Xəzinə üstündə yatan ilan 7
Page 1 of 7
...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:
– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!
Səməd bu sözləri də, lülələrin deşiklərinin qabağında Çax-çuxun tamamilə əmin-arxayın: – Persi görən tək mən deyiləm. Şahidlər ifadələrini çoxdan yazıb veriblər Sayılova, – dediyini də, Qurban əminin birdən qiyyə çəkib: – Kim? Qudalılardan savayı kim şahid durar belə fırıldağa?! – dediyini də eşitdi və hətta yeddi il səkkiz ay ərzində gah xəyalında, gah yuxusunda ifşa elədiyi qatilin indi tamam ifşa olunduğunu da gördü, əmma ölü katib, tabut gözündən getmədi ki, getmədi.
Meşin pencəyin qırışıq ətəkləri arasında, qayış kəmərin sarı dəmir toqqasının dalında qurğuşunlu nal soyuq-soyuq işıldadıqca, əvvəlcə Cəfər əmi, uzun burnu ilə uzun çənəsi arasında batıq dodaqları titrəyə-titrəyə: “Qəsd işi yoxdu, qəsd işi yoxdu!” – deyə-deyə çirkinləşirdi, İdbarlaşırdı və belə idbar sifətdə cəmaatın üzünə çıxa bilməyib, çəkilib hardasa, gizlənirdi; sonra Gülənov Sultan əminin kiteli kimi boz kiteldə, bir cüt Qəlyanlının qaraltıları arasında dayanıb, “Qəsd işi yoxdu!” – deyə-deyə meşə ətəyindəki o döşü yazılı saqqız ağacının altında bozara-bozara qalırdı; sonra isə, nəhayət, o uca şəxsiyyət, o gözəl insan qapağının hər küncündə mismar işıldayan tabutun yanındaca “Qəsd işi yoxdu!” – deyə-deyə qəsd işini ört-basdır eləyib, insanlığını, şəxsiyyətini, möhtəşəmliyini itirirdi, alçalıb rəzilləşirdi və Bircə balanın bu rəzilliyi gördüyündən dəhşətlənib, özü könüllü gedib, hər küncündə mismar işıldayan qapağın altına girirdi ki, qardaşı ilə yanaşı dəfn olunsun, torpaq
¹⁸ Xalq teatrının güldürücü personajı. eybini örtsün. Sonra birdən-birə idbarlaşan Lüt Cəfər – Cəfər əmi asta-asta, könüllü yaxınlaşıb tabutda uzanırdı ki, qara torpaq onun da günahını örtsün. Əmma torpaq, Cəfər əmini də götürmürdü, tabut havadan asılıb, qardaşın birinin partlayıb dağılmış qanlı gicgahını, o birisinin dirigözlü ölüsünü, üçüncünün idbarlığını göstərə-göstərə dururdu və Səməd, hətta yeddi il səkkiz ay gözlədiyi ifşanın axır ki, baş tutduğunu anladığı dəqiqədə də tabutdan yaxa qurtara bilmirdi; atın da dözmədiyi sirkan bürküsündə gözlənilmədən, qırğı kimi atılıb çıxıb, “əşyayi-dəlil” toqqasının dalında, “keçəbörk qatil”in yalanlığını sübut edən kişiyə də hörmətlə baxa bilmirdi, çünki bu kişi də – ədalət mücəssiməsi Qılınc Qurban da rəzilliyin iştirakçılarındandı.
İfşa nə yerə çatdısa, Çax-çux bayaqkı arxayınlığın əksinə, trubkanı tez-tez sümürüb, birdən tüstünün içində hərəkətsiz qalıb, dim-dik kobraya döndü.
– Gəl sən bu cavanı təzədən şübhəyə salma, a kişi! Təzədən şübhələnsə, bu qədər qaynamağa, daşmağa dözməz daha! Ölər bu bədbəxt!
Qılıncın gözlərinin dövrəsində qırışlar yığışıb sıxlaşdı, gözləri də qurğuşun kimi soyuq-soyuq işıldadı:
– Kəs səsini, ubiysa! Necə yəni “dözməz?!” Nə fitnə-feyl gəldi alğına yenə?! – Qırışların arasında işıltılar Səmədə tərəf yönəlib, tezcə də çəkildi. – Nə qədər ki, Sultan Əmirlini tanıyammır, çox qaynayıb daşacaq bu hələ...
“Tanımıram?!.” – Səməd nəfəsində titrəyiş hiss etdi.
Qılıncın səsi enmişdi:
– Təzə deyil qaynamağı. “İdealım ölüb” deyirdi. Dedim “Sultan Əmirli həməşə səcdəgahın olmalıdı sənin!”
Dedim, arxayınlaşdım bir az. Əmbə bilirdim sən rahat qoymuyacaqsan bunu, maşennik köpəyoğlu! Persin tutğu xəbəri çıxan vaxtdan sancılanıbsan, bir ayağın Bakıda, bir ayağın burda, gecəni gündüzə qatıb əlləşirsən ki, Sultanın başını yeyəsən, bu dünyadan xəbərsiz qardaşoğlunu onun qanına bulayasan, əmiynən qardaşoğlunun axırına çıxandan sonra da Mədədin ölümünü keçəbörk nağılına döndərib generalıyın ayağına yazasan. Uduzubsan, ubiysa! Dörd ayda sən bu dünyadan xəbərsizi necə izləyibsənsə, sənin özünü də eləcə addım-adım izləyiblər! Kim? Necə kim?.. Sözümü kəsmə, ubiysa! Kimlər, nə məqsədnən izləyiblər, məhkəmədə biləcəksən. Bu neçə gündə nə oyunlardan çıxıbsan, onu da Qılınc Qurban danışacaq. O yanda Xəlvət Rəhimnən, burda Abıynan, Təftişnən nə söz-söhbət oldu, hamısından xəbərdaram. Qarmonçu qəhbənin işləklərini də bilirəm! Gülənovun paqonnularını bura göndərən şəxsən sənsən, o qarmonçunun Zalı qızışdırıb Səmədə xəbər göndərən də sənsən! Bu ağacın altındakı oyundan sonra qarmonçunun nənəsinin damını yada salan da sənsən!
Xəlvətnən sonradı mənimki.
Əvvəl sənnən qurtaraq. Əmbə mumla ağzını, ubiysa! Ölüm-dirim məsələsinə qarışdırdığın bu ifritə qızın da mumlasın! Barmağım tətikdədi! Əlim titrəməz, hərənizə bir jakan¹⁹ çaxaram, yaşımın bu vaxtı türməyə gedərəm! Düz deyir Təftiş Abbas. Xızr Abı məni də loş eləyib. Bu ədalət mücəssəməsi adlananı. Aman vermərəm daha sizə!
İfritə qızıyın dediyi “həqiqətin” müqabilində mən də həqiqət deyəcəm. Sənin açdığın “sirlərin” müqabilində mən də sirr açacam, eşitsin bu, özü ayırd eləsin, görsün kimdi “Ölüb” dediyi kişi!
Nəfəsindəki titrəyiş Səmədin ürəyinə doldu və Səməd ancaq indi duydu ki, bu titrəyiş ümiddi; vaxtilə döşü yazılı saqqızın altında səndələyə-səndələyə gedib, tabutu birinci dəfə görüb, əmisinin kitelinə sığınanda hönkürtü içində əmələ gələn hamanca “oxranma”, hamanca sevinc idi, fərq bircə bunda idi ki, bu sevinc hönkürtü içində yox, üzüntü içində oyanmışdı, üzgün xəstə sevinci idi və sevindiyinə xəstə özü də inanmırdı, əli tüfəngli qocanın soyuq nəmçikli üzünə baxa-baxa fikirləşirdi ki, ölü göz qabağında ola-ola, bu yorulmaz, usanmaz qoca doğrudanmı yenə diriltmək istəyir ölünü?!
Bu fikir Səmədi məcbur etdi ki, deyilənlərə diqqət yetirsin.
Qurban əmi danışa-danışa tüfəngi əlində tərpətdikcə meşin pencəyin qoltuqları xışıldayırdı, “yorulmaz, usanmaz qoca”nın səsi də indi o meşin xışıltısı kimi çatıltılı-patıltılı idi:
– Çox şey çərənlədiniz Təftişnən orda. Kor deyil! Yox!.. Gözü də var, gözəl ürəyi də var. Gözü də mən vermişəm ona, ürəyi də. Atımın tərkində havalandıra-havalandıra, ala kölgəli meşələrdə, çəmən-çiçək içində böyütmüşəm. Bezobraziyenin qaynar qazanında, şeyx qardaşlarıynan yanaşı, mənim də ürəyimdən qara qanlar axıb, əmbə buna heç nə bildirməmişəm ki, ürəyinə xal düşməsin. Bakıdan radio “pəh-pəh”²⁰ oxuyanda buna da oxutmuşuq ki, eşqli böyüsün, üç qardaş üçümüz də
¹⁹ Qurğuşun güllə.
²⁰ “Pəh-pəh” Nə gözəl! – qırxıncı illər Azərbaycanında sosial həyat haqqında bayağı-vulqar mahnı. arxasında duraq, biz çəkənləri çəkməsin Bircə balamız... Səhvimiz də elə bunda olub. Qohum-qardaşların o tayda qaldığını gizlətmişik. Şeyx əmilərinin, atasının, nəslinin-kökünün, xalqın müsibətlərinin səbəblərini açmamışıq. Odu ki, hər deyilənə inanır indi. Böyük səhv eləmişik, əlbəttə. Çox böyük! Vaxtında başa salmalıydıq biz bunu ki, bu dünya “pəh-pəh” deyil, oğul, qaynar qazandı, qapağını qaldıranda mələk donunda şeytan yığnağı hoppanışır, dörd dövrəni alıb elə pəh-pəhnən salırlar səni qazana ki, bir də bişib qaba qoyulanda xəbər tutursan ki, quyruqluların, buynuzluların xörəyisən.
Bu saat donunu cıracam mən sənin, quyruğunu, buynuzunu göstərəcəm buna, maşennik! “Ata” adlandırdığın gorbagoru da gordan xortdadıb sənnən yanaşı qoyacam. Sizi tanımasa, Sultan Əmirlini tanıyammaz bu.
O demini çıxart ağzından. Tüstünün dalından o yan-bu yana baxma. Heç kəs dadına çatammaz, ubiytsa! Qovmuşuq o məhlə itlərini!
İfritən də qımıldanmasın. Bir dedim, bir də deyirəm: barmağım tətikdədi. Farağatca qulaq asın. Keçəbörk nağılı danışmıyacam mən, həqiqi qatillərdən danışacam.
Dam direktor Ələsgər Sestrasının diliynən “fotoaparat” deyir mənim gözümə, yaddaşıma “kapirovalni bumaqa” deyir. Yaddaşımdan qorxur o Rus qızı. Sözüm bunda deyil. Ondadı ki, bu “fotoaparat”da sənin bir şəklin var, ubiysa. Bu “kapirovalni bumaqa”da da həqiqi qatillər barədə sənədlər var.
Kitabxana.az · https://kitabxana.az/en/works/isa-huseynov-xezine-ustunde-yatan-ilan-7
Use ← → keys to move, R for a random poem
More by this author
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Poems by other poets
Könlün istəsə qəm dərdiğə dəva, qədəh iç,Özüni etmə qəmü dərdə mübtəla, qədəh iç.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Türk gözəliMərməreni seyr elədik ada-ada,Gözəllikdən gözəlliyə çata-çata,
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,