Page 5 of 7 · 57%

Mən kəmsavad bədbəxt dünən-srağagünəcən, Abıdan dərs alana qədər bilməmişəm ki, Nərimanovun kitablarını yığışdırıbmış Mirqəzəb.

Min doqquz yüz dördüncü ildən iyirmi ikinci ilə qədər Cənubda Nərimanov nə iş görübsə, hamısının üstündən qələm çəkibmiş! İndi məlum olur ki, Stalinin işiymiş hamısı! Məhərrəm deyir: “İyirmi ikinci ilin kütləvi tutquları olmasaydı, Cənubda Milli hökumət elə o vaxt qururdı. Otuzuncu ilin kütləvi tutquları olmasaydı Milli hökumət otuzuncu ildə qurulardı...” Deyir: “Xarici düşmənlərimiz də rəsmi etiraf eləyiblər ki, qırx beşinci ilin dekabrından qırx altıncı ilin dekabrına qədər bircə ildə Milli hökumət yüz ilin işini görübmüş...” Pişəvəri yazıb bunu. Həmin “Zindan xatirələri”ndə. “Yüz ilin işini” məhv eləyib Qrek Stalin!

Həməşəlik bil: Bezobraziye kadrlarının heç biri bizdən deyil. Kökünü axtaranda ya Fars çıxır, ya da Farsnan əlbir olanlardan. Hamısı da bir-birini qabağa çəkə-çəkə millətin içinə ziddiyyət toxumu səpməknən məşğuldu.

Niyə? Çünki, əvvəla, məntəki kəmsavaddı hamısı. Abı deyir: “Tarixini bilsə, nə Fars özünə Fars deyər, nə də Rus”.

Əlləzoğlundan soruşur Abı: “Niyə Əlləzuşağı deyirlər sizə?” Əlləzoğlu deyir: “Zatımdan xəbərim yoxdu. Zatıqırığam. Nəyimə gərəkdi? Mənimki qoyundu, maldı, camışdı”.

Müharibə vaxtı Əlləzoğlunun bir camışı varıydı. Uşaqlar “Begemot” qoymuşdular adını. Çünki heybətli şey idi. Qarğıdalıya dadanıb o qədər kökəlmişdi ki, yeriyəndə yer yırğalanırdı. Sənin yadında olar. Əlləzoğlunun çəpərinin dalından çıxan kimi fısqırıb qonum-qonşunun qarğıdalısına düşürdü. Qovurdular, gedirdi kolxozun qarğıdalısına təpilirdi, axşamacan azı bir hektar yeri xıncıb tökürdü. Mən vurdum o camışı. Cavanlara tapşırdım ki, qanın iziynən getsinlər, yıxılanda arabaya qoysunlar, gətirsinlər alışma eləsinlər. Əmbə ölmədi güllədən. Vəhşiləşdi, axşamlar qapıya da gəlmədi. Axırda Mədəd tutdurdu o “Begemotu”, ətliyə göndərdi, qarğıdalının zərərini də Əlləzoğlunun əməkgünündən çıxdı. Elə o gecə gəştə çıxanda gördüm Çax-çux Əlləzoğlunun çəpərinin dalında demisini tüstülədir. Bildim ki, nəsə qurğu var genə. Gülənov qudasının evinə xaşa gələndə Əlləzoğlu hər dəfə əli yabalı çıxırdı Xaş nəçənniyin qabağına, haray-həşir qopardırdı ki, “Qurban mənim şikatıma baxmır, sən də baxmasan, yabanı qamıma soxub qanımı sənin üstünə tökəcəm...” Müharibə qurtardı, Əlləzoğlunun camış dərdi qurtarmadı. Bu casus oğlu casus kişmiş bazarı açandan sonra, teleqram gələn günü, səhər-səhər Göbələk darvazada, kötüyün üstündə oturub, yeyəynən yabanın ucunu itiləyirdi. Dedim: “Yaba işləndikcə öz-özünə itilənər. Niyə yeyələyirsən?” Dedi: “Sədrin qarnına soxacam”. Eşidənlərin hamısı güldü buna. Çünki axmaq söhbətiydi. Əmbə saqqızın altında bu əşyayi-dəlil nalı bu ifritədən alanda Gülənov o axmaq söhbəti yada saldı, Əlləzoğlunu darvazada, orta yolda, Çax-çuxun daxmasının yanında əli yabalı görənlərdən şahid gətirdi. Belə çıxdı ki, Mədəd maşınnan gələndə yabaynan vurmağa imkan tapmayıb Əlləzoğlu, qarışıqlıqda nalı götürüb, atılıb minib maşına, oturacağın dalında gizlənib, sonra da nalı maşının yanına atıb ki, iş nal sahibinin boynunda qalsın. Yəni əvvəl guya açıq-açığına öldürmək istəyirmiş, sonradan gizlətmək istəyib. Bu cür yoğurdu-yapdı Gülənov, dedi: “Bir camışa qurban olub sədriniz”. Məhlə milisənerlərinə əmr elədi ki, “Məmiş Əlləzoğlunu tutun!”

Birinci zərbəni əmin orda vurdu bu Bezobraziye yığnağına. Meyid qucağında, göynəyirdi: “Yaran nə dərindi, dadaş!” – deyirdi. Camış söhbətini eşidəndə Mədədin başını Seyid kişinin dizinin üstünə qoydu, yaralı aslan kimi qalxdı yerindən, dedi: “Mənim qardaşımın faciəsi haqqında camış anekdotu danışılmıyacaq! Harda nə danışmaq lazımdı, mən bilərəm. Nə vaxt kim həbs olunmalıdı, onu da mən bilərəm. Hələlik heç kəsdən şikayətçi deyiləm. Avariyadı, avariya da yazın!”

Gülənov elə orda başa düşdü ki, əmin tədbirlidi. Üzü at üzüdü, gözü at gözüdü Xaş köpəyoğlunun, pərtləşəndə sifəti şişir, gözləri də dombalır. Əmin “Hələlik şikayətçi deyiləm” deyəndə də o cür şişdi, dombaldı Xaş, qarnını yırğalaya-yırğalaya getdi, maşının böyründə bu əşyayi-dəlili sumkasına qoydu, kriminalistini-filanı çağırdı. Sayılov da çaşmışdı. Təkcə bu maşennik şax durmuşdu. Meyid həyətə aparılanda da, tabut yerdən götürüləndə də göz qoydum, o ayazlı gündə bu qara üzü qızılı çalırdı. Əmbə qəbir üstə teleqram ortalığa çıxanda birinci bunun şaxı sındı. Bu əmiyin ayağına döşənəndə, “Stalininə də qurban olum, teleqramına da” deyəndə o birilər də başa düşdülər ki, uduzublar.

Bizim cəmaatda təpər gördüm mən onda. Rusca bilmiyənlər də “Prekratite bezobraziye” deyirdilər.

Sabahısı günü vağzalda vaqonun ayaqlığına çıxanda Mirqəzəb ipəyə dönmüşdü. Əynində qara, qalın palto, başında da o cür qara, qalın uzun-dimdik kepka, gözlüyü işıldaya-işıldaya baş əyirdi, artistlik eləyirdi: “Vot teper tı istinnıy sultan, Sultan Mamedoviç! Şeyxom bıl, sultanom stal!” – deyirdi. “Tolko jal, çto vse katalikosı protiv Sultana!” – deyirdi. – “No ne boysa, sam velikiy Stalin zaşişşayet tebya...”²⁸

Əlli birinci ilə qədər belə danışdı əminnən. “Böyük Vətən müharibəsi illərində müdafiə fondunun pambıqla təmin olunmasında böyük xidmətlərinə və rayon partiya təşkilatında uzun müddətli nümunəvi fəaliyyətinə görə” qızıl ulduz taxdı döşünə. “Biz hər kəsi əməyinə görə qiymətləndiririk”, – dedi. Əlli birinci ilin yayında Krımda Stalinnən görüşdən qayıdıb Məhərin butkasında dayananda necə buynuz çıxartdığını dedim sənə. “Nümunəvi fəaliyyət”in əvəzində iki il sərasər kəmisyə kəmisyə dalınca təşkil olundu, akt akt dalınca yazıldı: “Birinci katibin xüsusi mülkiyyətə irsi rəğbətinə görə varlanmanın qarşısı alınmamış, nəticədə rayonun bütün idarələri Sultan Əmirliyə qarşı çıxıb... Aşağıkənd Qonaqlıda Lüt Cəfər adı ilə məşhur olan keçmiş partkom və indiki sədr öz qızlarından, qaynından əlavə, “müharibədə həlak olanların yetimləri” adı ilə on iki nəfər həddi-buluğa çatmamış nökər saxlayır və sovetliyin təsərrüfat kitabında həmin nökərlərin üstünə yazdırdığı iki hektar torpaq sahəsindən şəxsi təsərrüfat sahəsi kimi istifadə edir. Ortakənd Tahirlidə on ildən artıq sədr vəzifəsində hesaba gəlməz dərəcədə varlanmış Cəbrayıl Cəbrayıllı iki arvadlıdır, birinci arvaddan iki ögəy oğlunun, ikinci arvaddan da iki ögəy oğlunun üstünə təsərrüfat sahəsi yazdırmış, beləliklə, beş şəxsi sahəni mənimsəmişdir. Başkənd Qurbanlıda İsgəndər Qurbanlı on beş ildən artıq sədr vəzifəsində o qədər varlanmışdır ki, cəmaat arasında məhz varidatına görə “Çeteze İsgəndər” adlandırılmışdır. Və sairə və ilaxirə! On yeddi kolxoz sədrinin on yeddisini də beləcə bəzədilər, altından da mübarək imzalarını düzdülər: Xudiyev, Sayılov, Gülənov, Atamalı! Və sairə! İki il sərasər sədrlərin şəxsi gəlirləri, təsərrüfatları, ailələri barədə arayış yığmaqnan, gah özünün, gah büronun adından izahat yazmaqnan məşğul oldu əmin. Barmağını şüşənin altında o iki kəlməyə tuşlayıb, Persin “Mərkəz nümayəndələri”nə “Prekratite bezobraziye” deməknən məşğul oldu. Öz sözüdü ki, dişiynən, dırnağıynan müdafiə elədi “Muğ”ları.

²⁸ “Bax indi sən həqiqi Sultan oldun, Sultan Mamedoviç! Əmma qorxma, böyük Stalin özü müdafiə edir səni”.

Keçən il, Stalin öləndən sonra teleqram hökmdən düşəndə əmin də hökmdən düşdü. Pers gəldi, “varlıları” müşavirə zalından çıxardıb dəstəynən basdı vaqona, “On yeddi nəfərin işi”ni xətm elədi.

Sovet Azərbaycanı deyilən ölkənin hər yerində beləcə yığışdırıldı təsərrüfat başçıları! Xalqın əli işdən soyudu. Əmək haqqı kəsildi! Dostum Təftişin təftişi cüzi şeydi, oğul! Tutqudan sonra Persin ayağı dəyən yerlərdə səmum əsdi, sildi-süpürdü kadrlarımızı! Pünhanlarımızdan birinin qəzəlini eşidibsən Abıynan Çürüyün dilindən:

“Bir səmum Şimaldan əsir, biri də Cənubumuzdan,
Səhralaşan yurdumuzda tozdan betərəm, ey qardaş!..”

Bir dəfə atlandım. Pers Ortakənd Tahirlidəydi. “Operativ qruppa” təşkil olunmuşdu. Gülənov o “qruppa”nın sədriydi. Qudalı hesabdarı Mürsəl hesabdarıydı, Qudalı ağsaqqalı da Qıllı Qeybalısıynan, Piyli Qayımıynan bir yerdə üzvləriydi. Guya qoyun fermalarında qırxın vaxtı dövlətə yunun az qismi təhvil verilib, çoxunu qırxıncılar mənimsəyiblər, cəmaata da paylayıblar ki, heç kəs dillənməsin. Atlanıb gedəndə gördüm Tahirlinin bir evində bir dəst yorğan-döşək də qalmayıb. Əlsizayaqsız qocaların, qarıların altından döşəyi, üstündən yorğanı götürüb sökmüşdülər. Xəlvət Rəhim, Qıllısıynan, Piylisiynən bir yerdə maşınlara yun doldururdu. Məhərrəmin anası Mələk qarıynan qoca bacısı tut ağacının altında, quru cecimin üstündə qalmışdılar. Allaha “Kor” deyirdi qarı. “Hardasan, ay Məhərim, haqqı nahaqqa vermiyən çekistim?!” – deyirdi. Səsinə səs verən yoxuydu. Çünki haqqı nahaqqa vermiyən çekist tutqudan qaçıb Moskvada SSRİ prokuroruna pənah aparmışdı. İyirminci ildən revkom sədri, qəza komitəsi katibi, otuzuncu ildən raykom katibi Sultan Əmirli, bir əli boğazında, o biri əli ürəyinin üstə, maşında oturub, Mələk qarının gözünə görükəmmirdi! Sinəsi on yeddi yaralı köhnə bolşevik Qılınc Qurban dodağını çeyniyə-çeyniyə qalmışdı!.. Fəhm elə, yorğan-döşəkdən, yundan danışmıram mən. Yunnan bir yerdə camaatın haqqa-ədalətə umudunu apardılar! Pul nədi, inək nədi, motal nədi?! Pers qazanın qapağını qaldırıb quyruqluları, buynuzluları kolxozların canına daraşdırandan sonra pulnan, fermaynan, yağ-yavanlıqnan bir yerdə xalqın özünü də yedilər. Bu Çax-çuxların sayı-hesabı yoxdu, oğul! Düz deyir bu maşennik, torpağımızda ilan becərir millətimiz! Təftişin hünəri var bu Çax-çuxun agent ordusunu aşkara çıxartsın, gör kimlərnən döyüşür Sultanım! Əgər bu gün SSRİ prokuroru, bir əlində o taydan göz yaşıynan yazılan məktub, o biri əlində bu taydan iniltiynən yazılan məktub, Mirqəzəbə “müttəhim” deyirsə, kimin hünəridi bu?! Əgər Məhərrəm Məhərrəmov bu gün o məhkəmədə sağ-salamat oturub, SSRİ prokurorunun səsinə səs verirsə, kimin hünəridi bu?! Əgər Qılınc Qurban, partbileti cibində, başı üstündə, sağ-salamat burda dayanıb, qoşa lüləsini Mədədin qatilinin sinəsinə dirəyib üç qardaşın bir balasına həqiqəti danışmaqnan, Bircə baladan ağıl, etibar, sədaqət tələb eləyirsə, kimin hünəridi bu?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 min
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 min
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 min
Süleyman padşahın xəzinəsi 7

Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...

3 min

Poems by other poets