Page 2 of 3 · 33%

Seyid kişi kəstum tapdı, qalstuk gətirdi. Ömrümdə birinci dəfə kiteldən çıxdım, qalstuk taxdım. Müslüm də üzümü qırxdı. Oturdum maşında. “Sür! – dedim. – Kəndlərin ara-bərəsində, sahələrdə, harda gözünə gözəl qız dəysə saxla, maşına basıb gətirəcəyik bir baş zaksa!” Yazıq güldü, sonra da qəmləndi. “Evdə anamnan elə sənin fikrini çəkirik, – dedi. – Nə olar axı bir allah bəndəsi gətirəsən bu evə? Qocalmamısan, əldən düşməmisən. Uşağın olsa, öz balamız kimi saxlıyarıq”.

⁵⁰ Almaniya Federativ Respublikası müstəqil dövlət sayılsa da, SSRİ-nin respublikalarından birinə çevrilmiş, bütün Avropanın sovetləşmə təhlükəsi yaranmışdı.

⁵¹ “Leninizm bütün planetə yayılır”.

⁵² “Biz onsuz da qorxutmuşuq kapitalizmi. Məndən olsa, əksinə hərəkət edərəm. Gizlədin bu şüarı. Mən sülhlə gedəcəm Londona, lazım gəlsə Vaşinqtona da...”

Yaxşı oğlandı Müslüm. Açığı, özüm də birtəhər oldum, oğul, yaş boğdu məni. O tayda qardaşlarımın taleyi elə, bu tayda Mədədimin taleyi belə, özümün də axırım bu cür! Doğrudan da, niyə bir züryət qalmasın?! Səməd də sağ qalmasa, bədbəxt “Muğ”, “Mağ” Bağlarının varisi kim olar?!

Elə birdəncə ciddi fikrə düşdüm. “Sür, Müslüm, – dedim, – sür”. “Sultan Əmirli yoxdu daha, – dedim, – Arşınmalçıyam! Sür gedək bir Gülçöhrə tapaq gətirək evimizə”.

Baxtıma o çıxdı. Qara baxtıma... Danışılası deyil.

Necə oldu məhz Xəlvət Rəhimin həyətinə düşdüm o günü? Kim apardı? Niyə getdim? Axı, ömrümdə qapısını açmazdım o “Xəlvət Rəhim – Agent Rəhimin, möhtəkirlər ağsaqqalının! Bilirdim ki, Xudiyev də o evdə görüşür Xalıqnan, dəstəsi də daimi qonağıdı Rəhimin. Getdim içə-içə azı bir saat danışdım, çalışdım Elm verim, təsir eləyim... Yadımda deyil məhz nə baş verdi. Səhərisi gözümü açanda gördüm zaks müdiri gəlib zaldan baş əyir yataq otağına: “Sabahınız xeyir olsun, yoldaş Əmirli. Gəlmişəm təbrik eləyim, həm də zaksınızı kəsim. Zəhmət olmasa, gəlin bu anketə qol çəkin. Özüm doldurmuşam anketi, qol çəkməyiniz qalıb”. Deyirəm “Danışılası deyil”. Əmma danışıram... Beşcə gün ərzində Tiflisin o tərəflərindən, Borjomi yolunun sağ-solundakı kəndlərimizdən, Borçalı çökəyindən, Baş keçiddən başlamış Lerikə qədər gəzdim, Ərdəbildə olanlarımızdan adam çağırdım, sərhədçilərin köməyiynən xəbərdarlıq elədim ki, Şahnan Moskvadakılar eyni siyasət itləridi, ayıq olsunlar. Kür-Araz boyunda Muğannalardan kimi tapdımsa, hamısına xəbərdarlıq elədim. Lerikdəkilərin çoxu da Muğan düzünün duzlaq basmış yerlərinə sürülmüşdülər. Stalinin xüsusi göstərişiynən, Mirqəzəbin şəxsən iştirakıynan, dağ əhalisi cəhənnəm bürküsünə salınmışdı ki, qırılsın bədbəxtlərimiz. “Ermənistan” adlandırdıqları ƏrMən torpağımızdan sürülənlərimiz duzlaq bürküsündə nəfəs çəkəmmirdilər. Gəzdim... SafAğ carçısı Aşıq Alı Ağ Bizənli sazı qucağında, son nəfəsdə gəl “Gəl, ey Şeşpayi Bəhrim” oxuya-oxuya can verib. Nə deməkdi, nə rəmzdi bu “Şeşpayi Bəhrim”,⁵³ “Altıayaqlı dəniz atı”? Altı qitəli Yer – EyƏrin sahibi Ulu Bağ ƏsƏlMəndi. Alı əmimiz, yəni Aşıq Alı AğBizənli nur mücəssəməsiydi. Yandım, oğul. Daxilən sındım. Həftənin axırında maşını sürdürdüm “Şüşəli” pavilyona – restorana.

Dörd aydı nə gecəm var, nə gündüzüm. “Gülgəz” deyirəm, ağzımda dilim yanır. Üzünə baxıram bədbəxtin, üzüm yanır. İçirəm, nə çərənləyirəm, özüm də bilmirəm, guya dərs deyirəm bədbəxtə.

Dörd aydı Qurban gəlir kabinetə: “Boşa! Qaytar”. “Nə qədər ki, bu qancıq burdadı, Səməd adında qardaşoğlun yoxdu” – belə deyir. Axırda məcbur oldum Saşaya ismarladım ki, vaxt tapsın, Qılınc Qurbannan söhbət eləsin.

“Qaytar bu qancığı!” Hm...

Qaytarsam guya nəsə dəyişəcək! Nə dəyişə bilər axı?!

Əksinə!.. Axşam dedim sənə... Çax-çux Xalıq xüsusi gedibmiş Bakıya. Əhvalat çatıb yuxarıya. Daha doğrusu, yuxarıdan gəlir hər şey. Qaytarsam, demək, öz əlimnən təsdiq eləyirəm bədbəxtliyimizi.

İndi gör nə çəkir bədbəxt əmin. Təsəvvür elə, gör nə halda olmuşam dalınca mehmanxanaya gedəndə. O cür abırsız, həyasız!.. – Sultan stəkanı boşaldıb yenidən doldurdu.

– İçirəm ey, içirəm! Yoxam mən!.. Yoxam!.. RİK Atamalının təşəbbüsüynən Azərittifaq tikdirib o “Şüşəli”ni, Tahirliynən Qonaqlının arasında, Adı internat-məktəb yeməkxanasıdı, özü Gülənovun qardaşı Molla Gülənoğlunun traktiridi, həm Erməni, Sovet casuslarının görüş yeridi, açıq-açığına! Həm də Mirqəzəb toxumlarının kef yeridi. “Şüşəli pavilyon”da Sayılov “pastayannı tamadadı”, Gülənov tamadanın birinci müavini, Atamalı ikinci müavini. Moskvadan necə göstəriş alıblarsa, hər həftənin altıncı günü gecəykən sərhəddi açırlar Culfada. Tehranda yaşayan “xüsusi dəstə” adlanan cəllad rusları göndərirlər düz bu Şüşəliyə, Moskvadan, İrəvandan xüsusi intruksiyalarnan yığışırlar. “Arşınmalçılar nəsli” barədə topladıqları məlumatı müzakirə edirlər. Sənin xəbərin yoxdu, “Ermənistan” adlandırılan ƏrMən torpağında qalıb hələ Muğannalar. Bir etibarlı adamımızın, gizlətmirəm, həmin Saşanın məlumatına görə, Xudiyev agentlərinin Türkiyədə də agentləri çoxdular, deyir, türk ordusunun içinə göndəriblər, Türkiyənin ən məsul işçilərinə çevriliblər, asta-asta dağıdırlar ölkəni daxildən. Belə bədbəxtliyimiz var, Bircə bala. Şüşəli pavilyondan qərar yayılır hər yerə: harda, kim, nə vaxt öldürülsün. Tək bir nəfər nəzarətçimiz var bizim o pavilyonda. Lap cavanca rus qızıdı: Marina. “Məryəm ana” deyirik. Tanı. Lazım olacaq. Başqa nə deyim sənə?

⁵³ Elmin xalq variantında “Şeşpayi Bəhr” – “Altı ayaqlı dəniz atı”, – “Altı qitəli Yerin “at”ı – Odu (Həqiqəti) Ulu Bağ ƏsƏlMən – “Süleyman padşah”. Xalq variantında rəmzlər, adətən farscadır; Nizamidən qalan ənənəyə görə, rəmzi məna fars dili altında gizlədilir, yalnız Türkcəyə tərcümədən və şərhdən sonra rəmz açılır. Məs: “Nuşab”ə – “içməli su” – “dirilik suyu” – OdƏr dili (Bərdə hakiminin rəmzi rütbəsi).

Rayonun belə müsibətli vəziyyətində, köhnə qayda üzrə səfərbərlik aparıb pambıq yığımını təşkil eləyirəm. İclasın yarısında, birdən elə bil yuxudan ayılıram, görürəm dilim o sürüynən danışıb, özüm sənin yanında olmuşam. Bu dörd ayda, bu divarların arasında ancaq sənnən oturub-durmuşam. Üçüncü adam olmayıb burda. İnanırsanmı mənə? Başını qaldır, üzümə bax, gözümün işığı! De görüm inanırsanmı mənə?! Səni məndən, məni səndən ayıra biləsi qüvvə varmı bu dünyada?!

Səməd başını qaldıra bilmədi. Çünki gözləri dolmuşdu.

– Yoxdu əmi! – dedi. – Elə bir qüvvə yoxdu! Sən incə adamsan, böyük insansan, əmi! Gör nə qədər casus, terrorist arasında işləyirsən!

Əgər bu vaxt Əlləzoğlu görünməsəydi, məhəbbəti Səmədə çox söz dedirdəcəydi. Çit sarğının üstündən başına həmin qıllı, boz “motal” papaqda, Göbələk, hər əlində bir şiş kabab, yox yerdən peyda olan şeytan kimi, birdəncə stolun böyründə peyda olub, Səmədin sözlərinin qabağına tıxac kimi tıxandı.

– Köhnə əyyamın kəlamıdı: əvvəl təam, sonra kəlam!... Əvvəl yeyin, sonra danışın, dərdin alım... – Qara, gödək barmaqlar şişin birini Sultanın nimçəsinə çəkdi, ikincisini Səmədin nimçəsinə.

Sultan bu müdaxilədən nə qədər tutulmuşdusa, Səməd bir o qədər sarsılmışdı. Stəkanı ovcunda sıxıb, kirpiklərini endirib, Əlləzoğlunun burdan rədd olmağını gözləyirdi. Yox, vəziyyətə alışmırdı Səməd!

Sultan əllərinin titrədiyini görə-görə, öz nimçəsindən yuxa parçası ilə bir tikə götürüb ona verdi, birini də özü götürdü.

– Düz deyir, əvvəl təam...

Alovlu ocağa su tökülən kimi bir şey oldu. Dolu stəkan Səmədin birdən-birə barmaqlarının arasından sürüşüb böyrü üstə düşdü, qaraqırmızı çaxır yayılıb dümağ süfrədə qan ləkəsinə çevrildi və Səmədin gözləri o ləkəyə dirənib qaldı.

Dumanlı bir hiss, içərisinə çöküb qalmış o lil-palçıqdan da qatı, köhnə bir çöküntü tərpənib Sultanı tələsdirdi ki, duz qabını tezcə götürüb süfrədəki “qan”ın üstünə duz töksün, – Ye, ye! Çörəyini ye! – deyib qardaşoğlunu yeməyə məcbur eləsin.

Səməd başını endirib, üzünü gizlətməyə çalışıb yeməyə başladı, əmma gözləri dolanıb yenə o ləkəyə dirəndi.

– Hə, meylinizə yarayırmı, dərdin alım?.. Yaxşı iççalat da var. Bəlkəm gedim bir-iki şiş də iççalatdan çəkim?

– Hə, get, get! – Sultan qayınatasını açıq-açığına qovdu.

Səməd əlini qrafinə atdı, stəkanı doldurub, təkbaşına içdi. Cəmisi bir neçə dəqiqə əvvəl, “Elə bir qüvvə yoxdu” deyəndə nə qədər ayıqdısa, indi bir o qədər sərxoşdu.

Qalın duz layının üstünə çıxan qızartıdan başqa heç nə görmürdü.

O qızartıya “Dəli Səmədi” yuxudan oyadıb hadisə yerinə – saqqız ağacının yanına aparan Cəfər əmi – Lüt Cəfərin və Gülənovun səsləri həkk olunmuşdu: “Qəsd işi yoxdu!.. Qəsd işi yoxdu!” Qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında dayanmış Sultan əminin səsi də Cəfər əmi ilə Gülənovun səslərinin arasında idi: “Qəsd işi yoxdu!”

Bu səslər çoxdan açılmış bir sirri yenidən açırdı.

O sirri ki, Səməd hələ “avariya” günü əmisinə məhəbbətinin altında basdalayıb gizlətmişdi. Elə indinin özündə də basdalayırdı, mürəkkəb hiss və duyğular çəlpəşiyində saxlayıb, aydın sözə-fikrə çevirmək istəmirdi, əmma əmisinin süfrəsində qan ləkəsinə həkk olunmuş səslər məhz o sirri sözə-fikrə çevirirdi: “Öldürülüb!..” “Öldürülüb!” “Öldürülüb!..” “Qəsd işi yoxdu”, – deyib özündən əvvəlkilərin sözünü təsdiq edən, “Açma” – deyib qapağı qaldırmağa qoymayan qardaş bilir ki, qardaşı öldürülüb, əmma sirri qardaşoğluna açmır, çünki o sirri açsa, yəni qardaşına sui-qəsddən xəbərdar olduğunu etiraf etsə, gərək qəsd işinin gizlədilməyində iştirakını da və bu hərəkətinin səbəbini də açıb desin...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ön söz

Fəlakətin həlledici mərhələsi onda başlandı ki, Qrek-Latın quldarlıq qanunları əsasında qurulmuş Vizantiya imperiyası 604-802-ci illərin dünya müharibəsində hərbi qələbələrini daha güclü fatehlik silahı olan Xristianlığın qələbəsinə çevirib, bu dini iki yüz il müddətində öyrənilən müxtəlif dillərin köməyi ilə müxtəlif ölkələrdə müxtəlif variantlarda yaya-yaya, o vaxta qədər planetin əsas – gur yaşayış yerlərində bəşəriyyətin vahid Elm – həqiqət dili kimi mövcud olan OdƏr dilini bir daha rəsmi qadağan etdi; hələ birinci əlliminillik tarixdə, sonra isə Yeni tarixdə (Xristianlığın yayıldığı əsrlərdə) hər cəhətdən təhrifə uğradılan, Kainat həqiqətlərindən uzaqlaşdırılan planetimizdə OdƏr dilində Bağ (insanı insana və bəşəriyyətimizi Kainatın OdƏr bəşəriyyətinə bağlayan Bağ) kəlməsi Qrek-Latın dilində təhrif “Boq” sözü ilə əvəz olundu, SafAğ İnsanın (Bağın) Əli – Oğlu mənasında işlənən ƏlAğ kəlməsi Ərəbin təhrif “Əllah” (“Allah”) sözü ilə (təkallahlığla), BağhəmOd (vahid həqiqət Bağı) rütbəsi “Mühəmməd” adı ilə əvəz edildi. Bəşəriyyətimizin yalnız az bir qisminə (təhrif “Muğ”, “Mağ” kəlmələrilə adlandırılan, “atəşpərəst” sayılan gizlin Bağlara) məlumdur ki, dinlərin əsasındakı kitablar, o cümlədən “Bibliya” (“Tövrat” – “Tora”), “Yevangeliya” (“Novıy zavet” – “İncil”) “Quran”da, vizantiyalıların özlərinin məcburən etiraf etdikləri kimi, “Bağ dilində” – “na bojyem yazıke” (yəni OdƏr dili ilə bu dil əsasında yaranmış Tərik – “Türk” dilində) verilmiş kitabların son dərəcə təhrif tərcümələrindən, uydurmalardan, əfsanələrdən ibarətdir. Həqiqətin nə dərəcədə təhrif edildiyi və təhriflərdən necə qlobal – ümumbəşəri fəlakət törədiyi barədə bu müqəddimənin özündə də az-çox təsəvvür vermək üçün bütün açıqlığı ilə deyilməlidir ki, zahirdə biri-birinə düşmən rolu oynayan dinlər, kökü vahid OdƏr bəşəriyyəti olan xalqları dil-şüur və mənəviyyatca ayırmaq, parça-parça ərazilər, sərhədlər daxilində məhdudlaşdırmaq, bəsitləşdirmək, nəticədə vahid Din mərkəzi Vatikanın – gizlin quldarlıq dövlətinin tələblərini təmin etmək məqsədi güdür. Planetimizdə əsrlərdən bəri hökm sürən dini, siyasi qadağalar, saysız-hesabsız “elmi” (“tarixi”, “etnik”) arakəsmələr (süni psixoloji düşmənliklər) mühitində Kainatdan xəbərsizlik, açıq deyirəm, “sivilizasiya” altında cahillik o dərəcədə qatılaşıb ki, bu cahilliyin yaratdığı labüd “katastrofa” qarşısında indi Vatikan dövlətinin özü də qorxuya düşüb, nisbi proqressiv dairələrin planetdə “bütün dinləri birləşdirmək” təklifini, “həqqi təhrif edən xristianlıq”, “fundamental İslam”, “təriqətlər İslamı”, “Bəhayilik”, “Yəhudilik”, “Buddizm” və sair “dini”, “elmi” “izmlər” əvəzində, mövcud Vahid həqiqəti yaymaq ehtiyacını rədd edə bilmir. Mən sözün əsil mənasında ürək ağrısı ilə, faciə içində bildirirəm ki, əsrlər boyunca Vatikan casuslarının təlimatları əsasında (“öz əlimizlə”) gah açıq, gah da gizlin məhv edilən “Muğ” – Bağ nəslinin təhrif adı (“Muğanna” – “Bizim Muğlar”) altında çap etdirdiyim ƏsƏrlərdəki Bağ həqiqəti – SafAğ Elmi hələ də təhrif “izm”lərin müqavimət səddi arxasındadır. Yeni Zaman – 2000-ci il ərəfəsində sədd dağılmalıdır, təhrif insan məhz SafAğ Elmi sayəsində maariflənməli, saflaşmalı, hər cəhətdən ucalıb OdƏr bəşəriyyətinə – əbədi həyat planetlərinə qovuşmalı, yəni “Yer” – EyƏr (Uca İşıq) planetinə gizlin gəlib gedən İşıq gəmilərinin düşdükləri guşələrə buraxılası halda olmalıdır. Əks halda fəlakət baş verəcək.Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən Əsərlərin hamısını yenidən işlədim. “İdeal”, “Ölüm-dirim” Əsərlərində və bir səhifəlik “Peyğəmbərin möhürü”ndə Elmin əsası verilib; bu üç Əsərlə tanış olmayan oxucu dördüncü, beşinci, altıncı, yeddinci Əsərləri – “qəbristan” – “Gur Ünü”, “İsahəq, Musahəq”, “Məhşər”i (“ƏnŞər-MənŞər”i) dərk edə bilməz. Təkrar edirəm; Əsərlər yalnız burada göstərdiyim xronoloji ardıcıllıqla oxunmalıdır ki, fayda versin.

3 min
Süleyman padşahın xəzinəsi 1

Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali Azərbaycan və sair adlandırılan ölkənin bir qismi “super dövlət” SSRİ-nin tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı. Amerikadan alınan, cəmaatın rişxəndlə “tısbağa yumurtası” adlandırıb, ancaq əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu – “yaiçnıy paraşok” da nemət sayılırdı: taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır müharibədən sonra bu “paraşok” demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi isə qənd və ümumiyyətlə şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə “yaiçnıy paraşok” gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər dəfə bir at yükü kişmişlə qayıdan Çax-çux Xalıqın Qonaqlıdakı həyəti bütün həyətlərdən yığnaqlı olmuşdu.Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin “payoku¹”ndan hər cür nemət dadıb özünü “kişmiş acı” saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində – qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini açıb, atasından “çırpışdırdığı” kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə, doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng əllərlə ciblərinə basışdırdığı rəngli pula – göy əlliliklərə, qırmızı otuzluqlara baxa-baxa, “Çax-çux özünə gün ağlasın, biz də özümüzə” – deyib gülüşsünlər.

31 min
Süleyman padşahın xəzinəsi 2

Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı “şinel” və müharibənin yadigarı “teloqreyka”¹⁹ yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin, qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin varlanan adamların isə əksəriyyəti “kitayski makentoş” – plaş geyinirdi və hamı bilirdi ki, makentoşları Çax-çux gətirir... Axşamlar idarəyə gedən, idarədən qayıdan briqadirlərin, manqabaşıların,²⁰ xeyir-şər yığnaqlarından dağılışan ahıl adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü “mil” işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin²¹ üç para kəndində, o cümlədən burda, Qonaqlıqda da alverçilərə qılınc çəkən Qılınc Qurbandan da ehtiyatlanmayıb, alverindən qalmırdı.²² Qurbanlı sovetliyi raykomun təlimatçılarından təkcə “Məsimin zonası” – ərazisi olsa da, Sultan əmi bu sakit, qaraqabaq oğlanı “əfəl” saydığına görə hərdən Səmədə “Get o əfələ kömək elə”, – deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd, Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu şəxsi dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqitəbii duyurdu, əmma o həyətə nə qədər göz yetirsə də, bir vaxtkı “yaiçni paraşok”, kişmiş alverçisini, təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-filanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin projektorsayağı “mil” işıqlarını görəndə də dərhal o qara üzü görürdü, makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu, Çax-çux Xalıqın özü isə, o il qəbristandan gedəndi ki, hələ də gözə dəymirdi. Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qarala-qarala qalırdı. Odur ki, hətta son iki ildə – Bakıda da Səməd onu unutmamışdı.¹⁹ Əsgərlər üçün qalın üst geyimləri.

22 min
Süleyman padşahın xəzinəsi 3

Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.

30 min

Poems by other poets