Xəzinə üstündə yatan ilan 5
Page 4 of 4 · 75%
Əmma bu təmkinlə əsəbi qışqırtının arası bir an da çəkmədi.
– Hara baxırsan?! Mənə deyirsən düşmənin dediyinə demə, özüyün fikrin-zikrin Çax-çuxun yanındadı!.. Sultana etiqadın varsa, onun o “qatil” kəlməsindən niyə urvaya döndü rəngin?! Onun sözünə inanmırsansa, ağzın niyə balıq ağzı təki açıq qalıb?! Necə yəni “bağışladım”?! Nəyi bağışlayırsan əminə? O “zaklyuçeniye”ni öpüb gözünün üstünə qoymağını?! Stolun xatirinə, Məhərin budkasında, o vaqonda lal olub, “Muğ”ları güdaza verməyini?! Yoxsa kolxozu əjdahaların ağzına verib, Qurbana, mənə “müvəqqəti şeydi, siyasətdi” deyib, xəlvətdə əjdahalarnan rumka döyüşdürməyini?!
“Yaralı durna!..” Durna deyilənin öz yolu var, o yolnan gedər gələr! Koroğlunun Dəliləri durna teli gətirməkdən ötrü Bağdada gedirlər! Müharibəyə! Nə olan şeydi o “Durna teli”, niyə müharibə olur ondan ötrü?! Xəbərin var?! Bu tüfəngsiz-topsuz müharibə xəyalında olandan soruş, Çürükdən soruş, izah eləsinlər. BağOda, OdƏr dilinə görədi “Koroğlunun oğlu Eyvaz” deyilən EvƏsin “Bağdad səfəri!” “Eyvaz, BağOddan “durna” – OdƏrlər barədə “tel” – ƏsOd sirrləri gətirməli idi Səndən alıb Ərəbə vermişdilər BağOdu, Ərəb də yiyələnib, “Bağdad” eləmişdi. OdƏrləri bu tərəflərə köçürdülər. Molla Pənah Vaqifi, Molla Vəli Vidadini didərgin salmışdılar BağOddan! “Vidadi xəstədən Bağdad elinə, siz yetirin bir nişanə, durnalar!” Budu bax bizi xəstə eliyən! “ƏnƏl başdan Bəsrə, Bağdad eliniz!” Budu bax Sədr Mədədi sızıldadan: “Sən haralısan, haralı durnam!..” Gedib Naxçıvanda, güllə qabağında kitab oxuyan oğullar varıydı, niyə yoxa çıxdılar, kimdilər onlar? Xəbərin var?! Sultan Əmirlinin Revkomda bizə dediyi dərsi deyirəm: “Eyvaz” – EvƏs, gözünü döyürsən! Hardaydı o EvƏs – Yaradan Ev? Xəbərin var? “Rim” deyiləndə, “Roma” deyiləndə olub. Kim qovub səni o “Rim” deyilən Ərim şəhərindən? Xəbərin var?! Ayağımda “kuzovıy sapoq”, araba sürürəm, pambıq daşıyıram Şura hökumətinin zavoduna, fabrikinə, “plan doldururam”, tərifnamə alıram: “Köhnə bolşevik Təftiş Abbas Zal oğluna!” “Əmbə içərim qovrulub kabab olub! “Rim” demə, “Ərim” de deyənim, “Gor oğlu” demə, OdƏr AğƏl de deyənim, “Koroğlunun oğlu Eyvaz” demə, OdƏr AğƏlin EvƏsi de deyənim, “revkomu”nun anbarı Osmannı tüfəngiynən, Maksim pulemyotuynan dolu olanım, Dəli Alıcan da olmadı, qoymadı Rusnan döyüşməyə! Cibimizə partiya bileti qoydu, “Lenin də, Nərimanov yoldaş da elə biz deyəni deyir deyib başımızın altına yastıq qoydu: “Elm!”, “Elm!”, “Elm!” Nə olsun?! Kimə dərs deyir gör öz “Elm”iynən – Çax-çuxa! Xəlvətə! Gülənova! Tfuu!.. Nemes gəldi Qroznıyacan dirəndi, bu burda pulemyotlarını işə salmaq əvəzinə “könüllülər” yığdı, “Naxçıvan diviziyası”na popolneniye göndərdi, Rus Nemesin “yoldaşı” dedi bizimkilərə, tüfəng-zad paylamayıb, əliyalın bədbəxtlərimizə “Vperyod” dedi, çekistləriynən Erməniləri arxadan qırdı, nemes də o yandan! “Qırılan diviziya” da qırılanlarımızın yetimləridi bax o ayaqyalın, başıaçıq, günün altında pambıq yığan, qıcqırmış qatığa su qatıb doğramac eliyən bədbəxtlər!.. Əminnən əmin kimilərin satqınlığının nəticəsi deyilmi bu, a bala?! Necə “tfu!” – eləməsin bu bədbəxt?!.
Yaralama!.. Sözünə bax! Millətin yaralıdı sənin, ölüm ayağındadı.
Müəlliminə bax: “təftiş eləmə bizi. Hətta Qılınc Qurbanı da mübarizədən çəkindirir bu Xızr peyğəmbərimiz!
O Çax-çuxu bu sapoqların altına sallam, təpəsindən dırnağınacan əzərəm, sür-sümüyünü də xaşıla, xəmirə döndərrəm, yenə soyumaz ürəyim, əmbə onun dediyinin bir kəlməsində də yalan yoxdu! İlin əvvəlindən bu vaxtacan, səkkiz ayda bir kərə də vedemost tutulmasın, obaşdanın alaqaranlığında evindən çıxıb bir də axşam qaranlığında qayıdan əli qabarlıya bir qara qəpik də verilməsin, əvəzində Qudalılar dördcə kərə xəlvəti vedomost yazsınlar, hırıldaşa-hırıldaşa camaatın əvəzinə qol çəksinlər, möhür basıb, Qudalı hesabdarının alt yeşiyində gizlədib, hər vedemostdan yüz, yüz əlli min manat soxsunlar ciblərinə, raykom katibi də gedib o pullarnan düzəldilən kef məclislərinin başında əyləşsin, bu eldən çıxarılara “əziz eloğlularım” desin, nədi bu?! “Güzəştlərdi”, satqınlıqdı?! Nə var mənim bu “seyflərim”də, o satqın bilir hamısını! Keçən yaydan bəri, bir ildə dörd yüz inək, camış satıblar canavarlar! Get bax, sağmal mal fermasında bildirki doğar inəklər əvəzinə, çöpüklü danalar görərsən! Sançı gəlib rayondan, içirdib ağlını başından çıxardıb oturdublar bir güllü-çiçəkli təpənin belində, naxırı da səpələyiblər dərəyə, deyiblər “sana!” Sanayıb, aktını bağlayıb, kəmisyə üzvlərinə də qol çəkdirib, aparıb verib RİK Atamalıya ki, bəs Qonaqlıda bir inəyin də burnu qanamayıb. Axşamısı Qurbannan getdik əmiyin hüzuruna. Knopkasını basdı, çağırtdırdı RİK Atamalını: “O boyda fermanı yerli-dibli udublar, bir baş da südverən inək qalmayıb, RİK sədri də qulağını yapırdıb, heç nə eşitməyib?! Dərəbəylikdi, nədi?!” Və sairə və ilaxirə, bir sicilləmə söz yağdırdı. Atamalı da Gülənovsayağı gözlərini dombaltdı, guya çox təəccüblənib başladı ki, “Əgər inək dönüb dana olubsa, bəs Rəhim kişi hardan verib bu qədər yağ planını?! Danadan da süd çıxarmı, Sultan Mamedoviç?!” Dedi: “Bilmirəm. Təzə sançı göndər, yerli adamlardan Qılınc Qurbanın özünnən köhnə atryad üzvlərini – Qəlyanlıların hamısını sal kəmisyəyə, yoxlasınlar. Kəmisyənin sədri – Təftiş Abbas!”
Yoxladıq! Nəticəsi nə oldu?! O cırılan aktlardan biri bu həzmrabedən keçirilən fermamıza aidiydi, biri də o pul vedomostlarına. Qurban gəştə çıxanda öz qulağıynan eşidib, o Şüşəlidə Xaş nəçənnik “yuyurmuş” cırılan aktları! Boğazının yoğun yerinə salıb nər-nər nərildəyirmiş ki, bəs, belə apardım, belə dedim Kişiyə, belə cırdırdım “Kişinin öz əliynən!” Sənin Piyli, Qıllı dediyin Qayımnan Qeybalı da əmiyin təqlidini çıxardırmışlar; qaşlarına yun yapışdırıb, pırpızqaş olub qışqırırmışlar: “Prekratite bezobraziye!” Eşikdə, çinarın altında çay içənlər də eşidirmişlər, bizim uşaqlardan ora konserva-zad almağa gedənlər də. Gizlətmirlər daha heç nəyi. “Kişi” dediklərində kişilik qalmayıbsa, niyə gizlətsinlər?! Qanun-qadağa yoxdusa, niyə nərildəməsinlər?!
Körpə uşağı dindir burda, uşaq da deyər ki, qoyun südünə plan qoymur hökumət. Quzu əmdiyini əmir, əmmədiyinə maya vurulur, motal basılır, əməkgününə paylanır. Mədədin vaxtında beləydi. Mən sədr oldum, mən də belə elədim. Ələsgər müəllim sədr oldu, Lüt Cəfər sədr oldu, onlar da belə elədilər. Dörd min qoyundan irili-xırdalı dörd yüz motal verirdik hər il camaata! Bə indi niyə ceyranın belinə çıxıb pendir?! Hökumət plan qoymursa, bu o deməkdimi ki, qoyun pendiri uçota alınmamalıdı, Qudalı məhləsində hamının payı veriləndən sonra Şüşəli pavilyona daşınmalıdı, Gülənoğlu Molla Gülənin əlində paçqapaçqa pula çevrilməlidi, Xəlvət Rəhimin əliynən casusların kef məclislərinə qoyulmalıdı?!
Pul Qudalıların, Gülənovların! Ət Qudalıların, Gülənovların! Yağ, yavanlıq Qudalıların, Gülənovların! Çörəyini nəyə batırsın camaat? Qıllı Qeybalı bir oturuma bir boçka pivə boşaldır, şalvarının qabağını açanda at kimi şırıldadır! Qeybalının şırıldatdığına batıraq çörəyimizi?! Niyə göndərib səni bura o satqın?! Ölür, deyirəm, millətin! Ölü dirildəcəksən?!
“Ay eloğlularım, ay elqızlarım!” Tfu! Kor deyilsənsə, niyə görmürsən kimdilər burda pambıq yığanlar?! Bax də, bax! – Yoğun, uzun cod barmaqlar Səmədin biləyini kəlbətin kimi qamarlayıb sahəyə doğru çəkdi. – Bax də, bax! Kor deyilsənsə, gör kimdilər!
Səməd baxırdı. “Qruzovik”in yanında susqun, qaşqabaqlı dayanmış beş-altı yeniyetmə ilə sərili pambığın içində əlləri yabalı Qəlyanlılardan başqa, sahənin genişliyindən, cərgələrin aralarından boylanışan qaraltıların hamısı on-on iki, on beş-on altı yaşlarında məktəb uşaqları idilər: “Dəli Səməd”in vaxtilə Ortayolda, həyətlərdə, divarların, ot tayalarının diblərində gördüyü “burnu fırtıqlılar”dılar, böyüyüb məktəbli olsalar da, “Dəli Səməd”in bəlkə heç adını da eşitməmişdilər!.. Təftişin dediyindən belə çıxırdı ki, bu saat Qonaqlıda bircə “zil-düzən briqada” vardı, o da Qeybalının Qudalılardan ibarət briqadası idi. “Mirqəzəbə qalib gələn Kişinin”, “Bakıdan – Sekadan gələn nümayəndə”nin gözünə dürtülməkdən ötrü qapılarını bağlayıb yığıma çıxmışdılar. Kərpickəsənlər məhləsinin briqadiri Möhsün kişiynən Təftişin briqadalarında işləyənlər bax elə bu körpələrdi”, çünki Səmədin tanıdığı “o vaxtkı cavanlar”dan kimisi Qudalılara və “elə kəndə də tüpürüb, Mingəçevir, Sumqayıt tikintilərinə fəhləliyə gedib, kimisi dəmir yolda-zadda taxta, şalban oğurlayan allahsız-vicdansız alverçiyə dönüb”, yerdə qalanlar isə “poyezd ayağında alça-malça, göyəm-möyəm satırlar ki, bu körpələr axşam ölüm-zülüm sürünüb evə qayıdanda, qabaqlarına qoymağa konservadan-zaddan tapıb gətirsinlər”.
Səməd Təftişin əsiri idi: “kəlbətin” barmaqlar biləyini sıxıb, ardınca əsl kor kimi yedəkləyə-yedəkləyə gah o yana, gah bu yana sürüyürdü.
– Bax! Bax! Bu bizim uşaqların irzi-irəngi, əyni-başı! – deyib sahənin cəhənnəm bürküsündə tərdən gözlərini aça bilməyən solğun üzlər, yalın ayaqlar, əyiş-üyüş, cırıq-sökük ayaqqabılar göstərirdi.
– Bax! Bu bizim yağımız, pendirimiz! Plovumuz-çilovumuz! – deyib toz-torpaqlı heybələrdə, əski-üskü bağlamalarda taxta kimi quru qarğıdalı cadları, bankalarda istidən qıcqırıb qabarmış qatıq, göyərmiş şor göstərirdi, arada isə “o satqının” haqqında bir-birindən dəhşətli sözlər deyirdi.
Axırda, sahənin harasındasa sükut içində dayananda o sözlərdən Səmədin yadında ancaq bir neçəsi qalmışdı:
“Mirqəzəb, Mirqəzəb! Bezobraziye, Bezobraziye!..” Əsl Mirqəzəb öz doğmaca əmin ola-ola, Mirqəzəbdən niyə danışırsan?! Bezobraziyenin yekəsi canını qurban dediyin “ata əvəzi əmin” ola-ola, hansı Bezobraziyedən danışırsan?!”
Yenə də həmin qoşa qardaş tabutu gəldi, havadan asılıb qaldı. Çax-çuxla qızından, Təftişdən, dünyanı bürümüş ilğımdan və ilğımın içində ağır-ağır tərpənişən məktəb uşaqlarından başqa, Səməd sahənin kənarındakı qalın sirkanlıqda dayanmış Qılıncı görürdü. Əmma tabut gözündən getmədi: Qurban əminin bu cəhənnəm bürküsündə heyrətli “köhnə inqilab paltarını” – qara meşin pencəyini, qara meşin şapqasını, çiynində qoşalüləsini, əlində şallağını, yedəyində atını da gördü, şallağın vıyıldayıb Çax-çuxun üzündə yanıq tuluğu kimi tuluq əmələ gətirib, çəkmənin boğazına sancıldığını, qoşalülənin iki çaxmağının ikisinin də daban çəkildiyini, lülələrin qara deşiklərinin qarala-qarala qalxıb “sirlə dolu sinəyə” tuşlandığını da gördü. Əmma həqiqətin dəhşəti başından getmədi: Təftiş Abbasın sadaladığı heyrətli yırtıcılığa dözən katib niyə otururdu katib stolu arxasında?!
Kitabxana.az · https://kitabxana.az/en/works/isa-huseynov-xezine-ustunde-yatan-ilan-5
Use ← → keys to move, R for a random poem
More by this author
Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı “şinel” və müharibənin yadigarı “teloqreyka”¹⁹ yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin, qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin varlanan adamların isə əksəriyyəti “kitayski makentoş” – plaş geyinirdi və hamı bilirdi ki, makentoşları Çax-çux gətirir... Axşamlar idarəyə gedən, idarədən qayıdan briqadirlərin, manqabaşıların,²⁰ xeyir-şər yığnaqlarından dağılışan ahıl adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü “mil” işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin²¹ üç para kəndində, o cümlədən burda, Qonaqlıqda da alverçilərə qılınc çəkən Qılınc Qurbandan da ehtiyatlanmayıb, alverindən qalmırdı.²² Qurbanlı sovetliyi raykomun təlimatçılarından təkcə “Məsimin zonası” – ərazisi olsa da, Sultan əmi bu sakit, qaraqabaq oğlanı “əfəl” saydığına görə hərdən Səmədə “Get o əfələ kömək elə”, – deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd, Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu şəxsi dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqitəbii duyurdu, əmma o həyətə nə qədər göz yetirsə də, bir vaxtkı “yaiçni paraşok”, kişmiş alverçisini, təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-filanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin projektorsayağı “mil” işıqlarını görəndə də dərhal o qara üzü görürdü, makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu, Çax-çux Xalıqın özü isə, o il qəbristandan gedəndi ki, hələ də gözə dəymirdi. Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qarala-qarala qalırdı. Odur ki, hətta son iki ildə – Bakıda da Səməd onu unutmamışdı.¹⁹ Əsgərlər üçün qalın üst geyimləri.
Süleyman padşahın xəzinəsi 3Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.
Süleyman padşahın xəzinəsi 4Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Poems by other poets
Zəncirini hazırla, oğul, durma, dayanma,Yar başını, vur sinənə, insanlığı qanma.
Qəzəl: Cahani-bivəfada bir vəfalı yarım olsaydıCahani-bivəfada bir vəfalı yarım olsaydı,Cahanda qəm yeməzdim gər cahan əğyarım olsaydı
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,