Xəzinə üstündə yatan ilan 7
Page 7 of 7 · 86%
Gülənov məhlə milisionerləri ilə, birbaş onun üstünə gəlirdi.
Səməd o dəqiqə başa düşdü ki, qatili qoşalülənin qabağından alıblar və indi özləri həbs niyyətindədirlər.
Dikdirə qalxanda Gülənovun qarnı sallanıb dizlərinin bərabərinə endi. Dikdirdə, Səmədin iki addımlığında dikələndə isə qarnı qabarıb irəlidə durdu, parıltılı çiyinləri dala dartıldı, qoltuğundakı qırıq, əzik çamadan tappıltı ilə düşüb açıldı və daşın, xırın üstünə yaymalandı.
Gülənov kitelin bir cibindən qırmızı diplom, o biri cibindən bir ovuc axça-qızıl çıxartdı. Əmma nə diplomu Səmədə verdi, nə də axçaları. Cildinin zəri parıldayan diplomu da ovcunda bərq vuran qızılla birlikdə cəmaata göstərib, yəni nümayiş etdirib, çamadanın üstünə tulladı.
Bir cüt at gözü əvəzinə, bir cüt neştər işıldadı:
– Eşq dəlisi olanda nə olar. Baxmayaraq ki, bu eşq dəlisi Şənbənin nənəsinin damına gedir. Deyəsən yaxşı sağaldıb səni qarmonçu. Dodaqlarıyın, üz-gözüyün dərisi sağalır... – çamadanı göstərdi – çalış bir də tökülüb-itmə! Milisəynən aranı vursan da, şeylərini yığışdırmağa həməşə hazırdı milis. Mən istəməzdim ki, əl-ayağını da milis yığışdırsın. Odu ki, tövsiyəm var sənə, qadası. “Əmimin namusu”, Əmimin namusu” deyib, xəlvətdə tərsinə eləməyinə yenə dözmək olar. “Sultan Əmirlidən məni ancaq ölüm ayıra bilər” deyib gözümüzə kül üfürüb, xəlvətdə başqa məqsəd güdməyinə heç cür dözmək olmaz!.. Yaxşı ki, Əlləzoğlu ölməyib hələ. Ağaca dəyəndə beyni silkələnib. Xəstəxanadan sağ çıxsa, onun məsələsinə də baxarıq. Bu boyda mülkü yandırıb. Bir aləm avadanlıq, rəhmətlik Mədədin pal-paltarı... Cinayət işi qaldırılıb. Sənnən bərabər gərək onu da məsuliyyətə alaq. Əmbə yaşı ötgündü, özü də Sultan kimi adamın qayınatasıdı, məsuliyyətə alınsa, Kişiyə də ləkə gətirər. Bütün bunları nəzərə alıb, nə sənə toxunuruq, nə ona. Bu şərtnən ki, əvvəla, belə tökülüb-itmiyəcəksən. Partiya işçisisən, məsul vəzifə tapşırılıb sənə. Belə şeylərnən belə vəzifə bir araya sığışmaz. İkincisi və ən vacibi də budu ki, Kişiynən ədavətini bəri başdan qurtar. Gecəni qarının damında yatıb, burda cəmaatın gözünə kül üfürə bilərsən, milisin yox! Milisin gözü itidi, yumruğuna fakt yığanda vurduğu adam yerindən qalxammır. Odu ki, sən yalan əmi məhəbbətini dilinə alma, rahat otur, qadası... Həm tövsiyyədi bu dediklərim, həm də xəbərdarlıqdı!.. Xalq qarşısında söz ver ki, Sultan Əmirliyə xətərin dəymiyəcək. Söz ver! Yoxsa, tutaram səni!
Bir cüt neştər də aşağıdan – Qıllı ilə Piylinin arasından parıldadı:
– Mən tövsüyəmi demişəm. Bir də deyirəm: “Kişi biznən çörək kəsir. Sən də kəs, bala! “Yoldaş Səməd” dedim, hörmət mərtəbəsinə qaldırdım... Durammır hörmət mərtəbəsində, ay nəçənnik. Belə ki görürəm, heç vaxt durammıyacaq. Eşq dəlilərinin hansı durub ki, bu da dursun?! Söz-zad verən deyil bu. İşini gör!
Neştərlər elə kəsdi, elə doğradı ki, ətrafda heç kəs səsini çıxartmadı. Əgər Səməd lap azacıq da olsa səbrini itirsəydi, daha nə özünü xilas edə bilərdi, nə dünyasını. Böhtanlar çirkabında, qurğular torunda, şübhəsiz, özünü də məhv edərdi. Sultan Əmirlini də.
– Demək, tökülüb itirəm... Demək həm eşq dəlisiyəm... Həm də pozğunam... Söz verməliyəm ki, Sultan Əmirliyə toxunmuyacam...
Susub nəfəsini dərdi. Canında üzgünlük hiss edirdi. Başı çiyninə əyilir, köksü ağır-ağır qabarır, enirdi.
Qeybalının fısıltısı, nəriltisi eşidildi:
– Ölür ki, bu yazıq, ay nəçənnik! Aman ver toxtasın!
Gülənov güldü.
– Mən amansız olmamışam heç vaxt! Gücünü palıdın altında sərf eləyib əl qaldırıb sovet milisinə. Olan-qalanını da, bilirsiniz damda qoyub. Güc qalarmı bu yazıqda – dedi. Və səhvi də elə bunda oldu ki, ləngidi. Neştərlərini açıq, öldürücü təntənə ilə parıldada-parıldada dayanıb, düşməninin dodaqlarının qaralmış dərisindən hələ də qan sızdığına tamaşa elədi, Səməd isə, eynilə “əşyayi-dəlil” nalı görəndə olduğu kimi, bədəninin təpədən dırnağa soyuduğunu hiss edə-edə, güclü Bezobraziyenin qarşısında güclü olmaq ehtiyacından törəyən gərgin təmkinlə dayanıb, düşünməyə imkan tapdı və beyni nə qədər sıxılsa da, bu adamla ilk dəfə üz-üzə dayandığı günü – döşü yazılı saqqızın altını xatırlayar-xatırlamaz, söz öz-özünə gəldi:
– Tökülüb-itməyim təzə deyil, Gülənov... Yeddi il səkkiz ay keçib o vaxtdan... Şey-meyi yox, ürəyimi, ağlımı, iradəmi itirmişdim... Təftiş Abbasın sahəsində, tək palıdın yanında Qılınc Qurban itirdiklərimi yığışdırdı verdi özümə. Ağlımı, inamımı, etiqadımı tapdım... Nə bu yandırdığınız evi var-dövlət sayıram, nə də o qızılı. Mənim dövlətim içərimdədi. Dövləti içərisində olan adamın gözü də hamının gözündən iti olur, Gülənov, əli də hamının əlindən sərt olur. Vurduğu adam yerindən qalxmır. Sənin milisin mənə ancaq təsadüfən zor göstərdi. Belə qərara gəlirəm ki, milis adına böhtan olan bu Xaş nəçənniyin əl-ayağını yığışdırmaq lazımdı. Bakıya aparmışdılar məni. Qayıtmışam ki, Bezobraziyeynən döyüşüm.
Üstündə qan ləkələri qaralmış, qolsuz köynəyin altında daş əzələlər oynayıb öz işini gördü: zərbə Gülənovun alt çənəsini sağdan sola fırlandanda Gülənovun yüz kiloluq bədəni də sağdan sola fırlanıb, dolu çuval kimi dığırlanıb, bir də dikdirin ayağında dayandı. Elə döşəli halında Gülənovun qırmızı, ətli əli kitelin ətəyini çirməyib, pistoletin qoburunu dartışdırdı. Əmma bir an da keçmədi ki, Təftişin qırx beş nömrə “sapoğu” o qırmızı, ətli əlin üstünə endi.
İkinci zərbə Qıllını yıxdı: Qeybalı da eynilə Gülənov kimi dığırlanıb, dikdirin çəmənə qovuşduğu yerdə – Ağsaqqalının ayaqlarına ilişib dayandı.
Üçüncü zərbə Piylini yıxdı: Qayım da dığırlanıb, Qeybalının yanına getdi. Məhlə milisionerləri Səmədi tutmaq əvəzinə yıxılanları qaldırmağa çalışdılar. Qışqırtı-bağırtıda, çaxnaşmada Səməd daha heç kəsi görmədi. Gördüyü indi ancaq həmin zümrüd səma idi – qaranlıq göyün arxasında öz gözəl rəngində gərilmişdi. Səməd nə yerə baxırdı, nə göyə; qabarıb oynaşan, döyüş tələb edən əzələlərini yığmaq, toxtamaq üçün gözlərini yummuşdu, əmma səmasının ucalığını, dərinliyini, genişliyini bütün aydınlığı ilə görürdü. O dərinlikdə sədr Mədədi görürdü. Atasının səsini eşidirdi: “Səmədim – SimOdum – uca həqiqətim! Səmədim – SimOdum – uca həqiqətim!..”
Səməd görüntündən və səsdən bu dəfə heç təəccüblənmədən, vəziyyətinin qeyri-adiliyini düşünmədən, özünü də orda – zümrüd ucalıqda, dərinlikdə, atasının yanında gördü: ayaqları burda – quyunun dikdirində idi, başı orda – yuxarıda idi; hiss etdiyi, anladığı isə bircə bu idi ki, həyatında kəskin dönüş yaranmışdı. Bu dəqiqədən etibarən nə isə olmalı idi, çox ciddi hadisələr baş verməli idi.
Səməd səhv eləmirdi...
Kitabxana.az · https://kitabxana.az/en/works/isa-huseynov-xezine-ustunde-yatan-ilan-7
Use ← → keys to move, R for a random poem
More by this author
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Poems by other poets
Könlün istəsə qəm dərdiğə dəva, qədəh iç,Özüni etmə qəmü dərdə mübtəla, qədəh iç.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Türk gözəliMərməreni seyr elədik ada-ada,Gözəllikdən gözəlliyə çata-çata,
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,