Page 2 of 2 · 50%

Səməd ağ daş evin qızarttaq darvazasından o yanda, bağın toranının arxasında, üfüqün şöləsinə bürünmüş ikinci mərtəbədə, buğ püskürən samovarın yanında çay dəsmalının bir ucunu çiyninə salıb stəkan-nəlbəki silən “durnaboğaz elqızı”nı gördü, sonra tut ağacının altında dəyirmi stolun üstündə süfrəni açıb yuxaya su çırpan səliqə-səhmanlı “gəlin”i gördü, sonra yataq otağında balınca dirsəklənmiş gəlinin yanında ağ bələkli çağa gördü. Çal, pırpız qaşlar altında boz-ala gözlər o çağaya tamaşa elədikcə yorğun-yorğun nur saçırdı, “Mədədim dirildi”, – deyirdi.

Səməd axır ki, əlini cibinə salıb od parçasını budundan qopartdı, kardonsayağı cod, boz konverti açmadan, cırmağa başladı.

Lap xırda-xırda cırıb, ovcunda sıxıb, yumrulayıb sirkanlığa doğru səpələdi. Nəfəsi təngimişdi, indi özü də qışqırmaq istəyirdi ki, “inanmayın bu zənənin hüdülədiklərinə, ay bacılarım! Əmimin həyat yoldaşına pis göznən baxmaz Səmədiniz!..” Bunun əvəzində Gülbənizə qışqırdı:

– Bəsdi! Kəs səsini! Gülgəz mənim əmimin arvadıdı! Özüm danışacam onnan! Təklikdə yox, bizim münasibətimizi səndən qat-qat yaxşı bilənlərin yanında danışacam! Əmimin namusu mənim namusumdu!

Biləyini çəkib isti, odlu barmaqların arasından qoparıb, harayasa – irəliyə doğru şığıdı. Əmma səs qulaqlarında idi:

– Bax bu ürəyə görə ölürəm mən səndən ötrü!.. “Əmi” dediyinə görə məhəbbətindən keçirsən! Kim eləyər bunu?! Səndəki ürək heç kəsdə yoxdu! Mən də onçun deyirəm ki, ayağıyın suyunu içərəm, qabıyın dibini yalayaram, qaravaşın ollam ömrüm boyu, bir dəfə də yoruldum, usandım demərəm! Sənin pis günün mənim pis günümdü, canım-ciyərim! İnan ki, qovuşmasanız öləcək Gülgəz! Ondan sonra ömrüyün axırınacan qovrulacaqsan! Yaran istidi, ağrını bilmirsən hələ! Bir vaxt gələcək, biləcəksən ki, məhəbbətsiz insan çaylaq daşıdı, bir üzünə gün döyəndə də o biri üzü buz olur, qoşa əlli ovcuna alanda bir ovcunu yandırır, o biri ovcunu üşüdür. Yana-yana üşüməkdən, üşüyə-üşüyə yanmaqdan böyük bədbəxtlik yoxdu! Mən deyirəm bunu sənə. Özüməm çaylaq daşı! Şamdan işıq alan pərvanənəm mən sənin, ay Səməd! “Əmi” dediyin zalıma görə çaylaq daşına döndərmə özünü, canım-ciyərim! Qılınc Qurban ömrünü qan-qadaynan keçirib, ürəyində od qalmayıb, hardan bilsin məhəbbət nədi?! Aşıq deyir: “Can cana bağlıdı, can da cahana bağlıdı”. Mənim tanıdığım Səmədin canı da, cahanı da Qaraçı gözəlidi. Əmbə Qılınc apardı “əmi” dediyin qəddara bağladı sənin canını. İnan mənə, ürək qalmayıb onda. Ağıllı kişidi. Ədalətli adamdı. Gecə-gündüz dəridən çıxır ki, haqqı nahaqqa verməsin. Əmbə ağlının zorunadı hamısı. Ürəyi olsaydı, öz doğma bacısını o kökə salardımı? On beş yaşından Qıymata şinel geyindirib, başına papaq qoyub, çiyninə tüfəng aşırıb, ata mindirib atryadnan gəzdirib, “Ərə gedəndə Sultana getməlisən”, – deyib, Qıymatın gül-çiçək vaxtında gələn elçiləri darvazadan qaytarıb, baxtını bağlayıb! Sən hörmətini saxla Qılınc Qurbanın, əmbə sözünə uyma, canım-ciyərim. Özü deyilmi deyən ki, “kopirovalni bumaqadı?” Ondan-bundan eşitdiyini danışır, onçun da boğazdan yuxarıdı danışdığının hamısı. Çürük Aşıqnan Xızr Abının mahnısından eşidib, elə hər yerdə bunu deyir ki:

“Can cana bağlıdısa, can da cahana bağlıdı,
Can cana “can” deməsə, o can hayana bağlıdı?!”

Soruş Qılınc Qurbandan, “kopirovalni bumaqa”sını bir yana qoysun, öz sözünü desin görək, o yaşda qıznan kəbin kəsilməyinə razılıq verib özü belə Bezobraziye olan “əmi” dediyin öz canından başqa cana “can” deyə bilərmi?! Ürəyini zorlama, Gülgəznən bərabər ürəyini də zindana salma, gül-çiçək ürəyinə qurban olum! Umud ver ona ölməsin, umud ver! Nə Məsimnən mən burda bənd alasıyıq daha, nə də sən özün. Mən yəqin bilirəm ki, “əmi” dediyiyin Gülgəznən bir damın altında yaşamağı çox çəkmiyəcək, o özü elə eləyəcək ki, Gülgəz də, Gülgəznən bağlı olanlar da çıxsınlar getsinlər rayondan, söz-söhbət kəsilsin. Bakı böyük şəhərdi. Səməd kimdi, Gülgəz kimdi, başlarına nə gəlib, fikir verən olmuyacaq orda belə şeylərə. Fikir verən tapılsa da, sonra yaddan çıxacaq, istəklinin istəkliyə qovuşmağına heç kəs kəc baxmayacaq orda. Qovuşacaqsınız! İnan mənə! Sən bircə umud ver, bircə kəlmə “hə” de mənə, sonrasınnan işin yoxdu. Bir də gözünü açıb görəcəksən Bakıdayıq hamımız...

Səməd:

– Bəsdi! Bəsdi iblislik elədin! – deyə-deyə nə qədər aralanmağa çalışdısa, iblis zənənin səsi ara vermədi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets