Xəzinə üstündə yatan ilan 5
Page 2 of 4 · 25%
Bəs sənin istədiyin nədi, qadası? “Qurban olum Sultan Əmirliyə” deyirsən. Bəs niyə istəmirsən yaxşı olsun Sultan Əmirlinin işi?!. Tutaq ki, heç cırılmayıb o aktlar, hamısı zil-düzən durur Təftişin “seyfi”ndə. Sultan Əmirli də, deyək ki, heç yana getməyib, oturub bu saat öz kabinetində. Təftiş versin aktları, sən də apar qoy stolunun üstünə. Bilirsənmi neyliyər əmin? Qışqırar, bağırar, yumruğunu stola çırpar ki, “Kürüyəcəm, atacam bu Bezobraziye köpək uşağını”. Əmbə sonra neyliyər? Dostu Qılınc Qurbanı necə arxayınlaşdırıb yola salıbsa, sən “Bircə bala”nı da eləcə yola salar, sonra da cırar aktları, atar səbətə. Xeyrə arvad da yığışdırar o səbətdən, hər axşam raykomun dal həyətində yandırdığı süpürüntüynən bir yerdə od vurub yandırar, beləliknən aktların heç cırıqları da qalmaz. Hə! Belədi haqq-hesab, qadası. Mənə inanmırsan, yenə soruş bu kişidən. Bütün kənd şahiddi ki, ömründə yalan söz çıxmayıb Təftişin dilindən. Qılınc Qurbanın adı var, əsl ədalət mücəssəməsi, əyrikəsən bu Təftişdi. Cibində partiya bileti, üç gündü Xızr Abıya qulluq eləyir, bu palıdın altında, Çürüknən bir yerdə. Niyə? Bu da ürəyinin düzlüyündəndi. Sözünün düzlüyüynən kəsib bizi həmişə. Ağsaqqalımız əbəs yerə “zəhər tuluğu” demir ki buna. Qoy yenə açsın tutuluğunun ağzını, desin, sən də bil ki, bizim ağsaqqal sədr olandan bəri əmin neçə kərə “kürüyəcəm” deyib. Əgər kürüyəndisə, hər bazar axşamı, əl-ayaq yığışandan sonra o boz “Pobeda”sını niyə sürdürür Qudalı məhləsinə?! Xəlvət Rəhimin evinə burulanda faraları niyə söndürtdürür?! Həqiqətən kürüyəndisə, niyə oturur Xəlvət Rəhimin məclisinin başında?! Hər dəfə bircə şüşə konyakı boşaldandan sonra niyə qucaqlayır düşmənini, niyə ağlayır, niyə deyir “Əbləh olmuşam, zülm eləmişəm sizə, ay eloğlular! Vicdanım üzür məni! Bağışlayın! Siz mənimsiniz, mən də sizinəm, aramıza nifaq salan Bezobraziyeyə lənət, ay əzizlərim!”
Dəhşətli bürküdə, başdan ayağa tər içində Səməd üşütmə hiss etdi. Üşütməli canından çılğın qışqırtı qopdu:
– Mən inanmıram, Abbas əmi! İnanmıram! İnanmıram!
– Nəyə inanmırsan?.. Öz korluğuna?!. Yoxsa, əmiyin satqınlığına?!
Səməd göyümtül çalan qara üzə, yerə, göyə baxdı.
– Əgər Sultan Əmirli sizin deyiniz kimi iblisdisə, onda... atama, anama da şübhə eliyərəm! Xalqının mənafeyini hər şeydən yüksək tutan fədai Sultanın iblisliyinə inanmaram!
– Fədai əmin yenə fədaidisə, təkcə öz şəxsi mənafeyinin fədaisidi, qadası. Sən kimi ictimai mənafe güdənləri əbləh sayır indi əmin! Mən demirəm bunu, onun öz sözüdü. Xəlvət Rəhimin məclisində deyib!.. Hə!.. O gün Saşa Babayevin dalınca Moskvaya gedibmiş ölə-ölə. Qayıdıb nə deyib? “Taxtabitili kommunizm paytaxtı Saşamızı səhər çağırıb, axşamısı başını yeyib!” Sözə bax: “Taxtabitili kommunizm!” Elə bu bəs deyilmi, Saşanın dalınca əmini də güllələsinlər!
– Sus, köpəyoğlu! O kupedə, daxmanın qabağında sehrlədin məni... Sehrliyə bilərsən, əmma kor eliyəmməzsən. Ürəyimin, hissiyatımın gözüynən görürəm ki, Mirqəzəbin “moy rabotnik”i kimdi və necə işlərlə məşğuldu! Mirqəzəb hər adama “moy rabotnik” deməzdi! Böyük miqyasda, böyük xidmətlər göstərmisən ona! Mədəd Əmirlinin, Sultan Əmirlinin yaxın məsləkdaşı Lüt Cəfərin adı ilə başlanan siyahı birinci siyahın deyil sənin. Arxivdən neçə yüz, neçə min fədainin adını siyahıya almısan?! Məhz kimlərdən ibarətdi o fədailər? Təbrizdə Şeyx Ağ Əmirlə Şeyx Boz Əmirdən, Culfada Sultan Əmirlidən dərs alanların hamısı Demokrat partiyasına daxil olubmuşlar, 21 Azər günü şah üsulidarəsinin devrilməyində iştirak eləyiblər. Sultan Əmirlinin öz dilindən eşitmişəm ki, qırx altıncı ildə şah Demokratları topa tutanda, ilk növbədə məhz Ağ Əmir, Boz Əmir dəstələri qalıblar atəşin altında! Niyə belə olub?! Niyə məhz sənin siyahındakı demokratlar, məhz Əmirli yetirmələri qırılıblar?! Siyahını tutub Tehrana ötürmüsən?! Qatil!
Kobra gözləri Səmədin düz gözlərinin içinə baxırdı.
– Təbrizdə sənin əmiləriyin ancaq qohum-əqrəba tacir-tüccarlarıynan, açıq deyirəm, Ərdəbildən, Muğandan, Lerikdən, Türkiyədə Muğlar deyilən yerdən gedən zəvvarlarnan maraqlanmışam mən, qadası. Əmr beləydi. Sənə kim deyib ki, başqa siyahı da tutmuşam mən o arxivdə?!
– Heç kəs!.. Mən özüm düşünürəm sənin barəndə. Mənə həmişə çox təəccüblü gəlirdi ki, Əmir mazarstanını ziyarət eliyən adamlardan lap qısa müddətdə hər cür məlumat almaq olardısa, beş il dalbadal gedib-gəlməyin səbəbi nədi? Fikirləşirdim ki, yəqin alver niyyətiynən gedib-gəlmisən. Sonra duydum “moy rabotnik”ə verilən tapşırığı. Həm o tayda, həm də bu tayda Əmir yetirmələrinin siyahılarını tutub Mirqəzəbin şəxsən özünə və ya başqa “rabotnik”lərinə ötürmək, Sultan Əmirlinin özünü də müxtəlif qurğu və şantaj yolu ilə aradan götürmək! Bu deyilmi sənə verilən tapşırıq?! Bu son hadisə – evlənmə əhvalatı da o tapşırıq – şantaj nəticəsində olmayıbmı?! Qəlbim var, hissiyatım var, lap bir parça vaxtımdan heç kəsin görmədiyi şeylər görürəm. Sənin iç üzünü isə, ovcumun içi kimi görürəm indi, qatil!
– Bu sözü dilinə gətirmə!.. Nə deyirsən de, bircə bu sözü demə!.. Bu nə oyundu Abının ətrafında? Mən nə gəzirəm bu palıdın altında?
Mərd-mərdanə deyirəm: mən səni tutdurmalıyam bu gün, mən də azad eləməliyəm. Çox-çox mürəkkəb iş gedir bu məhkəmə günlərində. Səbrnən qulaq as mənə. Nə oldu Qarmonçu Şənbə birdən-birə mələyə döndü? Nənəsinin o iyli damında sənə necə qulluq elədiyini danışa-danışa gəzir! Yuma bilərsənmi Şənbənin ağzını?! “Gecə səhərəcən yaralarının gicişiklərini sığallayırdım!” Kim vurdu sənə o yaraları? Zor Gülənovun milisənerləri, yoxsa Gülənova sən barədə tapşırıq verən qardaş qatili?! Aman vermirsən danışım niyə, necə öldürtdürüb Pişəvərini?! Sultanın Stalin iti olduğunu tək Pişəvəri yox, Nəcəfoğlu da aça bilərdi! Hə!.. Sən mənim bu sinəmdəki yaranı görüb həqiqəti biləndən sonra bu yeddi ildə çəkdiyin əzabdan da betər əzab çəkəcəksən!
– Yara deyil o sinədəki. Qorxudu! Qatil qorxusudu! İfşa qorxusudu! Özün də çox yaxşı bilirsən ki, məhz mən ifşa eliyəcəm səni. Bilirsən!.. Ağsaqqalın o məhkəmənin yelindən qorxur. “Moy rabotnik”in təcrübəli agent ağsaqqalı indidən bilir ki, cəzası nədi Mirqəzəbin.
Şüşəli pavilyonda “moy rabotnik”in fəaliyyətinin miqyası haqqında fikirləşirdim, orda başa düşdüm ki, Mirqəzəbə güllələnmə kəsiləcək. Ağsaqqalınnan sən də başa düşürsünüz bunu. Məhkəmə xəbərini eşidən kimi yeni fəaliyyətə başlamısınız. Yazıq Qurban əmi, o yanğında Qeybalının yaxasından tutduğuna görə “artist” deyir özünə. Gör nə qədər təmiz insandı ki, elə ötəri hərəkətini də bağışlamır özünə. Halbuki o yanğın da şəxsən sənin tədbirindi, Çax-çux Xalıq! Kupedə özün dedin ki, Bakıda addım-addım izləmisən məni. Burda da izləyirsən. Əlləzoğlunun dalımca düşdüyünü də görmüsən, “kibrit, nöyüt” dediyini də eşitmisən. Qara üzün göyərib, gözləriyin ətrafı yanıb, gecəni yatmamısan. Çünki qorxursan məndən. Çünki manqalın yanından xançal götürdüyüm də, Seyid kişinin həyətində Abıynan söhbətimiz də, şübhəsiz, çatdırılıb haminıza. Belə dotələb həbs tədbiri də məhz qorxduğunuza görədi. Ağsaqqalın məndən yox, dediyin kimi, məhkəmənin yelindən qorxur. Nə qədər toxtaqlı dayansa da, başa düşür ki, cani güllələnəndən sonra Sultan Əmirli doğrudan da kürüyəcək o caninin səpdiyi toxumları, Qudalıları da, şübhəsiz, iş başında qoymuyacaq. Buna görə də çalışır ki, mənnən barışsın, məhz mənim vasitəmnən Sultan Əmirliyə təsir göstərsin. Sənin isə bircə üsulun var: öldürmək!.. Atamın nəynən, necə öldürüldüyünü çoxdan bilirəm. Kim öldürdüyünü, niyə öldürüldüyünü də başa düşmüşəm. Sən vurmusan onu! “Avariya” adlandırdığınız sui-qəsd günündən yeddi il səkkiz ay keçib, bu rəqəmi sən dedin kupedə mənə. Saymısan. Çünki cinayət məcəlləsi iyirmi ildən sonra bağışlayır qatili. Saymısan, ümid eləmisən ki, ara uzanacaq, cinayət müddəti qurtaracaq? Qurtarmayıb, qatil! Cəmisi yeddi il səkkiz ay keçib!
Kobra gözləri həmin diqqət və fəhmlə baxırdı:
– Sən xəstəsən, Səməd. Açıq danışaq: Məcnunluğun sarsıdıb səni. Xəstələndirib. O iyili damda Cığalıya xəyanət eləmisən, bir yandan da budu səni üzən! Çünki dilə-dişə düşür pozğunluğun! Psixi xəstə adın qalıb yayılmayan, o da yayılar, inşallah! Hə!..
– Xəstə idim. Yeddi il idi görmürdüm dünyanı. İndi-indi ayılıram, görürəm ki, adi cani deyilsən sən, geroy Xalıq, rəhbərin Mirqəzəb kimi, professional canisən! Odur ki, Sultan Əmirlini də öldürmək niyyətindəsən, məni də.
– Bir də deyirəm: Vaxtikən ayıl! Həbs eliyəcəklər səni. Çalış ağlını başına yığ. Psixi xəstə damğası pis şeydi. Belə dustaqları azad eləyib ayrı yerdə saxlayırlar. Başa düşdün?! Dəlixana dəhşətli yerdi!
– Ayığam. Sən özün ayıltmısan məni. Evi niyə yandırtmısan? Qudalı cavanları niyə şayiə yayırlar ki, “Dəli Səməd gəlib əmisinin arvadını götürsün qaçsın?” Arvadın Badsəba niyə allah yoluna qoyub ağzını? Qızın niyə “qovuşdurmaq” istəyir məni o bədbəxtə?! “Eşq dəlisi” damğası üçün deyilmi bunun hamısı? Üstəlik də bu Şənbə əxlaqsızlığı!.. O milisəneri niyə qoydurmusan o darvazaya?” “Eşq dəlisi”nin əmisi arvadını doğrudan da götürüb qaçmaq niyyətində olduğunu təsdiqləmək üçün deyilmi bu milisəner?! Bəs bu Şənbə?! Psix?! Hərtərəfli işləyirsən!
Kitabxana.az · https://kitabxana.az/en/works/isa-huseynov-xezine-ustunde-yatan-ilan-5
Use ← → keys to move, R for a random poem
More by this author
Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı “şinel” və müharibənin yadigarı “teloqreyka”¹⁹ yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin, qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin varlanan adamların isə əksəriyyəti “kitayski makentoş” – plaş geyinirdi və hamı bilirdi ki, makentoşları Çax-çux gətirir... Axşamlar idarəyə gedən, idarədən qayıdan briqadirlərin, manqabaşıların,²⁰ xeyir-şər yığnaqlarından dağılışan ahıl adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü “mil” işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin²¹ üç para kəndində, o cümlədən burda, Qonaqlıqda da alverçilərə qılınc çəkən Qılınc Qurbandan da ehtiyatlanmayıb, alverindən qalmırdı.²² Qurbanlı sovetliyi raykomun təlimatçılarından təkcə “Məsimin zonası” – ərazisi olsa da, Sultan əmi bu sakit, qaraqabaq oğlanı “əfəl” saydığına görə hərdən Səmədə “Get o əfələ kömək elə”, – deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd, Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu şəxsi dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqitəbii duyurdu, əmma o həyətə nə qədər göz yetirsə də, bir vaxtkı “yaiçni paraşok”, kişmiş alverçisini, təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-filanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin projektorsayağı “mil” işıqlarını görəndə də dərhal o qara üzü görürdü, makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu, Çax-çux Xalıqın özü isə, o il qəbristandan gedəndi ki, hələ də gözə dəymirdi. Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qarala-qarala qalırdı. Odur ki, hətta son iki ildə – Bakıda da Səməd onu unutmamışdı.¹⁹ Əsgərlər üçün qalın üst geyimləri.
Süleyman padşahın xəzinəsi 3Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.
Süleyman padşahın xəzinəsi 4Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Poems by other poets
Zəncirini hazırla, oğul, durma, dayanma,Yar başını, vur sinənə, insanlığı qanma.
Qəzəl: Cahani-bivəfada bir vəfalı yarım olsaydıCahani-bivəfada bir vəfalı yarım olsaydı,Cahanda qəm yeməzdim gər cahan əğyarım olsaydı
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,