Page 1 of 4

Meydan əldə-ayaqda parçalanmış çamadan qırıqları ilə, əzik-üzük vedrə, bidon, xurcun, heybə, bağlamalarla, toz-torpağa qarışmış “buxanka” “bulka”, “bublik” xıncımları ilə dolmuşdu. Günəbaxan yağı, yumurta, pavidla, şoraba tökülən yerlərdə palçıq əmələ gəlmişdi.

Muradova həmin yerdə – boz “Pobeda”nın yanında yumruqlarını pencəyin ciblərinə basıb, həmin vəziyyətdə – hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki, katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz qırpımında ətrafa iti nəzərlə baxan “nəlbəki gözlər”də soyuq rəsmiyyət parlayıb, “həyalı gəlin”i dərhal məhv eləyib, Səməddə nə isə dumanlı narahatlıq əmələ gətirirdi. Mirbağır müəllim də həmin yerdə – “Pobeda”nın yanında, həmin vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana fırlada-fırlada, onun-bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, “Vay-vay” əvəzinə indi “Bezobraziye! Bezobraziye!” – deyirdi və bu aramsız deyinti də o soyuq rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.

Xaşın təəccübdən kütləşmiş neştərləri yenidən parıldayıb gizlin rabotniklərə işarə verdi. Gizlinlər xıncım-xıncım “bərəkəti” yenidən xınca-xınca yüyürüşüb, dikdirlərdən boylanışan şəhərli müəllimləri, şagirdləri çağırdılar. Yenə də neştərlərin işarəsi ilə Xəlvətlə Qıllısından, Piylisindən başqa, məhlə milisionerləri də qapan-tərəzinin dövrəsinə toplaşdılar. O xəlvəti kəlmələşməkdən, pıçıldaşmaqdan başlamış, üfunətin belə səfərbər toplaşmağına qədər, hamısı müəmma idi.

Əmma müəmma tez açıldı: Təftiş Abbasın yerində – tərəzinin dalında Qudalı atamanı dayandı, Çürük Aşığın yerində – saqqız kötüyünün üstündə Qudalı hesabdarı ilə Qudalı kassiri oturdular, “qruzovik”indən çuval, xaşa, kisə yuvarladan Qara Zalın əvəzinə, Gizlinlər arabalardan çuval, xaşa, kisə tökdülər, “alça-malça” satanların uşaqları əvəzinə, şəhər və dəmir yol məktəblərinin şagirdləri çuvalların, xaşaların, kisələrin üstündə kömürlə yazılmış ad-familiyalarını tapdıqca, tələsə-tələsə, itələşə-itələşə, pambıqlarını qapan-tərəzinin yanına sürüdülər.

Qudalı atamanı birinci xaşanı çəkib, ilk ad-familiya ilə ilk rəqəmi diqtə etdi:

– Müşərrəf Mirbağır qızı Bağırlı! Yüz kilo! – dedi.

– Afərin, şəhər qızı! Mirbağır müəllimin çörəyi halalın olsun! Gəl pulunu al! – dedi.

– Çox əziyyət çəkibsən. Pambığını bizimkilər boşaldarlar. Sən haqqını al, – dedi.

Müşərrəf kök, ağbəniz, qaraqaş, qaragöz göyçərək qızdı. Ancaq boynunun qadına yaraşmayan yoğunluğundan atasına – Mirbağır müəllimə oxşayırdı.

Qudalı hesabdarı təzə “uçot dəftəri”ndə ilk ad familiyanı yazdı. Qudalı kassiri ilk pul “paçka”sını açıb, Müşərrəfə bir əllilik verdi və bu vaxt Səməd, nəhayət, öz qışqırtısını eşitdi:

– Pulu kisəyə qoy, yırtıcı törəməsi! Dörd yüz mindən bir manat əskik olsa, bir əlini sındıracam, iki manat əskik olsa, iki əlini sındıracaml

Qışqırtı necə qorxuncdusa, pul kisəsinin dövrəsindəki yığnaqda özünü yığışdırmayan adam qalmadı. Səməd bunu bilmədi.

Qaranlıq küncdə tüstülər çaxnaşdı. Xızr Abı dik qalxıb irəli yeriyəndə, qocaların hamısı dalınca qalxışdı. Səməd bunu da bilmədi.

Qara Zalla Sarı Zal bir tərəfdən yaxınlaşanda Qonaqlı, Kərpickəsən cavanlarının qalanları o biri tərəfdən yaxınlaşdılar. Səməd bunu da bilmədi. Gözlərinə od dolmuşdu, ürəyi beynində ağır çəkic zərbələri kimi guppuldayırdı. Bütün bədəni və hətta ağzında dili-dişi də o guppultularla birgə döyünürdü və Səməd hiss edirdi ki, canındakı bu təlatüm güclü ehtirasdan – Bezobraziyeni “kürüyüb atmaq”, cəmaati o köhnə, gözəl çağlara qaytarmaq arzusundan əmələ gəlmişdi. Tamamilə aydındı ki, rayonun, əmisinin və özünün taleyi də bu cəmaatın həyatı ilə bağlı idi. Elə bir dövr gəlib çatmışdı ki, Stalinin ömrünün kəsilməyindən, Mirqəzəbin həbsindən sonra Bezobraziyanın daha da fəallaşdığı, Saşanın təcili güllələndiyi, Məhərrəmovla əlaqə kəsildiyi kimi, burda da Bezobraziyenin beşcə günlük hökmranlığı Qılıncdan, Təftişdən, Abıdan, Səmədin özündən başlamış bu döyüşkən cavanlara – Qara Zala, Sarı Zala, Miriyə qədər, hamını, hər şeyi məhv edə bilərdi: Odur ki, təpədən dırnağa təlatümdə, çəkmə zərbələrindən şişmiş, elə bil birə iki ağırlaşmış bədənlə, Gülənova tərəf döndü:

– Mənə dedilər cibində naruçnik gəzdirirsən, çəkiyə çəkirsən məni, Gülənov! Burda mənim biləyimə naruçnik taxıb, orda Sultan Əmirlinin “ürəyini partladıb”, yəni zəhərləyib bir gülləynən iki ov vurmaq istəyirsən. Bu saat mən özüm əlverişli şərait yaradacam sənin üçün, məhlə milisionerlərini tök üstümə, naruçnikini tax, maşına bas apar. Sədr Mədədin qatili azad gəzsin, tutqudan xilas olmaqdan ötrü tədbir töksün, sədr Mədədin oğlu türməyə getsin. Özüm indicə şərait yaradacam ki, sənin istədiyin kimi olsun. Əmma türmədən qabaq bir neçə iş görməliyəm burda. Ölər Dəli Səməd, səkkiz qız, on iki yetim anası Aynanı üfunətdən çıxartmamış biləyinə naruçnik taxdırmaz! Ölər Dəli Səməd, Kətyən İbrahimi divar dibində qara “buxanka” gözləyə-gözləyə qoyub türməyə getməz! Ölər Dəli Səməd, Təftiş Abbasın işdən çıxarılmasına yol verməz!..

Gizlinlər yığnağının topa qaraltısı önündə saralan pul kisəsinə baxırdı, ancaq kisə ilə birlikdə Qarışqa qarını da görürdü. Bayaq “buxanka” əlindən alınandan sonra qarı ortası üzülə-üzülə sürünüb qız-gəlinin arasında necə heysiz düşmüşdüsə, eləcə qalmışdı. Ayaqqabı əvəzinə, altına gön yamanmış boz corabda, quru sümük qıçlarını uzadıb, gözlərini göyə dikib, “yuxarıdan baxana” nə isə deyirdi. Sağ-solunda paltarları cır-cındır, bir-birindən arıq – quru-taqqanaq oğlan, qız nəvələri səssiz-səmirsiz ağlaşırdılar. Səməd bircə dəfə gözucu baxıb, daha baxa bilməyib, əmisinin danışdığı, vaqonlara basılan ac-yalavac xalqın şəklini havada görə-görə, pul kisəsinə doğru getdi.

Yığnağın topa qaraltısında hamı hər şeyi başa düşmüşdü. Piyli ayağa qalxıb, kisənin ağzından qoşaəlli yapışıb, ağarıb, sifətdən də dümağ piyə çevrilmişdi. Ancaq alt dodağında tez-tez yaladığı yerdə qan qızarırdı.

Qıllı Piylinin əksinə, kindən boğulub, sifətdən də qara camışa çevrilmişdi. Alt dodağının köppüşündə qan da qara idi.

Əlini Piylinin meyid kimi soyuq əllərinə atdığı anda Səməd o birilərinə də baxdı. Biri-birindən gombul Gizlinlər gərginlikdən şişib daha da gombullaşmışdılar. Milisionerlər Xaşın neştərləri kimi işıltılı gözlərini nəçənniklə Səmədin arasında oynada-oynada, növbəti işarəni – əmri icra etməyə hazır dayanmışdılar. Bütün yığnaqda ancaq çal lopa bığlı qırmızı üzlə at üzündə gümrahlıq, hətta sevinc vardı. Bu sevincin səbəbini axtarmaq lazım deyildi: “çəkiyə çəkilən” adam o cür qalmaqalda, vuruşmada heç nəyə qarışmayıb kənarda qalandan sonra indi öz ayağı ilə tora düşməyə gəlmişdisə, əlbəttə, sevinməli idilər.

Meyid əlləri kisədən qopmurdu. Piyli kəkələyirdi:

– Mən qol çəkmişəm!.. Puldu bu!.. Yarım milyona yaxın pul!.. Mən məsuliyyət daşıyıram! Nə ixtiyaman alırsan axı, sən bunu məndən?!

Neştərlər parıldadı:

– Ver, Qayım, ver... Dedim ki, biz zor işlətmiyəcəyik. Biz qanunnan hərəkət eliyəcəyik!

– Bu adama bələd deyilsən, nəçənnik... Bankda kassir saydı. Gecəyə düşürdüm, özüm saymadım, əskik ola bilər... Eşitmədinmi bunun sözünü? “Sındıracam”-filan! Bundan nə desən çıxar, nəçənnik! Qabağında ölüm, yaxamı qurtar bu dəlidən!

Çirişli tər Səmədi necə iyrəndirdisə, daha dözmədi: daş əzələlər Qayımı divara sıxdı.

Neştərlər ətin arasından qabarıb par-par yanırdı:

– Dəyməyin! Qoyun neyləyir eləsin! İstər lap özü mənimsəsin! Heç xətrinə dəyməyin!

Səməd kisəni dartıb, alıb Təftişə verdi.

– Kəmisyə üzvlərini yığ, sayın pulu. Özünün iştirakıynan sayın, təhvil-təslim aktı yazın! Əlavə bir akt da yazın. Təxminən bu məzmunda ki, Qudalı Rəhimin sədr olduğu kolxozda əmisi oğlu Qayım Qudalının kassirliyini anormal sayırıq və təftiş komisyonunun qərarı ilə işdən kənar edirik!

Yığnağa tərəf döndü:

– Bu mənim birinci işim, Gülənov! – dedi. Sonra Xəlvətin üstünə yeridi:

– Mircəfər – Mirqəzəb Bezobraziyesi nə qədər hökmran olsa da, bu kənddəki təsərrüfat kollektiv təsərrüfat adlanır hələ. Bu təsərrüfatın başçısı nizamnamə əsasında, ümumi iclasda əksəriyyətin iradəsiynən seçilməlidi. Sən seçilməmisən, Qudalı Rəhim. General Pers adlanan, hal-hazırda mühakimə olunan siyasi cinayətkarın əmriynən, qeyri-qanuni təyin olunmusan. Keçən ilin yayından bu vaxta qədər necə işləmisən, onu da kolxozun təftiş komisyonu müəyyənləşdirəcək. Möhürü ver! Səlahiyyətim var mənim! Ver möhürü!

Xəlvət dartınıb dikəldi. Nə üçünsə kitelinin yaxasını düymələyirdi. Axırıncı düyməni ilgəyə keçirəndən sonra, hətta boğazının dibində çalkeçiri də dartıb keçirdi. Buxağı irəli çıxdı, enli, qırmızı üz bir az da ennənib, bir az da qırmızılandı. Belə ları xoruz halında Qudalı ağsaqqalı həməncə bəlağətli səslə heyrətli sözlər dedi:

– Məlumun olsun ki, mən özüm rabotnikəm! Bu sovetlikdə sizin Qılıncınızdan başqa bir nəfər – Rəhim Qudalı da “osobıy otdel”³⁴ adamdı. General Pers adlanan o siyasi cinayətkarnan heç bir əlaqəm-zadım olmayıb, oğul. Mərhum qardaşım Məmmədəlinin meyidi tapılanda bir dəfə qapıma gəlib Pers, onnan da əlaqəmiz qurtarıb. Atasının ölümünü təşkil eləyib Xalıqı verbovat eləyən də o Pers köpəyoğludu! Sən əyri güzgüdə görmə hamını! Burda sənə dedilər xəstəsən, şəkkaksan. Qardaşım özü skletdi yerin altda, Təbrizdə nə olubsa orda qalıb! Onun oğlu Xalıqnan tutaşmağın necə əsassızdısa, məni belə qaralamağın da eləcə əsassızdı. Məsləhət görürəm, çalış ağlını başına yığ. Bu rayonun sahibi var. Kişi qayıdar gələr, inşallah, özü ayırd eliyər hər şeyi. Onda bilərsən ki, general Persin əmriynən təyin olunmuşam, yoxsa Sultan Əmirli yoldaşın şəxsən özünün təklifiynən, ümumi iclasın əl qaldırmağıynan seçilmişəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Süleyman padşahın xəzinəsi 10

Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:– Salam, əzizim. Mən Saşayam, – dedi.

18 min
Süleyman padşahın xəzinəsi 11

Hardasa kim isə heybətli səslə bağırırdı:– Korsunuz?!. Görmürsünüz?!.

46 min
Süleyman padşahın xəzinəsi 12

Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, hələ müharibədən əvvəl, Sultan Əmirli ilə Mədəd Əmirlinin “tərcümeyi-hallarını gizlətdikləri” barədə söz yayıldığı və “şeyx qardaşlarının əleyhinə kompaniya” başlandığı vaxtlar gecənin birində Bakıdan Sultan əminin yanına sadə görkəmli, çopur üzlü, “Müəllim” kliçkalı cavan bir çekist gəlib xəbər veribmiş ki, Mirqəzəbin şəxsən özünün sərəncamı ilə, Gülənovla Sayılovdan və RİK Atamalıdan ibarət “üçlüyün” başçılığı ilə iki qardaşın ikisinin də evində axtarış aparılmalıdır; Şeyx Ağ Əmirlə, Şeyx Boz Əmirlə və ümumən o taydakı “Muğanna”larla – UluBağlılarla əlaqələrinə və “Kainat Elmi”nə – SafAğ Elminə aid bircə parça kağız, məktub, şəkil-filan tapılsa, bu da bəsdir ki, qardaşların sinfi mənsubiy-⁷⁴ “Şeyx Xorasan” Naxçıvanda, Əlincə çayının qırağında, Xanəgah kəndinin yaxınlığında dəfn edilmiş məşhur “Yarı Pünhanın” – SafAğ Aliminin gizlin adlarından biridir. Müxtəlif adlar altında müxtəlif məkanlarda müxtəlif qiyafələrdə olmaq Ulu Bağ ƏsƏlMənin (“Süleyman”ın, “Solomon”un) həyat təcrübəsindən götürülüb hər yerdə tətbiq edilirdi. yəti təsdiqlənsin; Elmə heç dəxli olmayan təriqətlərə və ümumən köhnə dünyaya aid bircə kitab, əlyazması-filan tapılsa, bu da bəsdir ki, qardaşların siyasi orientasiyası haqqında hökm verilsin. Buna görə də dostları – köhnə çekist yoldaşları və şəxsən “Müəllim” özü Sultan Əmirliyə məsləhət görür ki, özünün və Mədədin evində o taydan nə varsa, hamısını təcili yığışdırıb, əldən-ayaqdan uzaq, etibarlı yerdə gizlətsin və ya yandırıb məhv etsin... Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, o axtarış ərəfəsində “şeyx qardaşları”nın beş-üç həyanı, sirdaşı varmışsa, o həyan və sirdaşlardan biri də həmən “Müəllim” kliçkalı çopur, uzun adam imiş.

36 min
Süleyman padşahın xəzinəsi 13

Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş, Kətyən koması çağrılan başıaşağı, səssiz-ünsüz qəlyanlı ilə elə ona oxşayan Möhsün kişi, hamıdan axırda isə, bir-iki saatda yüz il də qocalmış kimi ikiqat Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi “baqajnik”ə – yükyerinə, oturacaqların “sideniye”lərin aralarına doldurdular. Sultan necə hiddətli və yarımcan gəlmişdisə, eləcə də yarımcan, xarabalığın qırağında, quyunun dikdirində oturub hərəkətsiz qalmışdı. Bayaqdan bəri azı beş-altı dəfə özözünə: – Kimin işidi?! Kimin işidi?! – deyə-deyə Qılıncı çağırıb sorğusuala tutmuşdu: “Mədəd divardan kitab çıxarmamışdı ki? Bəlkə çıxarıb, görüblər?..”, “Mən Müslümü çox sədaqətli sayıram, sən necə?”, “Bəlkə, deyirəm Bakıdan təcrübəli adamlar çağıraq, elə Xalıqın özünü istintaqa çəksinlər?”, “Vərəsə”nin bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!” və sairə.Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.

24 min

Poems by other poets