Birinci hissə, 10
Page 1 of 3
Güləsər gecikmişdi. Səhər tezdən ev-eşiyi süpürmüş, qızlarla pəncərə getmiş, geri qayıdanda səhəngin boş olduğunu görmüşdü. Atası indicə gələcəkdi. Çərkəz də axşamüstü evə dönəcəkdi. Heç olmazsa onlara bir stəkan çay vermək lazımdı.
O, səhəngi götürüb birbaş Kürə yollandı. Gün yaxmışdı. Kəndin qərb tərəfindəki hündür təpələrin zirvəsi narıncı rəngə boyanmışdı. Sahildəki söyüd ağaclarının budaqları qızılı rəngə çalırdı. Güləsər hündür yarğanın yanından sola burulub cığırla aşağı endi. Çəmənlikdə oynaşan uşaqlar malları qabağına qatıb kəndə doğru haylayırdılar. Lap uzaqda bir oğlan at çapırdı. Ətrafa sərinlik gətirən kölgə çökürdü. Güləsər addımlarını yeyinlətdi. Suyun yaxası boyu uzanan yarğanın qaşı ilə getdi. Göyün üzündə süzən saysız-hesabsız qızlarquşunun səsi bir-birinə qarışmışdı. Suların şırıltısı, cələdəki salxım söyüd yarpaqlarının xışıltısı çəmənlərdən küləyin qovub gətirdiyi çiçək qoxuları Güləsəri məst etmişdi. O hərdənbir ayaq saxlayır, Kürün balıq qoxusu verən nəm havasını ciyərlərinə doldururdu.
Yarğanın kölgəsi suya düşmüşdü. Onun qaşı ilə gedən Güləsərin də kölgəsi xırda ləpələrin üzəri ilə irəliləyirdi. Qız, çiynində səhəng suyun axarının əksinə gedən kölgəsinə tez-tez dönüb baxırdı. Sular çəhrayı rəngə boyanmışdı. Yaxındakı adacıqları bürüyən çiçəkləmiş yulğun kollarının uclarının rəngini sulardan seçmək olmurdu. Elə bil günəş yaxan zaman hər yer - axar sular, yaşıl təpələr, sünbüllü zəmilər od tutub yanırdı. Güləsər Kürün gur yerinə şəfəq saçan günəşə baxdı. Yarısı təpənin dalında gizlənən günəşin əksi şəffaf sularda parıldayırdı. Yerlə səma birləşmiş kimi görünürdü. Sanki günəş Kürün başında, təpələrin ağız-ağıza qovuşduğu yerdə aşağı enmiş və axşam-axşam axar sularda çimirdi. Onun qızılı saçları suyun üzünə dağılıb qıvrılırdı.
Güləsər Suvadağa çatanda sahilə qatı bir kölgə çökdü. Qız başını qaldırıb üfüqə baxdı. Günəş gizlənmişdi. Təpələrin dalından qızartı görünürdü. Elə bil kimsə orada nəhəng bir tonqal qalamışdı. Ocağın şəfəqləri səmada əks edib ağ buludları alovlandırırdı.
Güləsər səhəngi suya basıb doldurdu. Kənara çəkib ağzını tıxacladı. Tələsik üzünə su çırpıb saçını sığalladı. Tezcə də yola düşmək istədi.
Birdən onun bədəninə üşütmə gəldi. Sinəsində göyərçin kimi çapalayan ürəyi koftasını titrətdi. Qız vahimələnən kimi olub səhəngin qulpundan yapışdı. Elə bu an sahildəki yulğun kollarının arxasından bir qayıq çıxdı. Qız cəld səhəngini çiyninə alıb yarğanın qaşına dırmanmaq istədi. Kimsə onu çağırdı. Güləsər tanış səs eşidib geri dönəndə Şamxalla qarşı-qarşıya dayandı. Bir müddət heç biri dinmədi. Güləsər gözlənilməyən bu təsadüfdən özünü itirdi. Axşamüstü çay kənarında onları bir yerdə görsələr, nə deyərlər? El içində biabır olmazdımı? Qız başını qaldırıb Şamxalın üzünə baxdı. Onun dinmədiyini, tez-tez nəfəs aldığını gördü. Gözucu yarğanın aşağısında sahilə yan almış qayığa və orada intizarla Şamxalı gözləyən Tapdığa baxdı. Qızın gözlərinə Kürün üstünə enən kölgədən də qatı bir kölgə endi. Aralanmaq istədi, ancaq Şamxal onun biləyindən yapışdı. Səhəng yerə düşdü. Diğırlanıb sahilə qədər getdi. İri daşa toxunub dayandı. Tıxac sıçrayıb çıxdı. Səhəngin suyu loqqultu ilə süzülüb sahil daşlarını islatdı.
Güləsər qışqırmaq istədisə, güclü bir əl onun ağzını qapadı. Şamxal qucağında titrəyən qızın çapalamasına baxmadı. Üz-gözünün cırılmasına da fikir vermədi. Ac canavar quzu götürən kimi qızı basmarlayıb "qayığa saldı. Tapdığa "tərpən" - dedi. Özü isə dal tərəfdə oturub, paçasının arasına saldığı qızı sinəsinə sıxdı. Onun çapalayıb qayığı çevirməsinə, ya da suya atılmasına imkan vermədi. Lal suları yarıb şütüyən qayıq Kürün ortasındakı adanın arxasında görünməz oldu...
Mal otaran uşaqlar hay-harayla kəndə qaçdılar. İki oğlanın bir qızı zorla qayığa qoyub qaçırdıqlarını söylədilər. Qızın tez-tez çırpınıb özünü suya atdığını, oğlanınsa onu tııtub gəmiyə basdığını VƏ üstəlik bir-iki şillə çəkdiyini elə yarğanın qaşından gördüklərini danışdılar. Qız ağlayıb çırpınırmış. Ancaq onun səsini eşidən olmayıb. Qayıq o taya, meşəyə keçib.
Malı sulamağa aparan naxırçılar boş səhəngi tapıb gətirdilər. Arvadlara göstərdilər. Güləsərin olduğunu bilib Qoca kişiyə xəbər yolladılar. Bacısının qaçırıldığını eşidən Çərkəz tüfəngi götürüb başı alovlu sahilə qaçdı. Ətrafa boylandı. Yalandan havaya bir-iki güllə atdı, ancaq heç nə tapa bilmədi. Qatı qaranlıq ətrafı bürümüşdü. Kürün qıjıltısı, yulğun kollarının uğultusu adamı vahimələndirirdi. Cələdəki çaqqallar isə səs-səsə verib ulaşırdılar.
Bir xeyli sahildə vurnuxan Çərkəz əlacsız qalıb geri, kəndə qayıtdı. Dikdiri çıxanda dayandı. Kəndin işıqları yanmışdı. Qapılarda ocaq qalamışdılar. Bağdan açılan itlər yal üstündə boğuşurdular. Yalnız onların, Çərkəzgilin ucqarındakı evlərdən işıq gəlmirdi. O, köksünü ötürüb ağır-ağır qaranlıq daxmaya doğru addımladı.
Güləsərin könlü Şamxalı inişil, dağ köçündə tutmuşdu... Göytəpəlilərin arabaları ağız-ağıza qovuşan sisli-dumanlı dağların arasındakı dərə ilə qıjıldayıb çayın sahilində dayanmışdı. Hamı arabanın yanına, elə göy otluğun üstünə gəbə salmışdı. Kəndin mötəbər adamları mütəkkəyə dirsəklənib dincəlir, qız-gəlin bulaqdan su gətirib çay tədarükünə başlayırdı. Üstü dəyəli arabaların böyründə ocaq tüstülənirdi. Qoyun kəsib alişma edənlər də var idi.
Gəmiçi Qocanın arabası həmişəki kimi köçün lap axırında getdiyindən, düşərgədə hamıdan sonra, bir az aralı dayanmışdı.
Güləsər atasının fikirli-fikirli arabanın yanında dolaşdığını, anasının, əli qoynunda, ocaqlara asılmış qazanlara, buğlanan ağ samovarlara tamaşa etdiyini gördü. Arvadın gözü yol çəkirmiş kimi intizam idi. Sifətində məlul-müşkül bir ifadə var idi. Güləsər bircə an fikrə getdi. Sonra arabanın içindən boz kilimi götürüb yerə saldı. Üstünə balaca döşəkçə atdı. Sarı samovarı çıxartdı. Arvad qızının qab-qaşıq tədarükünü görüb təəccübləndi:
– Bala, fikrin nədir?
– Heç, - deyə sakitcə cavab verən Güləsər üzünü atasına tutdu.
– Ay dədə, gəl uzan, dincəl. Mən də ocaq qalayacam.
O, səhəngi götürüb bulağa getdi. Yarımca saatdan sonra Qoca kişinin də arabası yanında ocaq tüstüləndi. Qazanda nə isə dığıldamağa, sarı samovar poqquldamağa başladı. Güləsər hələ də təəccüblə ona baxan anasının boynunu qucaqladı:
– Ay ana, kimdi gəlib sənin qazanına baxan? Qoy hamı elə bilsin ki, biz do ocağa xörək asmışıq, çay dəmləmişik.
– Ay bala, köçün işini nə bilmək olar, birdən qonaq-zad gələr, biabır olmarıqmı?
– Olanda da olarıq, neyləyək.
Doğrudan da aradan bir az keçməmiş Çərkəzlə Şamxal onların arabasına yaxınlaşdı. Çərkəz gözaltı qaynayan samovarı, ocaqdakı qazanı, kilimin üstünə uzanmış atasını süzdü. Özünü sındırmamaq üçün Şamxalı süfrəyə dəvət etdi. O, Şamxalın təşəkkür edib gedəcəyi və burada dayanmayacağı zənnində idi. Amma Çərkəzin gözlədiyinin əksinə Şamxal:
– Bir stəkan çay içərəm, - deyə onun təklifini qəbul etdi. Çərkəz anasının təlaş içində qaldığını, Güləsərin onsuz da dağ havasından allaşmış yanağının daha da qızardığını və lal baxışlarla nə isə demək istədiyini anladı. Ancaq gec idi. Şamxal Qoca kişi ilə salamlaşıb yanını yerə qoymuşdu.
Güləsər sakitcə samovarın yanında oturdu. Aylarla sandıqda saxladığı və indicə əyninə keçirdiyi qırçınlı qırmızı donunun uzun ətəyi ilə yalın ayağını örtdü. Stəkan-nəlbəkini yuyub silməyə başladı.
Şamxal gələndən sonra pərtləşən Qoca kişi nəhayət dilləndi:
– A bala, kasıblığın üzü qara olsun, indi səni nəyə qonaq edək?
– Heç nə lazım deyil, Qoca dayı, elə Güləsər bir stəkan çay versə pis olmaz.
– Çayımız var, amma...
Kişi dayandı. Sualedici nəzərlərlə arvadına, sonra da qızına baxdı. Güləsər atasının və anasının vəziyyətini başa düşdü, özü də hiss etmədən dilavərliyə başladı:
– Qəndimiz yoxdur.
– Niyə yoxdur, ay bala, ancaq farmaşdadı. Bu saat gətirərəm. Züleyxa arvad yerindən qalxmaq istədi. Şamxal Çərkəzin qaşqabağından məsələni anladı və onları çıxılmaz vəziyyətdən qurtarmaq üçün gülümsündü.
– Əziyyət çəkməyin, Züleyxa xala, sizin çayınız qəndsiz də şirin olar. Güləsər süzdüyü çayı Şamxalın qabağına qoydu və nə üçünsə başını qaldırıb onun üzünə baxdı. Qızın dodaqlarındakı təbəssüm donub qaldı. Üzünə zillənən gözlərdə həm mehriban, həm də qəlbə nüfuz edən qəribə bir ifadə oxudu. Qız ömründə ilk dəfə duyduğu və mənasını başa düşmədiyi bir hissin təsiri ilə sarsıldı. Ona elə gəldi ki, üzünə zillənən gözlər köz kimi onu yandırıb qarsadı. Deyəsən, özü də hiss etmədən bir xeyli beləcə dayandı. Yoxsa atası öskürüb bərkdən içini arıtlamaz, Çərkəz də qaş-göz oynatmazdı.
Güləsər atasının "taxsırın hamısı bu xalası göyçəkdədir," - deyə oğlunu göstərdiyini və onu xəbərsiz qonaq gətirməkdə məzəmmət etdiyini eşidəndən sonra əlini stəkandan çəkdi. Onun qulaqları güyüldədi. Samovarın istisi vurduqca qızarmış yanaqları daha da pörtdü. Kişilərin söhbətini güclə eşitdi. Ayağa durub uzaqlaşmaq istədisə də bacarmadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-birinci-hisse-10
Use ← → keys to move, R for a random poem
More by this author
Axşam qaranlığı qatı bir kölgə kimi Qorinin üzərinə çökmüşdü. Yarımca saat bundan əvvəl zirvəsində günəşin son sarılıqlarını əks etdirən dağlar boyun-boyuna verib mürgüləyirdi. Buranın təbiəti şimala bənzəmirdi, nə bəyaz gecələr, nə də uzun sürən yay axşamları var idi. Birdən-birə zil qaranlıq çökür, birdən-birə də dan yerində şəfəqlər oynaşırdı.Semyonov artıq bunlara vərdiş etmişdi. Əvvəllər Peterburqun bəyaz gecələrinə vurğun olan Dmitri Dmitriyeviç indi də cənub axşamlarına məftunluq göstərirdi. O hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa etməyi sevirdi. Bu gün də adəti üzrə, həmişəki yerində durub üfüqlərə baxırdı, bağ-bağat içində itən Qorinin kiçik daxmalarında yanan çıraqlar qaranlıqda parıldayan yalqız qurdları kimi işıldayırdı.
Dördüncü hissə, 2Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" – demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan Allah da bezardır.
Dördüncü hissə, 3Aleksey Osipoviç yastığa dirsəklənərək qonşu çarpayıda şirin yuxuya getmiş arvadına tamaşa edirdi. Vera əlinin ikisini də cütləyib başının altına qoymuş, dizlərini qarnına doğru azacıq qatlayıb yatmışdı. Yorğan sürüşüb düşdüyündən, çiyninin bir hissəsi və sinəsi açılmışdı. Nəfəsi ipək köynəyinin yaxasındakı tülü yelləndirirdı. Çırağın işığı aşağı çəkilmiş olsa da, arvadın saçlarına düşəndən aydınca görünürdü. Qırışlar onun alnına iz salmışdı. Gözlərinin altı kölgələnmiş, buxağında, sinəsində nazik zehlər əmələ gəlmişdi. Halbuki, beş-altı il bundan əvvəl yanağı, buxağı, elə sinəsi də qəşəng və sığallı idi. Saçları gur və dalğalı idi. Köksü qabarıq olsa da, bədəni nazik və oynaq idi. Hərəkətləri çevik, yerişi quş kimi yüngül idi. Ancaq indi ətə dolub ağırlaşmışdı. Hiss olunurdu ki, Vera yaşlaşmışdı.Onlar on ildən çox idi ki, evlənmişdilər. Çətin günlərdə bir-birinə həyan olmuş, evdə bir azca soyuqluq hiss edəndə nəfəsləri ilə onu isitmiş, qəribliyə düşəndə bir-birinə sığınmışdılar: ürəklərindən keçənləri gözlərindən oxumuşdular. Aleksey Osipoviç hələ indiyə qədər Veradan narazılıq, azacıq da olsa bir şikayət eşitməmiş, özü də arvadının könlünə toxuna biləcək bir hərəkət etməmişdi. Onlar bir-birini çox istəyirdilər. Uşaq vaxtı Şamaxı tərəfdə, Çuxuryurd yaylaqlarında bir yerdə böyümüşdülər. Vera ağ bənizli, qırmızı yanaqlı malakan qızları ilə bir yerdə ot biçininə gedəndə, bulaq üstə enəndə, ya da ayaqyalın çəmənlikdə qaçanda, Aleksey onu gözaltı süzərdi. Axşamlar isə tez-tez kəndin ortasına toplaşıb qarmon çalar, səhərə qədər oynayıb-oxuyar dan qızarana yaxın evlərə dağılışardılar. Aleksey Veranı tez-tez rəqsə çağırar, sonra da kölgəli küçələrlə evlərinə ötürərdi. Onlar belə hallarda kəndin arasındakı yolla asta-asta addımlayar, aylı gecələrdə qoşalaşan kölgələrinə tamaşa etməkdən doymazdılar. Onların kölgələri gah dağın döşünə sərilər, gah dərəni aşar, gah da yenicə ağardılmış kənd evlərinin divarında baş-başa verərdi. Aleksey Veranı ilk dəfə evlərinin yanında, məhz belə aylı gecələrin birində öpmüşdü. Vera onun hərəkətinə əvvəlcə təəccüb etmiş, xeyli Alekseyin üzünə baxmış, sonra özü də bilmədən onun boynunu bərk-bərk qucaqlamışdı. Kəndin alt tərəfindəki çəmənliyin otu biçilmişdi. Tayalar cərgələnmişdi. Vera baş yaylığını açaraq çəmənliyə qaçmışdı. Onlar qurumuş çiçək və otun ətrindən məst olaraq, tayaların birinin kölgəsində gizlənmişdilər.
Dördüncü hissə, 4Uşaqlar və Olqa Konstantinovna qonşu otaqda yatdıqdan sonra, Semyonov yazı masasının arxasına keçdi. Şalvarının yan cibindən təmiz bir dəsmal çıxartdı. Eynəyinin şüşələrini sildi və polisin dünən gecə gətirdiyi məktubu şamın işığında təzədən diqqətlə oxudu. Son sətirlərin üzərində xeyli dayandı. "Kipianinin nələr düşündüyünü öyrənib bizə gizlicə xəbər verəsiniz". Məktubu kənara atdı. "Gör nə qədər həyasızlaşıblar! İnsanın nələr fikirləşdiyini, onun təfəkkür tərzini belə nəzarət altında saxlamaq istəyirlər. Adamları sərbəst düşünmək hüququndan da məhrum etməyə çalışırlar. Az qalırlar ürəklərə belə xəfiyyələr göndərsinlər". O bir anlığa Kipianinin hərəkətlərini gözü qabağına gətirdi. Seminariyada işlədiyi müddətdə hələ ondan şikayət olmamışdı- Kipianini yalnız gürcülər deyil, bütün şöbələrin tələbələri sevirdi. O, gözəl müəllim idi. Vətənini dərin məhəbbətlə sevən bu adam həmişə onun taleyini düşünür, keçmişindən və gələcəyindən böyük ehtirasla danışırdı. Kipiani bütün vardığı ilə məktəbə və tələbələrə bağli idi. O özü ədəbi gecələr təşkil edir, şer oxuyur, uşaqlarə dram dərnyinə toplayır, ekskursiyalara aparır. İki il idi ki, tarix dərnəyi təşkil etmişdi. Belə bir adamı nə üçün gözüm-çıxdıya salmışdılar? Onu yenidən Sibirəmi göndərmək istəyirdilər? Axı mən ondan nə yaza bilərəm?Semyonov ayağa durdu. Küncdəki seyfdən iri bir qovluq çıxardıb masanın üstünə qoydu. Asta-asta vərəqlədi. Əvvəlcə əlinə qəzet səhifəsinə bənzər iri bir kağız keçdi. Mətbəədə çap olunmuş bu vərəq qara haşiyəyə alınmışdı. Bu, inqilabi iş üstündə Peterburq, Moskva, Kazan, Kiyev ali məktəblərindən qovulmuş müəllim və tələbələrin siyahısı idi. Daxili işlər nazirliyinin əmri ilə həmin adamlar polis nəzarəti altında saxlanılır və məktəblərdə işləmək hüququndan məhrum edilirdi. Son vaxtlar bu cür gizli siyahıları tez-tez göndərirdilər. Semyonov xırda hərflərlə yazılmış vərəqi nəzərdən keçirdi. Siyahıda özünün bir neçə tanışlarının da adına rast gəldi. Nəhayət, Kipianinin familiyasını tapdı. Onun adının qarşısında qələmlə işarə qoydu. Bir xeyli beləcə, əlində qələm, dayandı. Fikirli-fikirli saqqalını qaşıdı. "Demək, ondan hələ əl çəkməyiblər. Peterburq Texnoloji İnstitutundan qovulduqdan və Sibirdə cəza çəkdikdən sonra belə onu gözdən qoymurlar. Bəlkə elə doğrudan da Kipiani burada da gizli işlərlə məşğul olur, hökumət əleyhinə təbliğat aparır? Axı bu təbliğat nədən ibarətdir? Məgər ölkənin vəziyyətini düşünmək, onun ağır hal keçirdiyinə dözməmək, qurtuluş yolu axtarmaq hökumət əleyhinə çıxmaqmı deməkdir? Məgər hər bir namuslu vətəndaş vətəninin, millətinin səadətinə çalışmamalıdırmı? Gördüyü ədalətsizliklərə qarşı öz etiraz səsini ucaltmamalıdırmı? Bu ki, hökumət əleyhinə işləmək deyil, əksinə, onun işinə kömək etmək deməkdir. Bəs belə isə, nə üçün bir balaca sərbəst düşünmək istəyənləri təqib edirdilər. Qollarını qandallayıb elindən, obasından didərgin salırlar? Məgər biz buraya, Qafqazın ucqar yerlərinə bundan ötərimi gəlmişik?"