Page 1 of 5

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.

Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

– Dərdin alım, bir tədbir tökməsən, hara çıxar bu söz-söhbətin axırı?!

Pırpız qaşlar çatılıb qabardı, Sultan Əlləzoğlunun sözünü ağzında qoydu:

– Burdan bir yana tərpənmə. Gözün qızıyın üstündə olsun. İt-qurd fırlanmasın yan-yörəsinə.

Əlləzoğlunun əli sinəsi üstə idi:

– Baş üstə, baş üstə, dərdin alım!... – Nigarançılıqdan üzülə-üzülə qul kimi əyilib, qarğı kreslolardan birinin dalına çəkildi. Qapalı idi kürəkən. Çox qapalı. Bu tut ağacının altında, otuzuncu illərdən bu vaxta qədər qarala-qarala qalan bu dəyirmi, qalın stol Əlləzoğlu üçün nə idisə, hələ iyirmi yaşından, beli mauzerli, şapqası ulduzlu vaxtından Qonaqlıya gəlib-gedən bu zəhmli, zabitəli adam da elə bir şeydi, yəni Əlləzoğlu kürəkəninin ancaq qaraltısını görürdü, ürəyini, beynini, adamlığını isə demək olar ki, qətiyyən duymurdu. Əsl bədbəxtlik isə bunda idi ki, hiss qarşılıqlı idi: kürəkən də qayınatasını qətiyyən duymurdu; səhər-səhər bu bağın qalınlığında ağaca dırmanan pişiyi görüb qışqıran Qaratoyuq quşunun narahatlığı Sultan üçün nə idisə, Əlləzoğlunun narahatlığı, nigaranlığı da demək olar ki, elə bir şeydi. Səməd barədə fikirlərini, qayğılarını, sarsıntılarını bölüşdürmək üçün Xızr Abı ilə Çürük Aşıqdan başqa adamlarla ünsiyyətə ehtiyac duysa da, Sultan bu Qaratoyuğa ürəyini necə açaydı, necə deyəydi ki, ötən dörd ayda bir gecə də rahat yatmayıb, evdə də, işdə də aramsız düşünüb-danışıb qardaşı oğlu rayona qayıdanda necə hərəkət edəcəyini dönə-dönə ölçüb biçmişdi, özlüyündə hətta qərar çıxartmışdı və buna görə indi təntiyib darıxmırdı!

Seyid kişi sinidə bir nəlbəki qaymaq, bir parça təzə pendir və yuxa gətirdi, başının boz çit sarğısında qan ləkələri qızaran Əlləzoğlunu və tut ağacından xeyli kənarda, samovarın yanında qıymaçasını burnunun ucuna qədər çəkib hərəkətsiz duran Gülgəzin qansız dodaqlarına baxıb, köksünü ötürə-ötürə çıxıb getdi.

Sultan ömründə bəlkə də birinci dəfə işə tələsməyib, heç bir şey olmamış kimi, əmin-arxayın oturub arvadı sayılan bədbəxtin həmişəkindən fərqli – ağır süst tərpənişlə süfrə düzəltməyini gözlədi və qısaca:

– Artıq-əskik sözə-gapa, hərəkətə yol vermə, – dedi.

Bir xeyli susandan sonra yenə qısaca:

– Telefon zənglərinə cavab vermə, – dedi. Və qayınatasını süfrəyə dəvət etmədən, bir nəlbəki qaymağı, pendirlə yuxanı büsbütün yedi, sakitcə, rahatca çay içdi, sonra evə qalxıb mehmanxanaya zəng vurdu. Mehmanxananın müdiri Marqodan Səmədin indicə gəldiyini, soyunub nömrədə uzandığını eşidəndə də Sultan tamamilə sakitcə:

– Narahat eləməyin, yatsın, – dedi və təkcə bu faktdan – Sultan Əmirlinin Bircə balasının evə baş salmayıb mehmanxanada qalmağından şəhərə necə söz-söhbət yayılacağı aydın olsa da, Marqoya əlavə bir şey tapşırmayıb, işə getdi.


Qırmızı tuf daş binada qəribə sükut vardı. Çoxdan qanuna çevrilmiş qayda üzrə, katiblərdən başlamış makinaçılara qədər, raykomun bütün işçiləri birinci katibi dəhlizdə və qəbul otağında qarşılasalar da, “sabahın xeyir” deyən də tapılmadı. Sultan bilmirdi və bilməyəcəkdi ki, dünən axşam Səmədin bu küçədən, bu binanın qabağından necə təlatümlü keçib gedib əmisinin darvazasını necə itələdiyini, sonra darvazadan küçəyə necə dəli-divanə görkəmində atıldığını nə qədər adam görmüşdüsə, yüz o qədər adam da ondan-bundan eşitmişdi; bu səhər Səmədin Qonaqlı meşəsindən nə kökdə çıxıb gəlib, əmisinin darvazasına burulmadan, bu küçə ilə bir baş mehmanxanaya getdiyini də nə qədər adam görmüşdüsə, yüz o qədər adam dildən-ağızdan eşitmişdi; Sultan bilmirdi və bilməyəcəkdi ki, ətrafda söz-söhbətin artdığı bir vaxtda Bircə balası burda əməlli başlı sensasiya yaratmışdı, o özü nə qədər məşhurdusa, bu saat Bircə balası da eləcə məşhurdu və bütün şəhərlə birlikdə, raykomun kollektivi də nə isə böyük biabırçılıq gözləyirdi.

Öz çəkmələrinin cırıltısından başqa heç nə eşitməyib, gərgin sükutla qarşılaşanda, gözlənilən biabırçılığı Sultan ancaq indi hiss etdi.

Bu hiss təzə deyildi. Duru bir göl suyuna bulanıq arx suyu və ya sel qarışanda gölün dibində lil necə çöküb qalırsa, may ayında o hadisə baş verəndən sonra bu hiss də Sultanın ürəyinin dərinliyinə eləcə çöküb qalmışdı: suda xırdaca bir tərpəniş bəsdi ki, lil, palçıq da tərpənib qalxıb gölü yenidən bulandırsın. Odur ki, Sultanın hərəkətləri ağırlaşmışdı: hərdən özündən asılı olmadan, evdə qapı çırpıb pəncərə cingildətsə də, şəhərdə, təsərrüfat sahələrində və burda – raykomda şəxsiyyətinin sıqlətini, təmkin və ləyaqətini saxlayırdı. Əmma bunun üçün xüsusi səy, xüsusi iradə filan lazım deyildi. Həyatın, ömrün böhranlı günlərini Sultan çox görmüşdü və yaxşı bilirdi ki, böhran şiddətlənəndə, çıxış yolu görünməyəndə çapalamaq, atılıb düşmək işin xeyrinə olmur. Böhrandan səlamət qurtarmaq üçün adamdan iki əsas qabiliyyət tələb olunur: səbrlə dözüb gözləmək qabiliyyəti və qəti hərəkət məqamı yetişəndə, heç bir kənar təsirlərə qapılmadan, böyük qurbanlar bahasına olsa belə, qətiyyətdən dönməmək qabiliyyəti. Yaxın işçilərinə, yaxın dostlarına və Sultanın özünə tamamilə aydındı ki, Mirqəzəbin bu rayonda məsul vəzifələrə şəxsən təyin etdiyi Xudiyev dəstəsilə gizlin və açıq mübarizələrdə Sultan məhz hər şeyə dözüb gözləmək və qəti hərəkət məqamı yetişəndə qətiyyətdən dönməmək qabiliyyəti ilə qələbə çalmışdı.

Qırx altıncı ilin dekabr ayında Mirqəzəb özü şəxsən zəng vurub “Prikazıvayu teleqrammu ne oqlaşat i vernut liçno mne”³⁸ deyəndən sonra yaranan böhrandan Sultan məhz dözümü və qətiyyəti ilə çıxmışdı. Həmin teleqram əhvalatına bənzəyən, demək olar ki, analoji hadisələr qırx səkkiz, qırx doqquz, əlli, əlli bir, əlli iki, əlli üçüncü illərdə və bu ilin may ayında da baş vermişdi; Mirqəzəb bu dəfə Azərbaycanca danışıb: “Mənə hər şey məlumdu, Sultan Mamedoviç. Mən susuram, çünki sənin başına oyun açan adamların çoxu xaric kəşfiyyatla bağlıdı. Hələlik toxunmuram onlara. Hər şeyin vaxtı var”, – deyib telefonun dəstəyini asmışdı. Sultan, əlbəttə, o dəqiqə anlamışdı ki, bu sözlər yalnız bir məqsədlə – “oyun açan adamları” qorumaq üçün deyilmişdi. Və Sultan bu hadisədən də ancaq dözümlə qalib çıxmışdı, Xudiyevi KeQeBe-nin səlahiyyətinə daxil olmayan işdə – rayonun ərazisindən Ermənilərə torpaq verməkdə taxsırlandırmaqla kifayətlənib, bu işdə iştirak edən Gülənova və başqalarına toxunmamışdı. Mirqəzəbin özü ilə rəftarı təsdiq edirdi ki, həm partiya işçisi, həm də bir insan kimi, dözüm və qətiyyət Sultan Əmirlinin xarakterinin əsas cəhətlərinə çevrilmişdi. Odur ki, qəbul otağının divarları dibində dirək-dirək duran əməkdaşların sükutu nə içərisində lil palçıq kimi çöküb qalan o köhnə hissində bir dəyişiklik əmələ gətirdi, nə də zahirində. Sultan lap ilk gənclikdən, Bakı ilə Təbriz arasında çox vaxt piyada gedib gəldiyi vaxtlarda adət

³⁸ “Əmr edirəm teleqramın məzmununu açmayın və şəxsən mənə qaytarın”. etdiyi sakit, ləngərli yerişi, ümumi siqləti, təmkin və dəyanəti ilə, ağır-ağır addımlayıb, palıdı dermantinli, hündür qapının sağ-solunda dayanmış Əziz Mayılovla katib köməkçisinin arasından o yana – kabinetinin genişliyinə keçib şapqasını asdı, kitelinin döş cibindən köhnə, qalın, möhkəm sümük daraq çıxarıb, seyrəlib yapışmış çal saçlarını səliqə ilə arxaya daraya-daraya, ovucları ilə gicgahlarının dümağ tüklərinin yatımını sığaya-sığaya, stolunun dalına hərləndi, oturmadan, tünd qırmızı örtüyünün və göyümtül şüşənin üstündə qara üzlü, gündəlik iş qovluğunu açdı. Böyük formatlı, yağlı-işıltılı kağızları tələsmədən aşıra-aşıra, üç vərəqdə – üç siyahıda adamların ad və familiyalarını bircə-bircə gözdən keçirdi. Bu, sabah – avqustun iyirmi beşində başlanan pambıq yığımı kompaniyası üçün məsul olan, “üç zonada üç operativ ştab”ın siyahıları idi.

Sultan burada – kabinetdə də həmin qəribə sükutla dayanmış adamların üzlərinə baxmadan, birinci siyahını Əziz Mayılova verdi, ikincini Məleykə Muradovaya, üçüncünü isə, bu il gözlənilmədən irəli çəkilib təşkilat şöbəsinin müdiri təyin edilmiş Məsim Qudalıya verdi. Üç ştabın üçünün də üzvləri sabah axşam saat altıda burda – mərkəzi ştabda olmalı, zonalarda işin təşkili haqqında hesabat verməli, dərhal yerlərə qayıdıb, sentyabr-oktyabr aylarında pambıq yığımı planının ödənilməsi və noyabrın yeddisinə, yəni Oktyabr inqilabının ildönümünə qədər mərkəzə raport göndərilməsini təmin etməli idilər; Sov. İKP MK-nın³⁹ göstərişi və rayon Bürosunun qərarı belə idi. Hər şey danışılmış, bu günə ancaq əlavə işçi qüvvələrinin səfərbərliyi haqqında təkliflərin müzakirəsi qalmışdı. Əmma Sultan bu müzakirəni təxirə salıb, gecə saat on ikiyə – ştabın növbədənkənar iclasına saxladı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xəzinə üstündə yatan ilan 9

Birinci qeyri-adi hadisə anbarın qabağında, Təftişlə Möhsün kişinin asdıqları “yel fanarları”nın işığında baş verdi.Nə qədər ki, şəhər onilliyinin və dəmir yol məktəbinin yorğun-arğın müəllimləri ilə pərakəndə orduya bənzəyən şagirdlər Ortayolda susqun axınla ağır-ağır gəlib meydanın dövrəsində, təpəcik üstündə “dustaq damı” adlanan daxma ilə idarə səmtində dikdirlərə döşənişməmişdilər, burda – anbarın qabağında Səmədin lap körpəlikdən – otuz dördüncü-otuz beşinci illərdən bəri, avqustun axırından noyabrın ortalarına qədər hər gün gördüyü adi iş gedirdi: qapan-tərəzidə pambıq çəkilirdi.

26 min
Xəzinə üstündə yatan ilan 10

Meydan əldə-ayaqda parçalanmış çamadan qırıqları ilə, əzik-üzük vedrə, bidon, xurcun, heybə, bağlamalarla, toz-torpağa qarışmış “buxanka” “bulka”, “bublik” xıncımları ilə dolmuşdu. Günəbaxan yağı, yumurta, pavidla, şoraba tökülən yerlərdə palçıq əmələ gəlmişdi.Muradova həmin yerdə – boz “Pobeda”nın yanında yumruqlarını pencəyin ciblərinə basıb, həmin vəziyyətdə – hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki, katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz qırpımında ətrafa iti nəzərlə baxan “nəlbəki gözlər”də soyuq rəsmiyyət parlayıb, “həyalı gəlin”i dərhal məhv eləyib, Səməddə nə isə dumanlı narahatlıq əmələ gətirirdi. Mirbağır müəllim də həmin yerdə – “Pobeda”nın yanında, həmin vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana fırlada-fırlada, onun-bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, “Vay-vay” əvəzinə indi “Bezobraziye! Bezobraziye!” – deyirdi və bu aramsız deyinti də o soyuq rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.

23 min
Xəzinə üstündə yatan ilan 11

Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban əminin “Qorxmayın! Qorxmayın! Sultan özü gəlir”, – dediyini eşidəndə bədəni tarıma çəkildi.– Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin. Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!

13 min
Kainat sakinləri 1

...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:

19 min

Poems by other poets