Page 3 of 4 · 50%

– Yandıranlar elə şeyləri yaxşı bacarırlar, Abbas əmi.

– Ay-hay! Çünki loşsunuz siz hamınız deyirəm, loş-mağmın! Oturmuşdun orda quyunun dikdirində. O yassır agentin xirtdəyindən yapışıb geri itəliyəmməzdin?!. Mən bilirsən neyniyərdim onu? Yabasını taxıb tulluyardım çəpərinin o tərəfinə!.. Getmişəm ora, balnisiyə, soruşuram de görüm nə qazandın, a heyvan? Deyir sizin o dəlinizi qovmalıyam mən buralardan. Niyə? Çünki, deyir, dəlinizin gözü əmisinin arvadındadı hələ də! Yalan deyir? Çamadanın niyə əllərdə gəzir?! Hökumət xərc çəkib sənə, savadına, biliyinə qiymət verib, qırmızı diplom qoyub cibinə. Bə niyə ayaq altdan tapılır diplomun?! “Partiya işçisi” yazılıb ora. Nəfsini cilovluyammıyan, ayağını hara atdığını bilmiyən adamdan partiya işçisi çıxar?!

Hə, səsin batdı?!

“Mənnən niyə elə danışdın, sən a kişi!” Allahına şükür elə ki, hələ danışıram! Bilirsənmi necə gözləyirdik yolunu? “Səməd” demirdik biz sənə burda, “Mədədimiz” deyirdik. Barmaq hesabı hesablayırdıq: “İki ay qalıb Mədədimizin gəlməyinə”. “Bir ay qalıb...” Deyirdik gəlib Qudalıları iş başında görən kimi əmisini dara çəkəcək! Gözünün içinə deyəcək: “Cəmaatı çörəyə möhtac qoyubsan!” Sonra da mərd, müdrik oğul təki sinəsini gərib, Bezobraziye köpəyuşağının qabağına hasar çəkəcək...

Budu, gəldi Mədədimiz!

Gəldi ki, zincirrəmə olub düşsün yollara, şəhərdə şəhəri çaxnaşdırsın, kənddə kəndi! Göbələk Məmişin başını partlatsın! Göbələk də soyunub, alt paltarını qanlı görüb, qanlı tuman-köynəkdə düşsün Ortayola, gecənin yarısında haray təpsin: “Oyanın ay Qonaqlılar, ay Kərpickəsənlər, ay Kətyənlilər, görün dəliniz nə kökə salıb məni!...” Soruşurlar: “Niyə döydü səni?” Deyir: “Necə niyə?! Qızı Sultana verdiyimə görə!..”

Aydındımı necə alabaydaq¹⁰ eləyibsən özünü?!

Çax-çux Xalıqın qızı şəhərdə şəhərə küy salıb, kənddə də kəndə küy salıb ki, “Bu dörd ayda qız gecə-gündüz Səmədi gözləyib”. Qudalı cavanları qapı-qapı düşüb mal sata-sata hər yerdə deyirlər: “Dəli Səməd gəlib əmisinin arvadını götürsün qaçsın. Xalıqın arvadı Badsəba da bu yanda pambığın arasında açıb gül ağzını. Guya manqal deyilmiş yanan, Sultan Əmirlinin eviymiş! Arvadı kişini yuxuya verib qapını bağlayıb od vurubmuş ki, əri yansın, özü də qoşulsun qaçsın!

¹⁰ “Alabaydaq” – “Alabayraq” – namussuzluq – əxlaqsızlıq mənasında, xalq içində çox geniş işlənir. “Murdar əski” sayılır.

Yüzdən birini deyirəm sənə.

Əmin Qurbana öz diliynən tapşırıb ki, kənardan göz qoy Səmədə, mən Bakıdan qayıdanacan bir xata çıxartmasın. Öz diliynən tapşırıb! Başa düşürsənmi nədi bu?! O qızarttaq darvazanın qabağından keçəndə Qurban görüb milisəner dayanıb orda. Soruşub ki, “Burda neynirsən?” Milisəner deyib: “Nəçənnik Gülənov əmr elədi ki, get Sultan Mamedoviçin arvadına keşik çək. Dəli Səməd rayondan gedənəcən postda durmalıyam burda”.

Qurban qovub milisəneri, bu heç. Ordan gedib Gülənovun üstə əsibcoşub, bu da heç. Sən gör Gülənov nə deyib: “Sultan Mamedoviçin şəxsi xahişidi. Kişinin namusunu qoruyuruq biz”.

Bildinmi nə yerdədi iş?! İkiüzlü nədi, minüzlü alabaydaq qəhbədi əmin! Orda Qurbana elə deyəndən sonra Gülənov gəlib burda, Şüşəli pavilyonun qabağında car çəkib ki, “Xəbərdarlıq eləyirəm, ay cəmaat, əgər hamılıqnan nəzarət eləməsəniz, adınızı batıracaq o dəli!”

Bildinmi necə gəlib “Mədədimiz?!”

Belə gəlməkdənsə, heç gəlmiyəydin! Ölüb qalaydın Bakıda!

Təftiş Abbasın töhmətindən, danlağından utanmaq, qızarmaq əvəzinə, hələ bir şeşələnirsən də: “Mənnən niyə belə danışdın sən, a kişi!” Öləydi “kişi”, Mədədin yurdçusunu belə görənəcən. Demə, eşq dəlisiymiş Mədədin yurdçusu! Diplom nəyinə gərəkdi eşq dəlisinin?! Abı düz demir. Mənim qəti fikrimdi ki, sən qırmalısan bu murdarların hamısını! Gedib kişi kimi türməni çəkməlisən, ya da güllələnməlisən. Odu ey, bax, Saşanız! Abı deyir gecənin bir vaxtı oyadıb Bayıl türməsinin nəçənniyini, müavini-filanı ki, Qazağın Muğanlı kəndindən altı kişi saxlayırsınız, silistsiz-filansız gətirin görüm nə yazıb cinayət qaldıran prokuror? Deyiblər bir tikə kağız da yoxdu. General Atakişiyev deyib basın bunları, ayrı-ayrı kameralarda saxlayın çürüyənəcən”. “Biz də çürüdürük bədbəxtləri”. Açdırıb qapıları buraxdırıb hamısını, üstəlik, aparıb evində qonaqlıq verib, ciblərinə pul qoyub göndərib evlərinə!.. Budu bax Ulu-Bağlar kökü! Abının, Sultanın dediyi təki deyil!

Qocanın gözlərində şimşək çaxdı.

– Mənim pəhləvan oğlum bir toyuq başı da kəsəmmir, Tərifli əminnən Abı xarab eləyiblər oğlumun başını. Get onnan danış sən, barış murdarlarnan!

Səməd cərgəarası arxın qırağına çöküb, yaşıl qozalarla dolu, pambıq kollarının dibində hərəkətsiz oturmuşdu. Bayaqkı heybətli qışqırtıdan sonra ürəyi necə vururdusa, nəbzini barmaqlarının ucunda hiss edirdi. Arx içinin çat-çat gilli torpağına dikilmiş gözlərində qırpım-qırpım zoqqultular vardı. Tuflilərdə ayaqlarının pəncələri də zoqquldayırdı. Yəqin elə canındakı bu zoqqultulara görə də Səməd əvvəlcə çox üzgün dilləndi:

– Mən əbləh də məhəbbət umurdum səndən...

Sonra birdən səsi çıldırdı:

– Sən tanımırsan məni!.. Tanımırsan!

Təftiş duruxub, çaşan kimi olub, təəccüblə soruşdu ki:

– Necə yəni “tanımırsan?..” Bu əlimin içində böyüməyibsənmi? İndiki əməllərin göz qabağında deyilmi?!

– Yox!.. Nə sənin əliyin içində böyümüşəm mən, nə Qılınc Qurbanın, nə də Sultan Əmirlinin əlinin içində... Öz içimdə böyümüşəm mən! Öz içimdə! – Səməd yenə qışqırırdı. Az qalırdı hönkürsün.

Elə qışqıra-qışqıra da ayağa qalxdı.

Sahədə dərin sükut vardı. Arabaya pambıqla dolu xaşa,¹¹ kisə, çuval qaldıran cavanlar, kilimlərin, çətənlərin¹² üstündə sərilən pambığı çevirən, əlləri yabalı qocalar, cərgələrin aralarında döşləri önlüklü qaraltılar – hamısı əl saxlayıb, dirək-dirək dayanıb bu yana – Səmədlə Təftişə doğru boylanırdı.

¹¹ Böyük kisə.

¹² Dəyənin (alaçığın, xeymənin) dövrəsinə çəkilmək üçün qamışdan çitənmiş çitən.

Əmma Səməd səsini qısmadı:

– Eşq dəlisi deyiləm mən! İnsan dəlisiyəm! Bu torpağın, bu yurdun dəlisiyəm! Ömürlərini bu yurda həsr eləyən, xoşbəxtliklərini bu yurda qurban verən Mədəd Əmirlinin, Sultan Əmirlinin dəlisiyəm! Əlləzoğlunun qızı da qurban olsun Sultan Əmirliyə, mənim eşqim varsa, o da qurban olsun, özüm də qurban olum Sultan Əmirliyə!.. Cəmaatın rəzilliyi məgər Sultan Əmirlidəndi?! Yoxsa, Stalinin, Mirqəzəb Mircəfər Bağırovun yaratdığı Bezobraziye sistemindəndi?! Dağılmalıdı bu cəlladlar sistemi, məhv olmalıdı! Sultan Əmirli, Qılınc Qurban, Təftiş Abbas kimi el təəssübkeşlərinin əl-qolları açılmalıdı. Sədr Mədədin ürək dostuna, iyirmi ilin təftiş komisyonu sədrinə yaraşarmı ki, düşmən sözünə uyub Sultan Əmirlinin özüynən yetirməsinin namusuna, qeyrətinə şübhə eləsin?! Qurban əmi özü deyir ki, narahatdı mən sarıdan, dalımca gəzir. Ola bilər ki, əmim də tapşırıb. Çünki Bezobraziyenin dib ocağına göndərib məni. Vəhşilər içinə! Necə olub, kim inandırıb səni ki, “ikiüzlüdü”, “minüzlüdü”, mənə inanmır?! O dərəcədə alçaq sayır məni ki, hətta aramızda bu hadisəni törədənlərin ən qəddarından xahiş eləyib, milisəner qoyub darvazasına?! Məyər aydın deyil ki, Bezobraziyenin növbəti qurğusudu bu?! Mənə münasibətini, etibarını, məhəbbətini küçədə nümayiş elətdirdi Sultan Əmirli! Qoluna girdim, qol-qola, çiyin-çiyinə yeridim əmimnən! Gözləri kəllələrinə çıxdı “fəallar”ın!.. Sonra açıq söhbət oldu əmimnən aramızda.

Mərd-mərdanə! Kişi söhbəti!.. Üstəlik, ötən gecə Bakıda da oldu. Müslüm şahiddi!.. O teleqramın vaxtındakı kimi, Bezobraziye yenə ikiqat olur Sultan Əmirlinin qabağında, yenə “Kişi, Kişi” deyirlər. Sultan Əmirlinin üzü o yana dönəndə isə, öz iyrənc təbiətlərinə uyğun hərəkətlər eləyirlər, mənim namusuma, qeyrətimə nə dəxli var bunun, Abbas əmi?! Saşa Babayevə tay tutma məni. O qədər iş görən oğul bir nəfərə də güllə atmamışdı. Mən isə hazıram dünyanı qana batırım! Abı qoymur, əmim özü, heç biri aman vermir mənə əl tərpədim, yoldaş cibi naqanlı bolşevik! Ruhən sənə daha yaxınam mən!

“Mədədimiz” demə, Mədəd ola bilmərəm. Səmədəm mən, Səməd kimi də tanıyacaqsan sən məni! Tanıyacaqsan!

Qurban əmi də “Məcnun” dedi. Belə görürəm, yəqin bütün kənd “eşq dəlisi” sayır məni.

Eşidin, ay cəmaat! Ay eloğlularım, elqızlarım! Düşmən qurğu qurub, Sultan Əmirlinin uca adına ləkə yaxıb. İndi də başqa cür qurğular qurur. Hər dəqiqə bir söz dəyir qulağıma. Bakıdan əmim arvadını götürüb qaçmağa gəlmişəm?! O qədər murdaram ki, hətta, ata əvəzi əmimin özü də inanmır mənə?! Bir tərəfdən Qılınc Qurbana tapşırıb ki, göz qoysun mənə, o biri tərəfdən milisəyə müraciət eləyib, üçüncü tərəfdən Gülənov car çəkib ki, siz də nəzarət eliyəsiniz?!

Eşidin, bilin, görün necə “eşq dəlisiyəm”.

Mən dəqiq bilmirəm nə vaxt yaranıb bu düşmənçilik. Qandan qana keçir, nəsildən nəslə keçir bu düşmənçilik. Qudalı uşaqları Sultan Əmirlinin maşınının təkərinə yaba soxurlar, darvazasını murdarlayırlar. Mən yəqin bilirəm ki, o məhlədə çörək yeyəndə də Sultan Əmirliyə kinləriynən qarışdırıb yeyirlər, su içəndə də Sultan Əmirliyə kinləriynən qarışıq içirlər. Yatanda yuxuda da Sultan Əmirlini görürlər. Harda bir boz kitel bozaranda, qara çəkmə qaralanda da o dəqiqə Sultan Əmirlini görürlər. Yəqin bilirəm mən bunu, çünki özüm belə olmuşam, o məhlənin itini, pişiyini görəndə də Çax-Çux Xalıqı görmüşəm, Çax-çuxnan yanaşı, o məhlənin hətta daşına-divarına da nifrət eləmişəm! Cib doldurmaqdan, qarın şişirtməkdən başqa, o məhlənin tək bir məqsədi var həyatda, o da eşalonlara basılan saysız-hesabsız əqidəli adamları məhv elədikləri kimi, Əmirliləri də məhv eləməkdən ibarətdi! Yəni, bildiyiniz kimi, Bezobraziye dövlətinin tapşırığıynan işləyir o məhlə, Xudiyev dəstəsinin fəal üzvü Çax-çux Xalıqın nələr törətdiyini yaxşı bilirsiniz siz. Mənim o məhləyə nifrətim Çax-çuxun əməlindən sonra birə yüz qatlaşdı. On səkkiz yaşımdan nifrətnən, kinnən nəfəs almışam, kinnən yatıb, kinnən durmuşam. Ürəyimdə atamın tabutunu gəzdirmişəm, beynimdə Çax-çux Xalıqın qara üzüynən Gülənovun saxta “zaklyuçeniye”sini gəzdirmişəm. İndi sizdən də, Təftişdən də, özümdən də soruşuram, necə “eşq dəlisi”yəm ki, heç bilmirəm bu yeddi ildə bir kəlmə adam sözü demişəmmi o bədbəxt zənənə, heç olmasa bircə dəfə sakit ürəknən, açıq başnan oturub-durmuşammı?! Yükü tabut olan ürəkdə nə eşq, nə məhəbbət, Abbas əmi?! İndi-indi qanıram, bir dəfə də taleyini fikirləşməmişəm mən o bədbəxt zənənin! Gəlib onu həyətdə görəndən sonra, o müsibətin içində də, hər şeydən əvvəl əmimin taleyini düşünmüşəm. Rayonun taleyini! Bunun qabağında gör sən nə deyirsən mənə: “Nəfsini cilovluyammıyan!” “Ayağını hara atdığını bilmiyən!” “Çamadan!” “Diplom!..” Nəfs nədi, Abbas əmi?! Çamadan nədi, diplom nədi?! Gəlib Sultan Əmirlinin Bezobraziyenin pəncəsində görəndən sonra diplom görünərdi mənim gözümə?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Süleyman padşahın xəzinəsi 8

Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi – Lüt Cəfərin qaynı Yusif, Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, “eşmə” üzə-üzə çıxıb, canı sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb, paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə çörək yeyib, o biri əllə “Ədəbiyyat müntəxəbatının”, “Cəbrin”, “Həndəsənin”-filanın vərəqlərini o yan-buyana aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o vaxtlar Qıllı Qeybalı və “Ataman” deyilən pələpüsür oğlan suyun altında qara camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da cin-şəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-çəngə qopartmaq olardı, “Yusif kimi gözəl Yusifin” ağzını cırmaq, burnunu burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin beynindən getməzdi.

14 min
Süleyman padşahın xəzinəsi 9

Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi “əməlli başlı toxtamışdı”. Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı: birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, “Kişi, Kişi” dedilər.Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü. O üç nəfərdən – Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi milis rəisi Gülənovdu. Üçüncüsü RİK Atamalı idi.

22 min
Süleyman padşahın xəzinəsi 10

Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:– Salam, əzizim. Mən Saşayam, – dedi.

18 min
Süleyman padşahın xəzinəsi 11

Hardasa kim isə heybətli səslə bağırırdı:– Korsunuz?!. Görmürsünüz?!.

46 min

Poems by other poets