Page 2 of 2 · 50%

Səməd yenə də gedə bilmədi. Necə deyərlər, dirigözlü ölmüşdü. Elə bu vəziyyətində yenə nal səsləri və Qurban əminin xırıltısını eşitdi:

– Müslüm Səmədin dalınca gəlib. Çadırın qabağında gözləyir. Sultan zəng vurub ki, gedəsi olmadım, Səməd özü təcili gəlsin. Yoxsa, həbs eliyəcəklər... Mən sındım, Abı!.. Qılınc Qurban yoxdu daha.

Abının səsi də xırıldayırdı:

– Eşidirsən?! Eşidirsən?! Sındım! – dedi.

Sonra birdən yan tərəfə – alaqaranlıqda qısıq duran Şənbəni görərgörməz atı onun üstünə sürdü. Şallaq iki dəfə şaqqıldadı. Lap güllə kimi. Zərbənin biri Şənbənin sarı, nazik qofta altından qabarmış sağ döşünə, o birisi sol döşünə dəymişdi. Şənbə titrəyib üzü üstə sərildi, qıvrılıb qaldı. Sonra iki şallaq şaqqıltısı da eşidildi. Gülbəniz dözümlü imiş; qoşa əlləri ilə döşlərini sıxıb, ağrıdan gözlərini yumub, ayaq üstə qaldı.

Qılınc atın yüyənini geri burdu.

– Xudiyevdən qalıb bu. KQB-nin zənənlərini qoşa-qoşa işlədirlər!

At dəhşətli tər qoxusu yaya-yaya irəli gəlib nəfəsi ilə Səmədin boynunu yandırdı və Səməd istər-istəməz geri dönüb, Qurban əminin sifətini də tər içində gördü.

– Sultan təkid eləyir telefonda. Getməlisən!

Aralıqda xeyli sükut oldu. Sonra Səmədin heyrətlə dolu asta səsi eşidildi:

– Bura bax... Qılıncım, müəllimim, fəxrim... Necə yəni “Qılınc Qurban yoxdu daha?!” Bu quruluşun, hökumətin zibili çıxsa da... Bezobraziye dünyanı götürsə də, sənin öz dilindən eşitmişəm və bütün varlığımnan inanmışam ki, xalqa arxalanan adama zaval yoxdu! Sürgünlərə, fəlakətlərə, bilavasitə başçılıq eləyən Mirqəzəbnən bir yerdə, xalqın qanını içən casus oğlu casusun özünü həbs elətdirəcəm mən!.. Düzünü deyin görüm kimdi məni kənddən ayırmağa çalışan?!

Yenə sükut oldu. Sonra yenə Qurban əmi xırıldadı:

– Getməlisən!

Səməd də bir kəlmə:

– Getmiyəcəm! – deyib çəpərin arasından Ortayola çıxdı.


Cəmaat orda-burda, beşbir, üçbir, girin-girin dayanmışdı. Bürkü və səssizlik içində cırcırama cırıltısından başqa Dam direktor Ələsgər müəllimin deyintisini eşitməyən vardısa, o da hadisələrə laqeyd kimi hələ də elə o vəziyyətdə – dizlərini qucaqlayıb oturan Gülgəz ola bilərdi. Əmma Ələsgər müəllimin deyintisi oraya – çəpərin arxasına da, yolun o biri tərəfində gur işığı yolu vuran həyətə də çatırdı:

– ...Rəhmətlik Mədəd özü deyərdi ki, Elm düzəltməsə, bu dünyanın düzəlməyi qiyamətə qaldı. Qudalılarnan, üstəlik, hamısı paqonlu Gülənovlarnan kəllələşməyiniz nə xeyir verəcək sizə?! Təzə sədrinizin hələ seçilməmişdən o cür görünməmiş zorakılıqnan Xaşın biləklərinə naruçnik keçirməyi, sonra da iki dəfə Sovet İttifaqı Qəhrəmanını o hala salmağı nə xeyir verəcək onun özünə, sizə?! SeKa KPSS-dən Bakıya deyilib, Bakıdan da rayonlara deyilib ki, institut, texnikum, məktəb – filan, nə varsa, hamısı saxlansın, əli-ayağı tutanın hamısı yığıma göndərilsin. Sultan Əmirli kimi kişi acizdi bu əmrin qabağında! Bu nə üsyandı belə qaldırırsınız?! Kim verər o pulu sizə?! Həməncə Xaş nəçənnik, rayonun bütün milisəsini bura töküb almıyacaqmı əlinizdən o paylananı?! Axşam Təftiş burda elə ağzını açanda demədimi ki, düzələn deyil bu xaraba?! Bir Səmədiniz – Mədədiniz yox, beşi olsun, siz də lap belə üçpara kənd – sovetliknən qalxın ayağa, neyniyə bilərsiniz?!. Kağız üstündə qalıb bu hökumətin qanunları. Otuz dörd ildə, kolxozun boyunduruğu altında hələ başa düşməyibsiniz ki, Qılınc Qurbanların, Mədəd Əmirlilərin, Təftiş Abbasların işi-əməli otuzuncu illərdən bəri addamayıb, Bezobraziye hökm sürür hər yerdə?! Bizim arvadı da aparıblar o işıqlı həyətə. “Bu Xalıq Qudalovun qanı, ekspertizada belədi, bu da xançalın üstündəki həmin qan! Podpişite, Sestra xanum!” Neyləsin indi “Sestra xanum?!” Min dəfə sübut eləmişəm prokuror Sayılova ki, evimin damında əlavə astronomiya dərsi deyirəm uşaqlara, hələ də açıq saxlayır “sledstvennoye delo”mu! Sestra da qol çəkməsin, o “zaklyuçeniye”yə, nə olar?! Mənim xeyrimi niyə şərə döndərirsiniz, ay istəkli şagirdlərim?! Kəfəni boğazıma dolayıb Elm öyrədirəm ki, siz də öz balalarınıza öyrədin, unudulmasın həqiqətimiz, bu Rus deyilən Divdən yaxamız qurtarsa, imkan daxilində dirildək millətimizi. Elmlilər də eyniynən o Bezobraziye xadimləri kimi, şər – zor yoluna düşsələr, nə olar millətin axırı, ay əzizlərim?!

Səməd yaxınlığında Ələsgər müəllimin gözlərində yaş gördü. Əmma yumşalmadı.

– Bura bax, Ələsgər müəllim!.. Bayaq Xızr Abı sual verdi orda cavanlara. Torksini danışdırdı. Belə çıxdı ki, şeyx babamın, şeyx əmilərimin Elmi olmasa, insan insana bağlanmaz, həyat, yaşayış olmaz... O böyük hərflərnən yazılan dilin böyük hərfnən yazılan Elminə laqeyd deyiləm mən. Abı çox danışıb, məni də maraqlandırıb. Atamın vəsiyyətinə də laqeyd deyiləm. Əmma sualım var: Bayaq Abı beş-on dəqiqənin içindəcə tamamilə aydın danışdı bu Elmin tarixini! “Faraon”ların – EvƏrEyÜnlərin zamanından bu günəcən asıb-kəsiblər alimlərimizi. Bundan nə nəticə çıxarırsınız?! Məni bu torpağa, bu xalqa bağlıyan SafAğ elmidi?! Üzr istəmirəm kobudluğuma görə, nə demaqoqluq eləyirsiniz burda?! Bu nə təbliğatdı aparırsınız?! Arvadınız qol çəkibsə, o “zaklyuçeniye”yə, özünüz də ona mane olmamısınızsa, əksinə, o işıqlı həyətdən çıxıb bu qaranlıqda yaşayanları da acizliyə, köləliyə çağırırsınızsa, nə ad vermək olar buna?! Abının danışdığı tarix təkrar olunmurmu?! Adınız Dam direktor, gizlin alim, özünüz kimsiniz?! Bezobraziye qulu! Aciz! Rəzil, gözü yaşlı bir ziyalı! Bu yaş nədi axı gözünüzdə?! Kişi deyilsiniz?!

Ələsgər müəllimin rəngi heç vaxt dəyişməyən arıq-quru çopur üzünə qızartı gəldi, çopurları, əksinə, ağardı.

– Kişilik mərdliknən yox, əqli kamilliknən ölçülməlidi, bala. Axır vaxtlar Qılıncınız da dərk eləyib bunu. Çürük Aşığa “Koroğlunun qocalığı”nı oxutdurur: “Tüfəng çıxdı, mərdlik getdi, ay haray!..” Cavanlar gülürlər sənin Qılıncına: “Tüfəng deyilmi sənin mərdliyin?!” Deyir: “Mənim tüfəngimin qundağında yazı varıydı: qalx ey lənətlə damğalanmış ac və çıplaq məzlum dünya!” Deyirlər: “Ac və çıplaq dünya ayağa qalxdı, nəticəsi nə oldu?!” Ağlayır Qılıncınız! Bax belə, bu bədbəxt müəllimin kimi açıq-aşkar göz yaşı tökür. Acizdi “Ədalət mücəssəməsi” Qılınc Qurban ədalətsizliyin qarşısında! Yeni Lenin ol, yeni Oktyabr inqilabı elə, dağıt dünyanı təzədən qur, nə olacaq?! Həmincə ədalətsiz dünya yaranacaq! Elmsiz, yırtıcı cəhalət dünyası!.. Sən qarışma bu camaatın işinə! Bir zəmanə gözləyirik biz. Uzaqda deyil o zəmanə! Ola bilər hətta biz də görəcəyik! Danışma! Çıx get burdan.

Səmədin beyni tutuldu. Heç nə, heç nə danışa bilmədi. Müslüm maşını lap səssiz-səmirsiz sürüb, böyründə saxlamışdı. Qəhərli-qəhərli:

– Getməsən öləcək!.. Getməsən öləcək! – deyirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xəzinə üstündə yatan ilan 8

Gülənov nə vaxt ayağa qalxdı, hara getdi, niyə getdi? “Yoldaş Səmədi” gündüz “çörək kəsməyə” çağırıb, axşamısı burda neştər çıxardan Qudalı ağsaqqalı, Qıllısı, Piylisi və it xılı məhləsinin gur dəstəsi ilə hara rədd oldu? Səməd bunların heç birini bilmədi. Sədr Mədədin Bircə balası ilə Qonaqlı cəmaatının yeddi il səkkiz ay ayrılığından sonra birdənbirə elə görüş vulkanı püskürmüşdü ki, bu vulkanın gözündə Sudüşən, Hacehsan çəmənlərinin axşam sərinliyindən, moy, mixək ətrindən, kəpənək, qaranquş qanadlarından, doğma səslərdən və isti nəfəslərdən başqa heç bir zir-zibil yoxdu: Səmədi qolları ilə yox, Sudüşənin, Hacehsanın axşam sərinliyi ilə qucaqlayırdılar, alnından, yanaqlarından dodaqları ilə yox, kəpənək, qaranquş qanadları ilə öpürdülər, öpəndən sonra üzünü kəlağayılarının, qıymaçalarının ucları ilə yox, moy, mixək ətri ilə silirdilər, qucaqlaya-qucaqlaya, öpə-öpə dediklərini də adi səslə yox, ən gözəl mahnıdan da gözəl mahnı ilə deyirdilər:– Mədədimizin balası, Mədədimiz! Umudumuzu sənə bağlamışıq, ay umudumuz! Dizimizə dirək gətirdin, ay dirəyimiz! – deyirdilər.

19 min
Xəzinə üstündə yatan ilan 9

Birinci qeyri-adi hadisə anbarın qabağında, Təftişlə Möhsün kişinin asdıqları “yel fanarları”nın işığında baş verdi.Nə qədər ki, şəhər onilliyinin və dəmir yol məktəbinin yorğun-arğın müəllimləri ilə pərakəndə orduya bənzəyən şagirdlər Ortayolda susqun axınla ağır-ağır gəlib meydanın dövrəsində, təpəcik üstündə “dustaq damı” adlanan daxma ilə idarə səmtində dikdirlərə döşənişməmişdilər, burda – anbarın qabağında Səmədin lap körpəlikdən – otuz dördüncü-otuz beşinci illərdən bəri, avqustun axırından noyabrın ortalarına qədər hər gün gördüyü adi iş gedirdi: qapan-tərəzidə pambıq çəkilirdi.

26 min
Xəzinə üstündə yatan ilan 10

Meydan əldə-ayaqda parçalanmış çamadan qırıqları ilə, əzik-üzük vedrə, bidon, xurcun, heybə, bağlamalarla, toz-torpağa qarışmış “buxanka” “bulka”, “bublik” xıncımları ilə dolmuşdu. Günəbaxan yağı, yumurta, pavidla, şoraba tökülən yerlərdə palçıq əmələ gəlmişdi.Muradova həmin yerdə – boz “Pobeda”nın yanında yumruqlarını pencəyin ciblərinə basıb, həmin vəziyyətdə – hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki, katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz qırpımında ətrafa iti nəzərlə baxan “nəlbəki gözlər”də soyuq rəsmiyyət parlayıb, “həyalı gəlin”i dərhal məhv eləyib, Səməddə nə isə dumanlı narahatlıq əmələ gətirirdi. Mirbağır müəllim də həmin yerdə – “Pobeda”nın yanında, həmin vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana fırlada-fırlada, onun-bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, “Vay-vay” əvəzinə indi “Bezobraziye! Bezobraziye!” – deyirdi və bu aramsız deyinti də o soyuq rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.

23 min
Kainat sakinləri 1

...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:

19 min

Poems by other poets