Süleyman padşahın xəzinəsi 9
Page 1 of 3
Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi “əməlli başlı toxtamışdı”. Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı: birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, “Kişi, Kişi” dedilər.
Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü. O üç nəfərdən – Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi milis rəisi Gülənovdu. Üçüncüsü RİK Atamalı idi.
Prokuror Sayılovun sürməli qadın gözlərinə bənzəyən süzgün gözlərində təhlükə qoxusu ilə çılpaq yaltaqlıq elə orqanik birləşmişdi ki, Səməd bütün rayonda ən yaraşıqlı kişi sayılan bu adama “iyrənc” deməyə bilmədi.
Qorxaqlıqla yaltaqlığın orqanik birliyi milis rəisi Gülənovun at üzünə münasib alma gözlərində donuq təbəssümdən, RİK Atamalının içikidən şişib bir cüt yup-yumru ətə dönmüş göz qapaqları arasında qəribə civə titrəkliyindən də görünürdü.
Vaxtilə Mirqəzəbin vaqonu gəlib stansiyada parovozdan açılanda, bu üç nəfərlik dəstənin başçısı Xudiyevlə birgə, o vaqonun qabağında necə dayanırdılarsa, indi Sultan Əmirlinin qabağında da eləcə “smirno” dayanmışdılar, dil tərpədib salam verməyə də cürət etmədən, baş əyirdilər. Qəribə idi ki, uzun-uzun illər ərzində bu adamların bu gününü arzulayan Səməd onların bu rəzil tabeliyindən heç bir sevinc duymadı. Beynində fırlanıb təkrar olunan “iyrənc, murdar” kəlmələrilə hər üçünü damğalayıb, öz köhnə kinindən də güclü ikrahla üzünü döndərib qapıdan soldakı küncə meylləndi.
Üç nəfər də o sol küncdə dayanmışdı: solğun, bozumtul üzü, qalınpırpız qaşları və boz-ala gözlərilə Sultan əmiyə ekiz qardaş kimi oxşayan Əziz Mayılov, sakit nəlbəki gözləri, ağ kəlağayısı, yumru qızıl tənələri – sırğaları ilə katibdən daha çox gözəl ev gəlininə oxşayan “diapazonlu xanım” – Məleykə bacı və şümşad boylu arıq, qayğılı katib köməkçisi Məlik.
Səməd bu üç nəfərin üçünə də eyni hörmət və rəğbətlə əl verdi. Xüsusi dəvət gözləmədən, binada öz köhnə sərbəstliyi ilə əmisinin ardınca kabinetə keçdi. Lakin Sultan elə dabanı üstə qəbul otağına çıxıb, gözlənilməz, heybətli xırıltı ilə Gülənova:
– İçəri gəl, – dedi.
İçəridə isə, üzü divara, lap astadan soruşdu:
– Kimiydi vurulan?.. Saşa Babayev?
Gülənov bir addım irəli yeriyib, nəfəsilə Sultanın boynunu döyə-döyə:
– Bəli, – dedi. – Ölməyib... Sağ qolundan, bir də qıçından vurdular. Yun idarəsində sarıdılar yaralarını apardılar.
– Hara?
– Bakıya, Ordan gecə reysiynən Moskvaya təcili istintaqa aparmalıdılar.
– Niyə təcili?
– Bayılov türməsindən xeyli adam çıxarıb Babayev, xaricə qaçırdıb. Təbrizə... Demokrat partiyasının Bakıda bağlandığını bilmirlər Muğannalar o tayda. Babayev Bayıldan çıxartdıqlarını göndərib ki, bərpa eləsinlər partiyanı, sonra Amerikaya mühacirətə getsinlər.
– Niyə məhz Amerikaya?
– Fransada, Germaniyada daşnaklar çox fəaldırlar. Muğannalar özləri Amerikanı istəyiblər, Vaşinqton da razılıq verib.
– Sən köhnə qurdsan. De görüm, nə olacaq?
Gülənov pıçıltıya keçdi.
– Azərbaycan daxilində, həm o tayda, həm bu tayda terror güclənəcək. Sizi də daha sağ qoymazlar. Əmma xaricdə hərəkatınız güclənəcək.
– Yaxşı, çıx!
Sultan özü də qəbul otağına çıxdı və kabinetdə Gülənovla boğuq söhbəti birdən-birə qışqırtıya çevrildi:
– Bax indi sizə öz adımdan “prekratite bezobraziye” deyə bilərəm! – dedi. – Mirqəzəb adında qaniçən qaraquş qanadıynan uçurdunuz hamınız! Qanadınız sındı! Əgər yerlərinizdə qalıb tutduğunuz vəzifələrdə işləmək istəyirsinizsə, tamamilə dəyişməlisiniz!.. Qorxudan itaət olmamalıdır. Səmimi işgüzarlıq olmalıdır! Xalqa diqqət olmalıdır! Bacarmadığınızı açıq etirafla bildirməlisiniz! Rüşvət üstə dərhal həbs olunacaqsınız!.. Bu, minimum proqramdır!..
Açıq qapıdan Səməd milis rəisi Gülənovun gözlərində hamanca donuq təbəssüm parıldadığını gördü. Əmisinin nə barədəsə suallarına hamının, o cümlədən sürməli qadın Sayılovun da eyni müti səsini eşidirdi:
– Bəli, bəli, yoldaş Əmirli. Mən Kəlbəcərin saf ab-havasında böyümüşəm, yoldaş Əmirli”! “Saf” kəlməsini çox eşitmişəm orda Şəmşirin saf dilindən...
Ustad Aşıqlara və SafAğa az-çox istinad edən çesuyçalılar da vardı və belələri nə isə deməyə başlayanda Sultan həmişə susub, ustadlara aid dərdinə qapılardı. Çünki Dərə Ələyəz, Göyçə səmtindən Muğan duzlaqlarına sürülən qoca ustadlar bürküyə dözməyib qırılırdılar – ölürdülər.
Sayılovun Dədə Şəmşiri, “saf” kəlməsini xatırlatması kifayət etdi ki, Sultan birdən-birə öz “proqram” çıxışını yarıda kəsib, qapıya yönəlsin.
Belə hərəkəti yalnız SafAğ dərdindən xəbəri olanlar duya bilərdilər. Səməd isə heç nə hiss etmədi. O bilmirdi və heç vaxt bilməyəcəkdi ki, məşhur Aşıq Şəmşir SafAğ Elmi ustadlarındandı. Bu mövzuda şeirləri ardıcıl dəyişdirilib, dinə bağlanırdı, ya da sadəcə, gizlədilirdi. Səməd bilmirdi və heç vaxt bilməyəcəkdi ki, xüsusilə öz qohumları Göyçəli, Aşıq Alının adını daşıyan AğBizənli Alı ilə oğlu Aşıq Şamil Muğannalarla gizlin ünsiyyətdə olduqlarına görə zəhərlə öldürülmüşdülər və bu bəd əməldə Sayılov da iştirak etmişdi. Məhz buna görə Səməd, əmisinin qəmini hiss etmədi.
Cəmisi beş-on dəqiqəlik söhbətdən sonra Sultanın ardınca çıxanda Səmədə elə gəldi ki, bu dəqiqələrdə Sultan Əmirli onunla da sərt danışacaq.
Əmma Sultan köyrək dilləndi:
– Saşam getdi... Dirəyim yıxıldı...
Səndən ayrılsam o günü ölərəm. Mübaliğəsiz. Nəfəsim kəsilər... Yaşamalıyam mən. “Xəzinə”ni sənə verəndən sonra, layiqli Varis səviyyəsində durduğuna əmin olandan sonra da yaşamalıyam sənnən bir Yerdə! Ağır mübarizələr var irəlidə. İnsanın özünün özünnən psixoloji mübarizəsi çox ağır olur. Başa düşdün?!
Nə isə dumanlı bir şübhə, qara bir fikir Səmədi sarsıtdı.
Küçənin kimsəsizliyində Sultan ayaq saxlayıb yerə baxdı.
– İstəyirsən bir az da açıq danışım?
Səməd udqundu.
– Danış... Həyatımız dumana bürünüb, əmi...
– Yaxşı dedin, dumanı dağıtmaq lazımdı. Kişi kimi mərdanə söhbət eliyək! Mən onu boşaya bilmərəm. Kəbinlidi! – Sultanın dili bıçaqdı. Bu söhbət olmalıdı. Birdəfəlik... Boşasam, düşmən böhtanı təsdiq olunacaq: “Əxlaq pozğunluğu”. Sultan Əmirli ləkələnsə, Varis də ləkələnib hər yerdən qovulacaq. “Xəzinə” sahibsiz qalacaq. Elm məhv ediləcək, batinlərlə birlikdə xalq da bütün qırılacaq! Bütün hər şey səndən asılıdı indi, Ya tüpür əminə çıx get, səhər gəl dəfn elə. Ya da bu axşam evə necə getdik, necə yedik-içdik, eləcə gedək oturaq – Sultan xırıldadı, inildədi. – Hansını seçirsən? Mərd ol! Üzümə bax! Ya tüpür get, ya qal.
Səmədin səsi əmisinin xırıltısından seçilmədi:
– Mən fikirləşmişəm... Gələli bundan başqa bir şey fikirləşməmişəm... Dumanı dağıdırsan. İmkan verirsən sözümü deyim... Deyirəm: Qalıram, əmi...
– Səbr... fil səbri tələb olunur! Qeyri-adi dözüm!
– Başa düşürəm əmi.
– Məsələnin bir tərəfidi bu.. Günü sabahdan əmrini verirəm. İdeologiya üzrə işlə: təbliğat-təşviqat şöbəsini götür. Raykomda struktura dəyişikliyi gözlənilir. Tək təşkilat şöbəsi olacaq. Bütün rayonun kəndlərində, qəsəbələrində partiya təşkilatı katibləri, raykomun instruktorlarının hamısı sənə tabe olacaq. Hələlik, demək, təbliğat-təşviqatı götürürsən. Elə günü sabahdan da təhkim get kəndə, yığıma kömək elə, camaatımızın da dərdinə qal. Nə deyirsən? Lap açığı, bir az aralan buralardan... Hələlik...
– Razıyam, əmi.
– İçəri gedirik indi. Təkrar edirəm: fil səbri! Dözüm!..
Səməd dillənə bilmədi: həyətə keçmişdilər.
...Süfrə. Həmin süfrə idi. Göyümtül qrafində çaxır da həmin çıxırdı. Çaxırı içənlər isə indi tamam başqa adamlardı.
– Çörək ye, tutar səni bu Məlhəm.
– Yox... Sən danış...
– Danışım, danışım... Axşam sən o qara lenti portretdən qopardanda danışıqsız anladıq bir-birimizi: sən Stalinin şöhrətindən, müharibənin, qələbənin miqyasından ayrılammırsan... Əmma məsələ mürəkkəbdi. Moskvanın münasibəti keçən ildən məlumdu. Bilirdik ki, təsərrüfatda, elmdə, mədəniyyətdə bütün əyintiləri, geriliyi tək Stalinin adına yazmaqla partiyaya bəraət qazandıracaqlar. Çünki beynəlxalq məsələlər vardı: bu sistemin hər yerə yayılmaq təhlükəsi qorxutmuşdu hamını – Amerikanı, İngiltərəni. Xüsusən Almaniyada sosialist dövləti – FRQ⁵⁰ vahiməyə salmışdı hamını. Planetdə kasıblıq, aclıq, bir qrup kapitalistin fantastik varlanması, Afrikanın, Asiyanın səfaləti... Hamısı SSRİ-nin xeyrinədi. İnqilabın eksportu sürətlənir. Moskvada plakat çap eləyiblər, milyard tirajnan: “Leninizm şaqact po planete”.⁵¹ Xruşşov qoymayıb yaysınlar: “Mi i tak vspuqnuli kapitala. Ya bı deystvoval naoborot. Spravte etot lozunq. Ya s mirom poyedu v London, a nado i v Vaşinqton”.⁵² Qısası, Stalini təkcə sıradan çıxarıb kapital dünyasıynan az-çox barışmaq istəyirlər, – danışıram ki, belə gizlin şeylərdən də xəbərin olsun. Mayda professorun gəldi. Stolumun üstündə şüşənin altında o teleqrama işarə elədi, dedi bunu çıxart burdan. Məlum oldu ki, Mərkəzi Komitənin xəttiynən gəlib Məhərrəm. Həmin məktub oxundu. Sizdə də oxunub, bilirsən özün hər şeyi. Məncə, hətta dərk eləyirsən ki, yoldaşlarıyın “Stalinizm” adlandırdığı “izm” dəhşətlərdən ibarətdi. Əmma dəhşətlər hələ irəlidədi. Türkiyənin kapitala söykənib Azərbaycanı, Türküstanı azad eləyəcəyindən qorxduqlarına görə gizlindən Türkiyəyə dolur Sovetlər. Burda isə köhnə “pantürkizmlə mübarizə” şüarı indiki sürgünlər, qırğınlar “xalq düşmənləri” adında yalan sehrinə bürünüb. Bircə il də yaşasaydı, o “Stal” – “Polad” deyilən cəllad, əmin də “xalq düşmənləri” sırasında olmalıydı. “Xəzinə”miz barədə çox məlumat gedib Moskvaya. Açılıb hər Şey. Zahirdə guya qırx-səkkiz əlli üçüncü il terror, sürgün kompaniyası guya qurtarıb daha, əslində isə daha dəhşətli – maksimum gizlin aparılır. Mayda professorun dedi bunu mənə. “Nəzərə al ki, Muğannalardan bir nəfəri də səlamət qoymuyacaqlar”, – dedi. Sən gəldin durdun gözümün qabağında. Məhərrəmi yola salıb qayıdanda dəli kimiydim. Gözüm seçmirdi dünyanı. Nəfəsim kəsilirdi. Axşam sən bu qrafini necə çəkdin başına, mən də eləcə çəkdim başıma, ac qarına. Şoferi çağırdım, Müslümü. Seyid kişidi indi burda mənim məhrəmim, bir də Müslümdü.
Kitabxana.az · https://kitabxana.az/en/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-9
Use ← → keys to move, R for a random poem
More by this author
Fəlakətin həlledici mərhələsi onda başlandı ki, Qrek-Latın quldarlıq qanunları əsasında qurulmuş Vizantiya imperiyası 604-802-ci illərin dünya müharibəsində hərbi qələbələrini daha güclü fatehlik silahı olan Xristianlığın qələbəsinə çevirib, bu dini iki yüz il müddətində öyrənilən müxtəlif dillərin köməyi ilə müxtəlif ölkələrdə müxtəlif variantlarda yaya-yaya, o vaxta qədər planetin əsas – gur yaşayış yerlərində bəşəriyyətin vahid Elm – həqiqət dili kimi mövcud olan OdƏr dilini bir daha rəsmi qadağan etdi; hələ birinci əlliminillik tarixdə, sonra isə Yeni tarixdə (Xristianlığın yayıldığı əsrlərdə) hər cəhətdən təhrifə uğradılan, Kainat həqiqətlərindən uzaqlaşdırılan planetimizdə OdƏr dilində Bağ (insanı insana və bəşəriyyətimizi Kainatın OdƏr bəşəriyyətinə bağlayan Bağ) kəlməsi Qrek-Latın dilində təhrif “Boq” sözü ilə əvəz olundu, SafAğ İnsanın (Bağın) Əli – Oğlu mənasında işlənən ƏlAğ kəlməsi Ərəbin təhrif “Əllah” (“Allah”) sözü ilə (təkallahlığla), BağhəmOd (vahid həqiqət Bağı) rütbəsi “Mühəmməd” adı ilə əvəz edildi. Bəşəriyyətimizin yalnız az bir qisminə (təhrif “Muğ”, “Mağ” kəlmələrilə adlandırılan, “atəşpərəst” sayılan gizlin Bağlara) məlumdur ki, dinlərin əsasındakı kitablar, o cümlədən “Bibliya” (“Tövrat” – “Tora”), “Yevangeliya” (“Novıy zavet” – “İncil”) “Quran”da, vizantiyalıların özlərinin məcburən etiraf etdikləri kimi, “Bağ dilində” – “na bojyem yazıke” (yəni OdƏr dili ilə bu dil əsasında yaranmış Tərik – “Türk” dilində) verilmiş kitabların son dərəcə təhrif tərcümələrindən, uydurmalardan, əfsanələrdən ibarətdir. Həqiqətin nə dərəcədə təhrif edildiyi və təhriflərdən necə qlobal – ümumbəşəri fəlakət törədiyi barədə bu müqəddimənin özündə də az-çox təsəvvür vermək üçün bütün açıqlığı ilə deyilməlidir ki, zahirdə biri-birinə düşmən rolu oynayan dinlər, kökü vahid OdƏr bəşəriyyəti olan xalqları dil-şüur və mənəviyyatca ayırmaq, parça-parça ərazilər, sərhədlər daxilində məhdudlaşdırmaq, bəsitləşdirmək, nəticədə vahid Din mərkəzi Vatikanın – gizlin quldarlıq dövlətinin tələblərini təmin etmək məqsədi güdür. Planetimizdə əsrlərdən bəri hökm sürən dini, siyasi qadağalar, saysız-hesabsız “elmi” (“tarixi”, “etnik”) arakəsmələr (süni psixoloji düşmənliklər) mühitində Kainatdan xəbərsizlik, açıq deyirəm, “sivilizasiya” altında cahillik o dərəcədə qatılaşıb ki, bu cahilliyin yaratdığı labüd “katastrofa” qarşısında indi Vatikan dövlətinin özü də qorxuya düşüb, nisbi proqressiv dairələrin planetdə “bütün dinləri birləşdirmək” təklifini, “həqqi təhrif edən xristianlıq”, “fundamental İslam”, “təriqətlər İslamı”, “Bəhayilik”, “Yəhudilik”, “Buddizm” və sair “dini”, “elmi” “izmlər” əvəzində, mövcud Vahid həqiqəti yaymaq ehtiyacını rədd edə bilmir. Mən sözün əsil mənasında ürək ağrısı ilə, faciə içində bildirirəm ki, əsrlər boyunca Vatikan casuslarının təlimatları əsasında (“öz əlimizlə”) gah açıq, gah da gizlin məhv edilən “Muğ” – Bağ nəslinin təhrif adı (“Muğanna” – “Bizim Muğlar”) altında çap etdirdiyim ƏsƏrlərdəki Bağ həqiqəti – SafAğ Elmi hələ də təhrif “izm”lərin müqavimət səddi arxasındadır. Yeni Zaman – 2000-ci il ərəfəsində sədd dağılmalıdır, təhrif insan məhz SafAğ Elmi sayəsində maariflənməli, saflaşmalı, hər cəhətdən ucalıb OdƏr bəşəriyyətinə – əbədi həyat planetlərinə qovuşmalı, yəni “Yer” – EyƏr (Uca İşıq) planetinə gizlin gəlib gedən İşıq gəmilərinin düşdükləri guşələrə buraxılası halda olmalıdır. Əks halda fəlakət baş verəcək.Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən Əsərlərin hamısını yenidən işlədim. “İdeal”, “Ölüm-dirim” Əsərlərində və bir səhifəlik “Peyğəmbərin möhürü”ndə Elmin əsası verilib; bu üç Əsərlə tanış olmayan oxucu dördüncü, beşinci, altıncı, yeddinci Əsərləri – “qəbristan” – “Gur Ünü”, “İsahəq, Musahəq”, “Məhşər”i (“ƏnŞər-MənŞər”i) dərk edə bilməz. Təkrar edirəm; Əsərlər yalnız burada göstərdiyim xronoloji ardıcıllıqla oxunmalıdır ki, fayda versin.
Süleyman padşahın xəzinəsi 1Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali Azərbaycan və sair adlandırılan ölkənin bir qismi “super dövlət” SSRİ-nin tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı. Amerikadan alınan, cəmaatın rişxəndlə “tısbağa yumurtası” adlandırıb, ancaq əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu – “yaiçnıy paraşok” da nemət sayılırdı: taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır müharibədən sonra bu “paraşok” demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi isə qənd və ümumiyyətlə şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə “yaiçnıy paraşok” gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər dəfə bir at yükü kişmişlə qayıdan Çax-çux Xalıqın Qonaqlıdakı həyəti bütün həyətlərdən yığnaqlı olmuşdu.Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin “payoku¹”ndan hər cür nemət dadıb özünü “kişmiş acı” saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində – qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini açıb, atasından “çırpışdırdığı” kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə, doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng əllərlə ciblərinə basışdırdığı rəngli pula – göy əlliliklərə, qırmızı otuzluqlara baxa-baxa, “Çax-çux özünə gün ağlasın, biz də özümüzə” – deyib gülüşsünlər.
Süleyman padşahın xəzinəsi 2Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı “şinel” və müharibənin yadigarı “teloqreyka”¹⁹ yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin, qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin varlanan adamların isə əksəriyyəti “kitayski makentoş” – plaş geyinirdi və hamı bilirdi ki, makentoşları Çax-çux gətirir... Axşamlar idarəyə gedən, idarədən qayıdan briqadirlərin, manqabaşıların,²⁰ xeyir-şər yığnaqlarından dağılışan ahıl adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü “mil” işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin²¹ üç para kəndində, o cümlədən burda, Qonaqlıqda da alverçilərə qılınc çəkən Qılınc Qurbandan da ehtiyatlanmayıb, alverindən qalmırdı.²² Qurbanlı sovetliyi raykomun təlimatçılarından təkcə “Məsimin zonası” – ərazisi olsa da, Sultan əmi bu sakit, qaraqabaq oğlanı “əfəl” saydığına görə hərdən Səmədə “Get o əfələ kömək elə”, – deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd, Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu şəxsi dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqitəbii duyurdu, əmma o həyətə nə qədər göz yetirsə də, bir vaxtkı “yaiçni paraşok”, kişmiş alverçisini, təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-filanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin projektorsayağı “mil” işıqlarını görəndə də dərhal o qara üzü görürdü, makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu, Çax-çux Xalıqın özü isə, o il qəbristandan gedəndi ki, hələ də gözə dəymirdi. Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qarala-qarala qalırdı. Odur ki, hətta son iki ildə – Bakıda da Səməd onu unutmamışdı.¹⁹ Əsgərlər üçün qalın üst geyimləri.
Süleyman padşahın xəzinəsi 3Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.
Poems by other poets
Ol deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Yaşamaz aşiq olan dövlət ilə cahə görəYaşamaz aşiq olan dövlət ilə cahə görə,Can fəda eyləmə, mehri yox olan mahə görə.