Cəfərin adı Lüt qalandan bəri elə bilirəm sağ əlimi kəsiblər, solaxay işləyirəm”, – deyərdi.
Müharibə başlananda Lüt Cəfər hamıdan əvvəl ərizə verib, “körpələrini sədr Mədədə tapşırıb” könüllü getdi, özünün dediyi kimi, “dörd qabırğasını qospitalda qoyub, dörd orden-medalnan qayıtdı”, əmma adı elə “Lüt” qaldı. İndi gündə bir aşxanada qarmon çala-çala, qarmonu kimi özü də köhnələn Şənbə ilə birgə Cəfərin “Lüt” adı da köhnəlib, cəmaat arasında saysız-hesabsız ləqəblərə qarışıb, daha bir o qədər söz-söhbətə səbəb olmasa da, həqiqət belə idi ki, bircə “lüt” kəlməsi Qonaqlının partkomunu ömürlük ləkələmişdi. Bu “arşınmalçı” kəlməsi elə o “lüt”ü xatırlatmırdımı? Əgər Çax-çux Xalıq evlənmə əhvalatını da dildə-ağızda olan bir əhvalat kimi danışırdısa, belə çıxmırdımı ki, bu “arşınmalçı” da dildə-ağızda idi və indi haralardasa, kimlərsə Sultan əminin uca adı əvəzində, “arşınmalçı” deyirdilər?! Bundan da belə çıxmırdımı ki, “bezobraziye” doğrudan da fəaliyyətdə idi?! Qara məxmər üzün o cür qətiyyəti, dəyirmi fənər gözlərin o cür parıltısı da açıq-aydın göstərmirdimi ki, “zasekreçennıy” Çax-çux Xalıq yenə hamanca “KeQeBe Xudiyev” dəstəsinin – Gülənovun, Sayılovun, RİK Atamalının himayəsində idi, “həmişəki qaydadaca çax-çuxunu eləyə-eləyə” “çaxçux” altında hamanca işini – agentliyini davam etdirirdi? Belə olmasaydı, vaxtilə Sultan əminin qabağında diz çöküb, “Stalininə də qurban olum, teleqramına da” deyib hönkürtü ilə aman diləyən rəzil adam indi bu qədər cürətlə “hakimiyyətdən, hökmranlıqdan” danışardımı, Sultan Əmirlinin oğul əvəzi yetirməsinin gözünün içinə “hökmranlığı qurtarıb”, “axırı çatıb” deyə bilərdimi? Bütün bunlardan aydın deyildimi ki, metamorfozaya uğrayan Sultan əmi deyil, onun düşmənləri idi, səbəbi isə bu idi ki, “dörd ay bundan əvvəl, mayda olan işlə” – evlənmə əhvalatı ilə indi nə isə daha əsaslı ittihamnamə düzəltmişdilər? O “gözəl” doğrudan da “başqasının istəklisi” idisə, üstəlik, “özündən otuzca yaş kiçikdisə”, demək, Sultan əminin adına ləkə yaxılmışdı?! Elə ləkə ki, Sultan Əmirlinin bu dəfə mütləq “yeşikdə qalacağına” dəstə üzvlərinin hamısını, o cümlədən Çax-çux Xalıqı da inandırmışdı? Elə bu inama görə deyildimi ki, Çax-çux, nəhayət, üzə çıxıb qorxusuz-hürküsüz danışmağa başlamışdı?! “Axırı çatıb?!”
Qatardan Səməd belə təlatümlü düşdü.
Kitabxana.az · https://kitabxana.az/en/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-2
Use ← → keys to move, R for a random poem
More by this author
Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali Azərbaycan və sair adlandırılan ölkənin bir qismi “super dövlət” SSRİ-nin tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı. Amerikadan alınan, cəmaatın rişxəndlə “tısbağa yumurtası” adlandırıb, ancaq əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu – “yaiçnıy paraşok” da nemət sayılırdı: taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır müharibədən sonra bu “paraşok” demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi isə qənd və ümumiyyətlə şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə “yaiçnıy paraşok” gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər dəfə bir at yükü kişmişlə qayıdan Çax-çux Xalıqın Qonaqlıdakı həyəti bütün həyətlərdən yığnaqlı olmuşdu.Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin “payoku¹”ndan hər cür nemət dadıb özünü “kişmiş acı” saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində – qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini açıb, atasından “çırpışdırdığı” kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə, doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng əllərlə ciblərinə basışdırdığı rəngli pula – göy əlliliklərə, qırmızı otuzluqlara baxa-baxa, “Çax-çux özünə gün ağlasın, biz də özümüzə” – deyib gülüşsünlər.
Süleyman padşahın xəzinəsi 3Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.
Süleyman padşahın xəzinəsi 4Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Poems by other poets
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
OlduƏyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Bu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdənBu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdən**Ey əql dəvani-bəzmi-idrak,
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.