Page 4 of 4 · 75%

Qarışqa qarı Səmədin qucağında idi. Sol qolunun üstündə sinəsinə sıxmışdı. Titrəyə-titrəyə, hıçqıra-hıçqıra uşaq kimi ağlayan qarı ilə birlikdə özü də hönkürməyə hazırdı. Əmma gözlərinə yaş yox, yenə də od dolmuşdu. Qarının calaq-calaq əski-üsküdən ibarət şalını, qoftasını, corabın altındakı gön parçalarını göstərə-göstərə Muradovanın üstünə getdi:

– Budu mənim anladığım! Mən bunun xəstəsiyəm! Bunun o sızıldaşan nəvələrinin, o göynəyən gəlinlərinin xəstəsiyəm! Divar dibində oturub gəvələməyə quru çörək gözləyən Kətyən İbrahimin xəstəsiyəm! Qırılan diviziyada qırılanların arvadlarının, övladlarının xəstəsiyəm! Səkkiz qıznan on iki yetim böyüdən Ayna bacının xəstəsiyəm! Əgər bunları görmürsənsə, bunların qeydinə qalmırsansa, mən səni nəinki raykom katibi, heç insan da saymıram! Diapozonunuz partiya instruksiyalarından kənara çıxmır, diapozonsuz Məleykə! Bu Bezobraziye qazanında çox adam şikəst olub. Sən kimi şikəsti birinci dəfə görürəm. Katib deyilsən, protokolsan sən!.. Qadın deyilsən, buzsan!.. Gözəl deyilsən, idbarsan!.. Sönmüş ocaq dedim mən sənə! Elə sönmüsən, külün də qalmayıb! Mən isə yanıram! Nə qədər ki, yanıram, bu Bezobraziye törəmələrini, gizlin “rabotnik”ləri, mikroilanları yandıracam alovumda! Yaşamağa haqqı olanlara işıq saçacam!.. Raykoma ərizə yazmıyacam. Raykomun tribunasına qalxacam, insanlıqdan məhrum qadın çinovnik haqqında danışacam! Get burdan! Bir də ayağın dəyməsin Qonaqlıya! Qancıq!

Muradovanı elə bil ilan çaldı; dik atıldı, rəngi ağardı.

Səməd hiss etdi ki, bu dərəcədə sərtliyinin üzərində əmisinin nüfuzu da vardı. Çünki katib zənən titrəyib, cavab qaytara bilməyib, maşına doğru yönəldi.

Səməd “Pobeda”nın ardınca da baxmadı. Qarı qucağında, qapantərəzinin yanına qayıtdı. Dümağ piy üzlü Piylini saqqız kötüyünün üstündə oturdub, özləri “ambulatoriya stolu”nun dövrəsində dayanıb pul sayan Qəlyanlıların arasından əlini uzadıb bir dəstə yüzlük – min manat götürdü.

– Belə şeylərnən sənin yaran sağalmaz, a qarı. Hələlik al bunu. Bölünməz fondun hesabına yazarlar, – deyib pulu əski-üskü qoftanın qoynuna saldı...


Anbarın qabağında, Təftişlə Möhsün kişinin asdıqları “yel fanarları”nın işığında hadisə bununla qurtarmadı.

Hadisənin iki əsas nəticəsi oldu.

Birinci nəticə budur ki, Səməd “kürünüb atılmalı”ları doğrudan da kürüyüb, camaatın hüququnu özünə qaytardı.

İkinci nəticəsi isə budur ki, pambıq çəkiləndən sonra təcili “vedomost”la pul paylananda Torksin birdən şığıyıb, Təftişin “seyf”indən möhürü dartışdırdı:

– Bura ver! Sən gəzdirmiyəcəksən bunu! Mədədimiz gəzdirəcək! Neçə il gözləmişik biz onun yolunu?!

Təftiş nəinki möhürü verdi, üstəlik, əlinin ikisini də yuxarı qaldırıb: – Mədədə mən bir dəfə iyirminci ildə, ikinci dəfə otuzuncu ildə səs vermişəm. Bir də indi verirəm. Kim Torksinin təklifiynən razıdı, əlini qaldırsın, – dedi və Təftiş hələ sözünü qurtarmamış, Qəlyanlılardan başlamış Qarışqa qarının quru-taqqanaq nəvələrinə qədər, bütün Qonaqlılar sevincdən və kədərdən qəhərlənə-qəhərlənə əllərini qaldırıb, beləliklə, “avariya” günündən yeddi il səkkiz ay sonra sədr Mədədin “Bircə bala”sının simasında sədr Mədədə yenidən səs verdilər və Səməd cəmisi bir neçə dəqiqə çəkən qeyri-adi iclasda belə gözlənilmədən kolxoz sədri seçildi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Süleyman padşahın xəzinəsi 10

Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:– Salam, əzizim. Mən Saşayam, – dedi.

18 min
Süleyman padşahın xəzinəsi 11

Hardasa kim isə heybətli səslə bağırırdı:– Korsunuz?!. Görmürsünüz?!.

46 min
Süleyman padşahın xəzinəsi 12

Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, hələ müharibədən əvvəl, Sultan Əmirli ilə Mədəd Əmirlinin “tərcümeyi-hallarını gizlətdikləri” barədə söz yayıldığı və “şeyx qardaşlarının əleyhinə kompaniya” başlandığı vaxtlar gecənin birində Bakıdan Sultan əminin yanına sadə görkəmli, çopur üzlü, “Müəllim” kliçkalı cavan bir çekist gəlib xəbər veribmiş ki, Mirqəzəbin şəxsən özünün sərəncamı ilə, Gülənovla Sayılovdan və RİK Atamalıdan ibarət “üçlüyün” başçılığı ilə iki qardaşın ikisinin də evində axtarış aparılmalıdır; Şeyx Ağ Əmirlə, Şeyx Boz Əmirlə və ümumən o taydakı “Muğanna”larla – UluBağlılarla əlaqələrinə və “Kainat Elmi”nə – SafAğ Elminə aid bircə parça kağız, məktub, şəkil-filan tapılsa, bu da bəsdir ki, qardaşların sinfi mənsubiy-⁷⁴ “Şeyx Xorasan” Naxçıvanda, Əlincə çayının qırağında, Xanəgah kəndinin yaxınlığında dəfn edilmiş məşhur “Yarı Pünhanın” – SafAğ Aliminin gizlin adlarından biridir. Müxtəlif adlar altında müxtəlif məkanlarda müxtəlif qiyafələrdə olmaq Ulu Bağ ƏsƏlMənin (“Süleyman”ın, “Solomon”un) həyat təcrübəsindən götürülüb hər yerdə tətbiq edilirdi. yəti təsdiqlənsin; Elmə heç dəxli olmayan təriqətlərə və ümumən köhnə dünyaya aid bircə kitab, əlyazması-filan tapılsa, bu da bəsdir ki, qardaşların siyasi orientasiyası haqqında hökm verilsin. Buna görə də dostları – köhnə çekist yoldaşları və şəxsən “Müəllim” özü Sultan Əmirliyə məsləhət görür ki, özünün və Mədədin evində o taydan nə varsa, hamısını təcili yığışdırıb, əldən-ayaqdan uzaq, etibarlı yerdə gizlətsin və ya yandırıb məhv etsin... Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, o axtarış ərəfəsində “şeyx qardaşları”nın beş-üç həyanı, sirdaşı varmışsa, o həyan və sirdaşlardan biri də həmən “Müəllim” kliçkalı çopur, uzun adam imiş.

36 min
Süleyman padşahın xəzinəsi 13

Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş, Kətyən koması çağrılan başıaşağı, səssiz-ünsüz qəlyanlı ilə elə ona oxşayan Möhsün kişi, hamıdan axırda isə, bir-iki saatda yüz il də qocalmış kimi ikiqat Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi “baqajnik”ə – yükyerinə, oturacaqların “sideniye”lərin aralarına doldurdular. Sultan necə hiddətli və yarımcan gəlmişdisə, eləcə də yarımcan, xarabalığın qırağında, quyunun dikdirində oturub hərəkətsiz qalmışdı. Bayaqdan bəri azı beş-altı dəfə özözünə: – Kimin işidi?! Kimin işidi?! – deyə-deyə Qılıncı çağırıb sorğusuala tutmuşdu: “Mədəd divardan kitab çıxarmamışdı ki? Bəlkə çıxarıb, görüblər?..”, “Mən Müslümü çox sədaqətli sayıram, sən necə?”, “Bəlkə, deyirəm Bakıdan təcrübəli adamlar çağıraq, elə Xalıqın özünü istintaqa çəksinlər?”, “Vərəsə”nin bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!” və sairə.Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.

24 min

Poems by other poets